MÜSAHİBƏLƏR
Azərbaycan yeni zirvələr fəth edəcək
- Tahir müəllim, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi davam edir. Seçki prosesinin gedişatı ilə əlaqədar nə deyə bilərsiniz?
- Seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm bir hadisədir, xalqın seçim hüququnun ifadəsidir. Seçkilərin demokratik, şəffaf, aşkarlıq şəraitində keçirilməsi və buna lazımi imkanların yaradılması, əlbəttə ki, ölkənin inkişafı, siyasi fəallığın yüksəldilməsi, qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkiləri bunun əyani ifadəsidir. Son illərdə seçki sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən səmərəli tədbirlər istər yerli, istərsədə xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Demokratik seçkilərin keçirilməsi ölkədə ictimai-siyasi sabitlikdən çox asılıdır. Azərbaycan bu baxımdan nümunədir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə təmin olunan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib. İnsan hüquqları qorunur, vətəndaşlarımızın həyat şəraiti yaxşılaşdırılır. Belə bir şəraitdə - qalib ölkə, inkişaf edən dövlət, həmrəy olan, nailiyyətləri ilə seçilən, torpaqlarının azadlığı ilə qürurlanan xalq kimi seçkilərə getmək sevindiricidir.
Ölkədəki sağlam seçkiqabağı mühit, seçicilərin fəallığı deməyə əsas verir ki, seçkilər uğurla nəticələnəcək, xalq özünün ən layiqli namizədlərinə səs verəcək.
- Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə gedir. Yeni Azərbaycan reallığı nəyi ifadə edir?
- Azərbaycanın suverenliyinin tam bərpa olunması yeni dövrün əsasını qoydu. Bu, daha böyük qələbələrə - soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasına, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, yenidən qurulmasına, məskunlaşmanın sürətləndirilməsinə, viran edilən şəhər, kəndlərimizin cənnətə çevrilməsinə, dövlətimizin nüfuzunun beynəlxalq aləmdə daha da artmasına, Türk dünyasının birliyinə və digər nailiyyətlərə yol açan bir dövrdür.
Düşməni susdurmaqla, uzun müddət işğal altında qalan torpaqlarımızı, azad etməklə yeni dövrün əsasını qoyan məhz möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev, müzəffər ordumuz, bir yumruq kimi birləşən qalib xalqımızdır.
Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə getməsi qürurverici olmaqla tarixi qələbələrimizdən qaynaqlanır. Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanan və doğruldan, yüksək siyasi nüfuzu ilə fərqlənən aparıcı partiyadır. Cənab İlham Əliyevin sədrlik etdiyi partiyamız öz sıralarında 700 mindən çox insanı birləşdirir. Əlbəttə, biz yeni dövrə Yeni Azərbaycanla gedirik. Əvvəlki parlament seçkilərindən fərqli olaraq bu dəfə seçkilər suveren respublikamızın bütün ərazilərində keçiriləcək. Şübhə yoxdur ki, yeni dönəmdə Azərbaycan yeni zirvələr fəth edəcək.
Yeni Azərbaycan Partiyasının seçki platformasında qazanılmış nailiyyətlərlə yanaşı, yeni dövrün hədəfləri də əks olunub. Bunlardan biri də davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunmasıdır. Partiyanın seçki platformasında qeyd edildiyi kimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən müstəqil dövlət quruculuğunun mühüm prioritetlərindən biri sosial-iqtisadi sabitliyin və iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi olmuşdur. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ulu Öndər böhran vəziyyətində olan ölkə iqtisadiyyatının dirçəldilməsi və sosial-iqtisadi yüksəlişə nail olunması üçün məqsədyönlü siyasət həyata keçirmişdir. Nəticə etibarilə, Azərbaycan davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir dövrdə müstəqil Azərbaycan dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir. Son 30 ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı ümumilikdə 4,9 dəfə, o cümlədən sənaye istehsalı 1,9 dəfə, kənd təsərrüfatı istehsalı 2,6 dəfə, yük daşınması 3,1 dəfə, pərakəndə ticarət dövriyyəsi 9,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 2079,3 dəfə, xarici ticarət dövriyyəsi 34,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3293,1 dəfə, xərcləri isə 2804,5 dəfə artmış, bu illər ərzində ölkədə 190 mindən çox müəssisə yaradılmış, xarici ticarət əlaqələri qurulmuş ölkələrin sayı 60-dan 193-ə yüksəlmiş, Azərbaycan valyuta ehtiyatı olmayan ölkədən 68,5 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatına sahib ölkəyə çevrilmiş, 2005-2007-ci illərdə iqtisadi artım üzrə dünyada liderliyini təmin etməklə aşağı gəlirli ölkələr qrupundan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmuşdur. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən üçdə iki hissəsini Azərbaycan iqtisadiyyatı təşkil edir. Azərbaycan xaricə 35,1 milyard ABŞ dolları həcmində birbaşa investisiya yönəltməklə dost ölkələrin iqtisadiyyatına sərmayə yatıran ölkə, etibarlı sərmayədar kimi tanınmışdır.
Bunlarla yanaşı, regionların sosial-iqtisadi inkişafı da diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində şəhər və rayonların infrastruktur təminatı yaxşılaşmış, sahibkarlığın inkişafında mühüm irəliləyiş əldə edilmiş, son 20 ildə qeyri neft-qaz sektorunda ümumi daxili məhsul istehsalı real ifadədə 3,5 dəfə artmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmişdir. Əlverişli biznes mühitinin yaradılması Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmişdir.
Partiyamız tərəfindən deputatlığa namizədliyimin irəli sürüldüyü Ağcabədi rayonunda da dövlət başçısının diqqət və qayğısı nəticəsində mühüm işlər görülmüşdür. Rifah və inkişafa yönəlik tədbirlər Ağcabədi sakinləri tərəfindən olduqca yüksək qiymətləndirilir. Bu gün nəinki ağcabədililər, bütövlükdə ölkə sakinləri görülən işləri, qazanılan nailiyyətləri minnətdarlıqla dəyərləndirirlər. Təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə bu reallıq özünü bir daha bariz şəkildə nümayiş etdirir.