MÜSAHİBƏLƏR
Azərbaycanı yeni dövrdə möhtəşəm uğurlar gözləyir
- Müşfiq müəllim, Azərbaycanın möhtəşəm Zəfərindən sonra yeni reallıqlar və çağırışlar meydana çıxıb. Mövcud vəziyyət ölkəmiz və bütövlükdə region üçün nə vəd edir?
- Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ulu Öndər Azərbaycanı qorudu və dünyada söz sahibi etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl 2003-cü ildən başlanan yolun uğurlu davamını şərtləndirdi. Azərbaycan müdrik dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası əsasında dünyaya Günəş kimi doğdu. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycanın nüfuzlu, qüdrətli və qalib dövlət kimi davamlı yüksəlişini təmin etdi.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün inkişaf yolunda inamla addımlayır. 30 ilə yaxın bu arzu ilə yaşadıq ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsınlar. Bu günün çox uzaqda olmadığına əmin idik. Qarabağ məsələsi bizim üçün milli qürur məsələsi idi və Azərbaycan 30 ilə yaxın bu problemin sülh yolu ilə həllinə səy göstərdi. Lakin son nəticədə döyüş meydanında möhtəşəm Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olduq.
Şanlı Qələbəmiz Azərbaycanın keçdiyi şərəfli inkişaf yolunun, bütün sahələrdə qazandığı möhtəşəm uğurların təqdimatıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, ötən il keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkəmizin qarşısında yeni üfüqlər açır.
Ötən dövrdə qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirildi. Bu gün xalqımız tarixi Zəfərimizin reallıqlarını yaşayır. Yeni dövr yeni hədəflərlə zəngindir. Qarabağımızın və Şərqi Zəngəzurumuzun cənnət məkana çevrilməsi, Böyük Qayıdış Proqramına uyğun olaraq soydaşlarımızın öz doğma yurdlarına qayıdışı əsas hədəflərdəndir. Bunun üçün qısa zamanda bütün imkanların yaradılması Azərbaycanın gücünün, ən əsası, bu torpaqların əsl sahibi olduğunun əyani ifadəsidir. Ölkəmizi yeni dövrdə möhtəşəm uğurlar gözləyir.
- Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Yeni reallıqlar fonunda seçkilərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Müstəqillik tariximizdə ilk dəfə olaraq parlament seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Bu, hər birimiz üçün qürur mənbəyi olmaqla birlikdə dövlətimizin qüdrətinin ifadəsidir.
Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Partiyanın seçki platformasında ötən 30 ilin möhtəşəm uğurları, qarşıdakı dövrün hədəfləri əks olunub. Siyasi sabitliyin, milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə qabiliyyətinin artırılması, Zəfərimizin reallıqları əsasında Böyük Qayıdış Proqramının icrası, Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmləndirilməsi əsas hədəflər sırasındadır.
Yeni Azərbaycan Partiyasının hədəfləri ölkəmizin milli məqsədlərini əks etdirir. Partiyamız bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa töhfələrini verəcəkdir.
Yeni Azərbaycan Partiyasına xalqın inamı sonsuzdur. Partiya bu inamı, etimadı qorumaq və daha da artırmaq üçün daim səylər göstərir. YAP-ın hər bir seçkiyə qələbə əzmi ilə qatılmasını şərtləndirən əsas amil də məhz xalqın partiyası olmasıdır.
-Müşfiq müəllim, seçkiqabağı təşviqat mərhələsi davam edir. Seçicilərlə keçirilən görüşlər ümumilikdə hansı qənaətə gəlməyə əsas verir?
- Azərbaycan cəmiyyəti kifayət qədər intellektualdır, bütün hadisə və proseslərə düzgün yanaşmağı, məsələləri doğru dəyərləndirməyi bacarır.
Azərbaycanın keçdiyi şərəfli yol, Yeni Azərbaycan Partiyasının inkişafımıza müstəsna töhfələr verməsi inkaredilməz reallıqdır. Hər günü müstəqillik tarixinə uğur səhifəsi kimi yazan Azərbaycan, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyidir. Xalqımız Azərbaycanı qalibiyyətə qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək yeni hədəflərə doğru inamla addımlayır.
Seçicilərlə görüşlər xalqın öz Prezidentinə, onun sədri olduğu Yeni Azərbaycan Partiyasına inamını bir daha nümayiş etdirir. Səsləndirilən fikirlərdə bu məqam xüsusi qeyd edilir ki, güclü lideri olan xalq xoşbəxt və məğlubedilməzdir.
Xalqımız Heydər Əliyev yoluna sadiqdir, ölkəmizin parlaq gələcəyinə inanır və bunu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyi ilə ifadə edir. Heç şübhəsiz, 1 sentyabr - növbədənkənar parlament seçkiləri də bu inam və etimadın, birlik və həmrəyliyin daha bir ifadəsi olacaqdır.