MÜSAHİBƏLƏR
151 yaşlı mətbuatımızın baş xəbəri “Əziz Şuşa, sən azadsan!” bəyanıdır
- Alqış müəllim, “Əkinçi”nin nəşrindən 151 il ötür. İndiyə kimi mətbuatımızın təqdim etdiyi hansı hadisəni, xəbəri xüsusi qeyd etmək istərdiniz?
- “Əkinçi”nin timsalında milli mətbuatın meydana çıxması xalqımızın tarixində mühüm bir hadisədir. Milli taleyimizdə dönüş yaradan vacib mərhələdir. Milli şüuru canlandıran, xalqımızı təşkilatlandırmağa xidmət edən əvəzedilməz faktdır.
“Əkinçi”nin yaradıcısı Həsən bəy Zərdabi təkcə Milli Mətbuat Günündə yox, həmişə qürurla anılmağı, dönə - dönə xatırlanmağı haqq edən müstəsna şəxsiyyətlərimizdən biridir. Onu da vurğulamaq gərəkdir ki, onun fəaliyyəti yalnız qəzet tərtibatçılığı və naşirliyi ilə məhdudlaşmır. Həsən bəy həm də və daha çox dövrünün yenilikçi alimi, mütəfəkkiri, fikir - düşüncə nəhəngiydi. Milli dramaturgiyamızın, milli operamızın yaradılması da məhz mətbuatımızın banisi Həsən bəyin tövsiyəsi, xeyir- duası ilə gerçəkləşib.
151 illik zaman kəsimində mətbuatımız müxtəlif hadisələrin şahidi olub, ciddi tarixi proseslərə istiqamət verib, hadisələrin axarını dəyişib, müəyyənləşdirib. Yeni və fərqli ictimai-siyasi proseslərin, milli dirçəlişin start götürməsində həlledici rol oynayıb. Amma bir faktla qeyd-şərtsiz, hamı birmənalı olaraq razılaşar ki, yüz əlli bir yaşlı mətbuatımızın baş və şah xəbəri “Əziz Şuşa, sən azadsan!” bəyanıdır. Etiraf edək ki, onilliklər boyu müxtəlif səpkili, məzmunlu xəbərlər dərc etsə də, Zəfər müjdəsini yayımlamaq milli mətbuatımıza nəsib olmamışdı. 2020-ci ilin 8 noyabrında mətbuatımız qələbə xəbəri dərc etməyin intəhasız həzzini yaşadı. Bu baxımdan, Milli Mətbuat Günü ərəfəsində Şuşada media tədbirlərinin keçirilməsi diqqətəlayiq bir nümunədir. Bildiyiniz kimi, bu, artıq ənənəyə çevrilib. 4-cü ildir ki, Şuşada Media Forumu düzənlənir. Həmin tədbirdə Azərbaycan Prezidenti çoxsaylı sualları cavablandırır, beynəlxalq durumu, geosiyasi mənzərəni şəkilləndirir.
- Yeri gəlmişkən, IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini necə dəyərləndirirsiz?
- Adətən bu cür tədbirlərdə statistik göstəricilər önə çəkilir. Əlbəttə ki, bu, başadüşülən və məqbul bir yanaşmadır.
Foruma gəldikdə isə onun spesifik mahiyyəti və təyinatı var. Ona görə də IV Şuşa Qlobal Media Forumuna sırf iştirakçıların sayı, kimliyi, peşəsi üzərindən qiymət vermək düzgün olmazdı. Şuşa Forumuna fövqəladə məzmun verən iki mühüm amil var. Birincisi, forumun keçirildiyi məkana bağlıdır. Şuşa hər bir azərbaycanlı üçün ziyarətgahdır, qudsallaşmış bir ünvandır. Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır. Digər tərəfdən, Şuşa son 100 ildə işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Belə demək mümkünsə, bir sıra beynəlxalq təşkilatların, ATƏT-in, o cümlədən BMT-nin Şuşaya bir minnət borcu var. Çünki 44 günlük savaş nəticəsində Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı, Qarabağı, Şuşanı azad etməklə bərabər BMT-nin yerlə bir olmuş nüfuzuna da çəki - düzən verdi.
Bu bir parlaq həqiqətdir ki, BMT-nin qəbul etdiyi, amma 30 il kağız parçası statusunda qalan 4 qətnamənin icrasını məhz Azərbaycan ordusu təmin etdi.
Yeri gəlmişkən, 4 rəqəminin milli taleyimizdə və tariximizdə ecazkar bir stixiyası var. Şuşanın və Qarabağın xilaskarı İlham Əliyev sayca Azərbaycanın 4-cü Prezidentidir. O, Vətən müharibəsini 4-cü prezidentlik dönəmində başladıb və 44 günə qələbə qazanıb. Ölkəsini bu qələbəyə özünün “4 qızıl qaydası” ilə aparıb. Hansı ki, bu qaydalar Azərbaycanın qələbə formuludur: bu, vaxtı düzgün seçməkdən, avantüraya getməməkdən, ölkəni risk altına salmamaqdan və mümkün dərəcədə maksimum uğura nail olmaqdan ibarətdir.
Elə məhz bu uğur formulunun sayəsində Şuşa bu gün planetimizin ən mötəbər və ən legitim tribunasıdır. Və Şuşada deyilən hər sözün, verilən hər mesajın əlahiddə çəkisi var. Məsələn, Şuşada “işğalla barışmayın” mesajını verməyin praktik bünövrəsi var: çünki bu tövsiyənin səsləndiyi məkan özü işğalla barışmamanın, milli dirənişin, milli mücadilənin nəticəsidir. Prezidentin təbiriylə desək, bu əsla iddia, təkəbbür deyil, bir geosiyasi gerçəklikdir.
Şuşa Forumuna fövqəladə dəyər verən ikinci amil birbaşa İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır. Azərbaycan Prezidenti bu gün regionun söz və nüfuz sahibidir. Bölgəni sülhə və rifaha aparan ağ yolun müəllifi İlham Əliyevdir. Üstəlik, Ona ünvanlanan sualları elə məharətlə, alicənablıqla cavablandırır ki, dediyi hər fikir bir hərəkətın leytmotivi kimi alınır.
Bu mövzuya aid olduğu üçün bir xatirəmi paylaşmaq istərdim. Ulu Öndərimiz təvazökar bir ömür yaşadı, bütün dahilər kimi. Təvazökarlıq ən çətin, həyəcanlı anlarda belə Onu tərk etmədi Özü, ailəsi haqqında bəlağətli, pafosla bəhs etməyi sevməzdi. Xüsusilə İlham Əliyev haqqında.
Bəzi istisnalar var. Bir dəfə referendum öncəsi jurnalistin İlham Əliyevin siyasətə münasibəti ilə bağlı sualına “O özü yetkin şəxsdir, qərarı da özü verəcək” deyib cavab vermişdi. Bir də xalqa son müraciətində “Mən İlham Əliyevə özüm qədər inanıram” demişdi.
2001-ci ilin oktyabr ayı idi. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev Amerikaya səfər etmişdi. Dövlət Departamentində, Con Hopkins İnstitutunda bir sıra faydalı görüşlər keçirdi, mətbuata müsahibələr verdi. “Yeni Azərbaycan” qəzeti İlham Əliyevin həmin səfəriylə bağlı rəngli formatda xüsusi buraxılış hazırlayıb çap etdi. O dərgi Heydər Əliyevin çox xoşuna gəlmişdi. Üstündən bir neçə ay ötdükdən sonra Onun qəbulundaykən dərgini stolunun üstündən götürüb mənə xatırlatdı və soruşdu:
- Sən İlham Əliyevin suallara cavabını dinlədinmi?
Əlbəttə - dedim - cənab Prezident.
Ulu Öndərimiz bir qədər düşünüb əlavə etdi: “Oğlum olduğu üçün demirəm, əgər o sualları mənə versəydilər, mən o cür mükəmməl və hərtərəfli cavablar verə bilməzdim”.
Doğrusu, o vaxt bir qədər təəccüblənmişdim elə deməyinə Ancaq həyat sübut etdi ki, Ulu Öndərimiz İlham Əliyevin imkanlarını dəqiq və zamanında dəyərləndirib. Deyim ki, Prezidentin hər çıxışından sonra “Bu, İlham Əliyevin ən mükəmməl nitqidir” deyirəm. Amma mənim qənaətimin ömrü Prezidentin növbəti çıxışına qədər olur. Prezidentin növbətin çıxışından sonra eyinisini düşünürəm: “Bu, İlham Əliyevin ən mükəmməl çıxışıdır.”
Onun nitqlərində qeyri-adi bir dinamika var. O buna necə nail ola bilir? Bütün və fərqli auditoriyalar qarşısında mükəmməl formada çıxış edir. Təbii ki, burada həyat, dövlət, siyasi təcrübə öz sözünü deyir.
Amma mənim zənnimcə, Prezidentin bir şəxsi keyfiyyəti burada həlledicidir: özünə qarşı tələbkarlıq. Prezidentin bu nümunəsi hamı üçün, o cümlədən mətbuat nümayəndələri üçün yaxşı örnəkdir. Peşəkarlığın əlifbası özünə qarşı tələbkarlıqdan başlayır.
Prezident Forumda “haradan haraya” gəldiyimizi xatırlatdı. Ola bilər ki, çoxunun yadından çıxıb, bəzilərinin isə obyektiv səbəblərdən ümumiyyətlə məlumatı yoxdur.
Fikrimi izah etmək üçün bir fakta istinad edəcəm. 1992-ci ildə “Washington Post”qəzeti bir karikatura dərc etmişdi. Həmin karikaturanın məzmunu təxmini beləydi: ABŞ dövlət katibinin köməkçisi gündəlik hesabatları dinləyir. Növbəti hesabat Azərbaycana aiddir. Hesabatı dinləyərkən xanımı ona zəng edir. O da həyat yoldaşından soruşur ki, əzizim, deyə bilərsənmi, Azərbaycan hansı ölkədir və harada yerləşir.
Həmin karikaturanın dərcindən 34 il keçir. Bu gün mənzərə tamam fərqlidir. Ölkəmizin beynəlxalq mövqeyi günü-gündən möhkəmlənir. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən, Şuşa Media Forumundan, bəhs edən məqaləni məmuniyyətlə öz sosial media hesabında paylaşır. Bu fakt özü sübut edir ki, Azərbaycanın qələbəsi bir prosesdir və bu proses sürətlə irəli yürüyür.
IV Şuşa Qlobal Media Forumu da bu prosesin bir tərkib hissəsidir. Bu o deməkdir ki, 44 günlük Vətən müharibəsi informasiya müstəvisində davam edir. Daha obrazlı desək, 4 rəqəminin stixiyası bizimlədir.
