MÜSAHİBƏLƏR
Yeni Azərbaycan Partiyası siyasi proseslərin flaqmanıdır
- Mehriban xanım, ölkəmiz daha bir mühüm siyasi proses - növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Azərbaycan bu seçkilərə hansı reallıqlar fonunda gedir?
- Dövlətçilik tarixinin ən güclü, qürurlu mərhələsini yaşayan Azərbaycan həm ölkə daxilində, həm də regionda yeni siyasi reallıqlar yaradıb. 44 günlük Vətən müharibəsi və ardınca bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyü və suverenliyini bərpa etməklə, Qarabağda separatizm yuvasını tam dağıtmaqla dünyaya öz gücünü göstərən ölkəmiz üçün yeni perspektivlər yaranıb.
Demokratik inkişaf yolunda irəliləyən Azərbaycanda ilk dəfə olaraq cari ilin fevral ayında ölkənin bütün ərazisini əhatə edən prezident seçkiləri keçirildi. Otuz il davam edən erməni işğalından sonra azad olunmuş ərazilərdə seçicilərin səsvermə hüquqları bərpa edildi. Hazırda ölkəmiz növbəti mühüm siyasi prosesə - növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək. Bu, suverenliyimizin qanunvericilik müstəvisində də təsdiqinin daha bir təzahürüdür.
Azərbaycanın tarixi qələbələrinin əsasında Heydər Əliyev ideyaları durur. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təcrübəsi, düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası nəticəsində ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik təmin olundu. Heydər Əliyev irsini müasir dövrün çağırışlarına uyğun davam etdirən və zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycan tarixinin şanlı səhifəsini - Zəfər tarixini yazdı. Beləliklə, Azərbaycan müstəqil dövlətçilik tarixinin şərəfli bir dönəmini uğurla başa vuraraq yeni bir dövrə qədəm qoydu.
Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi mühüm rola malikdir. Parlamentdə ən çox millət vəkili ilə təmsil olunan hakim partiya hər zaman siyasi proseslərin flaqmanı olub və bu gün cəmiyyətdə partiyamıza olan münasibət yüksək səviyyədədir. Heç şübhəsiz, vətəndaşların etimadı və güclü dəstəyi qarşıdan gələn parlament seçkilərində də möhtəşəm qələbəni şərtləndirəcəkdir.
Ölkəmizin siyasi sistemində lider mövqeyə malik Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərə Prezident İlham Əliyevin sədrliyi ilə əldə etdiyimiz ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə və qələbə əzmi ilə qatılır.
- Yeni Azərbaycan Partiyasının seçki platformasında son 30 ildə əldə edilən uğurlarla yanaşı, qarşıda duran əsas hədəflər də öz əksini tapıb. Müasir çağırışlara cavab verən çoxşaxəli islahatların dərinləşdirilməsi bu kontekstdə başlıca vəzifələrdən biridir. Bununla bağlı nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və davamlı siyasi, hüquqi, sosial-iqtisadi, çoxşaxəli institusional və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyini təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, milli həmrəyliyin güclənməsinə, bütövlükdə Azərbaycan dövlətinin gücünün artmasına etibarlı zəmin yaradıb, ölkəmizin tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün edib.
Azərbaycanda hər bir sahədə olduğu kimi, təhsil sektorunda da islahatlar davam etməkdədir. Bu islahatların əsasında isə, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən strateji kurs dayanır. Prezident İlham Əliyevin yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, təbii ki, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından təkmilləşdirilməsi işinə ciddi töhfələr verir.
Uzun müddət təhsil sektorunda çalışan bir şəxs kimi deyə bilərəm ki, təhsilin inkişafı hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub və bu sahəyə ölkə rəhbərliyi tərəfindən ən yüksək səviyyədə diqqət göstərilib. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı keçirildi. 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda yer almış beş prioritet inkişaf istiqaməti üzrə hesabatlar təqdim olundu, növbəti mərhələ üçün hədəflər müəyyənləşdirildi. Bu qurultay təhsil sahəsində ciddi bir hadisə idi. Azərbaycan təhsili keçdiyi böyük tarixi yolun hesabatını verirdi. Bu yolda əldə etdiyimiz ciddi uğurlar da var, həlli vacib məsələlər də. Ən böyük uğur isə gənc nəslin tərbiyəsindəki vətənpərvərlik ruhunun Zəfər tariximizdəki roludur.
Təhsilə və müəllimlərə göstərilən dövlət qayğısı, ölkəmizdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar, müəllimlərin sertifikatlaşdırılması və diferensial əməkhaqqı sisteminin tətbiqi sağlam rəqabəti və motivasiyanı gücləndirir. Dünyada gedən sürətli rəqəmsallaşma təhsildə də transformasiyaları labüd edir. Müasir dövrün tələblərinə cavab verən insan kapitalının formalaşması zərurəti təhsil pillələrində varislik prinsipinə uyğun yeni məzmun və yeni yanaşmalar tələb edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” hər il 400 nəfər olmaqla ixtisas istiqamətində ehtiyaclara uyğun gənclərimizin xaricdə bakalavr və magistratura təhsili almaq imkanlarını ödəməklə yanaşı, gələcək kadr potensialının formalaşması istiqamətində də həyata keçirilən uğurlu proqramdır. Dövlət Proqramına dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Sərəncamına əsasən Dövlət Proqramının 2028-ci ilə qədər uzadılması, doktorantura təhsili almaq imkanlarının əlavə edilməsi, tələbələrin sayının 400 nəfərdən 500 nəfərə qədər artırılması dövlət başçısının bu sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsilalma imkanları sosial baxımdan həssas əhalinin təhsilə əlçatanlığının təmin olunması deməkdir. Müasir dövrün tələblərinə uyğun peşə təhsili istiqamətində aparılan islahatlar, yeni ixtisasların açılması da insan kapitalının formalaşmasına xidmət edir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda, Şərqi Zəngəzurda təhsil sahəsində aparılan işlər yeni nəslin uğurlu gələcəyi üçün yaradılan imkanlardır. Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti qürur mənbəyimizdir. Həmin ərazilərdə türk dövlətləri ilə əməkdaşlıq və dostluq çərçivəsində tikilən təhsil müəssisələri dövlətimizin Türk dünyasında ikitərəfli və çoxşaxəli əlaqələri inkişaf etdirərək işbirliyini dərinləşdirmək siyasətinin gözəl nümunəsidir. Bu istiqamətdə aparılan islahatların daha da genişlənəcəyinə əminik.
- Mehriban xanım, qeyd etdiniz ki, ən mühüm məqamlardan biri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin Zəfər tariximizdəki roludur. Ümumiyyətlə, dövlət gənclər siyasətinin nəticələri və bu istiqamətdə qarşıda duran hədəflər barədə nə deyə bilərsiniz?
- Azərbaycan dövlətinin güclənməsində, ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında gənclərimizin rolu danılmazdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən gənc nəslin vətənpərvər, sağlam, savadlı olması üçün əlindən gələni əsirgəməyib. “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına, yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”, - deyən Ulu Öndər yeni nəslin nümayəndələrinin potensialını yüksək qiymətləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi, minlərlə Azərbaycan gəncinin xarici ölkələrdə təhsil almasına şərait yaradan təkmil konsepsiyanın hazırlanması, istedadlı gənclərin təhsilə marağını artırmaq üçün Prezident təqaüdünün təsis edilməsi gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə gənclərin qarşısında aydın, dəqiq məqsəd və vəzifələr qoyuldu. Vətənpərvərlik, milli təfəkkürə əsaslanan azərbaycançılığa sadiqlik, ölkəmizin qüdrətlənməsi naminə fəallıq əsas məqsədlərdən idi.
Prezident İlham Əliyev gənclər siyasətinin daha da inkişafı üçün yeni imkanlar yaratdı. “İndiki gənclər üçün imkanlar, təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”, - deyən Prezident İlham Əliyev gənclərin yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmələri, savadlı kadrlar kimi hazırlanmaları, ölkənin aparıcı qüvvəsinə çevrilmələri, bütövlükdə kreativ gənclik kimi formalaşması üçün yeni imkanlar yaratdı. Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olundu. Hər bir rayon və qəsəbədə “Gənclər evi” yaradıldı. “Qara qızılın insan kapitalına çevrilməsi” prinsipinə uyğun olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Gənclər Fondu yaradıldı. Gənclərin fiziki tərbiyəsinin yüksəldilməsi, idmana cəlb olunmaları üçün ölçüyəgəlməz tədbirlər həyata keçirildi. Bölgələrdə Olimpiya İdman Kompleksləri inşa edildi. Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş” müsabiqəsi gənclərin intellektual səviyyələrinin artırılmasına, idarəçilik məharətlərinin təkmilləşməsinə dəstək oldu. Gənclər Fondu nəzdində respublikamızın şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başladı. 2020-ci il “Könüllülər ili” elan olundu.
“Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Hərbi əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyatlar nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik”, - deyən cənab Prezident vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimiz haqda daim yüksək fikirdə olub: “Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar”.
Dövlət başçısı gənc nəslin tərbiyəsində ailənin və məktəbin rolunu xüsusi qeyd edərək onların milli dəyərlər üzərində, vətənpərvərlik ruhunda tərbiyə məsələsini xüsusi olaraq vurğulamış, növbəti dövr üçün də əsas hədəf kimi təqdim etmişdir.
Gənclər siyasətinin uğurla aparılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu danılmazdır. Yalnız gənclərin deyil, müxtəlif çoxşaxəli layihə və proqramlarla bütün təbəqələri və əsasən həssas qrupları əhatə edən fəaliyyəti ilə Mehriban xanım Əliyeva saysız insanın dostuna çevrilmişdir. Mehriban Əliyevanın təhsil, mədəniyyət, səhiyyə, idman, sosial sahələri əhatə edən, humanist prinsiplərə əsaslanan, dövlət maraqlarına, milli-mənəvi dəyərlərin, Azərbaycanın imicinin dünyaya təqdim edilməsinə xidmət edən çoxşaxəli fəaliyyəti gənc nəslə hər zaman nümunədir.
Partiyamızın seçki platformasında qeyd edildiyi kimi, Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına hədəflənmişdir.
- Mehriban xanım, seçkiqabağı təşviqat mərhələsi çərçivəsində seçicilərlə görüşləriniz hansı təəssürat və qənaətləri ifadə etməyə əsas verir?
- 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər qarşımıza yeni missiya və öhdəliklər qoyur. İşğaldan azad olunmuş ərazilərimizin bərpası milli prioritetə çevrilib. Paralel olaraq respublikamızın digər regionlarının sosial-iqtisadi inkişafı da diqqət mərkəzindədir.
Seçkiqabağı təşviqat mərhələsi çərçivəsində keçirdiyimiz görüşlər zamanı seçicilər də bu məqamları vurğulayaraq görülən işləri yüksək qiymətləndirir, daha qüdrətli Azərbaycan naminə qarşıda duran hədəflərin – milli məqsədlərin reallaşdırılacağına birmənalı inam ifadə edirlər. Bu fakt ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
İnanırıq ki, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına güvəninin növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. Heç şübhəsiz, sumqayıtlı seçicilər də seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasına növbəti dəfə etimad göstərəcək, “Yeni dövrə Yeni Azərbaycanla!” qədəm qoyacaqlar.