MÜSAHİBƏLƏR
Yeni hədəflər ölkəmizin davamlı inkişaf strategiyasının mahiyyətindən qaynaqlanır
- Siyavuş müəllim, son günlərdə ölkəmizdə korrupsiyaya və bir sıra məmurların neqativ fəaliyyətinə qarşı mübarizə keyfiyyyətcə yeni mərhələyə qədəm qoyub. Cəmiyyətimiz tərəfindən birmənalı şəkildə dəstəklənən bu prosesə bir millət vəkili kimi sizin münasibətinizi öyrənmək maraqlı olardı.
- Əvvəla onu qeyd etmək istərdim ki, korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili siyasətin daim ayrılmaz tərkib hissəsi olmuşdur. Bu faktor hakimiyyətə olan ümumxalq inamının mühüm komponentini təşkil edir.
Məlum olduğu kimi, uğurla həyata keçirilən neft strategilası və düşünülmüş iqtisadi tərəqqi konsepsiyası nəticəsində bu gün hər birimiz inkişafın Azərbaycan modeli kimi bir fenomenlə qürur duyuruq. Ölkəmiz ildən-ilə zənginləşir, insanların rifah halı yaxşılaşır. Azad sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılmış, zəruri infrastrurktur və hüquqi-normativ baza formalaşdırılmışdır. Lakin təəssüflər olsun ki, dövlətdə yüksək vəzifələr tutan bəzi şəxslər bu mühitdən öz şəxsi maraqları naminə sui-istifadə etmək və qeyri-qanuni yolla varlanmaq fikrinə düşürlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər onların bu cür neqativ fəaliyyəti, sahibkarlığa törətdikləri süni əngəllər olmasaydı bu gün ölkə iqtisadiyyatı indikindən də yüksək göstəricilərə malik olardı. Lakin ən əsası odur ki, bu tip mənfi təzahürlərə qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə davam edir və gələcəkdə də belə olacaqdır. Cəmiyyətimizdə bu baxımdan zərrə qədər şübhə və tərəddüd yoxdur və xalqımız bu addımları tam dəstəkləyir.
- Parlament seçkiləri kampaniyasının artıq son mərhələsidir. Bu mərhələdə ölkəmizdə ictimai-siyasi sabitliyi necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycan cəmiyyəti seçkilərə hansı əhval-ruhiyyədə gedir?
- Ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir və əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Əldə olunan yüksəliş trendi ölkəmizin iqtisadi tərəqqisində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən, regionlarımızın inkişafında müstəsna rol oynayıb. Fakt olaraq deyə bilərəm ki, bir neçə il öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz, iqtisadi müstəvidə böyük nailiyyətlərin əldə olunması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Qısa müddətdə bu qədər mühüm irəliləyişə nail olunmasında ölkəmizdə hökm sürən demokratik şəraitin, ictimai-siyasi sabitliyin, plüralist vətəndaş cəmiyyətinin və ən əsası xalq-hakimiyyət birliyinin əhəmiyyəti böyükdür. Birmənalı şəkildə qeyd etmək olar ki, məhz xalqın fəal dəstəyi ilə hakimiyyət ölkəmizin hərtərəfli inkişaf strategiyasının böyük inamla həyata keçirir. Bu uğurların qazanılmasında ölkəmizdəki sabitlik heç şübhəsiz əsas amillərdən biri kimi çıxış edir.
Ümumiyyətlə, tarixi təcrübədən də aydındır ki, hər bir xalqın və cəmiyyətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında isə ictimai-siyasi sabitlik faktoru gəlir.
Həqiqətən də, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin strateji qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, innovativ inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, onların reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycanda vəziyyət olduqca yüksək səviyyədədir.
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir.
Bu gün dünyanın bir sıra nöqtələrində, eləcə də, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müşahidə etdiyimiz kimi, müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirdilər, vətəndaş müharibəsinə, qanlı aksiyalara səbəb oldular və hazırda çox nəhəng bir coğrafiyada acınacaqlı geopolitik durum yaranıb. Həmin ölkələrin xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar və o dövlətlərdə humanitar fəlakət yaşanmaqdadır. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Çünki, ictimai-siyasi sabitlik ümummilli inkişafın strateji əsasını təşkil edir. Bu baxımdan da, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər.
