YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İlham Əliyev alternativsiz Liderdir!

Müsahibimiz YAP İdarə Heyətinin üzvü Elnarə Akimova

- Elnarə xanım, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi son 20 il ərzində Ulu Öndərin siyasətini yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirib. Ötən dövrdə ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salmağınızı istərdik...

- Son 20 ili Azərbaycanın güclənmə dövrü kimi xarakterizə edə bilərik. Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın gücü kimi xalqın iradəsini, əzmini, Milli Ordunun şücaətini nəzərdə tutduğunu bildirdi. Bu, əlbəttə ki, belədir. Məsələ bundadır ki, nə xalqın iradəsi, nə də ordunun əzmi ona istiqamət verən siyasi rəhbər olmadan reallaşa bilər. Bunun üçün dövləti idarə edən siyasi qüvvənin sağlam iradəsi, milləti, xalqı irəli apara biləcək səriştəsi, ölkəsini kənarda tanıda biləcək nüfuzu olmalıdır. Bunların hər biri İlham Əliyev şəxsiyyətində ehtiva olunub. Ötən əsrin 90-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə aldı, milləti diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı. Məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər qorudu, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Ona görə ön cəbhədə düşməni, rəqiblərimizi belə heyrətdə qoyan kütləvi fədailik və şəhidlik hünəri meydana qoyuldu. Bəli, müharibəni hərbi texnikadan öncə milli enerjinin əzəməti uddu. Bu, həm də Ali Baş Komandan İlham Əliyevin məfkurə baxımından gördüyü işlərin məntiqi yekunu kimi təzahür edən qalibiyyət idi. Amma bir məqamı, 20 ildən öncəki 10 illik bir zaman vahidini də unutmaq olmaz. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 60-cı illərinin sonlarından başladığı düzgün siyasi xətti uğurla həyata keçirməsi, yarımçıq qalmış ideyalarını 1993-cü ildən sonra davam etdirməsi taleyimizin ən önəmli, ən həlledici məqamlarıdır.  Xalqı ağır hərbi-siyasi böhrandan çıxarmaq, üzləşdiyi təhlükələrdən xilas etmək, 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”, hər cür diplomatik manevrlərlə Azərbaycanın xarici arenadakı yerini və mövqeyini tanıtmaq adi məsələlər deyil. O dövrün reallıqlarından baxanda hətta ağlasığmaz və misilsiz əməllərdir. Yəni cənab İlham Əliyevə qədər bir çox məsələlər artıq öz həllini tapmış, növbəti hədəflərə varmaq Ona həvalə olunmuşdu. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri tarixin sınağından keçib özünü doğrultdu və bütün Azərbaycan bu böyük şəxsiyyətin necə haqlı olduğunu gördü.

Biz 20 ilin ən uğurlu nəticəsi kimi tarixi hadisəni – 2020-ci ildə 44 günlük Vətən müharibəsi Zəfərini və ötən ilin sentyabr ayında uğurla həyata keçirilmiş bir günlük lokal xarakterli antiterror əməliyyatını xüsusi qeyd etməliyik. Bu Qələbələr 20 ildə addım-addım gedilən yolun tamamlanma nöqtəsi oldu. Həmin müddətdə dövlət başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyini qorudu. Yəni milli məfkurə Prezident İlham Əliyevin qoruduğu ən böyük sərvət oldu. Dövlət başçısı yetişən yeni gəncliyin öz varlığından, milli kimliyindən ayrılmaması üçün bayraq meydanlarını qurdu. Türk ruhunu mənəviyyatında daşıyan millət fədailərimizin irsinin qorunması ilə bağlı çoxsaylı Sərəncamlar imzaladı. Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşovun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsi, həmçinin sonuncu qeyd etdiyim şəxsiyyətin Parisdəki məzarını ziyarətgah halına gətirməsi, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi, hər biri böyük mədəni hərəkatın göstəricisinə çevrilən “İslam Həmrəyliyi İli”, “Multikulturalizm İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “Nizami Gəncəvi İli”, “İmadəddin Nəsimi İli”, “Şuşa İli”, “Heydər Əliyev İli” ilə bağlı qərarları da bu gerçəklər sırasındadır. Bunlar Prezident İlham real həyatımızda müstəsna məqamlar olmaqla yanaşı, Qələbəmizin genetik kodlarını daşıyan amillərdir.

