MÜSAHİBƏLƏR
Yeni Azərbaycan Partiyası zəfərdən-zəfərə inamla addımlayır
- Bədəl müəllim, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə seçkiöncəsi ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Bu gün beynəlxalq ictimaiyyət qalib və qüdrətli dövlət olan Azərbaycanın timsalında sabitliyin hansı uğurlara yol açdığının şahididir. Azərbaycan sabitlik diyarı, təhlükəsiz ölkə, tolerantlığın, multikultural dəyərlərə bağlılığın ünvanı kimi dünyanın diqqətindədir. Dövlətimizin əldə etdiyi bütün bu uğurlar Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanı zirvələrə yüksəldib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas etdi. Ölkədə qısa müddətdə yaradılan sabitlik digər sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycan demokratik inkişaf yoluna qədəm qoydu.
Bu gün dünyada inkişafın Azərbaycan modelinin mövcudluğu hər birimizi qürurlandırır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi zaman dövrün reallıqlarına əsasən bu əminliyi ifadə etmişdi ki, bu çətin günlər keçib gedəcək, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı belə qüdrətli, zəngin ölkənin vətəndaşı olması ilə fəxr edəcək. Ulu Öndərin bu çağırışı çox qısa zamanda reallığa çevrildi. Azərbaycan yenidən quruldu, dövlətçiliyin əsasları yaradıldı.
Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməl sonrakı davamlı inkişafın əsasına çevrildi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illər üçün strateji istiqamət oldu. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına böyük inam ifadə edilir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Cənab İlham Əliyev bu inamı, etimadı təkmil islahatları, yeniliyi, müasirliyi özündə ehtiva edən siyasəti ilə doğrultdu. Prezident İlham Əliyev Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində qüdrətli, yeni Azərbaycan qurdu, vaxtilə xəyal kimi görünən arzuları reallığa çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə söylədiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” fikirləri ona olan inam və etimadı yüksək səviyyədə doğrultduğunu bir daha təsdiqləyir.
Ölkəmizin sabitlik diyarı kimi nüfuz qazanması iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadı. Təbii ki, əməkdaşlıqda maraqlı olan dövlət ilk olaraq həmin ölkədə demokratik inkişafa və sabitliyə diqqət yetirir. Azərbaycan bu gün istənilən sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir. Bu inkişaf, tərəqqi insanların həyatında da özünün aydın ifadəsini tapıb.
Bir sözlə, 1993-cü ildən inkişaf yoluna çıxan Azərbaycan bu gün davamlı uğurları ilə dünyanı heyrətləndirir. Təbii ki, bütün bu amillər ölkədə xoş əhval-ruhiyyənin mövcudluğuna əsas verir. Ölkəmizdə seçkiöncəsi vəziyyət olduqca müsbətdir. Demokratik seçki mühiti mövcuddur. 25 siyasi partiyanın seçkilərdə iştirak etmək üçün namizədlərini irəli sürməsi özündə mühüm məqamları ehtiva edir. Bütün namizədlərə bərabər şərait yaradılıb. Seçkilərə hazırlıq prosesinin bütün mərhələlərinin yüksək fəallıq şəraitində həyata keçirilməsi də bunun bariz nümunəsidir. Azərbaycan dövləti seçkilərin demokratik, azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atır.
Tarixi Zəfərimiz – ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi müstəsna əhəmiyyətə malikdir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərinin ardınca parlament seçkilərinin keçirilməsi olduqca mühüm məqamlardandır. Uğurlarımız, zəfərlərimiz davamlı, onların fonunda müəyyənləşdirilən hədəflər isə çoxşaxəlidir.
Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi, qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası bu dəfə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə hədəflərini açıqlayır. Partiyanın seçki platformasında son 30 ilin uğurları və onların əsasında müxtəlif istiqamətlər üzrə qarşıdakı dövrün hədəfləri öz əksini tapıb.
- Hər bir seçki Yeni Azərbaycan Partiyasına xalqın inamın və etimadının ifadəsinə çevrilir. YAP-ın cəmiyyətdə belə yüksək nüfuz qazanmasını şərtləndirən amillər hansılardır?
- Bu reallıq inkaredilməzdir ki, YAP xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Siyasi arenada dövlətçilik mövqeyindən çıxış edərək hər zaman xalqın mənafeyini üstün tutub və qısa zamanda ümumxalq rəğbətini qazanıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyev partiyanın gələcəyinə olan inamını “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ilə ifadə etdi. Ulu Öndər bu inamını, eyni zamanda, “Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir” fikirləri ilə də ifadə etmişdir.
Sözü ilə əməl birliyi, Heydər Əliyev yoluna sadiqlik Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edən, təkmilləşən, yeniləşən Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, regionda ən güclü siyasi təşkilatdır. YAP ənənələri olan partiyadır. Dövlətimizin başçısı, partiyamızın Sədri İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda partiyanın 2021-ci il 5 mart tarixində keçirilən VII qurultayında bu inamı ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
YAP-ın uğurlu fəaliyyəti Azərbaycanda sabitlik, əmin-amanlıq, tərəqqi, dövlətimizin maraqlarının qətiyyətlə qorunması, ölkəmizin müasirləşməsi, yeniləşməsi baxımından böyük önəm daşıyır.
Bu gün həm Azərbaycan, həm də Yeni Azərbaycan Partiyası yaradılan möhkəm təməl üzərində uğurla inkişaf edir, zəfərdən-zəfərə inamla addımlayır. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası hər birimizdə böyük qürur hissi yaradan tarixi Zəfərimizin yaratdığı reallıqların qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirir. Yeni Azərbaycan Partiyası ardıcıl uğurlarımıza söykənərək “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkilərə qatılıb.
- Bədəl müəllim, seçicilərlə görüşlər sizdə hansı qənaəti yaradır?
- Qeyd etdiyim kimi, ölkəmizdə demokratik seçki mühiti mövcuddur. Hər bir siyasi partiyaya, onun namizədinə öz seçki platformasını cəmiyyətə təqdim etmək üçün bərabər imkanlar yaradılıb.
Seçicilərlə keçirilən görüşlər Yeni Azərbaycan Partiyasının namizədi olaraq məndə xoş ovqat yaradır. YAP-a böyük inamın, dəstəyin şahidinə çevrilirik. Onlar qalib Azərbaycanın nailiyyətlərindən, Yeni Azərbaycan Partiyasının bu inkişafa, tərəqqiyə verdiyi töhfələrdən geniş bəhs edərək uğurların davamlılığını təmin etmək üçün partiyanın namizədlərinə səs verəcəklərini, seçimlərinin dəyişməz olduğunu bildirirlər.
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində hər bir seçicini fəal olmağa, səsvermə hüququndan istifadəyə etməyə, yeni dövrə Yeni Azərbaycanla addımlamaq üçün düzgün seçim etməyə çağırıram. Seçimimiz gələcəyimizdir. Bu gələcəyi daha möhtəşəm uğurlarla zənginləşdirmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq!