YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Yeni dövrə Yeni Azərbaycanla!” şüarı müasir dövrün əsas çağırışıdır

Müsahibimiz 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məlahət İbrahimqızı

- Məlahət xanım, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki prosesinin gedişatını və mövcud ictimai-siyasi durumu necə dəyərləndirirsiniz?

- Ölkəmizdə seçkiqabağı mühit istər cəmiyyətdə mövcud olan ictimai-siyasi durum, istərsə də həmrəylik və əmin-amanlıq baxımından çox yüksək səviyyədədir. Müdrik Azərbaycan xalqı bu gün ağı qaradan ayırmağı, gerçək əməli qiymətləndirməyi bacarır. Xalqımız dövlət müstəqilliyinə qovuşduğu ilk illərdən 1993-cü ilə qədər müddətdə tarixinin ən acı, ağır, böhranlı illəri yaşadı. Çörəklə imtahan, torpaqların işğalı, qaçqınlıq və köçkünlüklə, vətəndaş müharibəsi ilə, Xocalı faciəsi, deportasiya və etnik təmizləmə kimi məşəqqətlərlə sınağa çəkildi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyev respublikamızda hakimiyyətə qayıtdıqdan sonra hər kəsin qəlbində gələcəyin ümid və inam işığı yandı və Azərbaycan öz taleyini, xilasını birmənalı olaraq Heydər Əliyev və onun uzaqgörən siyasətində gördü. Bu mənada, 1993-cü ildən bugünədək Azərbaycanda ictimai-siyasi mühitin, əhalinin seçki fəallığının artan dinamikasını görürük. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən bugünədək olan dövrdə əhalinin bütün təbəqələrinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə sarsılmaz birliyin və vətəndaş həmrəyliyinin bir daha şahidi olduq. Azərbaycan insanı Heydər Əliyev siyasətini müdrikliklə həyata keçirən Müzəffər Ali Baş Komandanımızı alternativsiz Lideri kimi görür. Bu ilin fevral ayında ölkəmizdə keçirilən prezident seçkilərində biz bunun növbəti dəfə şahidi olduq.

Daim Heydər Əliyev siyasətinə dəstək verən vətəndaşlarımız  sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də Yeni Azərbaycan Partiyasına etimad göstərəcək. Xalqımız çox gözəl bilir ki, onun işıqlı gələcəyi dünya erməniliyini və onu dəstəkləyən imperialist qüvvələrin məkrli niyyətlərini darmadağın edən, respublikamızın ərazi bütövlüyünü və suverenliyini bərpa edən Prezidentimizin adı və liderliyi ilə bağlıdır. Bu mənada, dəyərli seçicilərimiz Zəfərə, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Qarabağın əzəmətli quruculuğuna, Böyük Qayıdışa və xalqın rifahına səs verəcək.

- Xalqımız artıq yeni dövrün reallıqlarını yaşayır. “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının seçki platforması da möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış gerçəklikləri və hədəfləri ifadə edir. Bu barədə nə deyə bilərsiniz?

- YAP-ın seçki platformasında qeyd edildiyi kimi, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatılır.

 Hələ 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin ilk günlərində Müzəffər Ali Baş Komandanımız sülh niyyətini ifadə etməklə bölgə xalqlarına, dünya birliyinə müraciət edərək, tarixin yeni səhifəsinin, yaxşı qonşuluq, əməkdaşlıq, təhlükəsizlik, əmin-amanlıq və dayanıqlı sülh və inkişaf səhifəsinin başladığını bəyan etdi. Dövlət başçımız bu çağırışın təkcə ölkəmiz üçün prioritet olduğunu bəyan etmirdi. Bu, regional və beynəlxalq əhəmiyyətli çağırış idi.

Prezidentimizin liderliyi ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük işlər həyata keçirilib. Cənab İlham Əliyevin əzmkarlığı və yorulmaz fəaliyyəti, müdrik diplomatiyası ilə ölkəmiz beynəlxalq aləmdə yüksək nüfuz qazanıb. Bildiyimiz kimi, istər bu ilin fevralın 7-də keçirilmiş president, istərsə də sentyabrın 1-də keçiriləcək parlament seçkiləri suverenliyini bərpa etmiş Azərbaycanın bütün ərazisini əhatə edən ilk seçkilərdir. Bu mənada, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad olunmuş Qarabağ ərazisində həyata keçirilən əzəmətli bərpa quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurd yuvalarına Böyük Qayıdışı, dünya birliyində güclü və nüfuzlu Azərbaycan reallıqları ilə seçicilər qarşısına çıxır.

Beynəlxalq aləmdə dünya erməniliyinin ifşası, Azərbaycanın söz sahibi olması, dünya ölkələrinin mütləq əksəriyyətinin səsverməsi ilə COP29-un ölkəmizdə keçirilməsi, BMT-də, Türk Dövlətləri Təşkilatında, Qoşulmama Hərəkatında və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda qazandığımız nüfuz da hər bir azərbaycanlını qürurlandırır. Bu məntiqlə  YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı tam olaraq zamanın nəbzi və müasir dövrün əsas çağırışıdır.

Partiyamızın seçki platformasında qeyd olunduğu kimi, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində - ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, ətraf mühitin mühafizəsi və yaşıl dünya naminə ümumbəşəri əhəmiyyətli təşəbbüslərin reallaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa - Heydər Əliyev yolunun davamçısı olan İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcəkdir.

- Yeni Azərbaycan Partiyası tərəfindən 21  saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyiniz irəli sürülüb və seçkiqabağı təşviqat mərhələsi çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Təəssüratınız necədir?

- Qədirbilən xalqımız daim istər çağdaş dövlətimizin banisi və qurucusu olan Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərini, istərsə də Müzəffər Ali Baş Komandanımızın ölkəmizə qazandırdığı möhtəşəm nailiyyətləri yüksək qiymətləndirir. Biz keçirilən bütün görüşlərdə seçicilərin minnətdarlıqla bu reallığı ifadə etmələrinin şahidi oluruq.

1993-cü ildən bu günədək xalqımızın Ümummilli Lider Heydər Əliyevə, onun siyasətinə göstərmiş olduğu sədaqətə, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə inam və etibarına, onun ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirməsinə, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına dəstək göstərməsinə görə qürurluyuq və inamlıyıq.

Əminik ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində seçicilər bir daha YAP-a öz inam və etimadını nümayiş etdirəcəklər. Seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır. Seçiciləri seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırırıq.