YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni dövrün yeni zəfərlərlə zənginləşməsi üçün geniş imkanlar mövcuddur

Müsahibimiz 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Həsənov

- Malik müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm ümumxalq Zəfərindən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən parlament seçkilərinin önəmi barədə nə deyə bilərsiniz?

- Qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan ölkənin vətəndaşı olmaq böyük qürurdur. Xalqımızın bu uğurların  fonunda bütün ölkə ərazisini əhatə edəcək seçkilərdə iştirak edəcəyinin sevinci onların fəallığında, təşkil edilən görüşlərdə səsləndirdikləri fikirlərdə özünün aydın ifadəsini tapır. Ölkədə keçirilən seçkilər daim belə yüksək ovqatla müşayiət olunur. Lakin cari ilin seçkilərində tamamilə fərqli bir ab-havanı müşahidə edirik.

Uğurlarımıza yol açan və bundan sonra da Azərbaycana möhtəşəm  zəfərlər qazandıracaq amil məhz Heydər Əliyev siyasətidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanın bugünkü və gələcək inkişafının təməlini qoydu. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Ölkədə hakimiyyətsizliyin mövcudluğu Azərbaycanı böyük faciələr, problemlərlə üz-üzə qoymuşdu. Azərbaycan müstəqilliyini itirmək və bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Belə çətin məqamda yenə də xalqına arxa - dayaq olan, səsinə səs verən Ulu Öndər Heydər Əliyev idi. Ümummilli Liderin  xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyasının göz önünə gəlməsi səbəbsiz deyil. Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin, qətiyyətinin, xalqına, dövlətinə bağlılığının  nəticəsi olaraq faciələrdən xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı. 1993-cü ilin iyun ayından başlanan yol uğurla davam edir, Azərbaycanı möhtəşəm uğurlara, zəfərlərə qovuşdurur, insanlarda yüksək əhval-ruhiyyənin, gələcəyə inamın daha da artmasını şərtləndirir. Bugünkü qalib və bütövləşən Azərbaycan bunun bariz nümunəsidir.

Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətçilik tarixinin mühüm uğurlarla, zəfərlərlə zəngin mərhələsini başa çatdıraraq yeni dövrə qədəm qoyub. Bu dövrün başlanmasını şərtləndirən başlıca uğurumuz, təbii ki, ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması idi.

Azərbaycanın uğurlarından, gücündən və qüdrətindən, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətindən bəhs edərkən ilk olaraq  44 gündə 30 ilin işğalına son qoyulması, tarixi ədalətin bərpası, onun ardınca isə 2023-cü ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi böyük qürur hissi ilə qeyd edilir.

Azərbaycanın addım-addım hədəflərə doğru inamla irəlilədiyinin şahidi olan xalq hər zaman Heydər Əliyev yolunun davamına dəstəyini ölkə Prezidentinin ətrafında sıx birləşməsi, Yeni Azərbaycan Partiyasına böyük inamı, etimadı ilə, eyni zamanda, ölkədə keçirilən seçki prosesində yüksək fəallıq nümayiş etdirərək verdiyi səslərlə ifadə edir. Bugünkü seçki ab-havası da bunun bariz nümunəsidir.

2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə, xalq kimi qədəm qoyduq. Bu dövrün əsas çağırışlarından biri kimi 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi həyata keçirilən siyasətə dəstəyin, Heydər Əliyev yoluna sədaqətin  ifadəsi oldu. Əminik ki, 1 sentyabr - növbədənkənar parlament seçkilərinin nəticələri də bu inamın daha bir təsdiqi olacaq.

- Yeni Azərbaycan Partiyasının seçki platformasında son 30 ildə qazanılan möhtəşəm uğurlar və qarşıda duran hədəflər öz əksini tapıb. Yeni dövr hansı çağırışları özündə ehtiva edir?

- Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti hədəflərin  gerçəkləşdirilməsidir. Bu hədəflər bütün sahələri əhatə edir.

Azərbaycanın hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizə hansı sahədən baxsaq, zəngin təcrübənin, uğurlu, davamlı inkişafın şahidi olarıq. 2020-ci ilin 10 noyabr tarixindən isə hədəflərimiz sırasına işğaldan azad edilmiş ərazilərimizin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi daxil olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2020-ci il  noyabr 16-da Füzuli və Cəbrayıl rayonlarına səfərləri bu istiqamətdə atılan mühüm addım oldu. Bu ilk səfər özündə mühüm məqamları və mesajları ehtiva etdi: bu torpaqların əsl sahibi bizik və burada əbədi olacağıq! Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsini qarşıya əsas hədəf kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin miqyası bu əminliyə əsas verir.

Qarabağımızın və Şərqi Zəngəzurumuzun hava qapılarının qısa müddətdə dünyaya açılması iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynadı. Bu mühüm addım həmin ərazilərimizin strateji əhəmiyyətinə də işıq saldı. Azad edilmiş torpaqlarımızda üç beynəlxalq hava limanının inşası nəzərdə tutulurdu. Artıq onlardan ikisi - Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir. Onun cari ilin sonu, 2025-ci ilin əvvəli üçün istifadəyə verilməsi planlaşdırılır. Bu qısa dövrdə dörd şəhərə və dörd kəndə soydaşlarımızın qayıdışı görülən işlərin aydın mənzərəsini yaradır. Qürurvericidir ki, sakinlərinə qovuşan şəhərlərimiz sırasında Şuşa və Xocalı da var. Bu ilin sentyabr ayında isə Xankəndi şəhərinə köç başlayacaq. Suverenliyimizin bərpasından keçən az müddətdə belə genişmiqyaslı işlərin görülməsi, soydaşlarımızın yüksək rifah şəraitində yaşayışı üçün zəruri imkanların yaradılması dövlətimizin qüdrətini, Azərbaycan xalqının necə qurucu, öz torpaqlarına sahib çıxan xalq olduğunu nümayiş etdirir.

Cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə  7 fevral - növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində səs verməsi isə tariximizin qürurverici hadisələrindən oldu. Müzəffər Ali Baş Komandan ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdi: “Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Yeni hədəflərin gerçəkləşdirilməsi ilə qalib, bütövləşən Azərbaycanın gücü, qüdrəti daha da artır. Cənab İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası gələcək inkişafımız üçün olduqca mühüm əhəmiyyətə malikdir.

Yeni Azərbaycan Partiyasının seçki platforması Azərbaycanın 30 ildə qazandığı uğurların və yeni dövrə qədəm qoyan ölkəmizin hədəflərinin təqdimatıdır. Bu hədəflərin reallaşdırılması Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirəcək. Yeni Azərbaycan Partiyasının seçki platformasında Böyük Qayıdışla əlaqədar əsas hədəflər sırasında işğaldan azad olunmuş ərazilərdə yaşayışın bərpası üçün müasir şəhərsalma konsepsiyası əsasında geniş quruculuq işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma torpaqlarına qayıtmasının və onlara orada layiqli həyat şəraitinin təmin olunması, regionun iqtisadi potensialından səmərəli istifadə olunması və ölkə iqtisadiyyatına reinteqrasiyasının həyata keçirilməsi, xalqımızın milli-mədəni irsinin bərpası, ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması, ekoloji təmiz texnologiyaların tətbiqi ilə ətraf mühitin qorunması, yaşıl enerji potensialından səmərəli istifadə olunması kimi milli məqsədlər qeyd edilib.

Bu mühüm uğurumuzu da qeyd etmək istərdim ki, noyabr ayında Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Ölkəmiz bu tədbirin birlik, həmrəylik tədbirinə çevrilməsi üçün səylər göstərir. Əməkdaşlıq məkanı kimi tanınan Azərbaycanın bu rolunun tarixi Zəfərimizdən sonra daha da artdığı, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış etdiyi diqqətdən kənarda qalmır. Hər bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi Azərbaycanın nüfuzunu artırır, mövqeyini daha da möhkəmləndirir. Göründüyü kimi, yeni dövrün yeni uğurlarla, zəfərlərlə davam etməsi üçün geniş imkanlar mövcuddur.

- Malik müəllim, Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçicilərə hansı çağırışı edərdiniz?

- Ölkəmiz demokratik dəyərlərə sadiqliyini hər zaman atdığı addımlarla təsdiqləyir. Demokratikləşmə prosesini Azərbaycanın hərtərəfli inkişafının əsası kimi dəyərləndirən dövlətimizin başçısı cənab İlham Əliyev qeyd edir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.

Azərbaycan yeniliyə, təkmilləşməyə açıq ölkədir. Bu baxımdan,  1 sentyabr - növbədənkənar parlament seçkiləri yeni dövrə qədəm qoyan Azərbaycanın bütün sahələrdə davamlı inkişafına böyük töhfə olacaq. Bunun üçün seçicilərlə keçirilən görüşlərdə əsas çağırışımız bu olur ki,  səsvermə prosesində fəal olsunlar, ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərsinlər.