MÜSAHİBƏLƏR
Zəfər partiyası növbəti qələbə əzmindədir
- Ramil müəllim, ölkəmiz mühüm siyasi proses ərəfəsindədir. Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərin də favoriti, heç şübhəsiz, Yeni Azərbaycan Partiyasıdır. Bu reallığı şərtləndirən amillər hansılardır?
- Biz bu seçkilərə yüksək əhval-ruhiyyə ilə gedirik. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, parlament seçkiləri ölkəmizin ərazi bütövlüyü və suverenliyi şəraitində keçirilir. Şuşada, Xankəndidə, Xocalıda, Laçında və azad olunmuş digər ərazilərimizdə seçki məntəqələri yaradılıb və səsvermə təşkil olunacaq. Əlbəttə ki, bu, çox qürurvericidir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası budəfəki parlament seçkilərinə də böyük uğurlarla gedir. Ümumiyyətlə, YAP aparıcı siyasi qüvvə kimi bütün imkanlarını dövlət və xalq üçün səfərbər edərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Prezident, Milli Məclis və bələdiyyə seçkilərinin nəticələri Yeni Azərbaycan Partiyasının nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Ölkədə YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu, hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını göstərir. Bu dəstəyin əsasında isə Ulu Öndər Heydər Əliyevin ideyaları Prezident, partiyamızın Sədri İlham Əliyevin uğurlu siyasəti dayanır.
Yeni Azərbaycan Partiyasının seçki platformasında da qeyd edildiyi kimi, YAP bu zamana qədər Azərbaycanın yüksəlişində - ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, ətraf mühitin mühafizəsi və “yaşıl dünya” naminə ümumbəşəri əhəmiyyətli təşəbbüslərin reallaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa - Heydər Əliyev yolunun davamçısı olan cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcək.
-Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Yeni dövrün Yeni Azərbaycanını necə xarakterizə etmək olar?
- Azərbaycanın indiki inkişaf mərhələsi, dünyada, o cümlədən regionda baş verən proseslər və yeni reallıqlar yeni çağırışları özündə ehtiva edir. Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar Prezident, partiyamızın Sədri İlham Əliyevin zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində olmadığı qədər güclü dövlətə çevrilib.
Əlbəttə ki, cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların zirvəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Torpaqlarımızın işğaldan azad olunmasında, separatizmə son qoyulmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsi müstəsna əhəmiyyət kəsb edir. Xatırlayırsınızsa, bu ilin yanvarında Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizdə yeni dövrün başlanğıcı qoyulub. Təbii ki, yeni dövr özündə yeni vəzifələri və hədəfləri ehtiva edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının seçki şüarı da təbii qanunauyğunluğu əks etdirir. Partiyamızın seçki platformasında qarşıda dayanan vəzifələr öz əksini tapır. Bu hədəflər xalqın dəstəyi ilə həyata keçiriləcək.
- Yeni Azərbaycan Partiyasının seçki platformasında bir çox məsələlərlə yanaşı, xarici siyasət istiqamətində də vacib məqamlar əksini tapıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq hüquq normaları, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi və milli maraqların əsas götürülməsi kimi prinsiplər əsasında qurulub. Partiyamızın seçki platformasında vurğulandığı kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət nəticəsində Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətləri uğurla inkişaf etdirilir. Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirir. Azərbaycanın 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2023-cü illərdə isə BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi uzaqgörən və məqsədyönlü xarici siyasətin uğurlu nəticələridir. Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın bariz nümunəsidir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması uzun müddət xarici siyasətin əsas prioritetlərindən birini təşkil etmiş və ötən illər ərzində Azərbaycan dövləti bu istiqamətdə çevik siyasi-diplomatik mübarizə apararaq beynəlxalq birliyin diqqətini bu məsələyə cəlb edə bilmişdir. Bu sahədə atılan addımlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin edən amillərdən biri oldu.
Bu gün Azərbaycanın xarici siyasətinin əsas prioriteti Türk dünyasında ikitərəfli və çoxşaxəli əlaqələri inkişaf etdirərək işbirliyini dərinləşdirmək, Türk Dövlətləri Təşkilatını daha da gücləndirməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dünyasında əməkdaşlığın genişləndirilməsinə, Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu yöndə uzaqgörən siyasət həyata keçirir. 2024-cü il iyulun 6-da Şuşada imzalanmış “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” Türk dövlətləri ilə müttəfiqlik və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi strateji vəzifələrdən biridir.
