YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan yeni güc mərkəzinə çevrilib

Müsahibimiz Milli Məclisin deputatı Tural Gəncəliyev

- Tural müəlim, bu gün Xankəndidə, Xocalıda, Xocavənddə üçrəngli bayrağımız dalğalanır. Bu möhtəşəm uğur Prezident İlham Əliyevin ölkəyə rəhbərlk etdiyi 20 ildə həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsidir. Əsrə bərabər 20 ildə qazanılan nailiyyətləri və yaradılan reallıqları necə  dəyərləndirirsiniz?

- 15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın üçrəngli bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və Sərsəng su anbarının ərazisində ucaldaraq, 44 günlük şanlı zəfərdən sonra xalqımıza yenidən qələbə sevincini yaşattı. Xüsusən də qan yaddaşımız olan Xocalıda üçrəngli bayrağımızın qaldırılması milli qeyrət, namus məsələsidir.  Bu tarixi hadisə müzəffər ali baş komandanımızın ölkəmizə rəhbərlik etdiyi 20 illik fəaliyyəti ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bununla, o, həm ata vəsiyyətini tutdu, həm də  20 il bundan öncə Azərbaycan Respublikasının prezidenti seçilərkən xalqa verdiyi vədi də qürurla yerinə yetirərərək, Azərbaycanın suverenliyini tam bərpa etdi və xalqın etimadını bir daha doğrultdu.

Prezident İlham Əliyev Xankəndidəki çıxışı zamanı çox önəmli məsələlərə də toxundu. Milli liderimiz Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu bir ildə Xankəndidə bayrağımızın qaldırılması Azərbaycan xalqına bəxş olunan ən böyük hədiyyədir. Eyni zamanda, çox maraqlı məqam ondan ibarətdir ki, düz 100 il bundan əvvəl, 1923-cü ildə Azərbaycanın Qarabağ bölgəsində heç bir tarixi əsası olmayan “Dağlıq Qarabağ Muxtar vilayəti” yaradılmış, həmin ərazilərə separatizm toxumları səpilmişdir. Məhz 100 il sonra cənab Prezidentimiz vasitəsi ilə bu seperatizmin kökündən kəsilib atılmasının canlı şahidi olduq. Cənab Prezident  Azərbaycan xalqının qəlbinə sancılmış  xəncəri bayrağımızı həmin şəhərlərdə  yüksəltməklə qəlbimizdən çıxartmış oldu və beləliklə, Qarabağ məsələsi, seperatizm problemi birdəfəlik həll olundu. Biz də xalq olaraq, üçrəngli bayrağımızın Qarabağın hər qarışında dalğalanmasından böyük qürur hissi keçirdik. Bu  hadisə son 200 ildən çox bir müddətdə Azərbaycanın əldə etdiyi ən uğurlu və şərəfli tarixi hadisələrdəndir.

- Prezident İlham Əliyev Füzuli sakinləri ilə görüşündə də bir daha  bildirdi ki, Qarabağ münaqişəsi mövzusu və separatçıların kitabı birdəfəlik bağlandı. Dövlət başçısının bu fikirləri həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajdır. Sizcə, onlar reallıqdan dərs çıxara biləcəklərmi?

- Dövlət başçımızın Füzuli sakinləri ilə görüşdə separatçılığın kitabının birdəfəlik bağlandığını qeyd etməsi, həm Ermənistana, həm onların havadarlarına, ciddi mesajdır. Azərbaycan ilə artıq güc dilində danışmaq mümkün deyildir.

Suverenlik və tərəqqi yolunda böyük inkişaf yolu keçən Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən artıq yeni güc mərkəzinə çevrilmişdir. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən unikal bir ölkədir. Azərbaycanın nəinki Cənubi Qafqazda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında da gücü elə bir səviyyəyə çatmışdır ki, artıq Azərbaycan qonşuluqda olan digər güc mərkəzlərinə öz sözünü çatdırır və öz mövqeyini diqtə edir. Azərbaycan eyni zamanda Avropa enerji təhlükəsizliyinə böyük töhvə verir. Ölkəmiz həmçinin Avropa İttifaqına daxil olan 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalamışdır. Bununla da, istər Avropa İttiaqında, istərsə də digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı olan istənilən təhdid Azərbaycanın artan nüfuzu və Azərbaycan Prezidentinin qətiiyyətli addımları ilə yerindəcə həll olunur.

