YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub

Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

- Mübariz müəllim, qarşıdan 15 iyun - Milli Qurtuluş Günü gəlir. Sizcə, bu hadisənin müstəqil Azərbaycanın siyasi tarixindəki əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli lider  Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir.

Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.

Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.

Azərbaycan Respubliasının Milli Məclisi 15 iyun Milli Qurtuluş Günü ilə bağlı 1997-ci ildə qərar qəbul edib. Bütün bunlar həmin qanunda qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan milllətinin maraqlarına uyğun siyasət həyata keçirdi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir və bununla Ulu öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir.

- Sizcə, qurtuluş məfkurəsi Azərbaycana nə verdi? Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmiz üçün daha hansı nəticələrlə yadda qaldı?

- Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət olub. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni, Ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir.

Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi”.

Azərbaycanın qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.

Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb.

Müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli liderimizdir.

- Qeyd etdiyiniz kimi Azərbaycan bu gün qurtuluşdan başlanan yol ilə inkişaf edir. Bu baxımdan, müasir dövrdə ölkəmizin inkişafı haqqında nə deyə bilərsiniz?

- Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü styasətin nəticələridir. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası vardır. Məhz bu konsepsiya əsasında bu gün Prezidentimiz İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir. Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndlirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağını təmin edir.

Şübhəsiz ki, bu nailiyyətlərdən söhbət açarkən ilk nöbvbədə, Ulu öndər Heydər Əliyevin fəaliyyətini və bu gün də özünü doğruldan, daim istinad edilən irsini qeyd etməliyik. Mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq möhtərəm Prezidentimiz İlham Əliyevin həqiqətən də görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur. Dövləti idarə etmək yəqin ki, siyasi bir şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilər. Ən azından elə ölkəmizin siyasi tarixi bunu göstərir. Amma dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır. Buna görə də, tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanın gələcəkdə də böyük nailiyyətlər qazanacağı şübhəsizdir.

- Mübariz müəllim, hazırda din-dövlət münasibətlərində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan hazırki şəratdə müsəlman ölkəsi olaraq din-dövlət münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi hamı tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük uğurlar əldə etdiyini qeyd edirlər.

Biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni cəmiyyətin sosial-siyasi həyatında baş verən dəyişikliklər istər-istəməz digər sahələrə də öz təsirini göstərir. Biz iqtisadi sahədə keçid dövrünü arxada qoymuşuq. Keçid dövrünə aid olan xüsusiyətlər bu gün Azərbaycana şamil edilə bilməz.

Azərbaycan müasir bir ölkədir, müstəqilliyinin dönməzliyini tam təmin edib. Ancaq milli-mənəvi sahədə xalqımız yeni mərhələyə qədəm qoyur. Yəni biz zamanında sovet totalitar sisteminin qalıqlarını siyasi-iqtisadi sahədə aradan qaldırmaqla bərabər həmin dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona görə də, bu proseslər paralel getməlidir. Milli-mənəvi sahədə müəyyən dəyişikliklərə zərurət yaranıb.

Din-dövlət münasibətləri dedikdə, biz Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını ilk növbədə göz önünə gətiririk. Bu gün ölkədə 2000-dən çox qədər məscid fəaliyyət göstərir. Eyni zamanda, müxtəlif konfessiyaların nümayəndəlikləri var, xristian kilsələri, yəhudi sinaqoqu, digər dinlərin ibadət yerləri açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Azərbaycan din-dövlət münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir.

- Mübariz müəllim, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. Ümumiyyətlə, “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Bu inkişaf özünü bütün sahələrdə göstərir. Xüsusilə, ötən dövrdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi bu faktın parlaq göstəricisidir.

Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ciddi əsasları var. Çünki Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsində də bu amillər mühüm rol oynayır.

Eyni zamanda, Azərbaycanda güclü idman infrastrukturu yaradılıb. Son illər ölkəmizdə bir çox beynəlxalq səviyyəli idman yarışları keçirilib. Bu tədbirlərlə bağlı Azərbaycanın yüksək səviyyədə təşkilatçılığı dünya idman ictimaiyyəti tərəfindən də çox yüksək  qiymətləndirilib. Şübhəsiz ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunarkən bu faktor da ciddi şəkildə nəzərə alınıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi birinci Avropa Oyunlarına hazırlıq işlərini çox yüksək səviyyədə həyata keçirdi. Bütün görülən işlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. İnanıram ki, bu möhtəşəm tədbir başlanğıcdan uğurla start götürdüyü kimi uğurla da yekunlaşacaq.

Beləliklə, Azərbaycan Avropanın tarixində bir ilkə imza atmış olur. İlk Avropa Oyunları Avropa ictimaiyyətinin də xüsusi diqqət mərkəzindədir. Bütün Avropanın, dünyanın diqqəti bu gün ölkəmizə cəmləşib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılmasında mühüm rol oynayacaq.

Doğrudur, ilk Avropa Oyunları ərəfəsində bədxahlarımız ölkəmizin əleyhinə qərəzli kampaniyalar aparırlar. Amma bütün bunlar Oyunların keçirilməsinə heç bir təsir göstərməyəcək. Əksinə, ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan dünyanın tarixinə öz adını əbədi həkk edəcək.