MÜSAHİBƏLƏR
Heydər Əliyev yolu müasir Azərbaycanı zirvələrə yüksəldib
- Kamaləddin müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən parlament seçkilərinin önəmi barədə nə deyə bilərsiniz?
- Bu gün hər birimiz sabitlik diyarı, təhlükəsiz ölkə və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən qürurla bəhs edirik. Təbii ki, bütün bu nailiyyət və qələbələr asanlıqla əldə edilməyib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində yaşadıqlarımız yaddaşlarda silinməz izlər buraxıb. Müstəqilliyini bərpa edən Azərbaycanda hakimiyyətsizliyin mövcudluğu böyük faciələrə yol açdı, respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Belə bir taleyüklü məqam və mərhələdə xalq ayağa qalxdı, öz sözünü dedi, iradəsini ortaya qoyaraq müdrik dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
İnkaredilməz reallıqdır ki, hər bir ölkənin həyatında, hər bir xalqın taleyində həlledici rola malik mühüm dönüş nöqtələri olur. Azərbaycan üçün dönüş nöqtələrindən biri 1992-ci ildə xalqın istəyi, zamanın, dövrün tələbi ilə Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Həmin dönəmin reallıqları xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciətində öz əksini tapmışdı. Dahi şəxsiyyət bu müraciətə cavabında yaşanan problem və faciələrdən xilas yolunu göstərdi. Beləliklə, 21 noyabr 1992-ci ildə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Prezident İlham Əliyev YAP-ın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında həmin dövrə diqqəti yönəldərək qeyd etmişdir: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”.
Cənab İlham Əliyevin bu fikirləri dünənimizin, bugünümüzün və gələcəyimizin aydın mənzərəsini təqdim edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Bütün bu reallıqlar 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında da öz əksini tapıb. Platformada qeyd edildiyi kimi, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. Müdrik dövlət xadiminin milli maraqlara, dövrün çağırışları və reallıqlarına uyğun siyasəti nəticəsində mərkəzdənqaçma meyillərinin - dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi təmin olundu. Siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və ilk Konstitusiyanın ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması və digər addımlar plüralizmə əsaslanan siyasi sistemin bərqərar olmasına və Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə təkan verdi.
Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran Ümummilli Lider 2003-cü ildə xalqa müraciət edərək “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə vurğuladı. Azərbaycan xalqı növbəti dəfə Ulu Öndərə sonsuz inam ifadə edərək onun layiqli davamçısı cənab İlham Əliyevə böyük etimad göstərdi.
Siyasi varisliyin təmin olunması Azərbaycanın son 20 ildən artıq dövrdə qazandığı uğurların, ən başlıcası isə, tarixi Zəfərimizin əsası oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirildi. Dövlətimizin başçısı bu illər ərzində bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin etdi. Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə beynəlxalq siyasi mövqeyi də möhkəmləndi. Ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı və bu proses hazırda uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfərimiz, 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası uğurların zirvəsini təşkil edir.
Xalqımız dövlət başçısının hər bir vədinin uğurla yerinə yetirilməsinin şahididir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycanın regionun lideri kimi dünyada qüdrətli və qalib dövlət kimi tanınması hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir.
Bütövlükdə, hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Yeni hədəflərin uğurla reallaşdırılması növbəti qələbələri şərtləndirəcək.
- Yeni Azərbaycan Partiyasının seçki platformasında əksini tapan hədəflər qalib Azərbaycana nə vəd edir?
- Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün işləri ardıcıllıqla edirik. Hədəflər düzgün müəyyənləşdirilir və uğurla reallaşdırılır. Bunun nəticəsidir ki, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Əsas hədəfimiz - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası artıq reallığa çevrilib. Bu gün yeni dövrə qədəm qoyan yeni Azərbaycanın yeni hədəflərindən bəhs edirik.
Azərbaycanın hərtərəfli inkişafı üçün kompleks tədbirlərin görülməsi daim qarşıda dayanan vəzifələr sırasındadır. Yeni Azərbaycan Partiyasının seçki platformasında əksini tapan hədəflər Azərbaycanın davamlı inkişafına, xalqımızın rifahına xidmət edəcək. Qalib, bütövləşən Azərbaycan qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq. Güclü lider, düşünülmüş siyasət hər zaman ölkəmizin qarşısında geniş imkanlar açan uğurları şərtləndirir.
Azərbaycanın əsas hədəflərindən biri Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsidir. YAP-ın seçki platformasında qeyd edildiyi kimi, Böyük Qayıdış, ilk növbədə, tarixi ədalətin bərpasının təzahürüdür. Yüz minlərlə soydaşımızın yurd həsrətinə son qoyulması, onların ata-baba torpaqlarına qayıdışının təmin olunması böyük tarixi və mənəvi-siyasi əhəmiyyətə malik olmaqla ədalətin təntənəsidir. Bununla yanaşı, bu proses öz doğma yurdlarında yenidən məskunlaşan insanların “məcburi köçkün” sindromundan qurtulması, ata-baba torpaqlarında azad yaşayıb-yaratmaları, onların rifah və firavanlığının təmin olunması baxımından mühüm önəm daşıyır. Böyük Qayıdış, həmçinin müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutan Azərbaycanın dünyada imicinin daha da möhkəmləndirilməsinə və geosiyasi statusunun yeni müstəviyə yüksəlməsinə xidmət edəcək. Qarabağ və Şərqi Zəngəzurun malik olduğu potensial imkanlardan gələcəkdə səmərəli istifadə edilməsi ölkəmizin dayanıqlı inkişafına mühüm töhfə olacaq.
Bütövlükdə, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir mərhələsinə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Tarixi nailiyyətlərlə başlayan yeni dövr uğurla davam edir.
- Kamaləddin müəllim, seçkilərə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi kimi seçicilərlə görüşlər sizdə hansı təəssüratı yaradır?
- Ölkəmiz demokratik dəyərlərə sözdə deyil, əməldə sadiqliyini nümayiş etdirir. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın və çoxpartiyalı sistemin inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Bu gün Azərbaycanın demokratiya təcrübəsi nümunədir.
Müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin şahidi olacağıq. Bu, qürurverici hadisədir.
Seçkiqabağı təşviqat mərhələsi uğurla davam edir. Seçicilərlə görüşlər xoş təəssürat yaradır. Xalqımız yüksək seçki əhval-ruhiyyəsindədir. Yeni Azərbaycan Partiyası zəfərlər, qələbələr partiyası kimi böyük nüfuz qazanıb və daim ölkədə gedən bütün proseslərin mərkəzində dayanır. Seçicilərlə görüşlərdə dövlətimizin siyasətinə, Yeni Azərbaycan Partiyasına böyük inam və etimadın şahidiyik. Xalqımız zəfərlərimizlə qürur duyur və gələcəyə inamla baxır.
Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti hədəflərimizin gerçəkləşdirilməsidir. Partiyamızın seçki platformasında qeyd edildiyi kimi, siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının ardıcıl olaraq və zamanında həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması və digər hədəflər xüsusi əhəmiyyət kəsb edir.
Yeni hədəflərin uğurla reallaşdırılması üçün seçiciləri parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram.