YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP-ın növbəti qələbəsini təmin edəcək əsas amil Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti və xalqın iqtidara olan sarsılmaz etimadıdır

Müsahibimiz Milli Məclisin deputatı, YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsindən deputatlığa namizədi Bəxtiyar Sadıqov

- Bəxtiyar müəllim, beşinci çağırış Milli Məclisə seçkilərə sayılı günlər qalır. Belə bir mühüm siyasi hadisə ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərinizi bilmək istərdik.

- Hər bir demokratik ölkənin ictimai-siyasi həyatındakı ən mühüm hadisələrdən biri seçkilərdir. İstənilən seçkilərin ədalətli, şəffaf, azad şəraitdə keçirilməsi həmin ölkədə cəmiyyətin demokratik mühitinin yüksək olması anlamını da verir. Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi məqsədilə müasir tələblərə uyğun təkmil qanunvericilik bazası mövcuddur. Bununla yanaşı, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqə komissiyalarından MSK-yadək, bütün seçki atributlarında lazımi şərait yaradılıb, seçki komissiyaları müasir texniki avadanlıqlarla təchiz edilib. Hər dəfə Azərbaycanda seçkilərin demokratik əsaslarla keçirilməsini müşahidə etmək məqsədilə dünya ölkələrindən, beynəlxalq təşkilatlardan müşahidəçilər dəvət olunurlar, müxtəlif qeyri-hökumət təşkilatları seçki proseslərini izləyirlər. Vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etməsi üçün ən münasib variant olan seçkilər Azərbaycanda da mühüm siyasi hadisə olaraq qəbul edilir. Parlament seçkilərinə cəmiyyətimizdə olan yüksək diqqət də məhz bundan irəli gəlir.

Ümumiyyətlə, hər dəfə seçki keçirilərkən Azərbaycan dövləti və xalqı sanki bir hesabat verir. Yəni, ötən illərdə qazanılmış uğurlar, nailiyyətlər yenidən yada salınır, qiymətləndirilir. Təbii ki, seçkilərdə namizəd qismində iştirak edən insanlar da öz platformalarını irəli sürməklə vətəndaşların mənafeyini, maraqlarını ifadə edən məsələləri əks etdirmək və omların həlli yollarını göstərmək üzərində düşünürlər. Odur ki, qarşıdan gələn beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər həm iqtidarın gördüyü işlərin hesabatı və həm də yeni dövr üçün vəzifələrin xalqla məsləhətləşmə formasında müəyyənləşdirilməsidir.

Bu gün dünyada çox ziddiyyətli, mürəkkəb və həm də ağrılı proseslər gedir. Artıq Avropa öz əməlinin “bəhərini” dərir, qaçqın seli qarşısında boğulur. Çox təəssüf ki, bu boğulma zamanı itki verən də heç bir günahı olmayan, ölkəsində sabitliyi pozulan, evi dağıdılan, başına bomba yağdırılan adi insanlardır. İŞİD kimi kimlərinsə təşviqilə yaradılan və məqsədyönlü şəkildə silahlandırılan qəddar və vəhşi qruplaşma tərəfindən əzizlərini itirən, xoş güzəranından məhrum olan, tarixi keçmişi, dini dəyərləri, maddi memarlıq inciləri, abidələri zorakılığa məruz qalan, Yer üzündən silinən insanlar vahimə, qorxu qarşısında Avropaya üz tuturlar. Çox təəssüf ki, yolda da onların böyük itkiləri baş verir, çatdıqları ünvanlarda heç də xoş üzlə qarşılanmırlar və ksenofobiya, islamofobiya, müasir faşizmlə üzləşirlər.

Çox şükürlər olsun ki, Azərbaycan dövləti bütün bu arzuolunmaz siyasi-hərbi proseslərdən uzaqdır. Bunun da əsas səbəbi ölkəmizdə mövcud olan siyasi-ictimai sabitlik və ən əsası iqtidarla xalq arasındakı möhkəm birlikdir. Elə bu birliyin nəticəsidir ki, Qərbin ərəb və bəzi MDB ölkələrində həyata keçirdiyi “rəngli inqilab” ssenariləri Azərbaycanda iflasa uğrayıb. Bu gün yolda itki verə-verə Avropaya gələn, lakin burada da alçaldılan, aşağılanan, yeni müsibətlərlə, təzyiqlərlə üzləşən insanlar öz ölkələrində Qərbin siyasi-hərbi dairələrinin demokratiya adı altında reallaşdırdıqları məkrli planların qurbanlarıdır. Həmin insanların vətəndaşı olduqları dövlətlərdə sabitlik pozulub. Həmin aldadılmış insanlar demokratiya adı altında “rəngli inqilab”lar etməklə bu gün özlərini bəlaya salıblar.

Lakin Azərbaycanda xalqla iqtidarın elə bir birliyi var ki, heç kim, heç bir qüvvə bu sabitliyi pozmaq, bu birliyi sarsıtmaq gücündə və qüdrətində deyil! Azərbaycan xalqı çox müdrikdir. Biz 90-cı illərin anarxiya, xaos, qanunsuzluq dövründən keçib gəlmişik! Ona görə xalqımız heç vaxt bir də həmin günlərin qayıtmasına imkan verməyəcək! Hər bir vətəndaşımız da yaxşı bilir ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun alternativi yoxdur!

Xalqımız müdrik olmaqla yanaşı, yüksək tolerant dəyərlərə malikdir. Bizdə dini, cinsi və milli əlamətlərə, digər xüsusiyyətlərə görə insanlar arasında ayrı-seçkilik yoxdur. Hətta vətəndaşlarımız məişət səviyyəsində belə bu münasibətlərdə bir-birini anlayır, başa düşür, dəstək verirlər. Ona görə də bu gün Avropada, ərəb dünyasında baş verən qeyri-sabitlik, müxtəlif ziddiyyətli məsələlər, insanların qarşı-qarşıya qoyulması Azərbaycanda baş verə bilməz. Vahid Azərbaycan xalqı var və onun tərkibinin müxtəlifliyi, zənginliyi bizim gücümüz, qüdrətimizdir! Bu, xalqımızın böyük nailiyyətidir! Bu, əsrlər boyu formalaşıb gələn, ulu öndər tərəfindən yenidən işlənərək hazırlanan azərbaycançılıq ideologiyasının tərkib hissəsi olmaqla xalqımız tərəfindən birmənalı şəkildə qəbul edilən bir dünyagörüşüdür və cəmiyyətimizdə sabitliyin möhkəmlənməsinə, inkişafa, iqtidar-xalq birliyinə xidmət edir.

Bu gün qlobal səviyyədə özünü göstərən problemlərdən biri də sosial-iqtisadi böhrandır. Azərbaycan da dünyaya inteqrasiya şəraitində inkişaf etdiyindən beynəlxalq miqyasda baş verən böhranın müəyyən əlamətlərini hiss edirik. Amma Prezident İlham Əliyev tərəfindən hələ illər öncədən atılan addımlar, qabaqlayıcı tədbirlər bu böhranın dövlətimizə, iqtisadiyyatımıza ciddi təsir göstərməsinin qarşısını alıb. Hətta fərəhlə qeyd etməliyik ki, beynəlxalq iqtisadi böhran şəraitində Azərbaycanda ümumi daxili məhsul istehsalı 6 faiz artıb. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi sayəsində mümkün olub. Prezident İlham Əliyev ötən 12 ildə Heydər Əliyev siyasi kursunu layiincə davam etdirərək Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Bu yolda əsas hədəflərdən biri də qeyri-neft sektorunun inkişafıdır. İndiyədək bu istiqamətdə lazım olan bütün addımlar atılıb, proqramlar qəbul edilib, maliyyə vəsaitləri ayrılıb, sahibkarlığın inkişafı stimullaşdırılıb. Sanki Prezident neçə illər bundan əvvəl öncədən indiki vəziyyəti görürdü və ölkəni bu vəziyyətə tam, əsaslı şəkildə hazırlayırdı. Odur ki, bu gün dünyada davam edən iqtisadi problemlərə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir və bu, bizim mühüm uğurlarımızdan biridir.

Bir sözlə, Azərbaycanda ictimai-siyasi durum sabit olduğu qədər də fəaldır və ölkədə davamlı hal olan sosial-iqtisadi inkişafa adekvat olaraq, demokratik dəyərlərin də ən müasir prinsipləri əsasında möhkəmlənir, güclənir.

- Seçki kampaniyasının başlamasından bir ay ötür və bir neçə gündür ki, təbliğat-təşviqat mərhələsi də başlayıb. Bütövlükdə seçki kampaniyasının gedişatını necə qiymətləndirirsiniz?

- Öncə onu qeyd edim ki, biz seçkilərə dünyada gedən ağrılı proseslərə baxmayaraq, yüksək əhval-ruhiyyə və dinamizmlə gedirik. Bu da ondan irəli gəlir ki, əldə edilən iqtisadi uğurlarımıza, böhranın ağır nəticələrindən uzaq olduğumuza görə cəmiyyətimizdə xoş ovqat var.

Digər tərəfdən, respublikamızda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə var. Bu ənənənin əsasının qoyulmasının tarixi 22 il bundan əvvələ gedib çıxır. Xalqın tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin həmin ilin oktyabrında Prezident seçilməsi ilə əsası qoyulan demokratik seçki ənənəsi sonralar keçirilən prezident, parlament və bələdiyyə seçkilərində daha da artırıldı. Ən əsası, ölkəmizdə ümummilli lider Heydər Əliyevin sayəsində insanların iradəsinin ifadəsi sayılan seçkilərin demokratik və azad keçirilməsi üçün tələb olunan ictimai-siyasi sabitlik təmin edildi. İndiyədək demokratik prinsiplərə tam cavab verən beş prezident, dörd parlament və dörd bələdiyyə seçkisi keçirilib. İndi isə beşinci çağırış Milli Məclisə seçkilər ərəfəsindəyik. İnanıram ki, bu seçki də yüksək şəkildə, şəffaf, azad, demokratik, seçicilərin fəallığı şəraitində keçəcəkdir.

Seçki kampaniyasına ötən ayın əvvəllərindən start verilib. Azərbaycan seçicisi seçkilərin tələblərini, prinsiplərini, seçkinin keçirilmə qaydalarını, namizəd-seçici dialoqunu çox dəqiq bilir. Çünki biz artıq demokratik seçki keçirmək sahəsində xeyli təcrübə toplamışıq. Seçkinin hər bir mərhələsi üzrə proseslərdə bu təcrübə, insanların bir-birinə qarşılıqlı münasibəti, hörmət və etimadı aydın görünür. Əvvəlcədən Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə əsasən Təqvim Planı tutub və buna əsasən seçkinin bütün mərhələləri vaxtında icra olunmaqdadır. Bu baxımdan seçkiöncəsi mühit seçki hazırlığı üçün lazımi şəraitin yaradılması ilə diqqəti cəlb edir. Siyasi partiyalar və bloklar, həmçinin müstəqil şəkildə seçkiyə qatılmaq istəyən namizədlər seçki qanunvericiliyinə və MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun olaraq hazırlıq işlərini davam etdirirlər. Artıq namizədlərin qeydə alınması mərhələsi başa çatıb və təbliğat-təşviqat mərhələsinə start verilib.

Təbii ki, hər bir seçkidə partiyaların və yaxud ayrı-ayrı namizədlərin proqramlarının təqdim edilməsi əsasında seçicilərin rəğbətinin qazanılması mühüm əhəmiyyət kəsb edir. Bu mənada seçkiqabağı təşviqat seçki prosesinin əsas mərhələlərindən biridir. Məhz seçkinin bu mərhələsində prosesə qoşulan subyektlər özlərini təbliğ etmək üçün birbaşa seçicilərlə təmasa girərək onların rəğbətini qazanmaq imkanı əldə edir, digər namizədlərdən daha üstün olmasını sübut etməyə çalışır. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib bir məsələdir. Beşinci çağırış Milli Məclisə seçkilərin indiki mərhələsində qeydə alınmış namizədlərə seçki qanunvericiliyinə müvafiq olaraq təbliğat və təşviqatla məşğul ola bilmələri üçün hər bir şərait yaradılıb. Bütün namizədlərə seçicilərə öz platformaları barədə məlumat vermək üçün televiziya kanalında efir vaxtı verilib, rəsmi mətbuatda ödənişsiz şərtlərlə reklam yeri ayrılıb, öz seçiciləri ilə görüşmək və fikirlərini çatdırmaq üçün xüsusi yerlər müəyyənləşib.

Bu gün Azərbaycanda seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi məqsədilə müasir tələblərə uyğun qanunvericilik bazası mövcuddur, vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Bu baxımdan biz qarşıdan gələn növbəti parlament seçkilərinə də kifayət qədər demokratik seçki mühiti və təkmil seçki sistemi ilə gedirik. Yaradılmış normal mühit və mükəmməl seçki qanunvericiliyi beşinci çağırış Milli Məclisə seçkilərin azad, demokratik və ədalətli seçkilərin keçirilməsinə tam təminat verir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan hakimiyyəti parlament seçkilərinin azad, şəffaf və ədalətli keçirilməsi üçün üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir.

- Ölkəmizin aparıcı siyasi təşkilatı və sizin də namizədi olduğunuz Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı barədə nə deyə bilərsiniz?

- YAP Azərbaycanın ən təcrübəli və ən böyük resursları olan siyasi təşkilatıdır. Təsadüfi deyil ki, YAP 116 seçki dairəsində öz namizədini irəli sürən yeganə partiyadır. Partiyamız 119 saylı Ağdam seçki dairəsində mənim namizədliyini irəli sürüb. Göstərilən böyük etimada görə partiyamızın rəhbərinə, İdarə Heyətinə təşəkkürümü bildirirəm və bu etimadı daim doğrultmağa çalışacağam.

Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun olaraq seçki hazırlığını uğurla davam etdirməkdədir. Bir müddət əvvəl Milli Məclisə seçkilərlə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb. Bundan irəli gələrək YAP mərkəzi seçki qərargahının rayon şöbələri də təşkil olunub. Rayon şöbələrinin yaradılması seçkinin hər bir mərhələsində YAP-ın seçki hazırlığının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

YAP bu dəfə namizədlərlə işi daha yeni formada, ən yüksək səviyyədə təşkil edib. Həm də minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, partiyamız irəli sürdüyü namizədlərinin üzərinə düşən bəzi işləri özü yoluna qoyur. Xüsusən təbliğat-təşviqat işlərində partiya bizə yaxından dəstək verir. Seçki plakatlarının buraxılması, yerlərdə görüşlərin təşkili, səlahiyyətli nümayəndələrimizin əvvəlcədən təcrübəli insanlar qismində müəyyənləşdirilməsi kimi məsələlərdə biz YAP-ın dəstəyini yaxından hiss edirik ki, bu da namizədlərin işini xeyli yüngülləşdirib.

 Bəli, biz ilk növbədə hər addımda YAP-ın yaxından dəstəyini hiss edirik. İkincisi isə, biz iqtidarda olan bir partiyanın nümayəndəsi olaraq seçicilərlə görüşə gedəndə deməyə sözümüz çoxdur. Çünki YAP-ın sədri, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq ötən beş il ərzində o qədər işlər görülüb ki, danışmağa kifayət qədər sözümüz var. Bu görüşlər zamanı son illər görülən işləri sadəcə faktlarla, tezislər şəklində sadalasaq da, hamısını axıra qədər çatdıra bilmirik. Çünki həqiqətən də uğurlarımız çoxlu və möhtəşəmdir! Ən əsası, bu uğurları insanlar öz həyatlarında, məişətlərində hiss edirlər. Bakının özünün gözəlliyi insanı valeh edir. Bakıdan çıxıb rayonlara yola düşdükdə yolboyu kəndlərin gözəlləşməsinin, yolların yenidən qurulmasının, infrastrukturun müasirləşməsinin şahidi oluruq və beləliklə, paytaxtla regionların fərqi ciddi hiss olunmur. Müntəzəm olaraq səfər etdiyim Ağdamın Quzanlı qəsəbəsi, həmçinin digər kəndlər bu illər ərzində əsaslı şəkildə dəyişib, inkişaf edib.

Yadımdadır, hələ 2000-ci ildə seçicilərlə görüş zamanı vəziyyət indiki kimi deyildi. Ağdamın özündə çadırlardan salınmış qaçqın şəhərcikləri qalırdı. Prezident İlham Əliyev 2003-cü ildə bəyan etdi ki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Çox qısa müddətdə cənab Prezident bu vədini də yerinə yetirdi. Vaxtilə çadırlarda məskunlaşan insanlar indi müasir tipli qəsəbələrdə, gözəl evlərdə, yaraşıqlı binalarda yaşayırlar. Ağdamda əhalinin istifadəsinə 17 min hektardan çox torpaq sahəsi verilib, 300-dək artezian quyusu qazılıb. Bunun hesabına kənardan təbii axarla su almayan Ağdamda əkin sahələri suvarılır.

Dövlət insanların məşğuliyyətinin təmin olunması üçün lazımi bütün addımları atır. Son illər Ağdamda 700-dən çox sahibkara 4 milyon manata qədər güzəştli kredit ayrılıb. Bunun nəticəsidir ki, qısa müddətdə Ağdamda 7 mini daimi olmaqla 13 min yeni iş yeri yaradılıb. Bu vəziyyətdə seçicilərlə danışmaq, təbliğat-təşviqat işi aparmaq çox rahatdır. Bütün uğurları sayıb qurtara bilmərik. Amma hər bir seçicimiz deyə bilmədiyimiz uğurları görür və həyatında hiss edir. İqtidarın yaratdığı şəraitin hamısını təsvir etmək mümkün deyil, amma artıq biz bu şəraitdə yaşayırıq. Buna görə də biz - YAP üzvlərinin işi asandır.

Uğurlarımızın davamlı olması üçün seçicilərimizdən səs istəyəndə, onlar böyük məmnuniyyətlə bizə dəstək olurlar. Seçicilərimizin YAP-a dəstək olacaqları elə ilk görüşlərdə hiss olunur.

Bütün bunlar bir daha təsdiq edir ki, YAP-ın daim uğur qazanmağa həm mənəvi haqqı, həm böyük xalq etimadı, həm də əsaslı siyasi imkanları var. Bütün bunlardan çıxış edərək inamla qeyd etmək istəyirəm ki, əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkiləri də YAP-ın qələbəsi ilə başa çatacaq. YAP-ın növbəti qələbəsini təmin edəcək əsas amil isə Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti və xalqın iqtidara olan sarsılmaz etimadıdır.