MÜSAHİBƏLƏR
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının fəaliyyətinin əsasında dövlətçiliyimizə xidmət dayanır
- Nurlana xanım, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi qeyd olunur. Təbii ki, 20 il öncə Qadınlar Şurasının yaradılması ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında qadınların roluna və təmsilçiliyinə verilən önəmdən qaynaqlanır. 20 illik zaman fasiləsinin təhlili sizdə hansı ümumləşdirməni aparmağa əsas yaradır?
- Bu günlərdə ölkəmiz, xalqımız YAP-ın yaradılmasının 23-cü ildöünümü qeyd etdi. Hər il partiyamızın ildönümü yubiley təntənəsi kimi qeyd olunur. Bunun çox böyük mənası və mənbəyi var. 1992-ci il tariximiz üçün, xalqımız üçün sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizə uzanan əllər bir fürsət gözləyirdi. Ölkəmizin sərvətləri bizə həmişə xoşbəxtlik gətirməyib. Əlimizdə qılınc, taleyimizdə həmişə şəhidlik olub. Həmin dövrdə bu ölkənin dağılması üçün bədxahlar hər yola əl atırdılar. Daxildən vətəndaş qarşıdurması yaratmaq üçün müəyyən qüvvələri istiqamətləndirirdilər, xaos, anarxiya yaradırdılar. İnsanlar həmin dövrdəki rəhbərliyin qurtuluş yolu tapacağına inanmırdı. Ona görə də, ölkədə təbəddülatlar, hərc-mərclik baş alıb gedirdi. Belə bir dövrdə insanların mənəvi gücünü səfərbər etmək üçün Ulu öndər Heydər Əliyev YAP-ı yaratdı və əmin idi ki, bu partiyanın sıralarına məhz ölkənin ən kamil, vətənpərvər, ziyalı insanları gələcək. Bu insanların köməyi ilə hərc-mərclik aradan qaldırılacaq.
Heydər Əliyev hakmiyyətinin birinci dövründə Azərbaycan üçün necə rəhbər olduğunu sübut etmişdi. İnsanlar Onun qüdrətinə inanırdı, dünyanın siyasət meydanında müdrik addımlarına yaxşı bələd idilər. Və düşünürdülər ki, ölkəmizi düşdüyü bu bəladan yalnız Ulu öndər Heydər Əliyev xilas edə bilər. Ona görə də, ziyalılar Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət edirdilər. YAP-ın yaranması buna çox ümidverici cavab oldu. Adından göründüyü kimi, Ulu öndər yeniləşən Azərbaycanda yeni partiya yaratdı, insanlarin gücünü bu partiyada səfərbər etdi. İlk günlərdən partiyanın sıralarına ən nüfuzlu, ziyalı insanlar toplaşdı. Əslində, YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. İnsanlar YAP-ın simasında sivil mübarizənin yollarını müəyyən etdilər. Demokratik prinsiplərə və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları sanki yenidən daha mütəşəkkil şəkildə yaşamağa başladı.
Ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd idi. Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçilik və müstəqiliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. Ilk günlərdən Qarabağ savaşında düşmənə qarşı qətiyyətli etirazları ilə əhali arasında təbliğat aparan qadınlarımız YAP-ın sıralarına dəstə-dəstə gəlirdilər. Onları bu partiyanın sıralarına gətirən Heydər Əliyev zəkasına, onun müdrük siyasətinə olan böyük inam, ümid və etibar idi. Qadınlar inanırdılar ki, ölkəni faciələrdən yalnız ulu öndər xilas edəcək. İnanırdılar ki, dünyada onlar üçün ən dəyərli nemət olan övladları yalnız Heydər Əliyevin ideyaları və siyasəti ilə idarə olunan cəmiyyətdə xoşbəxt ola biləcək. Bu sarsılmaz inamla onlar YAP-ın sıralarında böyük bir orduya çevrildilər.
Qadınlar inanırdılar ki, xalqımız Heydər Əliyevin ideyaları ilə idarə olunan cəmiyyətdə xoşbəxt ola bilər. Ona görə də, onlar ölkəmizin, o cümlədən partiyamızın həyatında daha fəal iştirak etməyə başladılar.
Ümumiyyətlə, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər.
Həmişə olduğu kimi, indi də qadınlar cəmiyyətimizdə hörmət və izzət sahibidirlər, onlara dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır. Qadınlar bugünkü mövqeyinə görə əbədiyaşar Ulu öndər Heydər Əliyevə borcludurlar.Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmış və əsl hərəkata çevrilmişdir. 1993-cü ilin ortalarından üzübəri Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü səyi, prinsipial diqqət və qayğısı sayəsində cəmiyyətdə durmadan yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tapır və liderləşir. İndi artıq reallığa çevrilmiş fəal qadın hərəkatı əsl dirçəliş yoluna 1995-ci ildən qədəm qoymuşdur. Bu dirçəliş bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında fərman imzaladı. Bu fərman respublika qadın cəmiyyətinin formalaşmasına və yaradıcı axtarışlar aparmasına güclü təkan verdi. Milli Komitə müxtəlif tədbirlər həyata keçirərək IV Dünya Qadın Konfransına olduqca məzmunlu və ümummilli dəyər daşıyan məruzə hazırladı. Azərbaycan qadınları bu konfransda ləyaqətlə təmsil olundu.
Mənim fikrimcə, Azərbaycanın dövlətçilik tarixində Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri olmamışdır. Çox fərəhli haldır ki, həmin siyasət bu gün də uğurla davam edir.
İnanıram və əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayacaq, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirəcəkdir.
- Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, qədim keçmişimizin hər bir səhifəsi qadın müdrikliyinin, fədakarlığının və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Bu gün istər ölkədə, istərsə də dünyada cərəyan edən proseslərə qadınların təsir imkanlarını necə şərh edərdiniz?
- Bu gün Azərbaycan çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər əslində dünyada sülhün, əmin-amanlığın bərqərar olması niyyəti ilə təşkil olunur. Forumlar, sammitlər, beynəlxalq konfranslar keçirilir. Təbii ki, bu tədbirlərə dövlət başçısı səviyyəsində ciddi dəstək verilir.
Ulu öndər Heydər Əliyevin yolunu yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlətin qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün 1998-ci ildə yaradılmış “Qadın problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri genişləndirilərək Prezident İlham Əliyev tərəfindən “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır.
Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunmuşdur. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan bəzi münasibətlərin tənzimlənməsinə böyük imkanlar yaradır.
Bütövlükdə, qadınlarımız ölkəmizdə, o cümlədən dünyada baş verən proseslərə fəal münasibət bildirirlər. Azərbaycan qadınları hər zaman dünyada sülhün və sabitliyin tərəfdarı kimi çıxış edir.
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSECKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənələrini də gətirmişdir. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSECKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi bir şəxs, həm Azərbaycanın milli dəyərlərinin daşıyıcısı, həm də xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Ulu öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də bir mayak kimi xalqımızın yoluna nur saçır, gələcəyimizi müəyyənləşdirir. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin atdığı addımlar hər bir Azərbaycan vətəndaşında qürur, fərəh və şərəf hissi yaradır.
Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri vardır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni- sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban xanım Əliyevanın qismətinə yazılıb.
Bu gün dünyada Azərbaycanın təbliğinə həsr olunmuş möhtəşəm tədbirlər keçirilir. Bu tədbirlərin əksəriyyətinə Azərabaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir. Onun gördüyü işlər çox unikal işlərdir. Azərbaycana münasibətdə indiyə qədər olan yanlış fikirlərin qarşının alınmasında, dünyanın bizim haqqımızda təsəvvürünün müsbət mənada dəyişməsində Mehriban xanım öz məqsədlərinə çatır. Azərbaycanın mütərəqqi dövlət olduğu, xalqımızın mütərəqqi, istedadlı obrazı bütün dünyanın diqqətinə çatdırılır. Bu tədbirlərdə, o cümlədən Avropada baş tutan tədbirlərdə Azərbaycanın zəngin tarixi, mədəniyyəti və müasir dövrü təqdim olunur. Eləcə də, ölkəmizə gələn xarici qonaqlar xalqımızın qonaqpərvərliyini, ölkəmizin yüksəlişini görürlər. Və öz ölkələrinə qayıdarkən yalnız xoş təəssüratlarla ayrılırlar.
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində ardıcıl fəaliyyəti Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək hörmətin təzahürüdür. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva YUNESKO-nun “Xoşməramlı səfiri” statusuna layiq görülüb. Bu, ümumilikdə dünya ictimaiyyətinin Mehriban xanımın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dinimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu gün Azərbaycan qadını Mehriban xanım Əliyevanın timsalında bir etibarlı dayaq görür, problemlərinə - mənəvi, ruhi, maddi ehtiyaclarına məlhəm qoyan, yardım edən çox doğma, munis Azərbaycan qadınının varlığına güvənir. Çünki Mehriban xanım Əliyeva zəmanəmizin ən böyük azərbaycanlısı Heydər Əliyevin şəxsi nümunəsini görüb-götürmüş, onun yaratdığı mənəvi dəyərlər məktəbindən dərs almış, torpağa, millətə, insana bağlı bir şəxsiyyətdir.
Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımının xidmətlərini xüsusi vurğulamaq istərdim. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Fondu (UNF-PA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani təsdiqidir.
Mehriban xanım Əliyevanın xarici-mədəni siyasətinin heyrətləndirici nəticələri göz önündədir. “Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi respublikamıza yeni beynəlxalq imic gətirdi. “Eurovision-2012” mahnı müsabiqəsinin təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva daha bir möhtəşəm uğura imza atdı. “Eurovision-2012” mahnı müsabiqəsi bizə nə verdi? Bu müsabiqə bizi daha müasir və olduğumuzdan yaxşı olmağa sövq etdi. Bizə böyük beynəlxalq tədbirlərə ev sahibi olmağı öyrətdi. Biz dünyaya, dünya da bizə daha yaxın oldu. Bir sözlə, biz firəvan gələcəyimizə doğru daha bir böyük addım atdıq.
Eləcə də, bu ilin iyun ayında ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva rəhbərlik edirdi. Onun rəhbərliyi ilə bu Oyunlar çox yüksək səviyyədə təşkil olundu və Azərbaycanın tarixinə daha bir məhtəşəm nailiyyət kimi daxil oldu.
Mehriban Əliyevanın beynəlxalq layihələri Azərbaycan qadınları üçün örnək və nümunədir.
- Məqsəd uğurlara yol açan amillərdəndir. Ulu öndər Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin çoxluq təşkil etməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Bu gün də həmin vəzifənin icrası istiqamətində mühüm addımlar atılır. Qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artmasının ən mühüm göstəricilərindən biri məhz Yeni Azərbaycan Partiyasının 660 mindən artıq üzvünün 50 faizini təşkil etməsidir. YAP Qadınlar Şurası qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində ötən dövrdəki fəaliyyətini necə dəyərləndirir?
- Bu gün YAP-ın sıralarında 700 minə yaxın insan birləşib və bu böyük ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Burada qadinlar və gənclər təşkilatının gücü çox mühüm rol oynayır. Bir tərəfdən, partiyanın Gənclər Birliyi, bir tərəfdən də Qadınlar Şurası YAP-ın məramını həyata keçirməkdə çox möhtəşəm qüvvədirlər. YAP öz ideyalarını həyata keçirərkən qadınlara və gənclərə istinad edir. Ona görə ki, hər iki qurumun sırası möhtəşəmdir. Onlar yüksək ideoloji əsaslarla formalaşıb, tərkibi çox keyfiyyətlidir. Fakt üçün deyim ki, təkcə Qadınlar Şurasının İdarə Heyətinin 19 üzvündən 9 nəfəri elmlər doktorudur. YAP-ın sıralarında 305 nəfər elmlər doktoru, 1112 nəfər müxtəlif elmlər üzrə fəlsəfə doktoru, həkimlər, müəllimlər, digər peşə sahiblərindən olan ziyalılar təmsil olunurlar. Onlar cəmiyyətdə yüksək mövqeli, vətənə xidmət üçün ömürlərini sərf edən insanlardır. Bu, mükəmməl, ağlın-zəkanın birləşdiyi bir tərkibdir. Bunun sayəsində YAP-ın sıralarına hər il minlərlə qadınlarımız gəlir. Çünki bu orduda olan qadınların mövqeyi onlara bir örnəkdir. Kamil qadınların yolu gənclər üçün nümunədir. Bu örnək Heydər Əliyevin müdrik siyasətindən qidalanır.
Bizim - Azərbaycan qadınlarının doğrudan da geniş potensialı var. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınlarımızı məhz bir amal birləşdirir – Dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək. Qədim yunan filosofu Aristotelin belə bir kəlamını xatırlatmaq yerinə düşərdi: “İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır”. Mən bu fikri söyləyərkən təkcə yeraltı və yerüstü sərvətlərimizi, münbit torpaqlarımızı deyil, həm də bütün bu bolluğun xalqın rifahı naminə istifadə olunmasına şərait yaradan dəyərli insanları nəzərdə tuturam. Cəmiyyətin tərəqqisi üçün yorulmadan çalışan Azərbaycan analarını, qadınlarını nəzərdə tuturam. Bu gün biz qadınların taleyinə Azərbaycan tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafımızın tempi, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mənəvi irsimizin dünyaya çatdırılması, ədəbiyyatımızın öz əlifbamız ilə nəşr olunması, təhsilə yeni yanaşmaların təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəmişdir.
Mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin doğurduğu sıxıntılara baxmayaraq, mərd və mübariz Azərbaycan qadını bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır. Qadınlarımız kişilərlə çiyin-çiyinə çalışır, qurub-yaradır, dəhşətli müharibənin vurduğu yaralara, zərbələrə dəyanətlə, ləyaqətlə dözür, vətən, el-oba, doğma ocaq həsrəti çəkir, lakin yeni əsr, yeni zamanla üz-üzə durduğu indiki dövrün məna və məsuliyyətini, mahiyyət və məqsədini unutmur. Çünki bu gün yaşadıqları ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan – qurmaq, idarə etmək, özünü sübuta yetirmək, təsdiq etmək kimi şərait yaranmışdır.
- Nurlana xanım, hər bir əlamətdar gün bir hesabat kimi dəyərləndirilir. 20 illik yubileyiniz ərəfəsində YAP Qadınlar Şurasının sədri kimi hansı mühüm hesabatı vermək və bu fonda gələcək üçün hansı vəzifələri açıqlamaq istərdiniz?
- Bəli, hər bir yubiley tədbiri həm də hesabatdır. YAP Qadınlar Şurası da öz fəaliyyətində daim Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə istinad edir. Partiyamızın Qadınlar Şurası ölkəmizin uğurlarının, Prezident İlham Əliyevin siyasətinin təbliğini də əsas vəzifələrindən biri hesab edir və bu yöndə fəaliyyətini davam etdirir. Qadınlar Şurası ölkənin ən mühüm ictimai-siyasi həyatında yaxından iştirak edir, bölgələrdə marifləndirmə tədbirləri, xeyriyyə aksiyaları keçirir, qadın-ana şəfqətinə ehtiyac duyulan qurumlarda görüşlər təşkil edir, müxtəlif mahiyyətli tədbirlər keçirir,cəbhə bölgələrində, hərbi hissələrdə, ahıllar və əlillər evində, ata-ana himayəsindən məhrum uşaqların məskunlaşdığı internat evlərində görüşlər keçirirlər. Onlar beynəlxalq forumlarda, konfranslarda, sammitlərdə Azərbaycan həqiqətlərinin carçısı kimi iştirak edirlər.