YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəfər seçkisi xalqın öz Liderinə minnətdarlığının ifadəsidir

Müsahibimiz Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov

- Ziyafət müəllim, bildiyimiz kimi, ölkəmizdə fevralın 7-də prezident seçkisi keçirildi. Bu seçkini zəruri edən amillər nədən ibarət idi?

-Təəssüf ki, Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində 1990-cı illərin əvvəllərindən etibarən ölkəmizdə keçirilən heç bir seçki bütöv Azərbaycan ərazisində baş tutmamışdı. Azərbaycan Respublikası Konstitutsiyasının 1 və 2-ci maddələrində də qeyd olunur ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. Demək ki, 7 fevral prezident seçkilərinə qədər baş tutan heç bir seçkidə suverenlik prinsipi tam şəkildə həyata keçirilməyib. Bu baxımdan, Vətən müharibəsi və Qarabağda uğurla həyata keçirilmiş antiterror tədbirlərindən sonra fevralın 7-də keçirilmiş prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Hesab edirəm ki, 7 fevral tarixində keçirilən prezident seçkisi dövlət başçısı İlham Əliyevin 20 il ərzində gördüyü işlərin Azərbaycan xalqı qarşısında hesabatı kimi dəyərləndirilməlidir.

Torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin tam bərpa olunması cənab İlham Əliyevin məqsədyönlü siyasətinin zirvəsi oldu. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında 20 il ərzində mühüm beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilib. Bu gün dünya dövlətləri cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan ilə hesablaşır, ona etimad göstərirlər. Azərbaycan artıq beynəlxalq hüquq müstəvisində və beynəlxalq münasibətlər çərçivəsində sayılıb-seçilən bir dövlətdir.   

- Siz seçki kampaniyasının təşviqat mərhələsində iştirak etdiniz. Eləcə də yüksək seçici fəallığı ilə baş tutan seçki prosesini müşahidəçi kimi izləmisiniz. Səsvermə prosesi, vətəndaşların iştirakı ilə bağlı  təəssüratlarınız necədir?

 

-Bəli, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində müxtəlif bölgələrdə seçicilərlə keçirilən görüşlərdə iştirak etdim. Tam səmimiyyətlə deyə bilərəm ki, vətəndaşlar görüşlərə çox böyük həvəslə gəlirdilər. Heç kimdə şübhə yox idi ki, cənab İlham Əliyev prezident seçkilərində qalib gələcək. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızı işğaldan  azad etməklə qalib gəldi.

Seçki günü isə hər kəsin üzündə sevinc hiss olunurdu. Bütün Azərbaycan bayram əhval-ruhiyyəsində idi. Seçki prosesində onu da müşahidə etdim ki, insanlar məntəqələrə yalnız səs vermək üçün deyil, eyni zamanda, Prezident İlham Əliyevə minnətdarlıq borcunu yerinə yetirmək üçün gəlirlər. Çünki qeyd etdiyim kimi, Müzəffər Ali Baş Komandan xalqın qürurunu özünə qaytarıb, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edib.

- 7 fevral seçkiləri cəmiyyətimizdə yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Ölkəmizin yeni hədəflərə çatmasında bu seçkilərin rolu haqqında fikirlərinizi bilmək istərdik...

- 20 il ərzində müəyyən olunmuş  vəzifələri icra edən, qarşıya qoyulan hədəfləri reallaşdıran Prezident İlham Əliyev  artıq yeni dövrün yeni hədəflərini də müəyyən edib. Bu hədəflər cənab İlham Əliyevin seçki platformasında da öz əksini tapıb. 2024-2031-ci illərdə Böyük Qayıdışın təmin olunması, sosial-iqtisadi quruculuq, xarici siyasət, ordu quruculuğu, səhiyyə sahələrində inkişafın, təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, həmçinin ərazilərin minadan təmizlənməsinin davam etdirilməsi, xalqın sosial rifahının daha da yaxşılaşdırılması da qeyd olunan hədəflər sırasına daxildir.

Təhsildə innovativ təşəbbüskarlığın artırılması, konkret nəticə verən elmlərin tətbiqinin daha da gücləndirilməsi diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan sosial dövlət olduğu üçün, təbii ki, qarşıda duran hədəflərdə vətəndaşların əməkhaqqı, pensiya və təqaüdlərinin artırılması nəzərdə tutulur. Hesab edirəm ki, bundan sonra xalqımızın sosial həyat səviyyəsi daha da yüksələcək. 

Dövlətin qarşısında duran yeni hədəflərdən danışarkən ordu quruculuğu məsələsini də xüsusi qeyd etmək lazımdır. Bildiyiniz kimi, hərbi qulluqçuların sosial həyat səviyyəsinin daha da yüksəldilməsi, ordunun müasir standartlara, yüksək texnologiyalara əsaslanan silah-sursatla təmin olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bütün bunlar isə ölkəmizin təhlükəsizliyini daha da möhkəmləndirmək üçün lazımdır.

Əsas hədəflərdən biri də budur ki, Cənubi Qafqazda təhlükəsizlik arxitekturası bərqərar olunsun. Cənubi Qafqazın problemlərini region dövlətləri həll etməlidir. Bunun yeganə yolu isə sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan Prezidenti 2021-ci ildə artıq bu təşəbbüslə çıxış edib. Lakin məsələ ilə bağlı bu günədək Ermənistandan konkret bir cavab ala bilməmişik. Ermənistan bu və ya digər dövlətlərin, eyni zamanda, daxildə olan revanşist qüvvələrin təsiri altında sülh prosesini uzadır. Yalnız ziddiyyətli bəyanatlar verməklə bu məsələnin həlli mümkünsüzdür. Logistika məsələlərində isə qarşı tərəf ümumiyyətlə heç bir addım atmır. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Amma Ermənistanın bu siyasətinin perspektivi yoxdur. Onların tək çarəsi  Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.

Bütövlükdə, yeni mərhələdə Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi ilə yeni hədəfləri reallaşdıraraq öz qüdrətini daha da artıracaqdır.