- Beynəlxalq miqyasda demokratik ölkə imicinə malik olan Azərbaycan dövləti seçkilərin azad və şəffaf keçirilməsi istiqamətində ardıcıl olaraq mühüm tədbirlər görür. Ölkəmizdə seçki mühitini, bütövlükdə, demokratik seçkilərin keçirilməsi üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib. Bunun ən böyük səbəbi, təbii ki, 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlətçilik ənənəsi və ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Bu gün həmin ənənə daha da inkişafı etdirilir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, demokratik və şəffaf seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür.
Həqiqətən də, bu gün Azərbaycan istər seçki qanunvericiliyi, istərsə də seçki mədəniyyəti ilə bir çox Avropa ölkələrini geridə qoyur. Hətta seçkiləri müşahidə edən bir sıra dövlətlərin nümayəndələri ölkəmizdə keçirilən seçkini öz ölkələri ilə müqayisə edib, üstünlüyü Azərbaycana verir. Bu isə Azərbaycan hakimiyyətinin şəffaf və demokratik seçki keçirmək iradəsinin varlığından xəbər verir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti mütərəqqi Seçki Məcəlləsinin qəbuluna nail olmaqla ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabər mübarizə imkanı yaradıb. Bu baxımdan, qarşıdan gələn parlament seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir. Qeyd edim ki, Milli Məclisə seçkilərdə iştirak etmək üçün 125 yer uğrunda 1000-dən çox namizəd mübarizə aparır və bu çox yüksək göstəricidir.
Bundan başqa, ölkə Prezidenti İlham Əliyev hər zaman seçki prosesinin şəffaf və demokratik şəraitdə keçirilməsinin zəruriliyini vurğulayıb. Bütün seçki proseslərinin xalqın iradəsin söykənməsinin əsas şərt olduğunu bildirən dövlət başçısı məhz bu səbəbdən də seçki prosesinin kənar müdaxilələrdən qorunması istiqamətində olduqca effektiv addımlar atıb. Hələ 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin nöqsanların aradan qaldırılması məqsədilə imzaladığı Sərəncamda seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkilərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi tam şəkildə öz əksini tapıb. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bu fakt özü Azərbaycan hakimiyyətinin, Prezidentinin ölkədə şəffaf və azad seçki keçirilməsi naminə ortaya qoyduğu siyasi iradənin ən bariz göstəricisidir.
Hazırda, 2015-ci ilin parlament seçkiləri də bu reallıq əsasında keçirilir. Əminəm ki, bu seçkiləri də azad və şəffaf əsaslarda keçirməklə, Azərbaycan bir daha demokratiyanın təntənəsini nümayiş etdirəcək.
- Təəssüf ki, bəzi qərəzli dairələr Azərbaycanın demokratik ölkə imicinə kölgə salmağa çalışır və bu məqsədlə seçki məsələsini siyasi manipulyasiya predmetinə çevirirlər. Bu barədə nə düşünürsünüz?
- Məlum olduğu kimi, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyvin də qeyd etdiyi kimi Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib.
Belə bir şəraitdə müəyyən daxili və xarici qüvvələrin Azərbaycanın demokratik imicinə zərbə vurmaq cəhdləri əbəsdir. Biz yuxarıda ictimai-siyasi sabitlikdən bəhs etdik. Azərbaycan haqqında o qüvvələr mənfi fikirlər səsləndirirlər ki, ölkəmizdə sabitliyi pozmağa və öz maraqlarını təmin etməyə çalışırlar. Yəni bizi də bəzi ərəb ölkələrinin vəziyyətinə salmaq istəyirlər. Bu planları baş tutmayanda isə demokratiya və insan hüquqları amilindən bəhanə kimi istifadə edirlər. Amma bütün dünya demokratiya və insan hüquqları problemlərinin harada olduğunu yaxşı bilir. Əgər ədalətlidirlərsə həmin problemləri həll etsinlər. Azərbaycanın bir milyondan çox vətəndaşının öz torpağında yaşamaq hüququ işğalçı Ermənistan tərəfindən pozulub. İnsan hüquqları «təəssübkeşləri» gəlib ilk növbədə, bu insanların haqlarını bərpa etməsinə kömək etsinlər. Əks halda, başqa ittihamların heç bir əsası yoxdur və onlar öz məkrli məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər.
