MÜSAHİBƏLƏR
Azərbaycan mətbuatı inkişaf yolundadır
- Vüqar müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci tarixli "Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrası vəziyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində böyük qürur və sevinc hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə azad sözün və mətbuatın təminatçısı kimi kütləvi informasiya vasitələrinin inkişafı yönümündə bütün zəruri tədbirləri həyata keçirir. Möhtərəm Prezidentimiz ötən illərdə formalaşmış mütərəqqi ənənəni davam etdirərək 2015-ci il iyunun 2-də "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalaması ölkə mətbuatına yüksək diqqət və qayğının növbəti parlaq təzahürüdür. Bu sərəncamı mətbuatın cəmiyyət və dövlət həyatındakı roluna verilən ali qiymət kimi dəyərləndirirək ölkə jurnalistləri və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Sərəncama müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 6 iyun 2015-ci il tarixdə Tədbirlər Planını təsdiq edilib. Tədbirlər Planının həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Azərbaycan Mətbuat Şurasına həvalə olunub.
Tədbirlər Planına uyğun olaraq milli mətbuatın yubileyləri iyul ayı ərzində Zərdab, Gəncə, Qəbələ, Masallı və Quba rayonlarında yerli icra hakimiyyəti orqanlarının, yerli və mərkəzi mətbuatın nümayəndələrinin iştirakı ilə geniş qeyd edildi. Həmin tədbirlərdə mətbuatın keçdiyi tərəqqi yoluna, müasir inkişaf təmayüllərinə, region mətbuatı ilə bağlı bəzi problemlərə nəzər salındı, qarşılıqlı faydalı müzakirələr aparıldı, qərarlar qəbul olundu.
Bundan əlavə, Tədbirlər Planı əsasında Bakı Dövlət Universiteti, habelə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə konfranslar keçirildi, mətbuatın keçdiyi inkişaf yolu, qarşıda duran vəzifələr geniş müzakirə olundu. Yekun tədbir isə iyulun iyulun 22-də Bakıda - "Gülüstan" Sarayında keçiriləcəkdir.
- Mətbuatımızın 140 illik tarixi inkişaf mərhələlərini ümumən necə dəyərləndirirsiniz?
- Azad söz, müstəqil fikir uğrunda mübarizə Azərbaycan xalqının tarixində mühüm yer tutur. Şifahi xalq ədəbiyyatımızın qədim nümunələrində, klassik yazıçı və şairlərimizin əsərlərində sözün müqəddəsliyini, ucalığını tərənnüm edən bədii, etik, fəlsəfi lövhələrə geniş rast gəlinir.
140 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd edilən Azərbaycan milli mətbuatının formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatıb. Milli mətbuatın bu illər ərzindəki tarixi inkişafını əsasən 4 mərhələyə bölmək olar: birincisi, "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr; ikincisi Cümhuriyyət dövrü; üçüncüsü, sovet dövrü; dördüncüsü müstəqillik dövrü.
Tarixi faktlar göstərir ki, Bakıda ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları XIX əsrdə Tiflisdə çıxan rus qəzetləri əks etdiriblər. 1832-cu ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də «Tiflis əxbarı» qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan həmin qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı oldu. Bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı – «Əkinçi» qəzeti işıq üzü gördü.
Zərdabi və məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərinə götürmüşdülər. «Əkinçi»nin səhifələrində çarizmin mürtəce siyasəti kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsi vacibliyi geniş təbliğ olunurdu. Məhz buna görə qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi əngəllər törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə «Əkinçi»nin nəşrini dayandırmalı oldu.
XIX əsrin sonları XX əsrin əvvəllərində isə Bakıda çap olunan «Kaspi», «Ziyayi-Qafqaziyyə», «Kəşkül», «Şərqi-Rus», «Bakinski listok», «Hümmət», «Həyat», «Füyüzat», «Açıq söz» və digər qəzetlər, habelə «Molla Nəsrəddin» jurnalı Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynayırdı. XX əsrin əvvəllərində Azərbaycan ədibləri demokratik mətbuatın ənənələrini inkişaf etdirirdilər.
1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlandı. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, «Mətbuat haqqında Nizamnamə» qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti «Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri»nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.
Milli hökumət eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı «Azərbaycan» qəzetininın ilk sayının çapdan çıxması məhz bu zərurətdən irəli gəlirdi. «Azərbaycan» qəzeti 1918-1920-ci illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini səhifələrində dolğun şəkildə əks etdirirdi.
Azərbaycan mətbuatının üçüncü mühüm dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu. Xalq Komissarlığı Soveti 27 oktyabr 1920-ci ildə «Mətbuat haqqında» Dekret imzalayaraq 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan «Qlavlit» yarandı, 1933-dən həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi.
Yalnız ötən əsrin 70-80-cı illərində – Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsində Ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi.
Ümumilikdə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universititetinin nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəslə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişiblər.
Nəhayət, jurnalistikamızın inkişafında dördüncü əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə, ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.
- Müstəqillik illərində mətbuatın ictimai nəzarət institutu kimi yeni demokratik cəmiyyət quruculuğu prosesindəki rolunun gücləndirilməsi baxımından umummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatların əhəmiyyəti nədən ibarət olmuşdur?
- Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.
Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Orta və yaşlı nəslin nümayəndələri həmin dövrün qəzetlərindəki ağ zolaqları yaxşı xatırlayırlar. Senzuranın mövudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bi şəraitdə Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.
Həmin dövrdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, Ulu öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.
Ümumilikdə, Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli «Kütləvi İnformasiya Vasitələri haqqında», 19 iyun 1998-ci il tarixli «Məlumat azadlığı haqqında», 10 iyun 1997-ci il tarixli «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», 3 aprel 1998-ci il tarixli «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.
Milli Məclisin 2001-ci il 13 mart tarixində «Gömrük tarifi haqqında» qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan, o cümlədən əlavə dəyər vergisindən azad edildilər. Sonrakı mərhələdə Ulu öndərin humanist addımlarından biri də çoxlu sayda qəzetin «Azərbaycan» nəşriyyatına olan borclarının 2005-ci ilədək dondurulması oldu. Bu addım, faktiki olaraq, bir çox qəzetləri tamamilə qapanmaq təhlükəsindən xilas etdi.
2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qalxıb və da inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Qeydiyyat sahəsində əngəllərin aradan qalxması söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etdi.
Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxdı. 2003-ci ilin martında ölkə jurnalistlərinin birinci qurultayında Mətbuat Şurası təsis edildi.
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ 2000-ci ildə ulu öndərin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Ulu öndər həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən söz açmışdı.
Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 1999-cü və 2001-ci ildə keçirilmiş birinci və ikinci qurultaylarında kütləvi dövlətin informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdı.
- Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qlobal informasiya əsrinin tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar barədə nə demək istərdiniz?
- Mətbuat cəmiyyətin aynasıdır. Bu mənada, mətbuat dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsi olaraq Azərbaycan metbuatı inkişaf yolundadır.
Hüquqi dövlət və açıq cəmiyyət quruculuğu yolunu seçən respublikamızın qlobal informasiya məkanına daxil olması cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun şəkildə ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı düzgün dəyərləndirən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirir. Bu gün internet azadlığı şəraitində ölkədə söz və mətbuat azadlığına hansısa maneə yoxdur, jurnalistlər istədiklərini mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdırırlar.
Kütləvi informasiya vasitələrinin son 12 ildə dinamik inkişaf yolu keçməsi Ulu öndərin mütərəqqi ənənələrinin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Möhtərəm Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Dövlətimizin rəhbəri milli mətbuatımızın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirilməsini vacib sayır.
Milli mətbuatın 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə «Əməkdar jurnalist» fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirdi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ölkə başçısının 2006-cı il fevralın 8-də imzaladığı «Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə» Sərəncama əsasən, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan 450 min ABŞ dolları məbləgində borcu dövlət büdcəsi hesabına ödənildi. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil edirdi.
- Vüqar müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması hansı zərurətdən irəli gəlirdi?
- Qeyd etdiyim kimi, Azərbaycanda mətbuata dövlət qayğısı ölkəmizin demokratik inkişafının mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edilməsi mətbuata dövlət qayğısının ardıcıl və sistemli şəkildə həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Konsepsiyanın imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlirdi.
Həmin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond son 6 ildə həmin Konsepsiyadan irəli gələrək mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirir.
Onu da bildirim ki, Fond yeni yaradılmış qurum kimi hansısa mövcud ənənəyə, praktiki iş təcrübəsinə istinad etmirdi və bütün işləri sıfırdan başlamaq tələb olunurdu. Buna baxmayaraq, biz Konsepsiya, eləcə də Nizamnamə ilə üzərimizə düşən vəzifələrin uğurla həyata keçirilməsini təmin etmək üçün tamamilə şəffaf və işlək mexanizmlər formalaşdıra bildik.
- Konsepsiya ilə Fond qarşısında müəyyənləşdirilmiş mühüm vəzifələrdən biri də jurnalistlərin peşəkarlığının artırılması, redaksiyaların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsidir. Bu istiqamətdə hansı işlər görülür?
- Cəmiyyətin maraqlarını ifadə edən demokratik mətbuatın formalaşması üçün, ilk növbədə, peşəkar jurnalistlərin yetişdirilməsinə xüsusi diqqətlə yanaşmaq lazımdır. Eyni zamanda, mətbuatın müasir dövrün tələblərinə uyğun fəaliyyətində redaksiyalardakı mövcud vəziyyət mühüm rol oynayır. Ötən 6 ildə Fond məhz bu reallıqlarddan çıxış edərək səmərəli layihələr həyata keçirir. Qəzetlərə metodiki və konsultativ xarakterli yardımlar göstərilir, bu məqsədlə treninqlər, görüşlər, konfranslar keçirilir. Layihə sənədlərinin və hesabatların hazırlanması, habelə layihələrin icrası ilə bağlı jurnalistlərə lazımi tövsiyələr verilir.
Kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri təşkilati-texniki dəstəyin göstərilməsi də diqqət mərkəzindədir. Fond Konsepsiyada əksini tapmış 19 istiqamət üzrə layihələrin həyata keçirilməsi məqsədilə ildə 2 dəfə KİV-lər üçün müsabiqə elan edir. Bu müsabiqələrin şərtlərinə cavab verən qəzetlər həmin istiqamətlər üzrə 6 ay ərzində layihələr icra edirlər. Fond həmin layihələrin monitorinqini həyata keçirir və hər ayın sonunda qəzetlərə növbəti maliyyə vəsaitini ayırır.
Fondun maliyyə vəsaiti hesabına gündəlik, günaşarı və həftəlik qəzetlərdə hər il 6 min səhifədən çox layihə materialı dərc olunur. Fondun maliyyə dəstəyi ilə icra edilən layihə mövzuları cəmiyyət həyatının bütün vacib sahələrini əhatə edir. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; Azərbaycanın dünya birliyinə inteqrasiyası; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və mühüm əhəmiyyət kəsb edən digər mövzular mətbuatda geniş işıqlandırılır, təhlil edilir.
Ümumiyyətlə, Fondun maliyyə yardımı hesabına ötən illərdə bir çox qəzetlər maddi-texniki bazalarını gücləndiriblər. Eyni zamanda, peşə fəaliyyəti ilə bağlı zəruri texniki vasitələr və avadanlıqlar alınaraq jurnalistlərə paylanılıb, bəzi qəzetlərin internet portallarının yenilənməsinə köməklik göstərililib.
Fond jurnalistlərin peşəkarlığının yüksəldilməsinə, habelə mətbuatda və televiziyada ədəbi dilin normalarının qorunmasına xidmət edən layihələri də uğurla reallaşdırıb. Fondun maliyyə dəstəyi ilə hər il "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələr həyata keçirilir. Layihələr 6 ay müddətində icra edilir, aparılan monitorinqlər zamanı Azərbaycan media və teleradio məkanının dil problemləri araşdırılır, onun tənzimlənməsi yolları müzakirə edilir, müvafiq təkliflər verilir.
Fond kütləvi informasiya vasitələrinin potensialından dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığını artırılması, onların sosial müdafiəsini gücləndirilməsi məqsədilə il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edir.
Yalnız 2014-cü ildə Fond bu müsabiqələrdən əlavə Nizami, Binəqədi, Sabunçu, Səbail rayon icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə 7 əlavə jurnalist müsabiqəsi təşkil edilib. Ötən il ərzində keçirilmiş 10 müsabiqədə 650 nəfər jurnalist iştirak edib, onlardan 336 nəfəri qalib olub. Milli mətbuatın 140 illik yubileyi münasibətilə Fondun keçirdiyi növbəti müsabiqənin nəticələri isə iyulun 20-də açıqlandı və 111 nəfər jurnalist ikiqat bayram sevinci yaşadı.
Kütləvi informasiya vasitələri ilə dövlət və cəmiyyət arasında münasibətlərin inkişaf etdirilməsi məsələsi də Fondun Nizamnaməsində əksini tapmış mühüm məsələlərdəndir. Biz ötən illərdə bu məsələni daimi diqqət mərkəzində saxlayaraq bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkişafına xidmət edən tədbirlər keçirmişik. Təkcə 2014-ci ildə Fondun təşəbbüsü ilə İmişli, Şəmkir və Xaçmaz rayon icra hakimiyyətləri ilə birgə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" və "İnformasiya əldə etmək haqqında" qanunun şərhi sahəsində region KİV-nin maarifləndirilməsi" mövzularında konfranslar keçirilib. Belə görüşlər dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın güclənməsinə, sivil əməkdaşlığın formalaşmasına şərait yaradır.
