YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qarşıda dayanan taleyüklü vəzifələri Liderimiz İlham Əliyevin rəhbərliyi ilə yerinə yetirə bilərik

Müsahibimiz Milli Məclisin deputatı, akademik Nizami Cəfərov

- Nizami müəllim, ölkəmiz prezident seçkiləri ərəfəsindədir. Seçkilərə “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə qoşulan Yeni Azərbaycan Partiyası hazırda prezidentliyə namizəd cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını uğurla davam etdirir. Sizin bu seçki ilə bağlı düşüncələriniz nədən ibarətdir?

-  Prezident seçkilərinin hansı zərurətdən keçirilməsinin səbəbləri ictimaiyyətə açıqlanıb və kifayət qədər ciddi əsasları var. Yəni bu seçkilərin keçirilməsi günümüzün, dövrün tələbidir. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin nüfuzu o qədər yüksəkdir ki, indidən seçkinin nəticələri haqqında fikir    yürütmək mümkündür. Prezident İlham Əliyevin vətəndaşlar  arasında nə qədər böyük hörmət və inama sahib olması həm ölkə daxilində, həm də xaricdə də yaxşı məlumdur. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan yüksək dinamika ilə inkişaf edir,  ictimai-siyasi sabitlik təmin olunub, ölkədə Lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin  gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində olmadığı qədər güclü dövlətə çevrilib. Cənab Prezident, həmçinin milli-mənəvi dəyərlərimizin, ana dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində də misilsiz xidmətlər göstərir. Bu barədə faktlar cəmiyyətimizə çox yaxşı məlumdur.

Əlbəttə ki, Prezident İlham Əliyevin 20 illik rəhbərliyinin zirvəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Torpaqlarımızın işğaldan azad olunmasında, separatizmə son qoyulmasında Prezidentimizin polad iradəsi müstəsna əhəmiyyət kəsb edir.  Erməni işğalına və separatizminə qarşı Azərbaycan xalqının hərbi, ictimai, siyasi mübarizəsində Ali Baş Komandan İlham Əliyevin mövqeyi, bəyanatları, dediyi  söz son dərəcə mühüm rol oynadı. Dövlət başçısının timsalında həmişə vaxtında, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, ideoloji cəhətdən zəngin proseslərin mahiyyətini böyük analitik istedad və intellektlə ortaya qoyan mövqeyi, başlıcası isə Xalq-Prezident-Ordu birliyi uzun illər davam edən problemə son qoydu. Ali Baş Komandanımızın iradəsi ilk növbədə onunla əlamətdardır ki, bir xalqın taleyini həll edən prosesləri yönəltməklə, milli ruhu mərkəzləşdirib, həqiqətən dəmir yumruğa, sarsılmaz mənəvi qüvvəyə çevirməklə öz tarixi missiyasını uğurla həyata keçirdi.

Azərbaycan xalqı Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir. İndiyə qədər keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbələr qazanması məhz xalqımızın Ona olan yüksək inamının ifadəsidir. Bu baxımdan, fevralın 7-də keçiriləcək prezident seçkilərində də cənab İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir.

 - Prezident İlham Əliyevin siyasətində Türk dünyasında birliyin gücləndirilməsi də əsas istiqamətlərdən biridir. Nəinki Azərbaycan xalqı, eləcə də bütün Türk dünyası cənab İlham Əliyevin bu yöndəki səylərini yüksək dəyərləndirir...

- Prezident İlham Əliyevin siyasətində  daim dövlət və milli maraqlarımız qəti şəkildə qorunur. Bu baxımdan, ən təqdirolunası məqamlardan biri dövlətimizin başçısının türk dövlətləri və xalqlarının birliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər və təşəbbüslərdir. Çünki qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. 

Türk dövlətlərinin, xalqlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması Azərbaycanın ən çox səy göstərdiyi məsələlərdəndir. Dövlətimizin tarixi və siyasi baxımdan bizə yaxın olan türk respublikaları ilə ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri ilə əlaqələrin daha böyük coğrafi arealda genişləndirilməsinə çalışmaqla bütövlükdə türk dünyasının rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət bütövlükdə türk xalqlarının dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş mühüm və tarixi missiyadır. Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər daha da güclənib və bu proses irəliyə doğru getməkdədir. Bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin müstəsna xidmətləri var.

- Prezident İlham Əliyevin siyasətində azərbaycançılıq ideologiyasının təşviqi, təbliği və yaşadılması mühüm yer tutur. Bu amilin milli maraqların qorunmasında rolunu necə dəyərləndirirsiniz?

- Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsinin dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində  üç tamamilə humanist  dəyər komponenti ifadə olunur. Bunlar  etnik mənsubiyyət, dini mənsubiyyət və  dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu  xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm var. Azərbaycan xalqı da dünyanın  digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşünə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir. Tarixi taleləri elə gətirib ki, azərbaycanlıların  bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ona görə də  əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam  etdirilməsi heç bir alternativ qəbul etməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir.

Bu gün Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsi nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar bu ideologiya ətrafında sıx birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri cənab İlham Əliyevi dəstəkləyir və Onu öz Lideri olaraq qəbul edirlər. 44 günlük Vətən müharibəsi zamanı biz bunu bir daha aydın şəkildə gördük. Müharibə zamanı bütün xalqların nümayəndələri cənab İlham Əliyevin çağırışı ilə vahid yumruq kimi birləşdilər. Təbii ki, bu amil azərbaycançılıq ideologiyasının nə qədər mükəmməl olduğunu təsdiqləyir.

 - Nizami müəllim, hazırda seçki kampaniyasının təşviqat mərhələsi davam edir. Seçicilərlə keçirilən görüşlərlə bağlı təəssüratlarınız necədir?
 

- Yeni Azərbaycan Partiyası  “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirir. Görüşlər bir daha əminlik yaradır ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi birmənalı olaraq xalqın namizədidir. Çünki ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyət göstərir.

Milli Məclisin deputatı kimi təmsil etdiyim Ağstafa rayonunda da böyük abadlıq və quruculuq  işləri həyata keçirilir. Cənab Prezident dəfələrlə rayonda olub, bir çox iqtisadi, sosial, mədəni obyektlərin açılışında şəxsən iştirak edib. Bu quruculuq prosesi hazırda da davam etməkdədir.  Ağstafa əhalisi dövlət başçısının rayonumuza göstərdiyi qayğını yüksək qiymətləndirir və 7 fevral seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Bütövlükdə isə, Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə xeyli sayda iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tiklib istifadəyə verilib.

Bütün bunlarla yanaşı, dövlətimizin başçısı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını Azərbaycanda yeni dövrün başlanğıcı kimi səciyyələndirib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə möhtəşəm quruculuq işləri həyata keçirilir.

Bu gün dünyada, o cümlədən regionumuzda mürəkkəb geosiyasi, hətta ideoloji proseslər baş verir. Biz bu prosesləri də yalnız dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə qələbə və zəfərlərlə başa vura bilərik. Ona görə də mən bütün seçiciləri 7 fevralda fəal olmağa, millətimizin və dövlətimizin maraqlarını hər zaman qoruyan, polad iradəli Liderimiz İlham Əliyevə səs verməyə çağırıram!