MÜSAHİBƏLƏR
Bütün hədəflərə seçicilərimizin dəstəyi ilə nail ola bilərik
- Pərvanə xanım, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm ümumxalq Zəfərindən sonra ilk dəfə bütün ölkə ərazilərində keçiriləcək parlament seçkilərinin önəmi barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının bütün ərazilərini əhatə edəcək parlament seçkilərində namizəd olmaq, üstəlik Ulu Öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin sədrlik etdiyi partiyanın namizədi kimi seçki marafonunda iştirak etmək həm qürurverici və şərəfli bir missiya, həmçinin də böyük məsuliyyətdir. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xalqın seçimi yenə də cənab İlham Əliyev oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan xalqının necə arxalanmasının, böyük etimad və inamının bir daha şahidi olduq.
Rəşadətli Azərbaycan Ordusu 30 ildən çox işğal altında olan torpaqlarımızı azadlığa qovuşdurub, bunun nəticəsində keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurduna qayıtmaq imkanı əldə ediblər. Beləliklə, Azərbaycanın tarixi torpaqları öz doğma sahiblərinə qayıdıb. Tarixi zəfərlər xalqımızın özünə inamını daha da artırıb, Azərbaycanı bütün sahələrdə regional güc mərkəzinə çevirib. İndi xalqımız dövlətimizlə daha çox fəxr edir, qürrələnir. Sevindirici haldır ki, illər öncə zorla öz doğma ata-baba yurdundan qovulan, olmazın işgəncələr görən, zülmlərə, soyqırımılarına məruz qoyulan xalqımız sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə azad olunmuş ərazilərimizdə səsvermədə iştirak edərək Xocalıya, Xankəndiyə, Şuşaya, Zəngilana və digər rayonlara deputat seçəcək.
Azad olunmuş bütün rayonlarımızda aparılan yenidənqurma və bərpa-quruculuq işləri sürətlə davam edir, həmin ərazilərə yeni nəfəs gəlib, tarixi siması geri qaytarılıb. Hələlik 8 minə yaxın keçmiş məcburi köçkünün Laçın, Füzuli, Şuşa və Xocalıya köçürülməsi həyata keçirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, 2026-cı ilədək 34500 ailənin və ya 140 min vətəndaşımızın azad olunmuş torpaqlarda məskunlaşması təmin ediləcəkdir. Möhtəşəm zəfərlərdən sonra fəaliyyətə başlayacaq yeddinci çağırış Milli Məclisin formalaşdırılması ilə ölkəmizdə yeni dövrə uyğun dövlət proqramları və layihələri, qanunların qəbul edilməsi, islahatların daha da dərinləşdirilməsi əsas məqsədlərdən biri olaraq qarşıya qoyulub.
Ümumxalq Zəfərindən sonra Azərbaycan beynəlxalq müstəvidə də böyük qələbələr qazanıb, uğurlu xarici siyasət nəticəsində öz qətiyyətli mövqeyində daha da möhkəmlənib və hazırda dünyada baş verən proseslər və qlobal məsələlərin həllində aparıcı mövqedə yer tutur. İkitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıqların gücləndirilməsi üzrə uğurlu siyasət həyata keçirilib. Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərin qarşılıqlı dialoqunun bir çox sahələr üzrə inkişaf etdirilməsi, türkdilli xalqlar arasında tarixən mövcud olmuş ortaq dil, tarix, mənəvi dəyərlər, mədəniyyət bağlarının gücləndirilməsi, o cümlədən iqtisadi əməkdaşlıq sahələrinin artırılması yönündə Azərbaycan mühüm rol oynayır. Dünyada islamofobiya meyilləri ilə mübarizə, neokolonializmin, vaksin millətçiliyinin, iqlim dəyişikliyinin qlobal fəsadlarının qarşısının alınması istiqamətində dövlətimiz qətiyyətli addımlar ataraq beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayının 11-dən 22-dək ölkəmizdə keçiriləcək. Azərbaycana dünyanın ən böyük beynəlxalq tədbirinə ev sahibliyi hüququnun verilməsi Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi, eyni zamanda, beynəlxalq ictimaiyyətin dövlətimizin potensialına, gücünə inamının göstəricisidir.
