MÜSAHİBƏLƏR
İlham Əliyev Zəfər seçkilərinin də qalibi olacaq!
- İmamverdi müəllim, fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Zəfər seçkiləri dövlət suverenliyinin tam bərpası kimi milli prioritetin qətiyyətlə reallaşması və Azərbaycanın yeni tarixi dövrə qədəm qoyması fonunda keçirilir. Bu seçkilərin müasir dövlətçilik tariximizdə yeri və gələcək hədəflərin gerçəkləşməsi kontekstində əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Müzəffər Lider İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində ölkəmizin keçdiyi dinamik inkişaf yolundan, iqtisadi müstəqilliyimizin tam təmin olunmasından başlamış, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, qlobal nüfuzunun yüksəlməsinə qədər bir çox möhtəşəm uğurlara nail olmuşuq. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi, respublikamızın hər yerində konstitusiya quruluşunun bərqərar olunması, 200 illik dövrdə bütün faciələrimizin səbəbi olmuş erməni separatizminin məhv edilməsi isə bu nailiyyətlərimizin zirvə nöqtəsidir. Bununla da xalqımız tariximizin torpaqlarımızın azadlığı uğrunda mübarizə mərhələsini tarixi Zəfərlə layiqincə başa vurdu. Azərbaycanın qarşısında yeni üfüqlər açıldı. Qarşıda isə dövlət və xalq olaraq bizi yeni inkişaf hədəfləri gözləyir, yeni dövrə qədəm qoymağa hazırlaşırıq. İnkişafın yeni hədəflərə uyğun tempdə davamlılığına, yeni milli prioritetlərə doğru ilkin siyasi addımlardan birincisinin məhz prezident seçkiləri olması tamamilə məntiqlidir.
Fevralın 7-də ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar hadisəyə - Zəfər seçkilərinin keçirilməsinə şahidlik edəcəyik. Təbii ki, fevralın 7-nə təyin edilən prezident seçkiləri ilk növbədə dövlət müstəqilliyimizi əldə etdikdən sonra bütün ölkə ərazisində keçirilən seçkilər kimi xüsusi əhəmiyyətə malikdir. Zəfər seçkiləri kimi tarixi düşəcək 7 fevral seçkilərində iştirak etməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşacaqlar. Əlbəttə ki, seçkilərin nəticələri mövcud reallıqları möhkəmləndirəcək və dünya ictimaiyyətinə cəmiyyətimizin möhkəmliyini və onun qonşularımız da daxil olmaqla sülh və təhlükəsizlik şəraitdə yaşamaq istəyini nümayiş etdirəcək. Bu isə həm beynəlxalq hüquq normalarına, həm də ölkəmizin milli maraqlarına tam cavab verir. Nəhayət, bu seçkilər qalib Lider İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə qalib xalqın verəcəyi qiymət və dəstək baxımından da olduqca vacibdir.
- Reallıqlar göstərir ki, cənab İlham Əliyev son 20 ildə bütün vədlərini, qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirib və Azərbaycan xalqının 2003-cü ildə verdiyi qərarın nə qədər müdrik olduğunu isbatlayıb. Ölkəmiz üçün əsrə bərabər son 20 illik dönəmə nəzər salmağınızı xahiş edərdik...
- Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini 2003-cü il seçimlərində nümayiş etdirdi. Xalq Heydər Əliyev kursunu uğurla davam etdirmək iqtidarında olan yeni Liderini – İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. İlham Əliyevin əvvəlki dövrdə çalışdığı rəhbər vəzifələrdə özünü doğrultması, ən başlıcası isə Ümummilli Lider Heydər Əliyev dühasından bəhrələnərək novator siyasətçi kimi yetişmək imkanlarını səfərbər etməsi onu qısa bir zamanda Azərbaycanın siyasi səhnəsində önə çıxarmışdı.
Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz Liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbələr qazandı. Yeni əsrin yeni Lideri İlham Əliyev 20 ildən artıqdır ki, Azərbaycanı bu dövlətin qurucusu Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəli aparır, xalqımıza tarixi uğurlar qazandırır.
2003-cü ildən ölkədə yeni sosial-iqtisadi inkişaf modelinə keçidə start verildi. Bu model çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühitin yaradılması, sosial məsələlərin həlli üzrə sürətli addımlar atıldı. Dövlət başçısının həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasına əsasən ölkənin regionlarının davamlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yarandı. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanındı, həm də daha sürətlə dəyişən ölkə imici qazandı.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın əldə etdiyi iqtisadi uğurların başlıca səbəbi oldu, ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı və onun qlobal əhəmiyyəti daha da artdı. Nəticədə ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrası təmin edildi. Bu gün Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə bizim deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini verir. Bu layihələr arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik Cənub Qaz Dəhlizi kimi nəhəng layihə yer alır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri tikilib istismara verilib. Bundan başqa, iki nəqliyyat meqalayihəsini – Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisini və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində işləri xatırlatmaq lazımdır.
