YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Seçkilər Azərbaycanın demokratik inkişaf tarixinə yeni uğur səhifəsi kimi yazılacaq

Müsahibimiz 103 saylı Şəmkir kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nurlan Həsənov

- Nurlan müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Yeni dövrün reallıqları nədən ibarətdir?

-  Seçkilər ötən dövr ərzində qazanılan uğurlara baxış və yeni hədəflərə doğru gedən yolun başlanğıcıdır. Ötən parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbədənkənar keçirildi. Ölkədə geniş vüsət alan islahatlar prosesinin parlamentdə də əksini tapması üçün partiya belə bir təşəbbüslə çıxış etdi. Elə bu faktın özü Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüslərin Azərbaycan dövlətinin inkişafına geniş yol açdığını təsdiqləyir. Bu seçkilərlə də əlaqədar YAP eyni təşəbbüslə çıxış etdi. Beləliklə, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək növbədənkənar parlament seçkiləri 2024-cü il 1 sentyabr tarixinə təyin edildi. Ötən parlament seçkilərindən keçən dövr ərzində Azərbaycanın, Yeni Azərbaycan Partiyasının həyatında hansı yeniliklərin baş verdiyini partiyanın seçki şüarlarında daha aydın görürük. Ötən parlament seçkilərində YAP “Daha güclü Azərbaycan naminə!” söylədi. Bu seçkilərdə isə “Yeni dövrə Yeni Azərbaycanla!” deyirik. Təkcə bu iki şüarın mahiyyəti, özündə ehtiva etdiyi məna Azərbaycanın, həmçinin Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu təqdim edir. 2020-ci il fevralın 9-da keçirilən parlament seçkilərindən indiyədək qazanılan zəfərlər həyata keçirilən siyasətin bugünümüzə və gələcəyimizə xidmət etdiyini təsdiqləyir. 

Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qanunverici orqanın, deputatların qarşısında dayanan vəzifələri açıqladı. O bildirdi ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir: “Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır”.

 Ötən parlament seçkilərindən bugünədək Azərbaycanın qazandığı uğurlara diqqət yetirsək, qanunverici orqanın da rolunu görərik. Cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında  qəbul olunan yeni qanunların, yaxud mövcud sənədlərin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinin rolu böyükdür. Hüquqi baza rolunu oynayan bu sənədlər  gələcək inkişafın əsasına çevrilir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın demokratik inkişafında ölkəmizdə sabitliyin və qanunun aliliyinin təmin edilməsinin rolu böyükdür. İnsan hüquqlarının qorunması və müdafiə mexanizmlərinin müəyyənlşdirilməsi dövrün tələblərinə uyğun olaraq milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsində özünün aydın ifadəsini tapır. O da məlumdur ki, bu günədək Konstitusiyaya 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. Bu əlavə və dəyişikliklərin böyük bir qismi  insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində təkmilləşməyə xidmət edir.

Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” çağırışı əsasında cəmiyyətə təqdim olunan seçki platformasında da əsas diqqət göstərilən sahələrdən biri demokratik islahatlardır. Bu mühüm məqam xüsusi qeyd edilir ki, Azərbaycan xalqının hakimiyyətin yeganə mənbəyi olması, seçkili orqanlara seçkilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilməsi, əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ölkəmizin demokratik siyasi sisteminin əsaslarını təşkil edir.

Demokratik dəyərlərə sədaqət siyasi sistemin inkişafını təmin edən faktorlardan biridir. Plüralizm, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, qanunların aliliyinə riayət olunması YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır. Yeni Azərbaycan Partiyası demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir. Partiyanın Proqramında təsbit olunan prinsiplərdən biri demokratik ənənələrin inkişafıdır. YAP öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. Hər zaman demokratik siyasi mühitin və plüralizmin tərəfdarı olan, siyasi sistemin inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcək, qarşıda duran milli məqsədləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcək.

Bu sahədə əsas hədəflərə gəldikdə isə, qanunun aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquqlarının, söz, fikir və ifadə azadlığının qorunması, demokratik təsisatların güclənməsinə və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən tədbirlərin davam etdirilməsi,  dövlət orqan və qurumlarında, özəl sektorda şəffaflığın daha da artırılması üçün ictimai institutlara dəstəyin gücləndirilməsi,  demokratik dəyərlərə zidd olan neqativ hallara qarşı mübarizənin sistemli şəkildə davam etdirilməsi,  demokratik inkişaf naminə digər siyasi partiyalarla fəal dialoq və konstruktiv əməkdaşlığın davam və inkişaf etdirilməsi prioritetlər sırasındadır.

Prezident İlham Əliyev daim siyasi dialoq mühitinin qorunmasını və təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur.  Son illərdə bu sahədə müsbət  nəticələr diqqətdən kənarda qalmır. Bu faktı da qeyd edim ki, 1 sentyabr - növbədənkənar parlament seçkilərinə 25 siyasi partiya qatılıb. Bu, demokratiyanın vacib göstəricilərindən biridir.

- Yeni Azərbaycan Partiyasının seçki platformasında bir çox məsələlərlə yanaşı, müasir çağırışlara cavab verən çoxşaxəli islahatların davam etdirilməsi və dərinləşdirilməsi ilə bağlı vacib məqamlar əksini tapıb. Bununla bağlı nə deyə bilərsiniz?

- İqtisadi və siyasi islahatların vəhdətinin qorunması ölkəmizin hərtərəfli inkişafında başlıca amildir. Azərbaycan daim yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir. Partiyanın seçki platformasında qeyd edildiyi kimi, Heydər Əliyev yolunu uğurla və inamla davam etdirən Prezident İlham Əliyev 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra andiçmə mərasimində yeni islahat dalğasının anonsunu vermişdi. Qısa müddət ərzində çoxşaxəli institusional və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyini təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, milli həmrəyliyin güclənməsinə, bütövlükdə Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin yaratdı. Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdığını təsdiqləyir.

Möhkəm təməl  artıq  uğurlarla zəngin bir mərhələdən yeni dövrə qədəm qoymağa yol açdı. Günümüzün əsas çağırışları sırasında yeni dövrün hədəflərini gerçəkləşdirmək mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının seçki platformasında qeyd olunduğu kimi, müasir mərhələdə islahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, inkişafın yeni hərəkətverici qüvvələrinin təşəkkül tapmasına və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradacaq. Azərbaycanın islahatlar yolu ilə inkişafı istiqamətində əsas hədəflər idarəetmədə çeviklik və effektivliyin artırılması məqsədilə institusional və struktur islahatlarının davam etdirilməsi, yüksək dövlətçilik şüuruna malik, milli-mənəvi dəyərlərə sadiq, azərbaycançılıq ideologiyasını, müasir bilik və bacarıqları mənimsəmiş intellektual kadrların yetişdirilməsi və idarəetmənin müxtəlif sahələrində irəli çəkilməsi,  siyasi sistemin inkişaf etdirilməsi və yeni siyasi konfiqurasiyanın möhkəmləndirilməsinə yönəlik təşəbbüslərin reallaşdırılması və məmur-vətəndaş təmasının minimuma endirilməsidir.

- Nurlan müəllim, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olaraq  keçirdiyiniz görüşlər zamanı  seçicilərdə  hansı əhval-ruhiyyəni görürsünüz və onlara çağırışınız nədən ibarətdir?

- Yeni dövrün əsas reallığı dövlət suverenliyimizin tam bərpa olunmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını və üçrəngli Bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir. Bütün ölkə ərazisi üzrə parlament seçkilərinin keçirilməsi qürurvericidir.

Yeni hədəflər yeni çağırışlarla tamamlanır. Bu seçkilər ölkəmiz üçün yeni müvəffəqiyyətlər vəd edir və Azərbaycanın demokratik inkişaf tarixinə yeni uğur səhifəsini yazacaq.

Bu gün insanlarda xoş ovqatın şahidiyik. Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb. Bütün seçiciləri  seçkilərdə fəal iştirak etməyə və dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıram. Səsimizlə dəstək olaq, Yeni dövrün Yeni Azərbaycanının uğur və qələbələrinə töhfələr verək!