Fond ictimai əhəmiyyətini və müsbət nəticələrini nəzərə alaraq belə tədbirlərin davam etdirilməsini 2015-ci il üzrə fəaliyyət planına daxil edib. Hesab edirik ki, belə tədbirlərin keçirilməsi ölkənin aparıcı mətbuat orqanları ilə müxtəlif icra strukturları arasında normal münasibətlərin formalaşması baxımından vacibdir.
- Vüqar müəllim, ölkə başçısının müvafiq sərəncamları əsasında son illər jurnalistlərin mənzil-məişət yaxşılaşdırılması məqsədilə 1 yaşayış binası inşa olunaraq istifadəyə verilib, digərinin inşası davam etdirilir. Bununla bağlı oxucularımıza məlumat verməyinizi istərdik.
- Əvvəla demək istərdim ki, jurnalistlər üçün dövlət büdcəsi hesabına yaşayış binasının inşa edilməsi dünyada analoqu olmayan addımdır və Azərbaycanda mediaya yüksək dövlət qayğısının mövcudluğunu bir daha təsdiqləyir. Ölkə başçısı 2010-cu il iyulun 22-də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan sərəncam imzaladı. Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, iki girişli, 156 mənzilli yaşayış binası inşa edilərək 2013-cü il iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə jurnalistlərə təhvil verildi. Ölkə başçısı elə həmin gün - 22 iyul 2013-cü il tarixdə "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" ikinci sərəncamı imzalamaqla jurnalistlərin bayram ovqatına əlavə sevinc qatdı.
Sərəncama əsasən, hazırda Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Yaşayış binasının 2016-cı ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
- Vüqar müəllim, Sizcə, keyfiyyətcə yeni mərhələdə ölkə mətbuatının üzərinə düşən vəzifələr nədən ibarətdir?
- Azərbaycanın iqtisadi imkanları yüksəldikcə, kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısı da artır. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu şəraitə yalnız dünyanın inkişaf etmiş ölkələrində rast gəlmək olar. Ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Sərhəd, məkan, zaman tanımayan qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı fəaliyyətinin yeni aktual çağırışlara uyğun qurur.
Hazırkı şəraitdə Azərbaycan dövlətin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanın təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır. Dövlət başçısı cənab İlham Əliyev hələ 2010-cu ildə media rəhbərləri ilə görüşərkən, mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı dəyərli tövsiyələrini açıqlamışdı. Bu zərurət təkcə Azərbaycanın müharibə şəraitində yaşaması, ərazisinin 20 faizinin işğal altında olması ilə şərtlənmir. Nəzərə almalıyıq ki, hazırda bütün planeti təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə təhdidlər doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər.
Təəssüf ki, bu gün ifrat siyasiləşmiş qəzetlər, habelə xarici dairələrin təsiri altına düşmüş jurnalistlər qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi başlıca prinsipləri mütəmadi qaydada pozur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılar yazırlar. Xaricdən maliyyələşən bəzi qəzetlər hətta Azərbaycan xalqının dövlətçilik maraqlarına və milli mənafelərinə zidd olan yazılar dərc etməkdən də çəkinmirlər. Anti-azərbaycançı şəbəkənin əlində vasitəyə çevrilən, düşmən «dəyirmanına su tökən» bu qəzetlər üçün milli maraq məhfumu da yoxdur.
Ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən ilk Avropa Oyunları ərəfəsində bir daha bunun əyani şahidi olduq. Azərbaycana qarşı birləşən müəyyən xarici və daxili qüvvələr bu Oyunları qısa zamanda yüksək səviyyədə təşkil etməyi bacarmış Azərbaycana qarşı ifrat qərəzli kampaniya aparmağa başlasalar da, çirkin məqsədlərinə nail ola bilmədilər. Azərbaycanın vətənini, dövlətini sevən kütləvi informasiya vasitələri bu qərəzli dairələrə kifayət qədər tutarlı cavab verərək milli maraqlara sadiqliklərini sübuta yetirdilər. İlk Avropa Oyunları zamanı Azərbaycan jurnalistlərinin yüksək peşəkarlığı, operativliyi, vətənpərvərliyi təsdiqini tapdı. Ölkə KİV-ləri bu oyunlar zamanı üzərilərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəldilər.
Hesab edirəm ki, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ölkə ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir. Sevindirici haldır ki, qeyd olunan meyarlar Azərbaycan mediasının yeni keyfiyyət göstəricisinə çevrilir.
İnanırıq ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşacaq, təkmilləşəcək, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.
Sonda media nümayəndələrini Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzu edirəm.