Eyni zamanda fəxrlə qeyd etməliyik ki, BMT- dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan və ölkələrarası əlverişli əlaqələrin qurulmasında mühüm siyasi platforma olan Quşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşayır. Bu da cənab Prezidentimizin yürütdüyü, düzgün istiqamətdə seçilmiş strategiyasının nəticəsidir və Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu yeri olduğunu göstərir.Təbii ki, Azərbaycanın bu mövqeyi bir daha bizi əmin edir ki, regionda sülh və barışıq istəyən əsas ölkə bizik.

- Sülh müqaviləsinin imzalanması perspektivini necə qiymətləndirirsiniz?

- Ermənistanın sülh müqaviləsi imzalamasının perspektivinə gəldikdə isə, onu qeyd etməliyəm ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistanın başqa yolu yoxdur. Əgər Ermənistan regionun güc mərkəzi olan Azərbaycan ilə münasibətərini normallaşdırmaq istəyirsə, o zaman sülh müqaviləsini imzalayaraq, birdəfəlik Azərbaycan ərazilərinə, eləcə də, Türkiyənin və digər ölkələrin ərazi iddiasına son qoymasını məhz bu müqavilədə təsdiqləməlidir. Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törətməzsə, biz sülh müqaviləsinin və perspektiv sülh atmosferinin yaradılmasına ümid edə bilərik. Ancaq burada yenə də Ermənistanın və orada mövcud olan dairələrin bu məsələdə yekdil olması lazımdır ki, onlar erməni daşnaq ideologiyasından özlərini azad etsinlər. Yeri gəlmişkən, sülh müqaviləsinin imzalanması artıq Azərbaycandan daha çox Ermənistanın marağında olmalıdır. Çünki Azərbaycanın Qarabağda keçirdiyi son hərbi əməliyyatlar nəticəsində   öz ərazilərini tamamilə işğaldan azad etməsi, separatçı qurumun özünü buraxması, Ermənistanın başqa bir şansının olmamasını göstərir.

- Tural müəlim, Ermənistanın baş naziri Avropa Parlamentində siyasi şou təşkil etdi. Mövcud vəziyyət - siyasi korrupsiya mənbəyi olan Avropa Parlamentinin Ermənistana göstərdiyi dəstək bir daha onların ikili standart siyasəti həyata keçirdiyini təsdiqlədi. Anti-Azərbaycan mövqe tutan Avropa Parlamentindən ədalət gözləməyə dəyərmi?

- Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki son çıxışı ilə bağlı onu qeyd etmək istərdim ki, biz təəssüflər olsun ki, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan mövqeyinin güclü olduğunu və ikiüzlü, riyakar siyasətin formalaşdığının dəfələrlə şahidi olmuşuq. Təsadüfi deyildir ki, Avropa  Parlamentindəki ermənipərəst qüvvələr Nikol Paşinyanın Parlament tribunasında çıxışına şərait yaratmaqla, Cənubi Qafqazda Azərbaycana qarşı nail ola bilmədiyi həmlələri bir növ öz kürsülərindən səsləndirməklə Azərbaycana qarşı öz qərəzli mövqelərini bariz şəkildə birldirirlər. Ancaq korrupsiyaya batmış Avropa Parlamentinin kürsüsündən səsləndirilən bu fikirlər bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan özü artıq yeni bir güc mərkəzi formalaşdırmışdır. Biz Türkiyə ilə tam əməkdaşlıq edərək türk dünyasının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edirik və Avropa Parlamenti AŞPA kimi Azərbaycan əleyhinə sənədlər qəbul edən qurumlar heç nəyə nail olmayacaqdır. Mən əminəm ki, yeni formlaşmaqda olan Türk Dövlətləri Təşkilatının bu konteksdə güclənməsi qaçılmazdır. Türk dünyası yeni bir güc mərkəzi kimi formalaşmaqdadır və Azərbaycan bu Türk dünyasının vuran nəbzidir. Ona görə də artıq istər Avropa Parlamenti olsun, istərsə də AŞPA olsun güclənməkdə olan Azərbaycan Türk dünyasının fonunda yalnız əhəmiyyətsiz bəyanatları və riyakar mövqeləri ilə tarixin yaddaşında qalacaqlar.