- Qələbələr partiyası kimi xarakterizə edilən YAP seçki kampaniyasını hansı səviyyədə davam etdirir və partiyanın növbəti qələbə şansını necə qiymətləndirirsiniz?
- Partiyamız uğurlu seçki kampaniyası həyata keçirir. Bilirsiniz ki, biz adətən seçki prosesinə, o cümlədən parlament seçkilərinə hazırlıqlara kampaniyaya rəsmi start verilməmişdən xeyli öncə başlayırıq. Bu seçkidə istisna deyil. Məlumdur ki, YAP-ın böyük seçki təcrübəsi var və biz hər zaman müasir seçki texnologiyalarından səmərəli istifadə etməyə çalışırıq. Bu seçki texnologiyalarını tətbiq etməklə də ciddi nəticələr əldə edirik. Ümumiyyətlə, Azərbaycanda YAP qədər sistemli, mükəmməl və uğurlu seçki kampaniyası həyata keçirən ikinci partiya yoxdur.
Bütövlükdə biz vaxtaşırı olaraq partiyamızın seçki hazırlıqları ilə bağlı ictimaiyyətə məlumat vermişik. Ona görə də, hesab edirəm ki, bu məsələnin üzərində çox da dayanmağa ehtiyac yoxdur. Hazırda partyamızın namizədlərinin müəyyənləşdirilmiş qrafikə uyğun şəkildə təbliğat-təşviqat kampaniyası aparılır. Seçicilər böyük ruh yüksəkliyi ilə namizədlərimizlə görüşlərə gedirlər. Biz bu seçkilərdə qələbə qazanacağımıza əminik. Partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, YAP-ın cəmiyyətdəki böyük nüfuzu və uğurlu seçki kampaniyası qələbəmizin əsas şərtləridir.
- Siyavuş müəllim, Azərbaycan xalqının iradəsi əsasında formalaşan Milli Məclisin fəaliyyətini, ötən beş il ərzində daxili və xarici arenada mühüm nailiyyətlərin əldə edilməsində rolunu necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, ali qanunverici orqan olaraq Milli Məclis ölkəmizin inkişafına öz töhfələrini verir. Parlamentin qəbul etdiyi qanunlar bu inkişaf prosesinin hüquqi bazası rolunu oynayır. Ötən beş il ərzində parlamentimiz dövlətimizin inkişafı və daha da gücləndirilməsi istiqamətində mühüm qanun və qərarlar qəbul edib.
Bu gün elə bir sahə yoxdur ki, onunla bağlı qanun qəbul olunmasın və ən əsası qəbul olunan qanunlar beynəlxalq standartlara tam cavab verir. İstər dövlət quruculuğu, istər hüquq, istər sosial-iqtisadi, istərsə də mədəniyyət sahəsində vacib qanunlar qəbul olunub ki, bu gün cəmiyyətimiz həmin qanunlarla idarə olunur.
Milli Məclisin bir fəaliyyət istiqaməti də beynəlxalq sahə ilə bağlıdır. Bu yöndə fəaliyyəti ilə parlamentimiz ölkəmizin xarici siyasətinə öz töhfələrini verir. Dünyanın bir çox ölkələrinin qanunverici orqanları ilə sıx əlaqələr qurulub, uğurla fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları yaradılıb, eləcə də, millət vəkilləri beynəlxalq təşkilatlarda aktiv şəkildə təmsil olunurlar. Düşünürəm ki, deputatlarımız beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil edir və milli maraqlarımızı qoruyurlar. Bütövlükdə isə hesab edirəm ki, dövlətçilik tariximizdə dördüncü çağırış Milli Məclisin özünəməxsus xüsusi yeri var.
- Siyavuş müəllim, siz Milli Məclisdə İntizam komissiyasının sədrisiniz. İntizam məsələsində Azərbaycan parlamentinin səviyyəsini necə qiymətləndirmək olar?
- Dünya təcrübəsindən görünür ki, bir çox ölkələrin qanunvericilik orqanlarında intizam məsələsi həm xüsusi əhəmiyyət kəsb edir, həm də ayrıca problem kimi çıxış edir. Xüsusilə də, müxtəlif siyasi dünyagörüşü və əqidəyə malik olan qruplar arasındakı ziddiyyətlər bir çox hallarda parlamentlərdə qarşıdurmalarla müşayiət olunur. Bu, ilk növbədə siyasi mədəniyyət məsələsi ilə əlaqədardırsa, digər tərəfdən, qanunverici orqanda intizam səviyyəsinin aşağı olmasının göstəricisidir.
Təqdirəlayiqdir ki, Azərbaycan parlamenti dünyada ən nümunəvi və intizamlı parlamentlərdən biridir. Milli Məclisdə intizam məsələsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə müəyyən olunmuş qayda və prinsiplərə əməl olunur. Nəzərinizə çatdırım ki, bu beş il ərzində Azərbaycan parlamentində intizam məsələsi ilə bağlı qarşıdurma xarakterli və ya digər ciddi problem olmayıb. Bu, qeyd etdiyim kimi, həm milli mentalitetimizdən qaynaqlanan yüksək siyasi mədəniyyət göstəricisidir, həm də təşkil olunmuş işin səmərəli və doğru olduğunu əks etdirir. İnanıram ki, gələcəkdə də intizam məsələsi ilə əlaqədar olaraq hər hansı bir problem yaşanmayacaq.
- Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyiniz 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən irəli sürülüb. Ötən müddət ərzində Naxçıvan seçicilərinin etimadını nə qədər doğruldubsunuz və qarşıdakı dövr haqqında nə deyə bilərsiniz?
- Təbii ki, beş illik fəaliyyətim dövründə seçicilərimin etimadını doğrultmağa çalışmışam. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Ona görə də, belə bir bölgə daim xüsusi diqqət tələb edir. Azərbaycan dövləti, Prezident İlham Əliyev daim Naxçıvanı diqqət mərkəzində saxlayır. Bunun nəticəsində də bu bölgə blokada şəraitində olmasına baxmayaraq uğurla inkişaf edir.
Təbii ki, bu inkişaf hər bir Naxçıvan vətəndaşında qürur hissi yaradır. Mən də bu bölgənin deputatı olaraq parlament müstəvisində Naxçıvanla bağlı fikirlərimi bildirmişəm, eyni zamanda, seçicilərimin müraciətlərinin həllinə çalışmışam. Əgər seçicilər yenə də mənə etimad göstərsələr, bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm.
- Azərbaycanın sürətli tərəqqisi fonunda Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Muxtar respublikanın inkişaf göstəriciləri barədə düşüncələrinizi, qazanılmış nailiyyətlər barədə fikirlərinizi bilmək istərdik...
- Hazırda Naxçıvan Muxtar Respublikası sürətli inkişaf dövrünü yaşayır. Muxtar respublika Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində yeni-yeni uğurlar qazanır. Ölkənin digər bölgələrində olduğu kimi, Naxçıvanda da böyük abadlıq-quruculuq işləri aparılır. Naxçıvanda dəfələrlə səfərdə olmuş Prezident İlham Əliyev də görülən işləri yüksək qiymətləndirir. Dövlət başçısının hər səfəri zamanı muxtar respublikada yeni obyektlərin açılışı olur. Açılan yeni müəssisələr, məktəblər, səhiyyə ocaqları, idman kompleksləri vətəndaşlara xidmət edir. Ona görə də, Naxçıvan əhalisi bütün bunları yüksək dəyərləndirir.
Bu gün hər bir bölgənin tərəqqisi dövlət başçısının diqqətindədir. Qeyd etdiyim kimi Naxçıvan da gündən-günə yeniləşir, inkişaf edir. Abadlıq, quruculuq işləri muxtar respublikada da geniş vüsət alıb. Hər bir kənddə, yaşayış məntəqəsində, qəsəbədə əhalisinin sayından asılı olmayaraq müasir avadanlıqlarla təchiz olunmuş məktəblər, səhiyyə ocaqları tikilmiş, yeni yollar çəkilmişdir. Təbii ki, bütün bunlar insanların normal yaşayışını təmin edən amillərdir. Azərbaycanda son illərdə görülən işlərin uğurlu nəticələrini Naxçıvanın timsalında görmək olar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində bu uğurlara nail olunur. Eyni zamanda, Naxçıvan Muxtar Respubilkası Ali Məclisinin sədri Vasif Talıbovun uğurlu fəaliyyəti, Naxçıvanın inkişafı naminə gördüyü işlər bu bölgənin ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu gün fəxr hissi ilə qeyd edirik ki, muxtar respublika ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.