YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP yarandığı gündən dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində vətəndaşları səfərbər etməyi bacaran siyasi qüvvədir

Müsahibimiz YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva

- Nurlana xanım, Azərbaycan böyük bir siyasi hadisə ərəfəsindədir. Noyabrın 1-də ölkəmizdə növbəti  parlament seçkiləri  keçiriləcək. YAP Qadınlar Şurasının sədri kimi qadınların parlamentdəki rolu haqqında fikirlərinizi bilmək istərdik.

- Ümumiyyətlə, Azərbaycan parlamentinin fəaliyyətinə çox böyük hörmət və ehtiramla yanaşıram. Bu gün cəmiyyətimizi ədalətlə idarə edən, həmçinin  vətəndaşların həyatında mühüm rol oynayan qanunlarımızı  yaradan məhz parlamentdə fəaliyyət göstərən insanlardır. Və təbii ki, həmin qanunları  işləyərkən parlamentdə təmsil olunan millət vəkilləri məsuliyyətlə, cəmiyyətin hərtərəfli inkişafı üçün çalışırlar. Millət vəkilləri  Azərbaycan cəmiyyətində siyasi cəhətdən fəal mövqeləri ilə seçilirlər.

Bu gün isə növbəti parlament seçkiləri ərəfəsindəyik. Bu seçkilərdə Azərbaycan cəmiyyətinin tərəqqisi, vətəndaşlarımızın xöşbəxt həyatı naminə  özlərini   həsr etməyi bacaran, Dövlət və cəmiyyət quruculuğunda diqqəti çəkən keyfiyyətli fəaliyyətləri ilə nüfuz qazanmış şəxslərin millət vəkili seçiləcəyinə böyük ümidlər bəsləyirik. Millət vəkili adı çox şərəfli bir addır. Cəmiyyət bu adın sahibini hərtərəfli, siyasi cəhətdən yetkin bir insan , təfəkkürü , ağlı, məntiqi, mənəviyyatı ilə kamillik zirvəsinə ucalmış bir şəxsiyyət kimi qəbul edir.

İrəli sürülən namizədlər  içərisində əvvəlki seçkilərlə müqayisədə qadınların daha çox təmsilçiliyindən də xəbərdarıq. Bilirsiniz ki, sentyabrın 15-də Yeni Azərbaycan Partiyasının seçkilərdə iştirak edəcək namizədlər cəmiyyətə təqdim olundu. Artıq namizədlərin hamısı müvafiq dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Və  deputatlığa namizəd qadınların sayı yetərli qədərdir.  Bu məni çox sevindirir. Çünki qadınlarımızın XXI əsrdə inkişafına, onların ağıllı mövqeyinə, işlədikləri sahələrdə səmərəli xidmətlərinə, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olduqlarına  inanıram. Ümumiyyətlə, qadın həm də  anadır, tərbiyəçidir və cəmiyyətdə fəal mövqe sahibidir. Çünki o övladlarının xoşbəxtliyi, səadəti uğrunda fəaliyyət göstərir, gəncliyin hərtərəfli inkişafına istiqamət verir, cəmiyyətin yüksəlişi naminə addımlar atır. Ona görə də, qadınların seçkilərdə bu həcmdə təmsilçiliyi və ümumiyyətlə fəal iştirakı bizi ürəkdən sevindirir.

Hazırda parlamentdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti qadınlarımızı çox ruhlandırır. Mehriban xanım qanunvericilik fəaliyyəti ilə yanaşı müxtəlif ölkələrdə keçirdiyi möhtəşəm  tədbirləri ilə Azərbaycan qadınlarının nəyə qadir olduğunu nümayiş etdirir. Azərbaycan anasının bu gün  istedadlı gənclik yetişdirdiyini mütərəqqi, sülhpərvər, zəkalı vətəndaş ləyaqətini meydana qoyur. Azərbaycan qadını Mehriban xanım Əliyevanın qürurverən fəaliyyətindən ibrət alır, bu fəaliyyət onlara stimul verir.

Çünki o, həm rəsmi bir şəxs, həm Azərbaycanın milli dəyərlərinin carçısı, həm də böyük bir xeyriyyəçisi kimi bütün layihələrində müqədddəs analığın xidmətindədir. Xanım Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib. Onun ən nüfuzlu beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla rəhbərliyi, Azərbaycan qadınına qürur gətirir. Çünki bu səviyyədə fəaliyyət Dövlətə, xalqa, millətə ən ülvi məhəbbət bəsləmədən mümkün ola bilməz. Məhz cəmiyyətdə belə müsbət təsirlərin nəticəsidir ki, bu gün qadınlarımız parlamentdə də ləyaqətlə təmsil olunurlar.  Onların səsi beynəlxalq arenalardan gəlir. Qadınlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər, xalqımızın mütərəqqi mövqeyini, doğru-düzgün niyyətini ortaya qoyurlar. Onlar qanunların qəbul olunmasında fəal iştirak edir, ən mühüm müzakirələrdə ağıllı təklifləri və dəstəkləri ilə seçilirlər. 

Son illərdə ümumiyyətlə Azərbaycan qadını siyasi cəhətdən mükəmməl fəaliyyət və siyasi yetkinliyi ilə böyük təsir gücünə malikdir. Hətta Azərbaycan qadınlarının sırasında siyasətdən və diplomatiyadan uzaq olanlar belə, dünyada baş verən hər cür vəziyyəti düzgün qiymətləndirməyi bacaran sağlam düşüncə sahibi olduqlarını əməlləri və fikirləri ilə təsdiq edə bilirlər. Bütün bunlar Azərbaycanda gender siyasətinin uğurla aparılmasının nəticəsidir.

Vətəndaşların seçkilərdə kütləvi iştirakı, namizədlərin irəli sürülməsi, qeydə alınması və digər prosedurlar seçki qanunvericiliyinə tam uyğun olaraq həyata keçirilir. Əvvləki dövrlərdən  fərqli olaraq son illər ölkəmiz, eləcə də, partiyamız böyük seçki təcrübəsi qazanıb və bu təcrübəyə əsasən deyə bilərik ki, bu gün Azərbaycan vətəndaşlarının siyasi aktivliyi, seçkilərə siyasi baxışı xeyli yüksəlib. Bunu onların seçkilər zamanı  kütləvi iştirakında görürük. Vətəndaşların səs vermək üçün seçki məntəqələrinə gəlməsi, seçkidə ən vacib məsələdir. Son zamanlar görürük ki, bu istiqamətdə böyük uğurlar var. Burada maarifləndirmə tədbirləri də böyük rol oynayıb.  Azərbaycanda keçirilən seçkiləri dünyanın müxtəlif  ölkələrindən müşahidə etmək məqsədilə gələn nümayəndələr təqdir edirlər ki, ölkəmizdə  şəffaf, ədalətli seçkilər keçirilir. Seçkilərin şəffaf, ədalətli  keçirilməsi isə Müstəqil Dövlətimizin sarsılmaz iradəsinin göstəricisidir.

- Bu gün Azərbaycanda seçki təcrübəsi əvvəlki illərdən daha çox zənginləşib. YAP hər seçkidən sonra növbəti seçkilərə hazırlaşır. Ona görə də, partiyamız seçki sahəsində böyük təcrübə qazanıb. Necə hesab edirsiniz, YAP-ın hər seçkidə qələbə qazanmasının səbəbləri sırasında bu amil də vacib yer tuturmu?

Azərbayacan müstəqillik əldə etdikdən sonra bir çox seçki və referendumlar keçirmişdir. 2000-ci ildə Azərbaycanda yeni seçki məcəlləsi qəbul edildi. Bu məcəllədə seçki və referendumun demokratik, azad, şəffaf keçirilməsi tam zəmanətlə təsdiq olundu. Bildiyiniz kimi, seçki  məcəlləsi yüksək standartlara cavab üçün bir çox beynəlxalq  təşkilatlar və bu sahə üzrə ekspertlər tərəfindən yüksək qiymətləndirildi.

Vətəndaşların aktivliyi məhz bu seçkilərin demokratik , şəffaf təşkili və keçirilməsi ilə bağlıdır. Əlbəttə , bu təşkilatçılıqda ölkənin ən nüfuzlu siyasi qurumu olan YAP-ın xidmətlərini xüsusi qeyd etmək lazımdır.

YAP digər partiyalardan fərqli olaraq heç bir vaxt özünə aid olmayan məsələlərlə,           dedi-qodu ilə  məşğul olmayıb. Xalqın mənəvi gücünü səfərbər etməklə , millətin mənəvi potensialını üzə çıxarmaqla öz məramına , məqsədinə nail olub. Partiyamız həmişə xalqın mövqeyindən çıxış edib, fəaliyyətində milli maraqları üstün tutub, Azərbaycanda həyata keçirilən inkişaf siyasətində birbaşa iştirak edib. Eyni zamanda, partiyamız inkişaf siyasətinin uğurlarının əhali arasında təbliğatını da yüksək səviyyədə mütəmadi aparır. Bu yöndə bir çox tədbirlər keçirir ki, onların mövzusu vətəndaşlar üçün çox aktual olur. Partiyamız siyasi cəhətdən  insanları hazırlayır, onların əqidəsinə, amalına müsbət təsir göstərən addımlar atır.

YAP hər zaman  dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində vətəndaşları böyük həqiqətlərə inandırmağı bacaran siyasi qüvvədir. Partiyamız, həmçinin siyasi sistemdə nümunə, örnək olmağı bacarıb. O, öz qədirbilənliyi ilə, yüksək mənəvi keyfiyyətləri  ilə digər partiyalardan tam fərqli olduğunu ortaya qoyub.  YAP həmişə sabitliyin, ölkədə stabilliyin möhkəmləndirilməsi, dövlətçilik siyasətinin qorunması istiqamətində siyasi cəhətdən mükəmməl partiya kimi insanlara yol göstərməyi bacarıb. Buna görə də, seçkilərlə də bağlı onun həyata keçirdiyi hazırlıq işləri ciddi həmişə  nəticələr verib, bütün seçkilərdə qələbə qazanıb, namizədləri hər zaman  əhali tərəfindən dəstək alıb. Bunlarla bərabər,  YAP-ın ona nüfuz gətirən ən böyük uğuru Cənab İlham Əliyevin partiyamızın lideri olmasıdır.  

- Amma bu da bir reallıqdır ki, indi Azərbaycana qarşı bəzi xarici qüvvələr tərəfindən bir qısqanclıq var. Həmin qüvvələr seçkilər ərəfəsində Azərbaycanın əleyhinə fəallaşıblar və parlament seçkilərini müşahidə etməyəcəklərini bildiriblər...

- Deyəsən,  tərəqqi, yüksəliş, inkişaf həmişə təqdir gətirmir, bəzən təhrif də gətirir. Təhrif o zaman gəlir ki, qarşı tərəf yanlış mövqe  tutur, ikili standartlar, qısqanclıq, paxıllıq olur. Bəzi beynəlxalq qurumların mövqeyi bunu deməyə əsas verir. Məsələn, Avropa Parlamentinin ölkəmiz haqqında qəbul etdiyi son qətnamə qərəzin inkaredilməz  nümunəsidir. Bu təşkilat Avropa ölkələrinə, beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycandakı parlament seçkilərini müşahidə etməməyə çağırdı. Onun çağırışına dərhal ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu reaksiya verdi və həmrəy oldu. Bu niyyətin Avropa Şurasından gəldiyi də aşkar bilinir. Məqsəd Azərbaycanın nüfuzuna, hörmətinə  zərbə vurmaqdır. Bu, onu göstərir ki, belə təşkilatlar sinxron fəaliyyət göstərirlər. Düşünürlər ki, bəlkə bu yol ilə Azərbaycanın inkişafını ləngitmək olar.  Bu, həmin Avropa Parlamentidir ki, dünyanın diqqətini cəlb edən  birinci Avropa Oyunları başlayan gün ölkəmiz haqqında qərəzli qətnamə qəbul etmişdi.

Bu gün Azərbaycan öz problemlərini özü həll edən, düzgün daxili və xarici siyasət yeridən demokratik ölkədir. Bizim müstəqilliyimiz  kimdənsə asılı deyil. Sadəcə müəyyən xarici dairələr özlərinin geosiyasi maraqlarını təmin etmək üçün ölkəmizə təzyiq göstərməyə çalışırlar. Amma Azərbaycan heç kimin qarşısında boyun əymək fikrində deyil. Böyük ölkələrin gözündə Azərbaycan ərazi və əhali baxımdan kiçik görünsə də, onlardan qat-qat artıq inkişaf edir. Biz iqtisadi, siyasi, mədəni cəhətdən sürətlə inkişaf edirik, təhsilimiz ağıllı islahatlarla, təkamül yolu ilə  tərəqqi edir ki, bu da dövlətimizin gələcəyi üçün çox vacibdir. Əhalinin rifahı yüksəlir, bölgələrin siması dəyişir. Bütün bunlar müəyyən xarici qüvvələrə sərf etmir, özləri yerlərində saydıqları bir zamanda  Azərbaycan sürətlə inkişaf edir, qüdrətlənir.

Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini keçmiş Prezidentimiz dünyada böyük nüfuz sahibidir, ökəmizin parlaq gələcəyini düşünən liderdir. İlk  Avropa Oyunlarında da bütün dünya şahid oldu ki, Azərbaycan intellektual dövlətdir, vətəndaşlarımız yüksək mənəvi göstəricilərə, dünyagörüşünə malikdir.  Bu, o deməkdir ki, biz səfərbər olaraq dövlətimizin gələcəyini düşünən ölkəyik. Biz Dövlət Rəhbərimizin müasirliyini, dövləti ağlını, müdrik addımlarını, sabahımızı formalaşdıran bütünlükdə işıqlı siyasətini bəyəniirk, dəstəkləyirik. Bu, ölkə vətəndaşlarının  rəhbərə etimadından yox, ondan dəfələrlə yüksək olan sevgisindən xəbər verir. Əslində bu, xalqın rəhbərə, iqtidara həqiqi münasibətidir. Dövlətlə xalqın birliyi məhz budur! Bu birlik çətin sınaqlardan , imtahanlardan keçərək yaranıb! Onu sarsıtmaq, gözdən salmaq mümkün deyil! Bu gün Avropa hansı mövqedə durursa dursun, demokratik mövqeyimiz , qanunlarımız , yaratdıqlarımız  və əxz etdiklərimiz dəyişməz olaraq qalacaq. Çünki hər bir xalqın azadlığının əsas hərəkatverici qüvvəsi onun öz daxilindən gəlir.  

- Bəzi beynəlxalq təşkilatlar və mətbuat nümayəndələri insan haqları adı altında cinayətkarların hüquqlarını müdafiə edir...

- Biz müstəqilliyin ilk illərində çox çətinliklərlə üzləşdik, amma Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və Onun qətiyyətli siyasəti nəticəsində həmin problemlərdən xilas olduq. bundan sonra inkişaf mərhələsinə qədəm qoyduq və iqtisadiyyatımızla yanaşı cəmiyətdə bütün sahələrin inkişafının əsası qoyuldu. Eyni zamanda, Azərbaycanda demokratik dövlət quruculuğu mərhələsi başlandı və ötən dövr ərzində bu baxımdan da böyük inkişaf yolu keçdik. Hələ Ulu Öndər II dəfə hakimiyyətə gəldiyi zaman söyləmişdi ki, Azərbaycan yalnız demokratiya və inkişaf yolu ilə irəli getməlidir və bu yoldan bizi çəkindirə biləcək qüvvə yoxdur.

Demokratiyanın vacib göstəricilərindən biri də azad mətbuat və vətəndaş cəmiyyətidir. Hər iki sahə Azərbaycanda yüksək inkişaf edib. Ölkəmizdə söz azadlığı tam təmin olunub, eləcə də vətəndaş cəmiyyəti özünü təsdiqləyib. Bu gün mətbuatımız ölkəmizin inkişafını, tərəqqisini işıqlandırır və təbliğ edir. Amma təəssüf ki, həm mətbuatda, həm də vətəndaş cəmiyyəti təmsilçiləri arasında hələ də ədalətsiz, qərəzli mövqe tutan insanlara da rast gəlmək olur cəmiyyətin mənəvi gücü və birliyi ilə əlaəqli məsələlər həm də maarif və informasiya mədəniyyəti ilə bağlıdır. Jurnalist ziyalı cəmiyyətin dostu olanda onun tərəqqəsinə xidmət edir, milli gücün təmsilçisinə çevrilir. Əks mövqe tutanda mətbuatda yalanlar, böhtanlar, təhriflər ayaq tutub yeriyir. Mətbuatda həqiqətlə yalan arasındakı fərqin itməsi artıq sosial reqres əlamətidir. Leyla Yunusova, Xədicə İsmayılova kimilərini müdafiə edən yazarların mövqeləri aydınca  görünür. Ölkə vətəndaşları bu mövqeyi yaxşı tanıyır. Bu, tanıma ictimai rəydir!  Onun qarşısında duruş gətirmək mümkün deyil! Hiss olunur ki, onlar müəyyən qüvvələrin sifarişlərini yerinə yetirirlər. Buna görə də, onların fəaliyyətinə xaricdən reaksiyalar var. Leyla  Yunus, Xədicə İsmayılova kimilərinin fəaliyyəti  buna sübutdur. Onların qanun çərçivəsində məsuliyyətə cəlb olunmalarına müəyyən xarici dairələr tərəfindən verilən reaksiya həmin adamların kimliyini göstərir. Azərbaycan cəmiyyəti onları yaxşı tanıyır. Çünki

Belələrini müdafiə edən beynəlxalq qurumlar və onların nümayəndələri əllərində insan haqları amilini bayraq edirlər.. Əgər həqiqətən insan haqlarının təəssübkeşləridirlərsə, Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının hüquqlarını niyə müdafiə etmirlər? Təəssüf ki, bu problemlər həmin təşkilatları narahat etmir. Onlar insan taleyinə biganədirlər. Avropada baş verənlər buna sübutdur. Bu gün Avropa dövlətləri miqrantları qəbul etmir. Nəinki qəbul etmirlər , hətta onların qarşısını almaq üçün qeyri-insani mövqelərdən çıxış edirlər.  Əməlləri ilə sözləri arasında böyük bir uçurum olan Avropaya bundan sonra dünya rəğbət bəsləyə bilərmi? İnsan taleyinə, özü də sənə pənah gətirənlərə biganəlik demokratiya ilə bir araya sığmayan və başa düşülən mövqesizlikdir.  Bu yaxınlarda televiziyada bir kadrı izlədik. Avropada bir qadın  jurnalist qucağında uşağı olan bir qaçqını ayağı ilə vurub yıxdı. Bu, insanlığa tamamilə yad  hərəkət idi. Budurmu Avropanın demokratiyası? Budurmu Avropanın insan haqlarının müdafiəsini təmin etməsi, budurmu ayrıseçkiliyin qarşısının alınması? Qadın belə hərəkət edərmi? Xeyr, dünyanın ən həssas varlığı belə bir hərəkət  edə bilməz! Körpə uşağın nə günahı var? Avropanın iç üzünü dünya gördü. Beynəlxalq təşkilatlar da  belə ədalətsiz mövqe tutmaqda davam etsələr , sonları iflasa doğru getmirmi?

- Nurlana xanım, YAP Qadınlar Şurası hər zaman ictimai maraqlardan çıxış edərək müxtəlif  layihələr, tədbirlər  həyata keçirir. Qadınların ictimai-siyasi fəallığının daha da artırılması üçün hansı tədbirləri reallaşdırmağı nəzərdə tutursunuz?

- Əlbəttə ki, YAP Qadınlar Şurası davamlı olaraq müxtəlif  tədbirlər keçirir. Hazırda bütün diqqətimizi Azərbaycanda keçiriləcək parlament seçkilərinə istiqamətləndirmişik. Təbliğat mərhələsində ölkə ərazisində “Qadın namizədlərə dəstək aksiyası” keçirəciyik. Namizədliyi ilk dəfə təqdim olunan qadınlarımızın platformasını dinləyəcək, onların cəmiyyətdə uğurlu fəaliyyəti haqqında  fikirlərimizi qadınlarımızla bölüşəcəyik. Namizədlərimizi gəncliyə  tanıtmaq, gənc qızlarımızın fəallığını artırmaq, qadınlarımızın seçkilərdə fəallığına nail olmaq əsas məqsədimizdir.

Qadınlarımız ailə saxlayan, övlad böyüdən, onu tərbiyələndirən, vətəndaş yetirən bir insandır. Ona görə də onun cəmiyyətdə oynadığı rolun böyüklüyünü təsəvvür etmək çətin deyil və qadınlarımız  bizim üçün çox əzizdirlər.  Onların ictimai fəaliyyətinə gələndə  isə  Azərbaycan qadınları ,  həmişə sülhün , əminamanlığın  carçısı olmuş, respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin  gedişində çiyinlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi,  ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz vəzifəsini şərəfli yerinə yetirir.      

Heç şübhə etmirik ki, V çağırış parlament seçkilərində  də Azərbaycan qadını cəmiyyətimizin həyatında , demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək  sivil dəyərləri daha çox əxz etməyimiz naminə fəaliyyət göstərəcək. Çünki yalnız qəlblərində Vətən, torpaq sevgisi olan insanlar xalqa, Vətənə tam qüvvəsi ilə xidmət etməyi müqəddəs bir borc hesab edirlər. Sürətlə qloballaşan dünyamız da bizdən məhz bunu istəyir. Azərbaycanın təəssübü, onun bayrağının məhəbbəti ilə yaşayıb-yaradan zəka sahibləri istəyir. Azərbaycan qadını məhz belə bir vətəndaş olduğunu öz fəaliyyəti ilə çoxdan təsdiq etmişdir.