YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır

Müsahibimiz MM-in deputatlığına namizəd Elman Nəsirov

- Elman müəllim, ölkəmiz olduqca mühüm siyasi tədbirə-Milli Məclisə seçkilərə hazırlaşır. Seşkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz və onu hansı amillər şərtləndirir?

- Ölkəmizdə seçkiqabağı vəziyyət onun obyektiv, şəffaf və demokratik prinsiplər əsasında keçirilməsi üçün tam uyğundur. Bu vəziyyəti şərtləndirən bir sıra mühüm daxili amillər mövcuddur. Eyni zamanda sekiqabağı vəziyyətin mürəkkəbləşməsi və sabitliyin pozulmasını hədəfə almış xarici amillər də diqqətdən yayınmır. İndi ardıcıllıqla onları nəzərdən keçirək.

Həlledici daxili amil Heydər Əliyev siyasətinə sadiqlik və onun Prezident İlham Əliyev tərəfindən sürətlə dəyişən dünyanın reallıqlarına adekvat olaraq novatorcasına davam etdirilməsi reallığı ilə bağlıdır. Bu məsələnin üzərində bir qədər ətraflı dayanmaq istərdim.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşğun yüksəliş illəri Azərbaycan Respublikası Prezidenti Administarsiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, əsl “Milli intibah dövrü” olmuşdur. Bu dövrün hər iki mərhələsi (1969-1982 və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, ümummilli liderin Xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardırlar. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir.

Ümummilli lider Heydər Əliyev özünün çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ilə Azərbaycanın davamlı inkişafının üzunömürlüyünü təmin edən təkmil bir elmi-nəzəri irs, dövlətçilik xətti və siyasi məktəb yaratmışdır.

Prezident İlham Əliyevin təbirincə desək, ulu öndər Heydər Əliyevin titanik səyləri sayəsində “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qaldı, tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim edə bilmişdir. Beynəlxalq əlaqələrimiz inkişaf etmişdir. Dünya xəritəsində Azərbaycan özünə layiq yerini tuta bilmişdir.”

Azərbaycan xalqı artıq 12 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir.  Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. 2003-cü ildə Prezident seçkilərindən sonra “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”,- deyən cənab İlham Əliyevin daxili və xarici siyasəti Heydər Əliyev siyasi kursunun davamıdır, onun özünəməxsus novatorluqla, dinamizmlə inkişafı və zənginləşdirilməsi nümunəsidir.

O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 11 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək, 11 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 180 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır. Həmin müddətdə 1,3 milyondan artıq iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən 5 %-ə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20% səviyyəsindədir. Yoxsulluq bu müddət ərzində 5 dəfə-500% azalmışdır, yəni 49%-dən % 5 %-ə enmişdir. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 11 %-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir.

Nəzərə alsaq ki, dünyada maliyyə-iqtisadi böhran davam edir və xüsusilə Avrasiyada məkanında o daha ciddi xarakter kəsb edir, bu halda ölkəmizin cari ilin 6 ayı ərzində əldə etdiyi iqtisadi nəticələr kifayət qədər uğurlu hesab oluna bilər. Belə ki, ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artım qeydə alınmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz,  qeyri-neft sənayesi isə  14 faiz artmışdır.  

Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75%-ni və demoqrafiyasının 65%-ni təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun son hesabatında (2015-2016-cı illər)  Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 40-ci ölkə olaraq müəyyən edilmişdir. Müqayisə üçün qeyd edək ki, Rusiya 45, İtaliya , Bolqarıstan 54, Türkiyə 51, Gürcüstan 66, Ukrayna 79, işğalçı Ermənistan isə 82-ci mövqedə yer almışdır. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci mövqedədir. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə görə də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir.

- Elman müəllim, yuxarıda qeyd etdiyiniz kimi, seçkiqabağı vəziyyətə təsir göstərməklə ölkəmizdə hökm sürən sabitliyi pozmaq istəyən xarici qüvvələr də fəallaşmağa başlayıblar. Bu məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik.

- Xarici qüvvə kimi işğalçı Ermənistan dövləti, dünyadakı erməni lobbisi və diasporu, islamofob siyasi dairələr, ayrı-ayrı qərb dövlətləri, onların əlində təzyiq alətinə çevrilmiş beynəlxalq QHT-lər və “5-ci kolonna” funksiyasını həyata keçirən antimilli qüvvələr çıxış edir. Bu qüvvələr hər zaman, xüsussilə də ölkəmizdə keçirilən mühüm, iri miqyaslı tədbirlər ərəfəsində, dövründə və ondan sonrakı mərhələdə daha çox canfəşanlıq edirlər. Qarayaxma, yalan və iftira üzərində qurulmuş kamapaniyalarına yeni çalarlar əlavə edirlər. Söylədiyim fikirlərə konkret yanaşmalar əsasında aydınlıq gətirmək istəyirəm.

Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır.

Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyi “Praqa prosesinə” sadiqdir. Bu proses çərçivəsində münaqişənin  “mərhələli həll” yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı “Madrid prinsipləri”ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan  Azərbaycanın 7 rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterli “Madrid prinsipləri”ndən geniş ictimaiyyət üçün məlum olan müddəalar bunlardan ibarətdir.

Azərbaycan tərəfi yenilənmiş “Madrid prinsipləri”nin bir sıra nüanslarından narazı qalsa da, münaqişənin həlli naminə prinsip etibarilə sənədi qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla da, Azərbaycan növbəti dəfə konfliktin həlli prosesində konstruktiv mövqe nümayiş etdirmişdir. Azərbaycanın bu mövqeyi Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. Rəsmi Yerevan problemin həlli yolları deyil, onun yenidən mürəkkəbləşdirilməsi ilə bağlı ssenarilər üzərində baş sındırır.

Məqsəd permanent danışıqlar yolu ilə status-kvonu-Azərbaycan torpaqlarının işğal altında saxlanılması vəziyyətini qoruyub saxlamaqdan ibarətdir. Bu addımların perspektivsizliyini görən və onu heç cür həzm edə bilməyən kriminal Serj Sarkisyan rejimi Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xəttində atəşkəs rejimini total şəkildə pozmaqla danışıqların ya baş tutmaması, ya da onun keçiriləcəyi təqdirdə nəticəsizliyini təmin etmək siyasətini həyata keçirir. Qeyd etdiyimiz kimi, ölkəmizdə reallaşdırılan mühüm tədbirlər zamanı, o cümlədən “Avrovision” beynəlxalq musiqi yarışması, Birinci Avropa Oyunları və indi də Azərbaycan Respublikasının Milli Məclisnə seçkilər ərəfəsində Ermənistan tərəfi eyni ssenari üzrə hərəkət edir. Bu siyasətin strateji baxımdan səmərəlilik əmsalının sıfra bərabər olduğunu təkcə mövcud rejimin girovuna çevrilmiş erməni xalqı deyil, eyni zamanda siyasi-iqtisadi elita da hiss etməkdədir. Bu realıqda “nə qədər ki, gec deyil, başımıza çarə qılaq”  kəlamı  Ermənistan ictimai-siyasi mühitində həmişəkindən daha çox xatırlanır və adekvat addımlar atılır. Müxalif  Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın ailəsi ilə Azərbaycana pənah gətirməsi və siyasi sığınacaq istəməsi yuxarıda səslənən fikirlərin təsdiqi kimi qiymətləndirilə bilər. Həmin təşkilatın üzvlərinin və tərəfdarlarının da rəhbərlərinin atdığı addımı təkrarlayacağı istisna deyildir. Ermənistan tərəfi dalana dirənmiş siyasətindən dərs almalıdır və bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.

Bir daha vurğulayıram ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində, dövründə və ondan sonrakı mərhələdə, daha doğrusu ölkəmizin qanunvericilik orqanına seçkilər öncəsi bir sıra Qərb dövlətlərinin, beynəlxalq təşkilatların (Avropa Parlamenti, ATƏT-n Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və s.), onların nəzarətində olan “Amnesty İnternational”, “Human Rights Watch”, “Fridom Hause” və digər özünü dünyada insan hüquq və azadlıqlarının yeganə himayədarı kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının, habelə onların əlində alətə çevrilən yerli qrupların ölkəmizə  qarşı qarayaxma və şəratma kampaniyası xeyli intensivləşmişdir. Onlar hamısının bir ümumi adı vardır-islamofob qüvvələr. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, “belə anda biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Yəni anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır – İraqda, Suriyada. Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır”

Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən bu qaragüruhçu  qüvvələr əvvəcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli  məqsədlərini reallaşdırmaq istəyirlər. Həmin qüvvələrin reallaşma əmsalı sıfra bərabər məqsədi isə ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərməkdən ibarətdir. Xarici dairələr və yerli qruplar ölkəmizə qarşı təxribat xarakterli fəaliyyətlərini (özfəaliyyətlərini) ört-basdır etmək üçün ənənəvi “örtükdən”-“demokratiya pərdəsi”ndən istifadə edirlər. Bu prosesdə “5-ci kolonna” funksiyasını həyata keçirən antimilli qüvvələr üçün Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  “siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.”

- Məlum olduğu kimi, bir sıra Qərb siyasi dairələri “demokratiyanın kimdə olduğunu, kimdə isə olmadığını” həll etmək hüququnu inhisara almışdır. Başqa sözlə, məhz demokratiya pərdəsi altında müstəqil dövlətlərin daxili işlərinə qarışmaq siyasətini həyata keçirirlər. Eyni siyasət davamlı olaraq Azərbaycana münasibətdə də tətbiq olunmaqdadır. Bu məsələlərlə bağlı sizin qənaətlərinizi eşitmək istərdik.

- Əvvəlcə, gəlin araşdıraq görək Qərb üçün demokratiya nə deməkdir?  Cavab sadədir. Bu, ilk növbədə:

- Müstəqil KİV-dir.

- QHT-lər üçün fəaliyyət azadlığıdır.

- Vətəndaş cəmiyyətinin inkişafıdır.

- Hakimiyyətin bölgüsüdür.

- Real hakimiyyət dəyişkənliyidir.

Bəs bütün bunlar Qərbin nəyinə lazımdır?

Ardıcıllığa əməl etməklə analiz edək.  Bunun üçün ilkin olaraq “müstəqil KİV” nədir sualınaa cavab tapmağa çalışaq. Bu, dövlətə məxsus olmayan və onun tərəfindən nəzarət edilməyən KİV deməkdir. Məsələ ondadır ki, əgər KİV dövlətin nəzarətindən çıxıbsa, deməli, o kiməsə məxsusdur və onun nəzarətindədir. Bəs dövlətə deyilsə, o kimə məxsus ola bilər? Təbii ki, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən və böyük biznes imkanları olan beynəlxalq siyasi dairələrə. Nəticədə həmin dairələr, bir çox hallarda transmilli korporasiyalar hədəf seçdikləri ölkələri belə KİV-lər vasitəsilə ictimai fikri nəzarətdə saxlayır, onunla istədikləri kimi manipilyasiya edə bilirlər. Müstəqil adlandırdıaqları KİV-lərin olmadığı təqdirdə isə həmin qüvvələr olkədaxili ictimai fikri nəzarətdə saxlaya bilmirlər. Deməli, bu qüvvələrin niyə demokratiyanın mühüm elementi kimi ilk növbədə müstəqil KİV-lərin mövcudluğunda maraqlı olamsının motivlərini başa düşmək elə çətin deyildir.

Qərb niyə hədəf seçdiyi ölkələrdə QHT-lərin fəaliyyətinə son dərəcə həssaslıqla yanaşır? Əvvəla, onu qeyd edək ki, QHT-lər ilk növbədə öz ölkələrinin siyasətinə hakimiyyətin ənənəvi mexanizmlərindən fərqli yollarla təsir etməyi bir vəzifə olaraq müəyyən edirlər. İstənilən təşkilatın fəaliyyətinin səmərəlilik əmsalının yüksəlməsində maliyyələşmə imkanları ilə bağlı  məsələ həlledici rola malikdir. QHT-lər isə adətən, fəaliyyət göstərdikləri ölkələrin hökumətlərindən maliyyələşmirlər. Onda bəs maliyyəni kimdən alırlar? Əsasən, xarici ölkələrdəki ayrı-ayrı fondlardan. Bəs bu fondları kim maliyyələşdirir? Heç şübhəsiz, Qərb hökumətləri. Bu ki, isbata ehtiyacı olmayan aksiomdur: pulu ödəyən mahnını da sifariş edir. Zənnimizcə, Qərbin QHT-lərə belə canyanalığının motivlərini əlavə şərh etməyə lüzum yoxdur.

Deməli, yuxarıda apardığıməz təhlillərdən belə bir nəticə hasil olur: Qərb üçün demokratiya bütün təbii sərvətlərdən daha vacibdir. Çünki demokratiya onun  üçün total nəzarət mexanizmidir. “Demokratiyanın kimdə olduğunu, kimdə isə olmadığını” həll etmək hüququnu inhisara almış qüvvənin-Qərbin bu reallıq fonunda  neftin, qazın, tranzit yollarının, hərbi bazaların və s. öz-özünə ayaqları altına səriləcəyinə dair tükənməz inamı vardır. Qərbin müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübəsi bu inamın əsasında dayanan amildir.

- Elman müəllim, Siz Yeni Azərbaycan Partiyasının 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd kimi təşviqat kampaniyasını uğurla davam etdirirsiniz. Hakim pariyanın təmsilçisi olaraq malik olduğunuz seçki platformasının elektorat tərəfindən hansı səviyyədə dəstəklənəcəyi haqqında qənaət və proqnozlarınızı bilmək istərdik.

- Yeni Azərbaycan Partiyası növbəti parlament seçkilərinə də qələbə əzmi ilə gedir. Cənab Prezidentin qeyd etdiyi kimi, bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Bu prinsiplər Yeni Azərbaycan Partiyasının seçki platformasının əsas qayəsini təşkil edir. Bu prinsiplərdən çıxış edərək Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni hədəflərə doğru” şüarı ilə gedir.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi ən mühüm hədəflərimizdən biridir. Azərbaycanın dinamik inkişafı və yüksəlişini təqdir edən qüvvələr olduğu kimi, bu tərəqqidən narahat olan, ölkəmizdəki siyasi sabitliyi heç bir vəchlə həzm edə bilməyən, xalqla hakimiyyətin həmrəyliyindən təlaş keçirən elə bu səbəbdən də “yuxusuna haram qatılan” qatı əleyhdarlarımız da mövcuddur. Onlar hər zaman səfərbər olmağa və bu inkişafın qarşısına  sədd çəkməyə hazırdırlar. Deməli, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların,  müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı  olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi ən mühüm hədəfimizdir.. Bu məsələdə iqtidarın mövqeyi prinsipialdır. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Prezident İlham Əliyev dəfələrlə  ən yüksək beynəlxlaq kürsülərdən bəyan edibdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.

Partiyanın seçki platformasında ordu quruculuğu məsələləri öz prioritetliyini qoruyub saxlayır. Nə qədər ki, Ermənistan tərəfdən ərazilərimizin işğalı siyasətinə son qoyulmayıb və onun nəticələri aradan qaldırılmayıb, dövlət büdcəsində hərbi xərclər öz üstünlüyünü qoruyub saxlayacaqdır. Ordumuzun maddi-texniki təchizatı, ən müasir silahlarla silahlandırılması və onun hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi əlahiddə olaraq diqqət mərkəzində saxlanılacaqdır.

İqtisadi blokdan olan məsələlər YAP-ın seçki platformasında yer almış əsas hədəflər sırasındadır. Bu konteksdə şaxələndirmənin  iqtisadi inkişafın əsas istiqaməti kimi davam etdirilməsi nəzərdə tutulur. Qeri-neft sektorunun inkişaf prioritet vəzifələr sırasındadır.

Partiyanın platformasında ərzaq, nəqliyyat və enerji təhlükəsizliyi sahələrində də ölkəmizin dayanıqlı inkişafının qorunub saxlanması və onun daha da möhkəmləndirilməsi mənafeyinə xidmət edən addımların atılması məsələləri öz əksini tapmışdır.

Bir sözlə, Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu məsələlərdə yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamının real həyatda təsdiqini tapdığını göstərir. Eyni məntiqdən çıxış edərək 2015-ci il 1 noyabr tarixində Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiaysının böyük üstünlüklə qalib gələcəyinə tam əminik. Xalq-hakimiyyət vəhdəti  bu əminliyi şərtləndirən həlledici amildir. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə döğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir  fraqment, bir ləkə kimi qalacaqlar.