MÜSAHİBƏLƏR
Yeni hədəflər milli maraqlara əsaslanmaqla qlobal çağırışlara cavab verir
- Eldar müəllim, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki prosesinin gedişatı və hazırkı ictimai-siyasi vəziyyət barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizdə qanunvericilik hakimiyyətini həyata keçirir. Ona görə də hər bir Azərbaycan vətəndaşı haqlı olaraq parlamentə üzv olmaqla dövlətinə və xalqına ləyaqətlə xidmət etməyi özü üçün böyük şərəf hesab edir. Namizədliyi qeydə alınan şəxslər sırasında respublika ictimaiyyətinin, demək olar ki, bütün təbəqələrini təmsil edən insanlar var. Əlbəttə, namizəd olmaq istəyənlərin sayı daha çox idi. Lakin bir çoxları lazım olan sənədləri vaxtında və Seçki Məcəlləsinin tələblərinə uyğun təqdim edə bilmədilər. Artıq qeydə alınan namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Bu kampaniyanın uğurla həyata keçirilməsi üçün heç bir ayrıseçkiliyə yol vermədən hər bir namizədə bərabər şərait yaradılmışdır. Namizədlər təbliğat üçün müəyyən edilmiş yerlərdə və açıq havada seçicilərlə heç bir maneə olmadan görüşüb özlərinin seçki platformalarını izah etmək, seçicilərin suallarını cavablandırmaq imkanına malikdirlər.
Bir sözlə, ölkəmizdə Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkiləri demokratik, azad və şəffaf şəraitdə keçirmək üçün hər bir şərait mövcuddur. Ona görə də həm deputatlığa namizədlər, həm də seçicilər seçkiqabağı yaradılan bu əlverişli mühitdən öz məmnunluğunu ifadə edirlər.
- “Yeni dövrə Yeni Azərbaycanla! şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında Azərbaycanın əldə etdiyi nailiyyətlər və qarşıda duran əsas hədəflər öz əksini tapıb. Bu barədə nə deyə bilərsiniz?
- Qazandığımız bütün uğurların zirvəsində dayanan ən zəruri nailiyyət, şübhəsiz ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində Ermənistanın 30 illik işğalına son qoyuldu və xalqımızın arzusu yerinə yetirildi. Hazırda azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir. Biz inanırıq ki, partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı və diqqəti sayəsində işğaldan azad olunmuş bütün ərazilərdə müasir tələblərə cavab verən, ləyaqətli həyat və fəaliyyət üçün əlverişli şərait yaradılmaqla bu torpaqlardan köçkün düşən insanlarımız tezliklə öz ata-baba yurdlarında məskunlaşacaqlar.
Bu gün Azərbaycan dünyada dialoq və əməkdaşlıq məkanı kimi tanınır, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar ölkəmizə beynəlxalq ictimaiyyət tərəfindən göstərilən böyük etimadın bariz nümunəsidir. Bu etimadın qazanılması Prezident İlham Əliyevin 20 ildən çoxdur ki, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə uğurla həyata keçirdiyi genişəhatəli fəaliyyətin nəticəsidir.
Yeni Azərbaycan Partiyası hədəflərini ölkədə və beynəlxalq aləmdə yaranmış vəziyyəti və mövcud reallıqları nəzərə alaraq müəyyən edir. Əgər biz əvvəllər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini əsas hədəf götürürdüksə, indi bu istiqamətdə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun hər cür təhdidlərdən qorunmasıdır.
Partiyamızın seçki platformasında xarici siyasət sahəsində yeni hədəf Türk dövlətləri ilə ikitərəfli əlaqələrin və Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsidir. Ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi sahəsində də yeni hədəflər müəyyən edilmişdir. Bunlar iqtisadi inkişafla ekoloji mühit arasında tarazlığın qorunması, yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməsi, “yaşıl enerji”nin dünya bazarlarına nəqli və digərləridir.
Yeni Azərbaycan Partiyasının seçki platformasında bütün fəaliyyət istiqamətləri üzrə qlobal çağırışlar nəzərə alınmaqla çoxsaylı yeni hədəflər müəyyən edilmişdir.
- Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi kimi seçicilərlə görüşlər keçirirsiniz. Təəssüratınız necədir?
- Mən keçən əsrin 90-cı illərinin əvvəlində Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin rəhbərliyi altında məsul vəzifələrdə işləmişəm. 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının təşkil edilməsində fəal iştirak etmişəm və partiya yarandığı gündən onun üzvü olmuşam. Uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm və partiyamızın səmərəli fəaliyyəti üçün əzmlə çalışıram. Partiyamız tərəfindən növbəti dəfə deputatlığa namizədliyim irəli sürülüb və buna görə son dərəcə qürurluyam.
Parlamentə üzv olduğum əvvəlki çağırışlarda uzun müddət Milli Məclisin Aqrar siyasət komitəsinə, VI çağırışda isə İntizam Komissiyasına rəhbərlik etmişəm. Deputat olduğum bu illər ərzində qanunvericilik bazasının təkmilləşdirilməsində fəal iştirak etməklə təşəbbüslər göstərmiş, seçicilərimin və digər vətəndaşlarımızın müraciətlərinə məsuliyyətlə yanaşaraq onların qaldırdığı problemlərin həll olunmasına çalışmışam. Bütün bunlar açıq və şəffaf şəraitdə baş verdiyindən seçicilər də xəbərdardır.
Hazırda təşviqat mərhələsində bütün görüşlərimiz xoş əhval-ruhiyyədə keçir. Seçicilər Ümummilli Liderimizin qurucusu olduğu, bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasına inam və etimadlarını ifadə edir, partiyamızı birmənalı şəkildə dəstəklədiklərini vurğulayırlar.
İnanırıq ki, bu seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır. Mən seçiciləri seçkilərdə fəal iştirak etməyə və xalqımıza mühüm uğurlar qazandırmış Yeni Azərbaycan Partiyasını dəstəkləməyə, birlikdə növbəti zəfərlərə doğru addımlamağa çağırıram.