YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP-ın seçki platforması yeni Azərbaycanın milli yol xəritəsidir

Müsahibimiz 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Məmmədov

– Hikmət müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Hazırda seçkiqabağı təşviqat kampaniyası davam edir və siz Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi kimi bu prosesdə iştirak edirsiniz. Seçki prosesi haqqında nə deyə bilərsiniz?

– Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da seçkilərin keçirilməsi mühüm hüquqi-siyasi hadisədir. Sentyabrın 1-də Azərbaycan seçiciləri seçkilərdə iştirak edərək növbəti mərhələ üçün ali qanunverici orqanımızın tərkibini formalaşdıracaqlar. Yəni vətəndaşlarımız konstitusiya ilə onlara verilən hüquqlarından istifadə edərək milli demokratiyamızın inkişafı mərhələsində növbəti səhifə açmış olacaqlar.

Nəzərə alsaq ki, VII çağırış parlament seçkilərində 25 siyasi partiya, çoxsaylı bitərəf və müxtəlif sosial qrupları təmsil edən namizədlər iştirak edəcəklər, o zaman deyə bilərik ki, bu seçki həm də ədalətli bir demokratiya yarışı kimi yadda qalacaq. Azərbaycan siyasi sisteminin, demək olar ki, bütün daxili aktorları seçkidə iştirakla bağlı qərar qəbul ediblər və bu müstəqillik dövrü tariximizdə ilk belə hadisədir.

Bilindiyi kimi, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi xarakterizə edilir. Bu, doğrudan da, belədir. Əvvəla, təkcə partiya üzvlərinin statistikasına baxmaqla bunu aydın görmək olar. İkincisi, YAP həm də qələbələr partiyası kimi səciyyələndirilən partiyadır. Bu da səbəbsiz deyil. Çünki siyasi sistemimizə daxil olduğu gündən etibarən istisnasız olaraq bütün seçkiləri qazanıb. Bu iki mühüm komponent, yəni ümumxalq partiyası olmaqla say göstəricisi və qələbələr partiyası olmaqla keyfiyyət göstəricisi, ikisi birlikdə bu seçkilərdə də qələbə əldə etmək üçün yaxşı perspektivlər yaradır. Ancaq şübhəsiz ki, bu faktorlar əsla arxayınlıq üçün səbəb ola bilməz. YAP seçkinin keçirilməsi ilə bağlı qərar qəbul edildikdən dərhal sonra ilk dəfə seçkiyə getdiyi həyəcan və məsuliyyətlə seçki hazırlığına başlayıb və düşünürəm ki, növbəti qələbə əldə etmək üçün bütün resurslarını səfərbər edə bilib. Ancaq bütün bunlara baxmayaraq, partiyamız ən kiçik müxalif partiyanı da kifayət qədər ciddi rəqib hesab edir və öz namizədlərini də müvafiq dəyərləndirmələr əsasında müəyyənləşdirib. Nəzərə almaq lazımdır ki, partiyamızın çox böyük seçki təcrübəsi var. Bütün hallarda, seçkilərin nəticəsi hər şeyi daha dəqiq göstərmiş olacaq.

– YAP seçkiyə hansı hədəf və çağırışlarla gedir?

– Yeni Azərbaycan Partiyası 1 sentyabr seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə gedir. Düşünürəm ki, bu şüarda həm partiyamızın keçmiş siyasi fəaliyyəti, həm xalqımız qarşısında hesabatı, həm də gələcək hədəfləri öz əksini tapıb. Partiyamızın qurucusu və xalqımızın Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyev YAP-ı yaradarkən onun adını məhz Yeni Azərbaycan kimi müəyyənləşdirmişdi. Doğrudan da, YAP, sözün əsl mənasında, tamamilə yeni bir Azərbaycan yarada bildi. Bu, vətəndaş müharibəsindən, dövlətçilik böhranından, etnik və regional separatçılıqdan, torpaqlarının işğalından, acı məğlubiyyət və soyqırımından, səfalətdən qurtarılmış, tarixi Zəfərə müvəffəq olmuş, suveren hüquqları və ərazi bütövlüyünü bərpa edilmiş dövlətə çevrilən yeni Azərbaycandır! Xalqımız olduqca böyük itkilər verib, əzab və məşəqqətlərə düçar edilib, 30 il gözləməli olub və nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında misli-bərabəri olmayan böyük bir tarixi Zəfərə qovuşub.

2020-ci ildən sonra dövlətçilik tariximizdə başlayan yeni dövr daha güclü və sosial-iqtisadi baxımdan daha inkişaf etmiş qüdrətli bir Azərbaycan üçün tarixi şanslar və perspektivlər yaradıb. “Yeni dövrə Yeni Azərbaycanla!” fəlsəfəsi də bu perspektiv və imkanları həyata keçirmək vəzifəsinin məsuliyyəti kimi izah edilməlidir. Yəni yeni dövrü elə Yeni Azərbaycan Partiyası və onun liderləri yaradıb. Ulu öndər Heydər Əliyev dövlətçiliyimizin, milli ideologiyamızın, milli sosial identikliyimizin və xarici siyasətimizin yeni əsaslarını yaratmaqla, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə bu əsaslar üzərində xalqımızı 200 illik əsarətdən, 30 illik işğaldan qurtarıb bugünkü yeni reallıqlarımıza çatdırmaqla bəhs etdiyimiz yeni dövrü təmin edib. Dolayısı ilə milli inkişafımızın yeni dövrü YAP-ın adı ilə bağlı olduğu kimi, xalqımızın modern inkişaf mərhələsi də Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olacaq. Burada həm ideoloji-siyasi, həm də milli-mənəvi və iqtisadi varislilik prinsipi davam etdiriləcək. Beləliklə, xalqımızın neokonservativ dünyagörüşü və siyasi dəyərlərini formalaşdıran Yeni Azərbaycan Partiyası onu postmodernist cəmiyyətə transformasiya edə biləcək. Bunlar isə milli maraqlarımızın təmin olunması baxımından strateji vəzifələrdir.

– YAP-ın seçki platformasında dövlət siyasətinin prioritetlərindən irəli gələn milli hədəflərimizlə bağlı konkret vəzifələr əks olunub. Bununla əlaqədar fikirləriniz nədən ibarətdir?

– Partiyamızın seçki platforması bugünkü yeni tarixi reallıqlar və onun şərtləndirdiyi yeni çağırışlar, milli vəzifələr əsasında formalaşdırılıb. Bu sırada, əlbəttə ki, ilk növbədə milli və dövlət təhlükəsizliyimizlə bağlı məsələlər əsas vəzifə və məqsəd kimi müəyyənləşdirilib. Ancaq şübhəsiz ki, bütün alt komponentləri ilə birlikdə. Məsələn, YAP-ın platformasında fərdin, millətin və dövlətin təhlükəsizliyinin təmin olunması ardıcıllığı var. Burada fərd-cəmiyyət-dövlət üçbucağı komplementar olaraq vahid tamın tərkib hissəsi kimi müəyyənləşdirilir. Yəni milli təhlükəsizliyimiz kompleks olaraq bir bütöv kimi nəzərdən keçirilir və onun təmin olunmasının ideoloji, siyasi, sosial, informativ, hərbi, iqtisadi və s. komponentləri ayrıca verilir. Başqa bir prioritet istiqamət kimi xarici siyasət və beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və rolu məsələləri müəyyənləşdirilir. Həmçinin islahatlar, sosial rifah, milli-mənəvi dəyərlərimizin qorunması, elm və təhsilin inkişafı məsələləri ayrıca olaraq başlıca vəzifələr kimi qeyd edilir və s.

Müasir cəmiyyətin səciyyəvi problemlərinə isə xüsusi yer ayrılır. Buraya informasiya manipulyasiyasından tutmuş, informasiya müharibəsinə qədər çox sayda məsələlər daxildir. Bütün bunlar həm də istənilən siyasi prosesdə maarifləndirmə məqsədlərinin realizə olunması üçündür. Ümumiyyətlə, partiyamızın seçki platforması, əslində, Azərbaycan xalqının və seçicilərimizin görmək istədiyi gələcək yeni Azərbaycana gedən milli yol xəritəmiz kimi səciyyələndirilə bilər.