YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xocalı soyqırımı hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov

- Anar müəllim, Xocalı soyqırımının 32-ci ildönümüdür. Bütövlükdə insanlığa qarşı yönələn bu qətliam ermənilərin faşist xislətini aydın şəkildə ortaya qoyur. Bu barədə nə deyə bilərsiniz?

- 1992-ci ilin fevralında erməni daşnak qüvvələri tərəfindən Xocalıda azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım tariximizdə nə birinci, nə də sonuncu faciədir. XIX əsrin ikinci yarısında qərbdən hər cür yardım alan erməni millətçiləri “böyük Ermənistan” xülyası ilə dünyanın siyasilərinin diqqətini cəlb edə bildilər. Ermənilər həyasızcasına bəyan edirdilər ki, güya e.ə. ikinci əsrin sonu, birinci əsrin əvvəllərində Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizə qədər olan ərazidə “böyük Ermənistan” dövləti mövcud olub. İndi həmin ərazilərdə türk-müsəlmanlar yaşayır. “Boyük Ermənistan”ı yenidən bərpa etmək üçün bölgənin bütün türk əhalisi yer üzündən silinməlidir. Beləliklə,  ermənilər Osmanlı və Cənubi Qafqazda türk-müsəlman əhalisinə qarşı qırğınlara başladılar. Erməni kilsəsi ermənilərin silahlandırılmasında, türk əhalisinə qarşı düşmənçiliyin təbliğində xüsusilə fəallıq göstərdilər( bu siyasət bu gün də davam edir).

1905-1906-cı illərdə erməni hərbi birləşmələri Bakıda, Qarabağda, Naxçıvan və Qərbi Azərbaycanda əliyalın türk əhalisinə qarşı qırğınlar törətdilər, minlərlə dinc əhali qətlə yetirildi. Çox təəssüflər olsun ki, erməni ideoloqları Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına hazırlıq gördükləri halda, Azərbaycanın milli-demokratik ziyalıları bu qırğını iki qonşu xalq arasında məişət münaqişəsi kimi qələmə verirdilər. Doğrudur, erməni tərəfi öz istəyinə nail ola bilmədi.

- Ermənilər türk-müsəlman əhalisinə qarşı qanlı qırğınları nə vaxt həyata keçirdilər?

- 1914-cü ildə dünya müharibəsi başladı. Yüz illərlə Osmanlı ərazisində yaşayan, bütün dövlət vəzifələrində çalışan ermənilər Osmanlıya xəyanət etdilər. Osmanlı ərazisinə soxulan rus ordusu ilə birləşərək yüz minlərlə Anadolu türkünü qətlə yetirdilər. Xoşbəxtlikdən ermənilər Osmanlı ərazisində arzuladıqları dövlətlərini qura bilmədilər. Özünə gələn Osmanlı dövləti erməni silahlı birləşmələrini öz torpaqlarından çıxara bildilər. Osmanlıda öz maraqlarını təmin edə bilməyən erməni silahlı dəstələri Şimali, Qərbi və Cənubi Azərbaycan torpaqlarına soxuldular. Beləliklə, 1918-1920-ci illərdə erməni daşnak qüvvələri tərəfindən minlərlə azərbaycanlı soyqırıma məruz qaldı, əmlakları müsadirə olundu və ya yandırıldı, canını qurtara bilənlər qaçqınlıq həyatı yaşamağa məcbur edildi.Təkcə Bakı şəhərində 1918-ci ilin dörd günü ərzində 12 mindən çox azərbaycanı soyqırıma məruz qaldı, Bakının dini və tarixi abidələri yandırıldı, əhalinin var-dövləti müsadirə edildi. S.Şaumyanın rəhbərlik etdiyi  Bakı Soveti qüvvələri ermənilərdən ibarət idi. Bu qüvvələr Şamaxı şəhərində 8 min, Şamaxı qəzasının 53 kəndində 8 min 30 nəfər, Quba şəhərində və Qubanın 262 kəndində 16 min, Qərbi Azərbaycanda 10 minlərlə, Cənubi Azərbaycanın Xoy, Maku, Səlmas şəhərlərində 10 minlərlə müsəlmanı qətlə yetirdilər.

- Azərbaycan Xalq Cümhuriyyəti  erməni tərəfinin azərbaycanlı əhaliyə qarşı törətdiklərini bütün dünyaya yaymaq üçün Komissiya yaratdı. Komissiya bu istiqamətdə 36 cild sənəd hazırladı. Bəs sonra?

- Hər şey sonra dəyişdi. 1920-ci ilin bolşevik işğalından sonra sovet rəhbərliyi erməniləri himayə etməyə başladı. Sovet rəhbərliyinin köməyi ilə 1923-cü ildə tarixi torpağımız Qarabağda muxtar qurum yaradıldı, bu qurum yüz il ərzində separatçı yuvası kimi fəaliyyət göstərdi, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar təhrif edildi, soyqırım vətəndaş müharibəsi kimi təblığ olunur, vətəndaş müharibəsinin qəhrəmanı Şaumyan başda olmaqla erməni dairələri, müharibənin günahkarı isə Azərbaycanın milli-demokratik qüvvələri  hesab olunurdu. Beləliklə, 70 illik sovet dönəmində Qarabağdakı erməni separatçıları bölgəni Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün vaxtaşırı cəhdlər edirdilər.

- SSRİ-nin dağılması ermənilərə hansı şansı verdi?

- 80-ci illərin sonu-90-cı illərin əvvəllərində sovet rəhbərliyinin xeyir-duası, xaricdəki erməni diasporunun və erməni lobbisinin yaxından iştirakı ilə Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməyə nail oldular. Əvvər Qərbi Azərbaycandan, sonra isə Qarabağdan bir milyon azərbaycanlı öz dədə-baba yurdlarından qovuldu, Qarabağ düşmən əlinə keçdi.

- Xocalı soyqırımından 32 il keçir. Bu tarixə hazırkı reallıqlar prizmasından baxdıqda hansı qənaətləri ifadə etmək olar?

- Xocalı soyqırımı Azərbaycan xalqının tarixində heç vaxt unudulmayan bir tarixdir. Düşmənin Xocalıda törətdikləri bir daha göstərdi ki, erməni düşmən deyəndə biz türkləri nəzərdə tutur. Vaxtilə erməni ideoloqu Qaragen Njde öz təlimində yazırdi: ”Sonuncu türk kar ola, kor ola, o da öldürülməlidir.” Xocalı faciəsi haqqında hadisənin şahidi, ixtisasca həkim olan Zori Balayan yazır: “On üç yaşlı türk qızının dərisini yeddi dəqiqəyə soydum. Onun can verməsi səhnəsi həyatımın ən xoş dəqiqələri oldu”.  Erməni caniləri Qarabağ torpaqlarında azərbaycanlı əhaliyə qarşı dünyanın ən qəddar əməllərini törətdilər, dini və tarixi abidərimizi məhv etdilər, kənd və şəhərlərimizi xarabazara çevirdilər. Ən dəhşətlisi o idi ki, dünyanın gözü qarşısında Xocalıda yüzlərlə günahsız insan ən amansız üsullarla qətlə yetirildi, amma Qərb cəmiyyəti erməni vəhşiliyinə bəraət qazandırdı.

-  2020-ci ilin payızına qədər uğursuz ATƏT-in Minsk qrupu Qarabağı Ermənistana vermək üçün əlindən gələni etdi. Minsk qrupun həmsədrləri bir dəfə olsun Ermənistanı işğalçı adlandırmadılar. Azərbaycanın haqq işini müdafiə etmədilər. Azərbaycan bu illər ərzində xalq və iqtidar birliyinə nail oldu, güclü iqtisadiyyat yaratdı, problemin tarixiliyini bütün dünyaya çatdırmağa nail oldu, güclü ordu yaratmağa nail oldu.  44 günlük Vətən Müharibəsi hər şeyi kökündən dəyişdi. Düşmən darmadağın edildi, Qarabağ işğaldan azad edildi, Ermənistanı müdafiə edən dövlətlərin təhdid və təzyiqləri nəticəsiz qaldı,  Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə dillər əzbərinə çevrildi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və cəsarəti hamını heyran qoydu.

İndi Xocalı şəhidlərin ruhu şaddır, çünki onların və bütün şəhidlərimizin intiqamı alınıb. 1923-cü ildə Qarabağda bolşeviklər tərəfindən zorla yaradılan Muxtar qurum 100 ildən sonra 2023-cü ildə tarixdən silindi. Bu gün üçrəngli Bayrağımız Azərbaycanın bütün ərazisində şərəflə dalğalanır. Dövlət başçısı İlham Əliyevin  bu çağırışı ilə  fikrimi yekunlaşdırmaq istəyirəm: “Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri bərpa olunacaq. Amma ermənilərin bizə qarşı törətdikıərini heç vaxt yaddan çıxarmamalıyıq”. Bəli, Xocalı soyqırımı hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.