YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni dövrün hədəflərinə çatmaq üçün qalib Lider İlham Əliyevə səs verməliyik

Müsahibimiz Milli Məclisin deputatı Mahir Abbaszadə

- Mahir müəllim, Azərbaycan xalqı 7 fevral prezident seçkilərinə tam fərqli əhval-ruhiyyədə - qalib xalq olaraq gedir. Çünki artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək. Bu kontekstdə seçkilərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycanın öz suverenliyini bərpa etməsi artıq tariximizdə yeni mərhələnin başlanğıcıdır. Son 20 illik tariximizə nəzər salsaq, görərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox mühüm nailiyyətlər əldə etmişik. Bu dövrdə  əhalinin sosial rifahı yaxşılaşıb, iqtisadiyyatımız, ordumuz əhəmiyyətli dərəcədə güclənib, beynəlxaq müstəvidə ölkəmizin nüfuz və mövqələri xeyli yüksəlib.  Bütün bunların müqabilində Azərbaycan yeni bir Azərbaycana çevrilib. Müstəqillik tariximizdə ilk dəfə olaraq azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarında seçki hüququndan istifadə etmələri yeni Azərbaycan üçün çox yaddaqalan günlərdir.

Biz müstəqillik əldə etdikdən sonra ən böyük arzularımızdan biri  o idi ki, torpaqlarımız azad olunsun, həmin torpaqlarda da seçkilərdə iştirak edək. Əvvvəlki seçkilərdə görüşlərimiz zamanı insanlar bu arzunu səsləndirirdilər. Bugünkü Azərbaycan isə artıq qələbələrlə zəngindir. Vətəndaşlar, o cümlədən keçmiş məcburi köçkünlər yüksək əhval-ruhiyyədədir. İnanırıq ki, Azərbaycan xalqı fevralın 7-də mütəşəkkil qaydada seçkilərə gələcək, öz münasibətini bildirəcək. Bu seçkilərdə də onu qalib edən şəxsiyyətə - Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcək.

- 7 fevralda keçiriləcək prezident seçkiləri müasir Azərbaycanın tarixində yeni dövrün başlanğıcı kimi səciyyələndirilir. Sizcə, bu reallığı hansı amillər şərtləndirir?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 20 ildə böyük mübarizələrlə zəngin inkişaf yolu keçib. Biz bilirik ki, bu dövrdə dövlətimiz təhdidlərlə üzləşirdi. Qarabağ münaqişəsinin həll edilməməsi müəyyən beynəlxalq güclərin marağında idi. Lakin Prezidentimizin polad iradəsi bütün təhdidlərin qarşısını aldı və torpaqlarımız işğaldan azad olundu, Qarabağda erməni  separatizminə birdəfəlik son qoyuldu. 

Bununla belə, qarşımızda yeni, ciddi çağırışlar dayanır. Bu çağırışlar ondan ibarətdir ki, Cənubi Qafqazda sabitliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Erməni tərəfi hələ ki, sülh imzalanmağa maraqlı görünmür. Bundan sonrakı prosesləri həyata keçirmək üçün mütləq seçkiyə getməliyik. İkinci böyük çağırış Zəngəzur dəhlizinin  açılması ilə bağlıdır. Bu istiqamətdə  siyasət davam etdirilməlidir. Üçüncüsü, alternativ enerji ilə bağlı dünyada çox böyük çağırışlar var. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bütün bunlar Prezidentimizin nə qədər  uzaqgörən siyasət həyata keçirdiyini bir daha təsdiqləyir.

Biz düşməni məğlub etmişik. Amma bu, o demək deyil ki, Ermənistan düşmənçiliyə son qoymaq istəyir. Ermənilər qüvvə toplamağa çalışırlar, revanşizm düşüncəsi davam edir, xaricdən havadarları dəstək verir və silahlandırılır. Gələcəkdə bir daha əvvəlki təhlükələrlə üzləşməmək üçün prezident seçkilərinin keçirilməsi  labuddür. Düşünürəm ki, əvvəlki seçkilərlə müqayisədə qat-qat yüksək əhval ruhiyyə ilə xalqımız bu seçkilərdə iştirak edəcək. Bu, həm də Azərbaycanın gələcəyi ilə bağlı qərar olacaq. Bizim uğurlu gələcəyimiz isə məhz qalib Lider, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz yoldur.

- Hazırda işğaldan azad edilmiş ərazilərimizdə möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir. Qarşıda dayanan əsas hədəflərdən biri də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və onlar üçün layiqli həyat səviyyəsinin təmin edilməsidir...

- Bəli, biz seçkiyə həm də ona görə gedirik ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri daha sürətlə həyata keçirilsin, keçmiş köçkünlər doğma yurdlarına qaytarılsın. 2020-ci ildə torpaqlarımız azad edildikdən sonra miqyası sözlə ifadə oluna bilməyəcək səviyyədə bərpa-quruculuq işləri başlayıb. Ötən müddətdə kəndlər, yollar, hava limanları tikilib. Prezident İlham Əliyev və birinci xanım  Mehriban Əliyeva həmin ərazilərə  mütəmadi olaraq səfərlər edir, görülən işlərə nəzarət edirlər.

Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq işlər plan üzrə gedir. Birinci mərhələdə təxminən 140 min insanın öz ata-baba yurdlarına qayıtması nəzərdə tutulur. Bu işlər ölkəmizin daxili imkanları, iqtisadi və maliyyə gücü hesabına həyata keçirilir. Etiraf etmıiyik ki, bu iqtisadi-maliyyə gücü də Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. 1 milyona yaxın insanı yurdlarına  qaytarmaq, onlara layiqli həyat şəraitini təmin etmək üçün bu seçkilər bir çağırışdır.

Qalib Lider olaraq bu işləri tam həyata keçirmək missiyası da cənab İlham Əliyevdədir. Biz seçicilərlə görüşlərdə bütün bunları izah edirik. Üzərimizdən məcburi köçkün sözünü götürən, doğma yurdlarımızı bizə qaytaran, sərhədlərimizi bütövləşdirən, yeni həyat şəraiti yaradan Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevdir. Ona görə də keçmiş məcburi köçkünlər də seçkilərdə daha böyük fəallıq göstərməli, 7 fevralda seçki məntəqələrinə gəlməli və öz vətəndaşlıq borcunu yerinə yetirərək xalqımızı qalib edən, ata-baba yurdlarına qaytaran cənab İlham Əliyevə səs verməlidir.

- Mahir müəllim, Böyük Qayıdışın ilk müjdələrindən biri də Laçın şəhərinə və rayonun Zabux kəndinə insanların qayıdışı oldu. Təşviqat kampaniyası çərçivəsində laçınlı seçicilərlə görüşlərdə iştirak edirsiniz. İnsanların təəssüratları necədir?

- 30 illik işğal, yurd həsrəti insanların həyatına çox mənfi təsir etmişdi. Bu gün isə onlar sevinc göz yaşları ilə doğma torpaqlara qayıdırlar. Dövlətimiz Laçını böyük sürətlə yenidən qurur, oraya köçürülmüş əhalinin təhlükəsizliyini təmin edir. Hərbçilərimiz ayıq-sayıqdır. 

Digər tərəfdən, layiqli həyatın ən yüksək səviyyəsi nədirsə, bu, Prezident İlham Əliyevin qayğısı sayəsində Laçında yaradılmaqdadır. Laçın şəhəri ən yüksək səviyyədə qurulub və hazırda da işlər davam etdirilir. Laçın şəhərinə baxanda, bəlkə də, dövlətimizin simasını görmək olar. Bir tərəfdən, torpaqlarımızı işğaldan azad etmək, digər tərəfdən həmin torpaqlarda qurub-yaratmaq, keçmiş köçkünləri yurdlarına qaytarmaq çox böyük məna daşıyır. İnsanlar dövlətin qayğısından çox razıdırlar. Özlərini çox xoşbəxt hesab edirlər ki, doğma yurdlarına qayıdıblar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçına dəfələrlə səfər edib. Onların Laçın şəhərində və Zabux kəndində insanlarla görüşləri laçınlılar üçün unudulmaz anlardır.

Artıq 400-dən çox ailə Laçın şəhərinə, 200-dən çox ailə isə Zabux kəndinə köçürülüb. Çox sevindirici haldır ki, orada seçki məntəqələri də yaradılıb. Laçın şəhəri 2 saylı tam orta məktəbdə insanlar seçki məntəqəsinin yaradılmasında yaxından iştirak edirdilər. Çünki arzularından biri də bu olub ki, torpaqlar azad olunsun, burada həm də seçki məntəqələri yaradılsın. Biz də gəlib seçkidə ən layiqli namizədimizə səs verək.

Əlbəttə ki, görülən işlər bununla bitmir. Sus kəndinin də bərpası bir neçə aya başa çatmalıdır. Eləcə də Güləbird, Qorçu və Şəlvə kəndlərinin təməli atılıb. Qorçu ərazisində hava limanının tkintisi sürətlə davam edir, həminin Laçın-Kəlbəcər yolu inşa olunur. Digər kəndlər də layihələndirilir.

Düşünürəm ki, 7 fevral tarixi Azərbaycan xalqının həyatında ən yaddaqalan günlərdən biri olacaq. Qeyd edim ki, laçınlılar respublikanın 58 rayonunda məskunlaşıb. Onlar bütün görüşlərdə böyük fəallıqla iştirak edirlər. İnsanlarda çox yüksək əhval-ruhiyyə var. Yanvarın 26-da təşviqat kampaniyası çərçivəsində Laçın şəhərində və Zabux kəndində seçicilərlə görüş keçirdik. Bu, müstəqillik tarixində ilk dəfə laçınlıların doğma yurdlarında ilk seçki görüşü idi. İnsanlar çox yüksək əhval-ruhiyyə ilə bu görüşlərdə iştirak etdilər. Və bəyan etdilər ki, bizi doğma yurdumuza qaytaran qalib Lider İlham Əliyevə səs verəcəklər. Bu fakt Prezident  İlham Əliyevə olan etimad və inamın nümunəsidir. Qalib xalqın seçkisi belə də olmalıdır.

Laçınlılar da aydın dərk edirlər ki, azad edilmiş ərazilərdə bərpa işlərini davam etdirmək üçün yeganə yol Prezident  İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin davam etdirilməsidir. Hər bir seçici, o cümlədən laçınlılar seçki gününü bayrama çevirməlidir. Bu seçkilərdə hamı iştirak etməli, hər kəs vətəndaşlıq borcunu yerinə yetirməlidir. Çünki qalib dövlətin seçkisində iştirak edirik. Laçınlılar da bu seçkilərdə çox fəal iştirak edərək yeni dövrün hədəflərinə çatmaq, müstəqil ölkəmizin daha da inkişafı naminə qalib Lider İlham Əliyevə səs verəcəklər!