- Qarşıdan gələn prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə etməklə tariximizə parlaq bir səhifə kimi həkk olunacaq və qüdrətli dövlətimizin, qalib xalqımızın sınmaz iradəsinin bariz nümunəsi olacaq...

- Bəli, 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri xalqın milli müqəddəratının sınağa çəkildiyi zaman vahidi olacaq. Xalq öz seçimini etməlidir və heç şübhəsiz ki, düzgün qərarını verəcəkdir. Bu seçki xalqın siyasi iradəsinin sərgiləndiyi tarix kimi yadda qalacaq. Bu seçkilərdən sonra  başlanan yeni tariximizlə daha önəmli bir epoxaya qədəm qoyacağıq. Builki prezident seçkilərinin həm də fərqli mənəvi anlamı, məziyyətləri var. Nəhayət, müstəqillik tariximizdə ilk dəfə olaraq, seçki ərazi bütövlüyünü tam təmin etmiş, dövlət suverenliyi bütövlükdə bərqərar olmuş bir ölkədə keçiriləcək. Bunun özü artıq şərəfli və qürur doğuran faktdır. Bu mənada, prezident seçkilərini ölkəmizdə yeni tarixi inkişaf mərhələsinin başlanğıcı və dövlət müstəqilliyimizin tam təsdiqi mənasında əhəmiyyətli siyasi hadisədir. Ərazi bütövlüyümüzün tam bərpasından sonra həllini gözləyən bir çox məsələlər, cari dövrün yeni inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar prezident seçkilərini şərtləndirən ən mühüm səbəblərdir. Qarşıda həllini gözləyən məsələlər var. Hər cür siyasi-ideoloji, hərbi-iqtisadi, elmi-mədəni istiqamətlər üzrə gərəkli vəzifələrin reallaşdırılması amili var. Yaxud Zəngəzur dəhlizi kimi ali niyyətimiz və hədəfimiz var. Ümumiyyətlə, yeni mərhələnin strategiyasının müəyyən edilməsi, hədəflərinin gerçəkləşdirilməsi üçün prezident seçkiləri vacib amildir.

Bu gün həyata keçirilən layihələr, həll edilən məsələlər, yəni ye­ni Azər­bay­ca­nın qa­zan­dı­ğı  uğur­la­r XXI əsr­də dün­ya­ya səs salıb. Gün­dən-gü­nə ye­ni­lə­şən, çağ­daş dün­ya me­ri­di­an­la­rın­da ye­ri­ni tapan, Şərq­dən Qər­bə, Şimaldan Cənuba ge­dən yol­la­rın qov­şa­ğın­da hər gün da­ha da çox mər­kəz, ün­siy­yət mə­ka­nı ro­lu­nu oy­na­yan, bə­şə­riy­yə­tin ta­le­yi­ni dü­şü­nən ic­ti­mai-si­ya­si, ta­ri­xi-mə­də­ni, mil­li-mul­ti­kul­tu­ral və qlo­bal təşəbbüslərin mü­za­ki­rə mey­da­nı­na çev­ri­lən müasir Azər­bay­ca­n ob­ra­zı həm də Ümummilli Lider Heydər Əliyevin ide­yalarının tə­cəs­sü­müdür. Bu ye­ni reallıqların müəllifi isə Hey­dər Əli­yev yo­lu­nun la­yiq­li da­vam­çı­sı, Ulu Öndərin azər­bay­can­çı­lıq məfkurəsini dövrün tələblərinə uyğun şə­kil­də in­ki­şaf et­di­rən, ölkəmizin adı­nı, xal­qımızın xoş niy­yət və mə­ram­la­rı­nı hər zaman dün­ya­ya bəyan edən Pre­zi­den­t İl­ham Əli­yev­dir.

Fevralın 7-də xalq öz sarsılmaz iradəsini bir daha nümayiş etdirsə və 20 ildir Ona ləyaqətlə xidmət edən cənab İlham Əliyevə səs versə, Azərbaycanda illərdən bəri formalaşan və hökm sürən ictimai-siyasi vəziyyətin, sabitliyin davamını görəcəyik. Sonra böyük iqtisadi-mədəni inkişaf, sosial rifah, quruculuq işlərinin dinamizmi, milli məfkurə yönündə növbəti hədəflər və s. reallaşacaq.

Qarabağda başlanan quruculuq işləri, mədəni inkişafla bağlı yüksəliş olacağı şübhəsizdir. Görülməli işlərimizi inamla, sevinclə tamamlayacağıq. Cənab İlham Əliyev böyük gələcəyin möhkəm əsaslarını yaratmış dövlət başçısıdır. Onunla sabaha addımlamaq gələcək inkişafımızın tam təminatı deməkdir.

- Elnarə xanım, seçkiqabağı hansı çağırışları etmək istərdiniz?

- Necə ki, 1990-cı illərin vahiməli və dumanlı prosesləri içərisindən dahi Lider Heydər Əliyevin xilaskarlıq missiyası heyrətamizlik doğurur, eləcə də Qarabağ və Şərqi Zəngəzurla bağlı gerçəkləşmiş Zəfər amili eyni inanılmazlıq duyğusu kontekstində qəbul edilməlidir. Söhbət böyük Qarabağ düyünündən gedir. Bu adla torpaqlarımızı işğal ediblər, genefondumuzu zədələyiblər, ziyalılarımızı məhv edib sıradan çıxarıblar. Həmçinin bu adla mədəniyyət abidələrimizi yerlə yeksan ediblər, körpələrimizə divan tutub, qız-gəlinlərimizin namusuna göz dikiblər. Nəhayət, Ali Baş Komandan İlham Əliyev tariximizdə misli görünməmiş hünərə imza atdı. Xankəndidə, Xocalıda Azərbaycanın Dövlət bayrağını dalğalandırmaq milli qürurumuzun ən yüksək məqamda təqdimatı idi. Yaşadığımız acılara rəğmən, sınmayan vüqarımızın, özgürlük və sarsılmazlığımızın dünyaya sərgiləndiyi gün idi. Prezident, Ali Baş Komandan İlham Əliyev buna həm diplomatik səriştəsi, həm də hərb meydanında sərgilədiyi böyük qətiyyət və mübarizə əzmi ilə nail oldu. 2020-ci ilin 8 noyabrında, Şuşa azad olunan gün Prezidentin çıxışını hamımız xatırlayırıq. Qeyd etdi ki, “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”. Bax, vəfa borcu bu deməkdir. İndi bu borcu qaytarmaq xalq kimi bizim üzərimizə düşən əsas missiyadır.

Bu gün Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, xüsusilə müharibədə sərgilədiyi humanist rəhbər obrazı Onu nəinki ölkəsinin, hətta dünyanın gələcək perspektivlərini düşünən liderlər sırasına çıxarıb. Bundan sonra da suveren Azərbaycanın ən yeni mərhələsinin qarşıya çıxaracağı bütün problemlərin həll edilməsində cənab İlham Əliyev əvəzsiz imkanlara malikdir və kiminsə ona alternativ olması mümkün deyil. İnanıram ki, fevralın 7-də xalqla dövlətin birliyi ona öz layiqli namizədini seçmək imkanı tanıdacaq. Azərbaycan xalqı bu şansdan öz parlaq gələcəyi naminə mütləq yararlanacaqdır.