Ölkə rəhbərinin sosial sahəyə xüsusi qayğısı ötən 20 ildə dövlətimizin sosial siyasətinin ildən-ilə güclənməsinə, dayanıqlı və əhatə dairəsi daim genişlənən etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan verib. Sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əhalinin məşğulluğunun təminatıdır və ölkədə yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının artırılması davamlı xarakter alıb. Bu günə qədər həyata keçirilmiş uğurlu sosial siyasətin ardıcıllığı və dönməzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinə səbəb oldu.
Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini – "ASAN xidmət" mərkəzlərini buna misal göstərmək olar. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə və vətəndaş məmnunluğunun daim yüksək səviyyədə saxlanılmasına nail olunub. 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – DOST Agentliyi yaradılıb. DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılmasından, həssas qruplara dövlət qayğısının artırılmasından və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir.
Bu dövrdə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar onu beynəlxalq siyasi sistemin ən fəal subyektlərindən birinə çevirdi. Azərbaycan özünün və daxil olduğu regionun təhlükəsizlik maraqlarını qoruya bilmək, cürbəcür təhdid və avantüraları zərərsizləşdirmək bacarığını nümayiş etdirdi və nəticədə dünya birliyində etibarlı tərəfdaş nüfuzu qazandı. 2003-cü ildən bəri Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı "Eurovision" mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula 1" yarışlarına sahibliyi edib. Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan beynəlxalq mövqeyi tarixində heç zaman olmadığı qədər güclü və sarsılmazdır. Eyni zamanda, regional müstəvidə göstərilən təşəbbüslər, həyata keçirilən iri layihələr Azərbaycanı regionunun lider dövlətinə çevirdi.
Ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun daha da güclənməsi, döyüş qabiliyyətinin artırılması, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində atılan addımların uğurlu nəticələri özünü 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq şanlı Qələbəyə imza atdı. Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin əsrə bərabər 20 illik fəaliyyətin Zəfər zirvəsidir. Ulu Öndərin Qarabağla bağlı vəsiyyətini böyük məharətlə gerçəkləşdirən qalib Lider itirilmiş torpaqlarımızı geri qaytardı və suverenliyini qətiyyətlə bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada, Laçında, işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Hazırda Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa edilir, soydaşlarımızın gələcəkdə daha rahat yaşayışı üçün bütün şərait yaradılır.
- İmamverdi müəllim, Azərbaycanı daha işıqlı sabahlara aparmaq, zəfərlərimizin davamlılığını təmin etmək üçün seçicilərə hansı çağırışları etmək istərdiniz?
- Hər bir uğurlu addım üçün stimul olmalıdır. Bu stimul, təbii ki, xalq-iqtidar birliyinin sarsılmazlığıdır. Azərbaycandakı ictimai-siyasi sabitlik mühiti, vətəndaşların dövlətə, dövlət rəhbərliyinin həyata keçirdiyi islahatlar kursuna dəstəyi Azərbaycanın milli dövlətçilik tarixində yeni uğurlar üçün zəmin yaranır. Uğurlar biri-birini əvəzlədikcə sabaha inam daha da artır, yeni-yeni hədəflər gündəmə gəlir, onların gerçəkləşdirilməsi üçün səylər göstərilir. Reallıqlar göstərir ki, Azərbaycan milli dövlətçilik tarixinin heç bir mərhələsində indiki qədər qüdrətli olmayıb. Bu inkişafı, sabitliyi, tərəqqini təmin edən amil ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasına sadiq qalan qalib Lider qərarları ilə ümumxalq sevgisini qazandı. Azərbaycanı yenidən dünyaya yeni imicdə, qalib libasında və ləyaqət zirvəsində təqdim edən Liderə xalqımız yüksək sevgi və sədaqət nümayiş etdirir. Bu Xalq–Lider birliyi ölkəmizin hərtərəfli və davamlı inkişafının təməlidir. Bütün bunlara görə Azərbaycan xalqının tərəddüdsüz və alternativsiz seçimi məhz cənab İlham Əliyevdir.
Müdrik, qətiyyətli, cəsarətli Azərbaycan xalqı hər zaman seçim məqamı yetişəndə doğru qərar verməyi bacarıb. Bizim xalqımız müdrik xalqdır, bunu dəfələrlə seçkilərdə də sübut edib. Əminliklə deyə bilərəm ki, bu dəfə də xalqımız müdrik qərar verəcək və doğru seçim edəcək. Təbii ki, bu doğru seçim də bizi dünyada qalib xalq kimi tanıdan, nəinki Azərbaycanın, eyni zamanda, bütün Türk dünyasının qürur mənbəyinə çevrilən Qarabağ Zəfərinin memarı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə növbəti müddət üçün etimadın göstərilməsidir. Xalqımız bu etimadı göstərməklə yeni dövrdə bizi gözləyən yeni uğurlara səs verərək ölkəmizin gələcəyini etibarlı Liderə əmanət edəcək. Qalib xalqımızın səsi və iradəsi qalib Lideri Zəfər seçkilərinin də qalibi edəcək.