- Ramil müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyiniz növbəti dəfə 94 saylı Ucar seçki dairəsindən irəli sürülüb. Azərbaycanın tərəqqisində vacib rol oynayan amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdir. Parlament seçkilərinin təşviqat mərhələsi çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Ucar seçicilərinin əhval-ruhiyyəsi necədir və mövcud reallıqları nə cür qiymətləndirirlər?
- Milli Məclisə seçkilərdə namizədliyimin yenidən irəli sürülməsi mənim üçün böyük fəxrdir. Bu etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, şəxsən partiyamızın Sədri, Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Növbəti dəfə deputat seçiləcəyim təqdirdə bu etimadı layiqincə doğrultmağa çalışacağam.
Bilirsiniz ki, Azərbaycanda regionların tarazlı inkişafı strateji hədəf kimi müəyyənləşdirilib. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı həyata keçirilib. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər məqsədlərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın tərəqqisinə xidmət edir.
Təbii ki, ölkəmizin bütün regionlarında baş verən inkişaf Ucar rayonunda da özünü aydın şəkildə göstərir. 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dövlət proqramlarının icrası nəticəsində rayonun siması əhəmiyyətli dərəcədə dəyişib. Ötən dövr ərzində əhalinin sosial məsələlərinin həlli istiqamətində vacib addımlar atılıb, yeni yollar, məktəblər, tibb ocaqları tikilib. Rayonun yaşayış məntəqələrinin enerji təminatı, qazlaşdırılması ilə bağlı ciddi işlər görülüb.
Qeyd etmək istəyirəm ki, millət vəkili kimi seçicilərlə daimi ünsiyyətimiz zamanı bütün bu məsələlər hər zaman diqqət mərkəzində olub. Fəaliyyətə başladığım ilk gündən etibarən çalışmışam ki, seçicilərin qaldırdığı məsələlərə diqqətlə yanaşaraq hər bir vətəndaşın, hər bir seçicinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əlimdən gələni əsirgəməyim. Fəaliyyətim dövründə seçicilərimlə rayon mərkəzində və o zamankı 91 saylı Ucar seçki dairəsini təmsil edən deputat kimi bu dairəni əhatə edən bütün kəndlərdə 80-ə yaxın səyyar, seçicilərin istəyi ilə 165 görüş keçirilib, ümumilikdə 7000 nəfərə yaxın seçici tərəfimdən dinlənilib. Vətəndaşların problemlərinin həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, həll olunması imkanım daxilində olan məsələlər isə səlahiyyətim çərçivəsində icra olunub və ya nəzarətdə saxlanılmaqla aidiyyəti qurumlara ünvanlanıb.
Millət vəkili olaraq təşəbbüsüm və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin dəstəyi ilə yaradılan "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində və xeyirsevər insanların dəstəyi ilə COVID-19 pandemiyası və Vətən müharibəsi dövründə Ucar rayonunda 1073, ümumilikdə respublikamızın 31 rayonunda 2000-ə yaxın müharibə iştirakçısı, şəhid və imkansız ailə ziyarət edilib, üzləşdikləri narahatlıqlar qeydə alınaraq müvafiq dövlət qurumlarına ünvanlandırılıb.
Hazırda seçicilərlə keçirilən görüşlərlə bağlı təəssüratlarım çox yüksəkdir. Bu görüşlər zamanı bir daha müşahidə edirik ki, vətəndaşlarımız Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər.
Əlbəttə, vətəndaşlar bu siyasətin uğurlarını öz həyatlarında hiss edir və onun davamlı olması üçün qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər. Bunu görüşlər zamanı seçicilər də qeyd edirlər.
Mən bir daha seçicilərimizə səslənərək hər kəsi sentyabrın 1-də səsvermədə aktiv iştirak etməyə, partiyamızı dəstəkləməyə çağırıram. Çünki Yeni Azərbaycan Partiyası inkişafın və yeniliyin partiyasıdır.