MÜSAHİBƏLƏR
YAP Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir
- Vüqar müəllim, demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən mühüm amillərdən biri seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsidir. Bu baxımdan, Azərbaycanın demokratik inkişaf yolunu necə şərh edərdiniz?
- Azərbaycana hansı sahədən baxsaq, Ulu Öndər Heydər Əliyevin düşünülmüş, bugünümüzə və gələcəyimizə hesablanmış inkişaf strategiyasının uğurlarını görərik. Reallıq budur ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa etsə də, ölkəmizin inkişaf, tərəqqi yolu 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Təbii ki, Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə fərqli bir mənzərənin şahidi oluruq. O illərin Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayan ölkə kimi xarakterizə olunurdusa, bu gün qürurla qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycandan və onun yaratdığı reallıqlardan, xalqımızın yenilməzliyindən, məğrurluğundan, qalib xalq kimi özünü dünyaya təqdim etməsindən bəhs edirik. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın bugünkü uğurlarının möhkəm təməlini yaratdı. Demokratik inkişafı strateji kursumuzun əsası kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev bu çağırışı etdi ki, demokratik cəmiyyətin varlığını şərtləndirən bütün atributlar ölkəmizdə bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək prioritet məsələ kimi öndə saxlanıldı. Bu gün müasir müstəqil Azərbaycan yaradılan həmin möhkəm təməl üzərində uğurla inkişaf edərək hazırda demokratik islahatlar sahəsində təkmil təcrübəsi ilə dünyanın diqqətindədir. Buna əmin olmaq üçün təkcə cəmiyyətin güzgüsü kimi dəyərləndirilən azad mətbuatın inkişafı istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir.
Bu gün tarixi Zəfərimiz bütün sahələrdə təkmilləşməni, yeniləşməni bir tələb kimi qarşıya qoyub. Müasir dövrün çağırışlarına uyğun olaraq yeni “Media haqqında” Qanun qəbul edildi. Həmçinin ölkədə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə, o cümlədən demokratik inkişaf istiqamətində özünün aydın ifadəsini tapır. Demokratikləşmənin sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsası olduğunu bildirən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etdi ki, atılan bütün addımların əsasında vətəndaş amili dayanır. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək!” tezisi də bunun bariz nümunəsidir.
Təbii ki, Azərbaycanın demokratiya yolunun uğurlarını bir sualın cavabı çərçivəsində əhatə etmək mümkün deyil. Seçki ili kimi tarixə yazılacaq 2024-cü ildə keçirilən prezident, onun ardınca hazırda təşviqat mərhələsində olduğumuz parlament seçkiləri ölkəmizin demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olduğunun nümayişidir. Bu, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən parlament seçkiləridir. Artıq soydaşlarımız özünün parlamentdə təmsilçisini doğma yurd-yuvasında seçəcək. Qarabağımız və Şərqi Zəngəzurumuzda seçkilərə hazırlıq prosesi həyata keçirilir. Tarixi Qələbəmizdən başlanan zəfərlərimiz, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtması hər birimizi qürurlandırır. Bu gün xalqımız xoş əhval-ruhiyyədə seçkilərə hazırlaşır.
Ölkəmizdə demokratik seçki mühiti mövcuddur. Seçkilərə 25 siyasi partiyanın qatılması demokratik inkişafın göstəricilərindən biridir. Bütün namizədlərə bərabər şərait yaradılıb. Seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında ölkəmizin bütün sahələrdə, o cümlədən demokratik islahatlar sahəsində qazandığı uğurlar və qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Seçki platformasında qeyd olunduğu kimi, demokratik dəyərlərə sədaqət siyasi sistemin inkişafını təmin edən faktorlardan biridir. Plüralizm, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, qanunların aliliyinə riayət olunması YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır. Yeni Azərbaycan Partiyası demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir. Partiyanın Proqramında təsbit olunan prinsiplərdən biri demokratik ənənələrin inkişafıdır. YAP öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir.
- Seçkilər hər bir siyasi qüvvənin malik olduğu imkanların təqdimatıdır. Bu gün Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə hansı uğurlarla qatılır?
- Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən bütün seçki proseslərinə qələbə əzmi ilə qatılıb və bu gün də zəngin təcrübəsinə söykənərək seçkilərin bütün mərhələlərini yüksək əhval-ruhiyyə şəraitində, qələbə əzmi ilə həyata keçirir. Yeni Azərbaycan Partiyası yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini əsas götürüb. Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərdə partiyanın öz payı, rolu vardır. Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi və inamı sonsuzdur. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisidir. Bu çağırış Ulu Öndərin YAP-a olan inamının göstəricisi idi. 32 ilə yaxın şərəfli yol qət edən YAP özünün dünəni, bu günü, gələcək hədəfləri barədə aydın təsəvvür yaradır.
YAP-ın seçkilərə hansı uğurlarla getməsinə gəldikdə isə, ötən parlament seçkilərindən, yəni 9 fevral 2020-ci ildən bugünədək Azərbaycanın tarixinə diqqət yetirsək, ölkəmizin zəfərlərlə zənginləşdiyini görərik. 2020-ci il Azərbaycanın müstəqillik tarixinə ədalətin bərpası, tarixi Zəfərə imza atdığımız qürurverici səhifə kimi yazıldı. 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 illik işğala son qoydu. Doğma torpaqlarımız tarixi sahibinə qovuşdu. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız azad edilmiş torpaqlarda dalğalandı. Amma bu, son deyildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi əsas hədəflərimiz sırasında idi. Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa edildi və bununla da yeni dövr başladı. Yeni dövrün çağırışlarına uyğun olaraq bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan partiyamızın Sədri cənab İlham Əliyev andiçmə mərasimində böyük qürur hissi ilə bəyan etdi: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
Qalib Azərbaycanın yeni dövrünün milli məqsədləri, eyni zamanda, Yeni Azərbaycan Partiyasının hədəfləridir. Onu da qeyd edək ki, 2021-ci ilin 5 mart tarixində Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayı keçirildi. Bu qurultay partiyanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Yeni struktur formalaşdı, yeni qərarlar, yeni Nizamnamə qəbul edildi. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev qurultaydakı çıxışında müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqramın hazırlanmasını qarşıya əsas vəzifə kimi qoydu. Həmin ilin dekabr ayının 29-da “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqram təsdiqləndi. Yeni Proqramda qarşıda dayanan vəzifələr, hədəflər öz əksini tapıb. Bu fikri daim böyük qürur hissi ilə qeyd edirik ki, vaxtilə “Yeni müstəqil Azərbaycan uğrunda!” çağırışını edən YAP bu gün “Yeni dövrə Yeni Azərbaycanla!” deyir. Ötən parlament seçkilərində isə partiyanın devizi “Daha güclü Azərbaycan naminə!” idi. Dəyişən çağırışlar, yeni reallıqlar Azərbaycanın, Yeni Azərbaycan Partiyasının uğurlarının təqdimatıdır.
YAP qarşıdan gələn parlament seçkilərinə daha böyük inamla, qələbə ruhunda qatılıb. Qeyd etdiyimiz kimi, bunun üçün böyük əsaslar mövcuddur. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.
- Vüqar müəllim, Yeni Azərbaycan Partiyasının 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədi kimi seçicilərlə görüşləriniz sizdə hansı qənaəti yaradır?
- Seçicilərlə görüşlərim çox yüksək ovqatda keçir. Bu, xalqın dövlətimizin həyata keçirdiyi siyasətə, Yeni Azərbaycan Partiyasına inam və etimadının göstəricidir. Ümumxalq partiyası kimi yüksək nüfuz qazanan YAP-ı daim qələbələr, zəfərlər müşayiət edib və edəcək.
Vətəndaş amili Azərbaycan dövlətinin siyasətinin əsasıdır. Hər bir bölgədə insanların rahat yaşayışı üçün bütün imkanlar yaradılıb. Bütün bölgələrimizin inkişafı Prezident İlham Əliyevin diqqətindədir. Xalq daim özünə diqqətin və qayğının şahididir.
Seçiciləri 1 sentyabr - parlament seçkilərində fəal olmağa, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. Yeni dövrün Azərbaycanının möhtəşəm uğurlarına dəstək olaq!