YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Gənclərin hərtərəfli inkişafı, cəmiyyət həyatında fəal iştirakı dövlət siyasətinin əsasında dayanır

Müsahibimiz Milli Məclisin deputatlığına namizəd, YAP Xətai rayon Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı

- Aliyə xanım, gələcəyimiz kimi dəyərləndirilən gəncliyimizin  bu gün Azərbaycan reallıqlarına baxışını necə şərh edərdiniz?

- Bu gün harda yaşamasından asılı olmayaraq hər birimizin qürur mənbəyi olan Azərbaycan ən yüksək zirvələri fəth edir.  Təbii ki, bu inkişaf, tərəqqi biz gəncləri daha da ruhlandırır, gələcəyə daha böyük inamla addımlamağımıza əsas yaradır. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin siyasi kursunun son 12 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər sahədə davamlı uğurlara imza atan ölkəmiz yeni-yeni hədəflərə çatmaq üçün malik olduğu bütün potensial imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Bu gün paytaxt və bölgələrdə aparılan quruculuq, abadlıq işləri, insan amilinə verilən böyük dəyər hər birimizdə ruh yüksəkliyi yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2011-ci ildə keçirilən  Gənclərin VI forumunun iştirakçılarına məktubunda söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.» Bu əminlik də  ifadə olunmuşdur ki, gənclərin malik olduğu  imkanlar  qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini müzakirə obyektinə çevirməyə stimul verəcək.  İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər.

- Dövlətimizin gənclər siyasəti gənclərin fəallığının artmasında stimulverici amildir...

- Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb.   Dahi şəxsiyyət bildirirdi ki,  cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə  öyrətməyimizdən asılı olacaq.  Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir. Əgər ümummilli lider  Heydər Əliyev hakimiyyətinin birinci  dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi.  Bu fakt da inkaredilməzdir ki,   Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu  forum ulu öndər  Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral   Azərbaycanda Gənclər Günü kimi elan edildi.  Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin  siyasətində əsas yer tutur.   Bunun ardınca  1999, 2003, 2005, 2008,  2011 və 2014-ci  illərdə  Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyətində  mühüm  dönüş yaratmaqla, onların fəaliyyət istiqamətlərini genişləndirmələrində əhəmiyyətli rol oynadı.

Dövlətimizin başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu,  Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bu məqsədlə təhsil sahəsində  kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyaların öyrənilməsi və tətbiqi ölkənin hərtərəfli inkişafında mühüm amil kimi önə çəkilir. Dövlətimizin  başçısı  İlham Əliyev bildirir: «Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə  buna nail olmalıyıq.»

Bu reallıq da hər kəsə məlumdur ki, ötən əsrin 70-80-cı illərində minlərlə Azərbaycan gənci ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  respublikadan kənarda  yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və və elmi potensialının gücləndirilməsinə  öz layiqli töhfələrini vermişlər. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmağa başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdir.  Dövlətimizin  başçısı İlham Əliyevin 16 aprel 2007-ci il tarixili  sərəncamı ilə təsdiqlənən  « 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı» da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə xidmət edir.

Dövlətimizin başçısı   İlham Əliyevin   7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən  «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi də  gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edir. Məlum olduğu kimi,  Dövlət Proqramının hazırlanmasından öncə   möhtərəm Prezidentimiz  İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən sənəddə gəncləri narahat edən bütün məsələlərin öz əksini tapacağını bildirmişdir. Vurğulamışdır ki, Azərbaycan gəncləri müasir, Vətənə, millətə bağlı, dövlətçiliyə sadiq olmalı,  eyni zamanda,  bütün mütərəqqi təcrübələri öyrənməyə səy göstərməlidirlər. Qəbul olunan proqramda bütün həllivacib məsələlər öz əksini tapıb. Dövlətimizin başçısı   İlham Əliyev qarşıda duran vəzifələrdən bəhs edərkən  vacib məsələlərdən biri kimi  hər zaman «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»nı xüsusi önə çəkir. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı əsasında  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması da əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.

Gənclərimiz Azərbaycan reallıqlarının təbliğatçısı kimi fəaliyyətlərini  genişləndirir, hər sahədə qazandıqları uğurlarla ölkəmizin tanıdılmasına, üçrəngli bayrağının yüksəklərə qaldırılmasına öz töhfələrini verirlər. 2011-ci ildə  «Evrovision-2011» mahnı müsabiqəsində Eldar Qasımov və Nigar Camalın Azərbaycana qələbə qazandırması da    gənclərimizin potensialının təsdiqi kimi qeyd olunmalıdır. Bu qələbə əsasında ölkəmiz «Evrovision-2012» mahnı yarışmasına ev sahibliyi etməklə həqiqətlərimizin bir daha dünyaya nümayişinə nail oldu. Cari ilin iyununda ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında gənclərimiz bütün potensial imkanlarını nümayiş etdirdi. İdmanın ayrı-ayrı növləri üzrə yarışlarda əldə olunan qələbəmiz hər birimizdə böyük qürur hissi yaratdı.  Bu onu göstərir ki, inkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycanda gənclərə qayğının davamlılığı onları daha böyük səylə çalışmağa stimul verir. Gənclərimiz Azərbaycanın üçrəngli  bayrağının yüksəklərə qaldırmaqdan qürur hissi keçirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği  prioritet istiqamətlərdəndir. L.Əliyevanın  təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət» kampaniyası çərçivəsində bütün dünya xalqlarına  bəyan edilir  ki, guya genosidə  məruz qaldıqlarını saxta fakt və iddialarla subuta yetirməyə çalışan ermənilər tərəfindən əsil soyqırıma məruz qalan, torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycan xalqıdır. Leyla Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlər davamlılığı ilə diqqət çəkir. Məlum olduğu kimi,  Leyla Əliyeva  xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Dünya azərbaycanlılarının III qurultayında «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

Müstəqil Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, müasirləşmə  dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda  gənclərin fəaliyyətindən asılıdır.

- Ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısı siz gənclərdə hansı məsuliyyəti yaradır?

- Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası   Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla irəliləyir. Ümummilli lider   bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan  Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür. YAP-ın II qurultayında  çıxışı zamanı ümummilli lider Heydər Əliyevin söylədiyi fikirlər biz gəncləri daha fəal olmağa bir çağırış kimi dəyərləndirilməlidir. Ümummilli lider   bildirmişdir ki, gərək partiyada gənclərin sayı daha çox olsun.  Çünki gənclər bu partiyada birləşməlidir. Həmin çıxışında bir məqam da xüsusi vurğlanmışdır ki, bu günün gənclərinin  Azərbaycanın  müstəqillik yolunun nə qədər ağır  dövr keçməsindən xəbəri yoxdur.  Onlara həmin dövrün reallıqlarının olduğu kimi çatdırılması vacib şərtdir. Eyni zamanda  partiyanın nizamnaməsinin, vəzifələrinin nədər ibarət olduğunun da gənclərə düzgün çatdırılmasının gərəkliyi qeyd olunmuşdur. «Bu halda, əlbəttə ki,  gənclər bizim partiyamızı daha yaxşı tanıyacaq. Və doğrudan da,  partiyamızı yaxşı tanısalar, sevsələr, ona doğru çan atsalar, onda bizim sıralarımıza qatılacaqlar.»

Partiyanın gələcəyinə böyük inamla yanaşan ulu öndər Heydər Əliyev  bildirmişdir: «Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə  üzv olacaq gənclərin hamısı  bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda  əsası qoyulan işlərin  davamçıları və 1993-cü ildən hakimiyyətdə olan  partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar.  Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki,  onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar.  Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar.» Bu günümüzün reallıqlarına nəzər salmaqla ulu öndər Heydər Əliyevin həmin dövrdə  proqram xarakterli çıxışında əksini tapan bütün vəzifələrin uğurla həyata keçirildiyinin şahidi olarıq. Hazırda bu siyasət möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla  davam etdirilməkdədir.

Bu gün nəinki ölkədə, regionda aparıcı siyasi təşkilata çevrilən  YAP-ın 670 mindən artıq  üzvünün  40 faizini gənclər təşkil edir. Gənclərin partiyaya axını bir daha bu reallığı təsdiqləyir ki, onlar YAP-ın  sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər.  YAP gənclərin intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının yüksək səviyyədə təşkili,  onlar arasında sıx əlaqələrin qurulması istiqamətində də mühüm layihələr həyata keçirir. Partiyanın fəal gənclər üçün 2007-ci ildən ənənəvi olaraq həyata keçirdiyi «Yay məktəbi» və «Qış məktəbi» layihələri də bu məqsədə xidmət edən addımlardandır. Partiyanın gənc siyasətçilərin, liderlərin yetişdirilməsinə xidmət edən layihələri də diqqətdən kənarda qalmır. Atılan bütün addımlarda məqsəd gənclərin potensial imkanlarından səmərəli istifadə etmək, onların Azərbaycanın bu gününə və gələcəyinə töhfələrini artırmaqdır. Bu gün hər bir Azərbaycan gənci belə bir partiyanın sıralarında təmsil olunmaqdan qürur duyur.

- Aliyə xanım, YAP Gənclər Birliyinin bugünkü fəaliyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Təşkilat hər addımında ulu öndər  Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin siyasətinin təbliğatçısı olduğunu təsdiqləyir.   Arxada qalan hər il  qurumun tarixində  müxtəlif  əhəmiyyətli tədbirlərin,  layihələrin həyata keçirilməsi, biri-birindən əhəmiyyətli uğurlarların əldə olunması ilə  yadda qalır.

YAP Gənclər Birliyinin  yeni ofisinin 2011-ci ildə   möhtərəm Prezidentimiz İlham Əliyevin doğum günündən istifadə verilməsi də dövlətimizin gənclərə diqqət və qayğısının nümayişi olmaqla yanaşı, böyük məsuliyyətdir. Biz gənclər bu məsuliyyəti yerinə yetirmək üçün üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışışırıq. Azərbaycan gəncliyi, onların qabaqcıl hissəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər Prezident İlham  Əliyevin ətrafında sıx birləşib.

YAP Gənclər Birliyinin təşkil etdiyi tədbirlərin miqyası genişdir. Hər biri  öz mahiyyəti baxımından xüsusi əhmiyyət kəsb edir.  Əsas budur ki, qurum ötən illərin uğurları əsasında gələcək perspektivlərini müəyyənləşdirir və bu istqamətdə ciddi səylər göstərir.

Ölkəmizin mühüm siyasi kampaniyaya-parlament seçkilərinə hazırlaşdığını  nəzərə alsaq, sözsüz ki,  gənclərimizin  ictimai-siyasi fəallığı daha çox  diqqət çəkəndir. Gənclərimiz digər seçkilərdə olduğu kimi, növbəti  parlament seçkilərində də fəal iştrak edəcək, Azərbaycanın daha da qüdrətlənməsi  üçün öz seçim hüquqlarından bəhrələnəcək, fəal iştirakları ilə  gələcək inkişafımıza dəstək olacaqlar. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına xalqın inam və etimadı böyükdür.