Bu gün ölkəmiz dünyada sabitlik və təhlükəsizlik adası hesab olunur. Dövlətimiz tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri nəticəsində ölkəmizdə xaos, cəmiyyətin təhlükəsizliyini təhdid edə biləcək hallar baş vermir. İctimai-siyasi sabitliyin qorunması, fərdin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunması daim diqqətdə saxlanılır və yeni dövrdə də qarşıya qoyulmuş məqsədlərdəndir.
- Yeni Azərbaycan Partiyasının seçki platformasında son 30 ildə qazanılan möhtəşəm uğurlar və qarşıda duran hədəflər öz əksini tapıb. Yeni dövr hansı çağırışları özündə ehtiva edir?
- Yeni Azərbaycan Partiyasının uğurları, son 30 ildə qazanılan möhtəşəm nailiyyətlər məhz Ümummilli Lider Heydər Əliyevin və Prezident, YAP-ın Sədri İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursu hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müasir çağırışlara cavab verən çoxşaxəli islahatların həyata keçirilməsi yeni dövrdə də Azərbaycan dövlətinin prioritetidir. Strateji inkişaf islahatlar yolu ilə təmin edilir, dayanıqlı inkişafa gedən yol isə məqsədyönlü islahatların aparılmasından keçir. Bu islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradır. Böyük Qayıdış Proqramının icrası ilə “məcburi köçkün”, “qaçqın” anlayışları artıq tarixə qovuşub.
Demokratik dəyərlərə sadiqlik siyasi sistemin inkişafını təmin edən əsas faktorlardan biridir. İnsanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması və qanunların aliliyinə riayət edilməsi YAP-ın fəaliyyətinin əsas siyasi prinsipləridir. Yeni Azərbaycan Partiyası demokratik ənənələrə böyük siyasi dəyər kimi yanaşır və onların möhkəmləndirilməsini əsas məqsədlərindən biri hesab edir. Partiyanın Proqramında demokratik ənənələrin inkişafı əsas yer tutur.
Bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi hər bir vətəndaşa qayğı göstərilməsi, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır. Hədəflər arasında sosial xidmətlərin genişləndirilməsi, aztəminatlı ailələrə dövlət qayğısının təkmilləşdirilməsi, özünüməşğulluq proqramlarının artırılması da yer alır. Bu sahədə islahatların həyata keçirilməsi davamlı xarakter daşıyır və yeni dövrdə əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün çox önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Prezident İlham Əliyev gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşır. Gəncliyin inkişafına, təhsilinə ayrılan investisiyanın ildən-ilə artırılması, onlara müxtəlif mükafatların verilməsi, həmçinin dövlət qurumlarının idarəçiliyinə gənc kadrların təyin edilməsi dövlət gənclər siyasətinin uğurlu model olduğunu göstərir. Yeni Azərbaycan Partiyası bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə edərək məqsədyönlü gənclər siyasətini daha da gücləndirəcəkdir.
- Pərvanə xanım, Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçicilərə hansı çağırışı edərdiniz?
- Azərbaycan xalqı hakimiyyətin yeganə mənbəyidir. Seçkili orqanlara seçkilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilməsi, əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ölkəmizin demokratik siyasi sisteminin əsaslarını təşkil edir. 18 yaşına çatmış, seçki hüququ olan hər bir Azərbaycan vətəndaşını seçkilərdə fəal iştirak etməyə dəvət edirəm.
Deputat seçiləcəyim təqdirdə, yeni dövrdə dövlətimizin milli maraqlarının daha qətiyyətlə müdafiə olunması sahəsində əzmlə çalışacağam. Eyni zamanda, müəyyən qanunvericilik təşəbbüslərinin, yeni ideya və təkliflərin irəli sürülməsini də hədəfləyirəm. Ümumilikdə, ölkəmizdə sosial-iqtisadi tərəqqiyə nail olunmasına xidmət edəcək yeni təşəbbüslərin irəli sürülməsinə çalışacağam. Yeni Azərbaycan Partiyası olaraq seçki platformamızda qeyd olunan bütün məqsədlərə yalnız seçicilərimizin dəstəyi və səsi ilə nail ola bilərik.
İnanıram ki, 1 sentyabr tarixində xalqımız YAP-a növbəti dəfə inamını nümayiş etdirəcək və biz yeni dövrdə qalib Azərbaycanın qalib partiyası olacağıq.