MÜSAHİBƏLƏR
Milli qurtuluş: sabitlik, tərəqqi və tarixi zəfərlərə aparan yol
- Ulu Öndər Heydər Əliyevin SSRİ dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə reallaşdırılan quruculuq missiyası Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm mərhələ olmuşdur. Bu barədə nə deyə bilərsiniz?
- Hər bir xalqın taleyində xilaskar rolunda çıxış edən və dərin izlər qoyan dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixin ən keşməkeşli dövrlərində xilaskarlıq missiyasını uğurla yerinə yetirən görkəmli şəxsiyyət və qüdrətli dövlət xadimi olmuşdur. Taleyin hökmü ilə iki dəfə bu çətin və şərəfli vəzifəni üzərinə götürən Ümummilli Lider hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, respublikamızı böyük bəlalardan xilas etmişdir.
Ulu Öndər Heydər Əliyevin adı dünya azərbaycanlılarının qəlbində qürur və fəxarət hissi yaratmışdır. Ümummilli Liderə olan bu sevgi hər şeydən əvvəl Onun öz xalqına və dövlətinə sədaqətlə xidmət etməsi ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, bu sevgi və məhəbbəti qazanmaq heç də asan olmamış, çox mürəkkəb bir şəraitdə uzun müddət uğurla həyata keçirilən davamlı və məqsədyönlü fəaliyyətin nəticəsində əldə edilmişdir. Belə ki, Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi respublikamıza rəhbərlik etdiyi dövrdə apardığı hərtərəfli və əhatəli işlər, Onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı və idarəetmə bacarığı sayəsində Azərbaycan iqtisadiyyatı möhkəmlənmiş, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə ittifaq üzrə öncül sıraya çıxmışdır. İstehsal edilən rəqabətqabiliyyətli məhsullar 65 xarici ölkəyə ixrac edilərək nəinki SSRİ-də, həm də beynəlxalq aləmdə tanınmışdır. O dövrdə respublikamızda bir çox nəhəng zavodlar tikilib istifadəyə verilmiş, bəzi sənaye müəssisələri yeni texnologiya ilə təmin edilərək modernləşdirilmişdir. Emal sənayesinin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət almışdır. Regionlarda üzüm, meyvə və tərəvəz emalı zavodlarının, çay və tütün emalı fabriklərinin, habelə ət kombinatları və süd, yun emalı zavodlarının, quşçuluq fabriklərinin və heyvandarlıq komplekslərinin tikilib istifadəyə verilməsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, respublikamızda yüngül və yeyinti sənayesinin inkişafına da güclü təkan vermişdir. Üzüm istehsalının 2 milyon tonu ötməsi ilə respublikamız bu sahə üzrə ittifaq miqyasında birinci yeri tutmuş, ilk dəfə olaraq 1 milyon tondan çox strateji məhsul olan pambıq istehsalına nail olunmuşdur.
Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində Sovet İttifaqında geridə qalmış bir respublikadan qabaqcıl yerə yüksəldi, xüsusilə kənd təsərrüfatında məhsuldarlığın artırılması, kənd təsərrüfatı maşınqayırma və kimya sənayesinin inkişafında çox uğurlu nəticələr əldə olunaraq ölkəmizdə müasir aqrar-sənaye kompleksi yaradıldı. Bütün bunlar respublikamızın gələcəkdə müstəqil dövlət kimi fəaliyyət göstərməsinə və inkişafına yönəlmiş tədbirlər idi. Ümummilli Lider Heydər Əliyev o müddətdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. Həyata keçirilən bu geniş və əhatəli tədbirlər onu deməyə əsas verir ki, artıq ötən əsrin 80-ci illərinin əvvəlində Azərbaycan müstəqil dövlət kimi yaşamaq üçün güclü potensiala malik idi. Bu məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamında da özünün əhatəli əksini tapmışdır. Sərəncamda qeyd edilmişdir: “1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”. Hesab edirik ki, bu fikirlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi ağlasığmaz nəhəng işlərə və əldə edilən nəticələrə verilən yüksək dəyərdir.
Müstəqil dövlətin yaradılması üçün yalnız güclü iqtisadiyyatın qurulması kifayət deyildi. Bunun üçün milli şüuru oyatmaq lazım idi. Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, iqtisadiyyatın və milli-mənəvi dəyərlərin yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyəti və perspektivli gənc kadrların yetişdirilməsi məsələsi ön plana çəkildi. Bu məqsədlə hər il yüzlərlə azərbaycanlı gənclər keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazandılar.
Azərbaycanda qısa müddət ərzində müşahidə edilən dinamik inkişaf Ulu Öndər Heydər Əliyevin SSRİ-nin rəhbərliyində təmsil olunmasına zəmin yaratdı. Belə ki, Ümummilli Lider 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Bu vəzifədə işlədiyi müddətdə (1982-1987) Heydər Əliyev ən çətin problemlərin həlli ilə məşğul olaraq tezliklə İttifaqda böyük nüfuz qazandı, Ümummilli Lider yüksək dövlətçilik təcrübəsinə və idarəetmə qabiliyyətinə malik olduğunu bir daha sübut etdi. Bununla yanaşı xalqımızın fəxri olan Heydər Əliyev həmin illərdə öz doğma diyarı ilə daim maraqlanır, Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələn köməyi əsirgəmirdi.
- Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışı ilə başlanan siyasi proseslər, milli dövlətçilik ideyalarının möhkəmləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradılması Milli Qurtuluşa aparan yolun başlanğıcı kimi xarakterizə olunur...
- 1987-ci ildə İttifaq rəhbərliyindən məlum səbəblərdən uzaqlaşan Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm müharibə şəraitində idi, həm də yaranmış iqtisadi çətinliklər vəziyyəti daha da ağırlaşdırıdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə Vətən və xalq naminə həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi üçün əsl mücadiləyə qalxdı. Onun müstəqillik uğrunda əzmkarlıqla mübarizə apardığını görən Naxçıvan əhalisi Heydər Əliyevi 1990-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasına və Azərbaycan SSRİ-nin Ali Sovetinə deputat seçdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, Onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Onu da qeyd etmək lazımdır ki, Sovet İttifaqının çox sərt və məşəqqətli qaydalarının mövcudluğu şəraitində belə qərarların qəbul edilməsi böyük cəsarət tələb edirdi. Heydər Əliyev həm də belə yenilməz cəsarət sahibi olması ilə fərqlənirdi.
Ümummilli Lider Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin həmin vaxtlar ölkəyə rəhbərlik edən səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini açıq formada əzmlə davam etdirirdi. Belə ki, SSRİ-nin saxlanmasına dair 1991-ci ilin 17 mart tarixində Sovet İttifaqının ərazisində keçirilən refendumda Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Naxçıvan əhalisi Ulu Öndərə böyük inam və ümid bəsləyərək Onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, hətta Azərbaycanın müstəqil dövlət kimi məhv olmaq təhlükəsindən qurtulmasının təməli qoyuldu. Eyni zamanda, Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görüldü və iqtisadiyyatda dönüş yaradılması məqsədilə mütərəqqi islahatlar, xüsusilə torpaq islahatı başladı.
1990-cı illərin əvvəllərində SSRİ kimi nəhəng bir ölkə heç bir xarici müdaxilə olmadan dağıldı. İttifaq Respublikaları bir-birinin ardınca öz müstəqilliklərini elan etdilər. Azərbaycan Respublikası da 1991-ci il 18 oktyabr tarixində Dövlət Müstəqilliyi Aktını qəbul etdi. Təəssüf ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illər müasir tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xarakterizə olunur.
Belə ki, o dövrdə Azərbaycan həlli çətin görünən problemlərlə üzləşmişdi. Ərazilərimizdə erməni separatizminin güclənməsi və bunun əsasında Ermənistan-Azərbaycan arasında Qarabağ məsələsinin getdikcə müharibə xarakteri alması, torpaqlarımızın işğalı nəticəsində azərbaycanlıların öz doğma yurdlarından didərgin düşməsi vəziyyəti daha da acınacaqlı edirdi. Bütün bunlar o dövrün adi mənzərəsi idi və respublika rəhbərlərinin dəyişməsi ilə nəticələnirdi. Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsi boş olduğundan həmin vəzifəyə seçki keçirilməsi üçün 1992-ci il mayın 18-də sessiya çağırıldı. Sessiyada mən Ali Sovetin deputatı kimi çıxış edərək bu vəzifəyə görkəmli dövlət xadimi, böyük dövlətçilik və idarəetmə təcrübəsinə malik, həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin namizədliyini təklif etdim. Bu təklifin səsə qoyulması üçün Heydər Əliyevin razılığı tələb olunduğundan Naxçıvana telefonla zəng edib Ulu Öndərlə danışmaq qərara alındı. Lakin çoxsaylı cəhdlərimizə baxmayaraq Naxçıvanla əlaqə yaratmaq mümkün olmadı və təklifim keçmədi. Bütün bunlar televiziya vasitəsilə birbaşa yayımlanırdı. Vəziyyətin belə alınması Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası rəhbərlərinin Azərbaycan Respublikasında rəhbərliyə gəlməsi ilə nəticələndi.
Bundan bir müddət sonra Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyin qorunub saxlanması istiqamətində aparılan işlərin daha geniş vüsət alması ilə yanaşı, Azərbaycanda hərc-mərcliyin və xaosun getdikcə güclənməsi, idarəetmədə özbaşınalığın genişlənməsi müşahidə olunurdu. Naxçıvanda müstəqilliyin möhkəmləndirilməsi istiqamətində görülən hərbi-siyasi və iqtisadi fəaliyyətin ölkəmizin digər ərazilərində də həyata keçirilməsinin zəruriliyi Heydər Əliyevin ətrafında birləşən böyük bir siyasi qüvvənin formalaşmasına ehtiyac yaratmışdı. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Heydər Əliyevin Naxçıvanda qazandığı uğurları gözü götürməyən AXC-Müsavat hakimiyyəti Azərbaycanda qayda-qanunu bərpa etmək, Qarabağ müharibəsində dönüş yaratmaq əvəzinə, Naxçıvanda silah gücünə çevrilişə cəhdlər edib Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq istəyirdi. Ancaq bu cəhdlərinin heç biri baş tutmadı. Çünki, əhali Ümummilli Liderə böyük dəstək verdi, Heydər Əliyevin dahi şəxsiyyət olması bir daha təsdiq olundu. Bununla da Azərbaycan xalqı Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını səbirsizliklə gözləyir və bu görkəmli dövlət xadiminə böyük ümidlər bəsləyirdi.
- Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizdə ictimai-siyasi sabitliyin bərpası və müstəqil dövlət quruculuğu baxımından müstəsna önəm daşıyır...
- O dövrdə ölkədə separatçı qüvvələrin fəallaşması, Gəncə qiyamının alovlanması ilə respublikanın parçalanma təhlükəsinin artması nəticəsində xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyi təhlkə altında idi. Belə bir ümidsiz siyasi, sosial- iqtisadi və hərbi şəraitdə - dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi və iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə müstəqil Azərbaycanı məhv olmaq fəlakətindən xilas etməsi xalqımızın həmin qərarı qəbul etməsində nə qədər ədalətli və uzaqgörən olduğunu sübut etdi. Çünki, dövləti tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün rəhbərdən böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, ən başlıcası isə xalqa tükənməz sevgi tələb olunurdu. Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən Ulu Öndər Heydər Əliyev xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən uğurla keçirərək ardıcıl inkişaf dövrünə çatdırdı.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Tezliklə Cənub bölgəsində “Talış-Muğan Respublikası” yaratmaq ideyasını ortaya atan və şimalda “Sadval”çı separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü, cəbhədə atəşkəs elan olundu.
Bütün türk dünyasının ən müdrik simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə dünyanın tanınmış şirkətləri ilə sonradan “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalandı. Azərbaycan perspektivdə qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal təşəbbüskarına və aktoruna çevrildi. İqtisadiyyatın dirçəldilməsi üçün konkret addımlar atıldı. Sənaye və kənd təsərrüfatında islahatlar aparıldı. Ölkəmiz tezliklə dünya birliyinin bərabərhüquqlu üzvü kimi qəbul edildi, cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi, ilk parlament və bələdiyyə seçkiləri keçirildi.
Heydər Əliyevin heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan qısa zaman kəsiyində təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Ulu Öndərin bu qayıdışının dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu amillər sözün həqiqi mənasında, Azərbaycan dövlətinin və xalqımızın qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, tanınmış ictimaiyyət nümayəndələri öz çıxışlarında məhz bu günün Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi elan edilməsini tələb edirdilər. Həmin vaxt mən Milli Məclisin deputatı idim. Tale elə gətirdi ki, 1997-ci il iyunun 17-də parlamentdə çıxış edərək belə bir qərarın qəbul edilməsini təklif etmək mənə qismət oldu. Bundan 10 gün sonra - iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da mənim təklifim dəstəkləndi və həmin gün parlamentin qərarı ilə 15 İyun tarixi Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu və Azərbaycan Respublikasının bayram günləri siyahısına daxil edildi.
Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycan Pespublikasının Prezidenti kimi fəaliyyəti ölkəmizin inkişafında misli görünməmiş nailiyyətlərlə tarixə həkk olundu.
- Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz mühüm nailiyyətlər əldə etmişdir. Müəyyən edilmiş strateji prioritetlərin həyata keçirilməsi istiqamətində qazanılan real nəticələri necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər barədə qeyd etmişdir: “1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.
Məhz buna görə qədirbilən xalqımız Ulu Öndərin xatirəsini həmişə əziz tutur. Müasir Azərbaycanın memarı və qurucusu, dahi Heydər Əliyevin adı tariximizdə əbədi olacaq, Onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir. Çünki, Heydər Əliyev uzaqgörən dahi şəxsiyyət idi. Belə ki, Heydər Əliyevin 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkiləri ilə əlaqədar doğma xalqına ünvanladığı son müraciəti Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu Öndərin tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ötən dövr Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha təsdiqləyir. Beş dəfə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız çox uğurlu nəticələr əldə etmişdir. Neft gəlirləri respublikamızda iqtisadiyyatın möhkəmlənməsinə və şaxələnməsinə yönəlmiş, istehsalın genişlənməsi və yeni istehsal sahələrinin yaradılması təmin edilmişdir. Ölkəmizdə iqtisadiyyat dünyada çox az təsadüf olunan sürətlə inkişaf etmiş, işsizlik və yoxsulluq minimum həddə endirilmiş, əmək haqları, pensiya və sosial müavinətlər dəfələrlə artırılmışdır. Həyata keçirilən davamlı daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası dünyanın siyasi və iqtisadi həyatına uğurla inteqrasiya olunmuşdur. Hazırda Azərbaycan regionun lider ölkəsi olmaqla, dünya arenasında müstəqil siyasət yürüdən bir dövlət kimi qəbul olunur və etibarlı tərəfdaş kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi möhtəşəm uğurların zirvəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində qazanılan parlaq qələbələr dayanır. Beləliklə, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu, dövlətin qarşısında duran ən ümdə vəzifə yerinə yetirildi. Hazırda Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa edən bir ölkə kimi tanınır.
Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sözün həqiqi mənasında respublikamızın və xalqımızın bütün bəlalardan qurtuluşu oldu. Qədirbilən xalqımız Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman böyük qürur hissi ilə xatırlayır və şanlı tariximizin parlaq səhifəsi olan 15 İyun - Milli Qurtuluş Gününü böyük sevinc və canfəşanlıqla qeyd edir.
