MÜSAHİBƏLƏR
Seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq
- Heydər müəllim, ölkəmiz mühüm ictimai-siyasi proses - növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Hər bir seçki ölkə reallıqlarının, o cümlədən demokratik inkişafın təqdimatıdır. Mövcud gerçəkliklər kontekstində ölkəmizdə seçkiöncəsi vəziyyəti necə qiymətləndirmək olar?
- Qalib, bütövləşən, möhtəşəm uğurları ilə dünyanın diqqətində olan və yeni dövrə qədəm qoyan Azərbaycanın mühüm reallıqlarından biri sabitlik və təhlükəsizlik adası kimi yüksək nüfuz qazanmasıdır. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınmasında və yüksək nüfuz qazanmasında bu amilin rolu böyükdür.
Müstəqilliyimizin bərpasının ilk illərinə nəzər saldıqda sabitliyin ölkənin siyasi taleyində nə qədər böyük rol oynadığı özünü aydın şəkildə nümayiş etdirir. O illərdə ölkədə hakimiyyətsizliyin hökm sürməsi Azərbaycanı böyük faciələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək və bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşadı. Bu məqamı da xüsusi vurğulamaq istərdim ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar ölkəmizin daim dünyanın diqqət və marağında olmasını şərtləndirib. Bu reallıq inkaredilməzdir ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətimizi məhv olmaqdan xilas etdi. Ümummilli Lider bu çağırışı etdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam mühit yaranmasa, heç bir sosial -iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Bu çağırışın davamı olaraq xüsusi vurğulandı ki, yeni Azərbaycanda demokratiya prinsipləri bərqərar olmalı, vətəndaşların azadlığı təmin edilməli, insan haqları qorunmalıdır. Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoyuldu. Respublikamızın qısa zamanda böyük investisiyalar məkanına çevrilməsi sabitliyin, qanunun aliliyinin təmin edilməsinin real təzahürü idi.
Bu gün iqtisadi və siyasi islahatların vəhdətinin təmin edilməsi ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar bərqərar olunub. İnsan hüquqları yüksək səviyyədə qorunur, azad mətbuatın inkişafı təmin edilib, yeni siyasi konfiqurasiya şəraitində çoxpartiyalı sistem inkişaf etdirilir, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün təkmil qanunvericilik mövcuddur. Eyni zamanda, Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, beynəlxalq standartlar nəzərə alınmaqla yeni əlavə və dəyişikliklər edilir.
Ölkəmizin seçki təcrübəsi Azərbaycanın demokratik dəyərlərə böyük önəm verdiyini nümayiş etdirir. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin demokratik təsisatların inkişafı yönündə atdığı addımlar davamlılığı və səmərəliliyi ilə diqqətdədir. Ümummilli Lider Heydər Əliyevin “Demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz” fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Dövlətimizin başçısı hədəfləri açıqlayarkən bu çağırışı xüsusi qeyd edir ki, gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaq, siyasi islahatlar davam etdiriləcək. Bu, Azərbaycanın prinsipial siyasətidir.
- Bu gün Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi fonunda yaratdığı yeni reallıqlarla dünyanın diqqət mərkəzindədir. Yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında duran başlıca hədəflər hansılardır?
- Bu gün böyük qürur hissi ilə tarixi Zəfərimizdən bəhs edirik. 30 il ərzində əsas hədəfimiz torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması idi. Yeni Azərbaycan Partiyasının hədəflərində də bu məsələlər başlıca prioritet kimi xüsusi yer tuturdu. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, xalqımızın birliyi, ordumuzun qüdrəti sayəsində bu hədəfə nail olacağıq.
Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdıran Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində Azərbaycanı uğurlu gələcəyə aparacaq, torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcək ünvanı göstərdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, zənginləşdirəcək, yeni zəfərlərə doğru aparacağıq.
Bu vədin əsasında, təbii ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi hədəfi dayanırdı. 2003-2020-ci illər torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir. Azərbaycan bu dövrdə bütün sahələrdə uğurlu inkişafa nail oldu. Diplomatik mübarizədə mühüm qələbələr qazandıq. Ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında qərarlaşdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətinin nümayişi oldu. Tarixi Zəfərimizdən üç il sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi.
Son 20 ildə verilən bütün vədlərin yerinə yetirilməsi artıq yeni dövrün yeni hədəflərinin müəyyənləşdirilməsini şərtləndirdi. Bu ilin fevral ayında növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən əsas amil də məhz dövlət suverenliyinin və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi oldu. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdi ki, 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirildi. Dövlət başçısı “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik” , - deyə vurğuladı. Müzəffər Ali Baş Komandan bu məqamı da böyük qürur və əminliklə bildirdi ki, “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayır. Uğurla da davam edəcək”.
Bu gün Azərbaycan xalqı yeni dövrün uğurlu davamının təsdiqi olan 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə ilə hazırlaşır. Siyasi sistemin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, bu siyasi kampaniyaya da qələbə əzmi ilə qatılıb.
Hər bir seçki dairəsi üzrə namizədlərini irəli sürən Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir. Hər bir seçki kampaniyası partiyanın cəmiyyətdəki nüfuzuna, xalqın ona inam və etimadına işıq salmaqla yanaşı, YAP-ın dövrün çağırışlarını öz seçki platforması və şüarları ilə ifadə etdiyini nümayiş etdirir. Vaxtilə seçkilərə “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə qatılan YAP-ın bugünkü şüarı “Yeni dövrə Yeni Azərbaycanla!”dır. Bu çağırış özündə Azərbaycanın bugünkü reallıqlarını və qarşıdakı dövrün hədəflərini açıqlayır.
Tarixi Zəfərimizdən sonra Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında verdiyi tapşırığa əsasən “Biz birlikdə güclüyük!” devizi əsasında yeni Proqramını ictimaiyyətə təqdim edən YAP bu gün yeni reallıqların qarşıya qoyduğu vəzifələri də uğurla yerinə yetirir.
Partiyanın seçki platformasında uğurlarımız və onların əsasında müəyyənləşdirilən hədəflər öz əksini tapıb. Bu hədəflər ictimai-siyasi sabitliyin və milli təhlükəsizliyin təmin olunmasını, xalqımızın mədəni irsinin və milli-mənəvi dəyərlərinin qorunmasını, milli maraqlara əsaslanan xarici siyasəti və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, demokratik inkişafı, müasir çağırışlara cavab verən çoxşaxəli islahatları, davamlı və dayanıqlı iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsini, müasir ordu quruculuğunu, gənclər siyasətini, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin olunmasını, işğaldan azad edilmiş ərazilərə tarixi qayıdışı və böyük quruculuq prosesini əhatə edir.
Möhtəşəm nailiyyətlərimiz, vətəndaş məmnunluğunun artırılmasına yönələn addımlar və onların uğurlu nəticələri Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılmasına stimul verir. Əminik ki, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına birmənalı dəstəyinin növbəti ifadəsi olacaq. Xalqımız Heydər Əliyev yoluna sədaqətini, Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə inam və etimadını bir daha nümayiş etdirəcək.
- Heydər müəllim, seçicilərə hansı çağırışı edərdiniz?
- Azərbaycanın uğurlu inkişafı, zəfərləri göz önündədir. Prezident İlham Əliyevin daim bəyan etdiyi kimi, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünü təsdiqləyir.
Davamlı uğurlarımız seçicilərə bu çağırışı etməyə əsas verir ki, hər kəs 1 sentyabr - parlament seçkilərində fəal iştirak etsin, Azərbaycanın gələcəyi naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs versin, növbəti zəfərlərə doğru inamlı addımların atılmasına dəstək göstərsin. Yeni dövrə Yeni Azərbaycanla addımlayaq, daha möhtəşəm uğurlara imza ataq!