MÜSAHİBƏLƏR
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunun təsdiqi ölkəmizdə keçirilən seçkilərdə xalqdan aldığı böyük dəstəkdir
- Hüseynbala müəllim, seçkilər hər bir ölkənin demokratik inkişafının, sabit vətəndaş cəmiyyətinin əsası kimi dəyərləndirilir. Ölkəmizin bugünkü inkişafı bu reallığı necə şərtləndirir?
- Öncə möhtərəm Prezidentimiz İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi bu fikirləri xatırlatmaq istərdim: «Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.»
Azərbaycanın bugünkü uğurlarına yol açan əsas amillərdən bəhs edərkən, təbii ki, ilk olaraq, mövcud ictimai-siyasi sabitlik önə çəkilir. Cənab İlham Əliyev bildirir: «Bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurlu icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək.»
Uğurlarımız təbii ki, möhkəm bazaya əsaslanır. 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından başlanan inkişaf yolu bu gün uğurla davam edir. Hər bir inkişafın təməlində sabitliyin dayandığını önə çəkən dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilməklə əməkdaşlıq əlaqələrinin genişlənməsinə geniş yol açdı. Bu gün müstəqil Azərbaycanımız ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın malik olduğu təbii resursların dünyaya təqdimatında, iqtisadi imkanlarının genişlənməsində stimulverici amil rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Artıq bu gün dünya «Cənub» Qaz Dəhlizinin perspektivlərindən bəhs edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası növbəti layihələri şərtləndirir. İqtisadi imkanlar genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönümündə biri-birindən əhəmiyyətli addımlar atılır. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində prioritetləri açıqlayarkən, bu fikri xüsusi qeyd etmişdir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. İqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Son 12 ildə atılan addımlar hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını təsdiqləyir.
Uğurlarımızdan bəhs edilərkən iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması əsas amil kimi önə çəkilir. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar göz önündədir. Demokratik inkişafın əsası kimi dəyərləndirilən seçkilərin hər bir ölkənin həyatında böyük rola malik olduğu inkaredilməzdir. 1995-ci ildə Milli Konstitusiyanın qəbulundan sonra ölkəmizdə keçirilən seçkilərin ildən-ilə təkmilləşməsi dövlətimizin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun seçki kampaniyasının təşkilində maraqlı olduğunu bir daha ortaya qoyur.
Hər bir mühüm hadisə, o cümlədən seçkilər keçilən yolun təhlilini bir zərurətə çevirir. Konstitusiyanın qəbulundan sonrakı dövrə nəzər salsaq, Azərbaycanda 1998, 2003, 2008 və 2013-cü illərdə prezident, 2000, 2005, 2010-cu illərdə parlament, 1999, 2004, 2009 və 2014-cü illərdə isə bələdiyyə seçkiləri keçirilmişdir. Təhlillər fonunda bir daha bu reallıq özünü təsdiqləyir ki, daim reallığın içərisində olan, özünə diqqət və qayğını görən xalq inkişafın, tərəqqinin davamlı olmasını istəyir, seçkidən-seçkiyə olan dövr ərzində müəyyənləşdirilən vəzifələrin, qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə yerinə yetirildiyinin şahidi olur. Sözsüz ki, Azərbaycanın 24 illik müstəqillik tarixini, ayrı-ayrı mərhələlərdə görülən işlərin hamısını bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas budur ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunan uğurlarla kifayətlənmir, daim irəliyə baxmaqla, yeni-yeni hədəflərə çatmaq üçün ciddi addımlar atılır. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların əsasında işlənib-hazırlanan və təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün əsas hədəflər öz əksini tapıb. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, təbii ki, birgə səylər fonunda uğurlu islahatların davamlılığına dəsək olmalıyıq. Düşünürəm ki, bir noyabr parlment seçkilərində də xalqımız fəal iştirakı ilə növbəti illər üçün davamlı inkişafa öz töhfələrini vermiş olacaqlar.
- Seçki eyni zamanda hər bir siyasi qüvvənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı inamla qatılıb?
- Ötən hər günün ölkənin, partiyanın həyatında böyük rol oynadığını, hesabat xarakteri daşıdığını nəzərə alsaq, seçkidən-seçkiyə olan dövrün geniş xarakteristikasını bir yazıda vermək təbii ki, mümkünsüzdür. Daim qeyd etdiyimiz kimi, böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasəti ilə xalqın partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası öz adında böyük bir mənanı, məqsədi birləşdirir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Dahi şəxsiyyət düşünülmüş siyasəti ilə Azərbaycanı yenidən qurdu. Dövlətimizin başçısı İlham Əliyev 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bildirir: «O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk.»
Azərbaycanın uğurlarının bələdçisinə çevrilən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi ölkəmizdə keçirilən seçkilərdə xalqdan aldığı böyük dəstəkdir. Bu gün partiyanın sıralarında 670 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Partiyanın sıralarında birləşən üzvlərin 40 faizdən çoxunu gənclər təşkil edir. Bu da partiyada gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanların yaradıldığının təsdiqidir. Hər bir seçkiyə təkmil seçki paraktikası ilə qatılan Yeni Azərbaycan Partiyasının son illərdə ən böyük hədəflərindən biri parlamentdə, bələdiyyələrdə gənclərin və qadınların təmsilçilik faizlərinin artılmasına nail olmaqdır. Diqqət yetirsək, keçirilən seçkilərdə partiyanın irəli sürdüyü namizədlər siyahısında gənclərin və qadınların sayı artmaqdadır. Xatırlasaq, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin sayının artırılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdur. Partiyanın tərkibində yaradılan Gənclər Birliyi və Qadınlar Şurası məhz bu məqsədin yüksək səviyyədə gerçəkləşməsinə xidmət edir.
Daim qeyd olunduğu kimi, birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Yeni Azərbaycan Partiyası birliyi, monolitliyi qorumaqla, səyləri birləşdirməklə xalqa, dövlətə xidmət partiyası olduğunu biri-birindən əhəmiyyətli addımları və uğurları ilə təsdiqləyir. Sözlə əməl birliyi partiyanın hər bir seçki prosesindən uğurla, qələbə ilə çıxmasını şərtləndirir. Buna görə də partiya möhtərəm Prezidentimiz, Yeni Azərbaycan partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar, eyni zamanda cəmiyyətdə artan nufuzu, siyasi çəkisi fonunda növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb. Seçkilərə hazırlığın qələbəyə gedən yolda başlanğıc olduğunu nəzərə alsaq, partiyanın hər bir şəhər və rayon təşkilatı hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə öz töhfələri verməyə çalışır. Təbii ki, seçkilərin nəticələri xalqın iradəsindən asılıdır. Fərziyyələrdən uzaq olan, reallığı düzgün dəyərləndirməyi bacaran xalq hər bir siyasi qüvvənin hansı imkanlara malik olduğunu, hansı məqsəd uğrunda mübarizə apardığını çox yaxşı bilir. Düşünürəm ki, bu baxımdan seçkilərdə hər bir seçici öz seçki hüququndan istifadə edərək, Azərbaycanın davamlı inkişafına töhfələrini Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəkləri ilə təsdiqləyəcəklər.
- Hüseynbala müəllim, rəhbərlik etdiyiniz YAP Xətai rayon təşkilatında seçkiqabağı ab-hava necədir?
- Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası monolit partiyadır. Hər bir şəhər və rayon təşkilatı fəaliyyətini partiyanın Nizamnaməsinə uyğun qurur, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə addımların atılmasını daha zəruri hesab edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı da qarşıdan gələn parlament seçkilərinə yüksək əval-ruhiyyə ilə qatılıb, partiya tərəfindən təşkilatın 4 dairəsi üzrə irəli sürülən namizədlərə qələbələrini təmin etmək üçün lazımi dəstəyi göstərir.
Artıq qeyd etidyimiz kimi, seçkilərin təbliğat-təşviqat mərhələsindəyik. Bu günün əsas tələbi son parlament seçkilərində keçən dövr ərzində görülən işlərin ətraflı təhlilini aparmaq, reallıqları bir daha əsaslı şəkildə ictimaiyyətə çatdırmaqdır. Təşkilatın hər bir üzvü bu prosesdə fəal iştirakı ilə diqqət çəkir.
Azərbaycan bu gün inkişafın ən yüksək mərhələsindədir. Yeni Azərbaycan Partiyası Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi, insanların daha yüksək rifah şəraitində yaşaması üçün səylər göstərir. Partiyanın hər bir seçki prosesində seçdiyi şüar onun gələcək fəaliyyətinin aydın ifadəsini yaradır. YAP Xətai rayon təşkilatı bütün seçki proseslərində xüsusi fəallıq göstərmiş, uğurlu nəticələri ilə diqqət çəkən olmuşdur. Əminəm ki, növbəti parlament seçkiləri də bu fəallıq şəraitində keçəcək, hər bir şəhər və rayon təşkilatı partiyanın qələbəsinə verdiyi töhfələrdən sevinc duyacaq. Yenə də bu inamı ifadə edirəm ki, Yeni Azərbaycan Partiyasının qələbəsi şəksizdir.
- 2010-2015-ci illərin təhlili eyni zamanda namizəlikləri partiya tərəfindən yenidən irəli sürülənlər üçün də bir hesabat kimi dəyərləndirilməlidir. Partiyanın sizə yenidən etimadını necə şərh edəridiniz?
- Əgər partiya yenidən etimad göstərib, namizədliyimi irəli sürübsə, seçicilər də səsvermə prosesində məni yenidən dəstəkləcəksə, bu mənim üçün məsuliyyətin daha da artması deməkdir. Bu baxımdan ki, növbəti beş il üçün fəaliyyətimi elə səviyyədə qurmalıyam ki, ölkəmizin hərtərəfli inkişafına xidmət edən yeni-yeni qanunların qəbuluna, seçicilərimin parlamentdə təmsilçisi kimi onların arzu və istəklərinin həllinə nail olum. Vəzifələr isə aydındır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında qaşıya qoyulan prioritetlərin yerinə yetiririlməsində iştirakımı millət vəkili, bir vətəndaş kimi borc hesab edirəm. Hər bir uğur növbəti addım üçün stimulverici amil rolunu oynayır. Düşünürəm ki, ötən dövr ərzində parlamentdə fəaliyyətimlə partiyanın mənə etimadını doğrultmağa çalışmışam.
Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: «Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil Azərbaycan dövlətində yaşayırıq. Bizim məsuliyyətimiz ondadır ki, biz- bax, burada toplaşan cəmiyyətimizin əsas siyasi fəalları bu müstəqilliyi möhkəmləndiririk, qoruyuruq, ədəi, dönməz edirik, uzunmüddətli inkişaf strategiyamızı müəyyən edirik, Azərbaycanın uzunmüddətli inkişafını təmin edirik.»
Təbii ki, bu fikirlər hər birimizin fəaliyyətinin əsas istiqamətini təşkil edib və gələcəkdə də etməlidir. Hər kəs çalışdığı sahədən asılı olaraq, bu inkişafa, tərəqqiyə öz töhfəsini verməlidir. Üzvü olduğum Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ötən beş ildə ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsinə yönələn yeni-yeni qanunların qəbuluna səy göstərib. Bu gün Azərbaycanın istər iqtisadi imkanlarının genişlənməsində, istərsə də beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əsas rol oynayan amillərdən biri təbii ehtiyatlardan xalqın rifahı naminə səmərəli istifadə etməkdir. Təbii ki, təbii ehtiyatlardan səmərəli və düzgün istifadə ekologiyanın təmizliyinə də öz müsbət təsirini göstərir. Kompleks tədbirlər fonunda bütün məqsədlərə nail olmaq mümkündür.
Ümumiləşdirilmiş şəkildə qeyd etsəm, parlamentdəki fəaliyyətlə seçici təkliflərinin icrasının vəhdətliyi etimadın doğrulmasına yol açan amillərdəndir. Ötən dövr ərzindəki fəaliyyətimə qiymət Yeni Azərbaycan Partiyasının yenidən etimadına seçicilərimin verəcəyi dəstəkdən bəlli olacaq. Bir daha qeyd etmək istərdim ki, seçkilərin nəticələri ölkədəki ab-havanın təzahürü olmaqla yanaşı, hər bir siyasi qüvvənin, namizədin cəmiyyətdəki nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
Hər bir uğur növbəti istəklərin yaranması üçün əsəs olur. 5 il bundan öncə ölkə ictimaiyyəti nəyi arzu edirdi, bu gün isə hansı istəyini ortaya qoyur göz önundədir. Ötən 5 ildə insanları narahat edən problemlər necə uğurla aradan qaldırılıbsa, qarşıya qoyulan istəklər də məhz Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında gerçəkləşəcək. Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir.