MÜSAHİBƏLƏR
Azərbaycan demokratik dəyərlərə sadiqdir
- Məşhur müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərin önəmi və mövcud ictimai-siyasi reallıqlar barədə nə deyə bilərsiniz?
- Öncə bu mühüm məqamı qeyd edim ki, parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən çox mühüm amillər mövcuddur. Bu gün qürurla Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinin yaratdığı reallıqlardan bəhs edirik. Bu reallıqlar ölkəmizin beynəlxalq müstəvidə yerini və mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan bütün sahələrdə, o cümlədən demokratik inkişaf istiqamətində zəngin təcrübəyə malik ölkə kimi tanınır və nümunə göstərilir. Seçkilərin demokratik cəmiyyətin atributlarından olduğunu nəzərə alsaq, bu gün Azərbaycan dövlətinin prosesin şəffaflığını, beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün atdığı addımların və onların uğurlu nəticələrinin göz önündə olduğunu görərik.
Bu seçkilərdə diqqətin azad Qarabağa və Şərqi Zəngəzura yönəlməsi hər birimizi qürurlandırır. 30 il torpaqlarımızın tarixi sahibinə qovuşmasını səbirsizliklə gözləyən soydaşlarımız bu gün doğma yurd-yuvalarında seçkilərdə iştirak edəcək, layiq bildikləri namizədlərə səs verəcəklər. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən parlament seçkilərinin keçirilməsi Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatıdır. Azərbaycan xalqı bu reallığın qüruru və sevincini yaşayır.
Onu da qeyd edim ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 50 beynəlxalq qurumdan və 69 ölkədən 604 nəfər akkreditə olunub. Bu rəqəmin özü seçkilərin nəinki ölkədə, eyni zamanda, beynəlxalq aləmdə də böyük maraqla qarşılandığını təsdiqləyir. Beynəlxalq müşahidəçilər işğaldan azad edilmiş ərazilərdə seçki prosesini izləyəcəklər. Onlar ermənilərin 30 illik işğal dövründə törətdikləri vəhşiliklərin, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi olacaqlar. Xocalıda, Xankəndidə, Şuşada, bütün azad edilmiş torpaqlarda yaradılan seçki məntəqələri səsvermə prosesinə tam hazırdır.
Atılan hər bir addım Azərbaycanın demokratik imicinin möhkəmlənməsinə töhfələr verir. Əminik ki, bu seçkilər ölkəmizin demokratik inkişaf tarixində yeni dövrün başlanğıcı olacaq.
Cari ilin fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçkilərdə xalqımız Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləməklə Heydər Əliyev yoluna sədaqətini bir daha nümayiş etdirdi. Bütün ölkə ərazisini əhatə edən ilk prezident seçkiləri, eyni zamanda, Azərbaycanın demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olduğunu təsdiqlədi. Heç şübhəsiz, 1 sentyabr - növbədənkənar parlament seçkiləri də Azərbaycanın demokratiya təcrübəsini zənginləşdirəcək.
- Bu seçkilərin də favoriti, şübhəsiz, Yeni Azərbaycan Partiyasıdır. Bu reallığı şərtləndirən amillər hansılardır?
- Cənab İlham Əliyev 2018-ci ildə prezident seçildikdən sonra andiçmə mərasimində yeni islahatların anonsunu vermişdi. 2019-cu ilin sonunda Yeni Azərbaycan Partiyası bu islahatların qanunverici orqanda da əksini tapması üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ötən parlament seçkilərindən bu günədək Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı uğurlar göz qabağındadır.
Həmin dövrün çağırışı fərqli idi. Azərbaycanın daha da güclənməsi üçün islahatların dərinləşdirilməsinə, bütün sahələri əhatə etməsinə ciddi zərurət var idi. Yeni Azərbaycan Partiyası ötən parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatılmışdı. Son dörd ildən artıq dövrün reallıqlarına diqqət yetirdikdə ölkəmizin imza atdığı möhtəşəm uğurlardan və tarixi zəfərlərdən böyük qürur hissi keçiririk. Partiyanın seçki platformasında Azərbaycanın qazandığı uğurlar və hədəflər öz əksini tapıb. Artıq torpaqlarımızın işğaldan azad edilməsi üçün göstərilən səylərdən deyil, 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın bu ərazilərə qayıdışından, Azərbaycanın dayanıqlı inkişafı üçün bu bölgələrin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə olunmasından bəhs edirik. Yeni Azərbaycan Partiyasının seçki platformasında qeyd edildiyi kimi, Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə və innovasiyalar tətbiq etməklə genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın və müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaradır. Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlər sosialyönümlü iqtisadiyyatın inkişafı, o cümlədən məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına 14 milyard manatdan çox vəsait yönəldilmiş, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə məskunlaşma təmin edilmişdir. Bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıtması nəzərdə tutulmuşdur.
Cənab İlham Əliyev yeni dövrün hədəflərinə nail olmaq üçün iqtisadiyyatın inkişafının önəminə daim diqqəti cəlb edir. Son 20 ildən artıq dövrün sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə yaradılan möhkəm təməlin davamlı uğurlara yol açdığını görürük.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektoru sektorunda da mühüm inkişaf göstəriciləri ilə diqqətdədir. Son 20 ildə qeyri neft-qaz sektorunda ümumi daxili məhsul istehsalı real ifadədə 3,5 dəfə artıb, əhalinin məşğulluq səviyyəsi yüksəlib. Əlverişli biznes mühitinin yaradılması Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirib.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi dəyərləndirilir və islahatçı ölkələr sırasında göstərilir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi hazırda bölgələrin inkişafında da özünün aydın ifadəsini tapır. Belə ki, cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” və “iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışlarına uyğun olaraq bölgələrin malik olduğu potensialdan səmərəli istifadə etmək üçün regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları uğurla həyata keçirilib. Bunun nəticəsində şəhər və rayonların infrastruktur təminatı yaxşılaşıb, sahibkarlığın inkişafında mühüm irəliləyiş əldə edilib.
Yeni Azərbaycan Partiyasının seçki platformasında davamlı və dayanıqlı iqtisadi inkişafı şərtləndirən amillər və bu istiqamətdə əsas hədəflər qeyd edilib. Bildirilir ki, müasir dövrdə müstəqil Azərbaycan dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir. Uğurlu sosial-iqtisadi siyasətin və sistemli islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. Ölkəmiz bir çox postsovet dövlətləri ilə müqayisədə həm ümumi iqtisadi gücünə, həm də milli iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutur.
Ötən dövr ərzində əldə edilən nailiyyətlər qarşıya mühüm vəzifələr qoyur. İnsan kapitalının inkişafı isə əsas hədəflər sırasındadır.
Daim seçkilərə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın inam və etimadı doğruldub. Yeni Azərbaycan Partiyası hər zaman tutduğu yola sadiq olub, irəli sürdüyü təşəbbüslərlə Azərbaycan dövlətinin gücünün artmasına xidmət edib.
Zəngin və şərəfli yol keçən YAP demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir. Partiyanın Proqramında təsbit olunan prinsiplərdən biri demokratik ənənələrin inkişafıdır. YAP öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir.
Yeni hədəflərə nail olaraq Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını təmin etmək üçün seçiciləri parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram.