YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Çoxəsrlik dövlətçilik tariximizin dönüş nöqtəsi

Müsahibimiz YAP Veteranlar Şurasının üzvü Əli Həsənov

- Əli müəllim, 54 il əvvəl - 14 iyul 1969-cu il. Bu, Azərbaycan xalqı və dövləti üçün adi - sıradan bir təqvim gününü ifadə edən tarix deyil. Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri, respublikamızın SSRİ dövründə inkişafının, intibahının və yüksəlişinin başlanğıc nöqtəsidir. Söhbət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin respublikanın rəhbəri olmasından, Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən gedir. Çoxəsrlik dövlətçilik tariximizin bu mühüm mərhələsini necə dəyərləndirmək olar?

- Əvvəla onu qeyd edim ki, o vaxlar partiyanın birinci katibi faktiki olaraq respublikanın rəhbəri hesab edilirdi. 1969-cu ilə nəzər salsaq, görərik ki, həmin dövrdə Azərbaycan SSRİ məkanında həm iqtisadi, həm də əhalinin sosial durumuna görə İttifaq respublikaları arasında axırıncı yerlərdən birini tuturdu. Belə bir vaxtda təcrübəli, səriştəli, ictimai-siyasi vəziyyətə dərindən bələd olan şəxsiyyətə böyük ehtiyac vardı. Heydər Əliyevin respublikanın rəhbərliyinə gətirilməsi də bu zərurətlə bağlı idi.

Əslinə qalsa, bu, Azərbaycan tarixində əsl dönüş nöqtəsi oldu. Heydər Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın davamlı inkişaf, tərəqqi dövrü başladı. Faktlara nəzər salaq. Qqısa müddətdə ölkənin iqtisadi inkişafına nail olundu, əhalinin yaşayış səviyyəsi xeyli yüksəldi və ölkədə ictimai-siyasi sabitlik yarandı. Azərbaycan ardıcıl olaraq 12 il iqtisadi göstəricilərə görə SSRİ-nin Keçici Qırmızı Bayrağına layiq görüldü. Kənd təsərrüfatının sürətli inkişafına nail olundu. Pambıq istehsalı 2,8 dəfə (331 min tondan 831 min tona), üzüm istehsalı 6,7 dəfə artdı (272 min tondan 1,8 milyon tona), illik büdcə 2 dəfə, kənd təsərrüfatı 2,7 dəfə, elektrik enerjisi istahsalı 1,5 dəfə artdı, 250 yeni fabrik, zavod tikildi, Naxçıvanski adına hərbi məktəb yaradıldı, hərbi aerodromlar inşa edildi. Ölkənin SSRİ məkanına inteqrasiyası təmin edildi. Gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirildi, SSRİ təhsil ocaqlarına 1400, hərbi məktəblərə 1000 gənc göndərildi. Azərbaycan qabaqcıl texnologiyaya əsaslanan sənaye, inkişaf etmiş aqrar respublikaya çevrildi. Bax, bunlar idi Heydər Əliyevin idarəçilik bacarığının nəticələri və təcrübəsi.

Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sistemi o vaxtkı SSRİ-nin bütün rəhbərlərinə və 15 İttifaq respublikasının rəhbərlərinə nümunə idi. Məhz bu səbəbdən o, İttifaq rəhbərliyinin ən ali zirvəsinə - Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə yüksəldi. Moskvada işlədiyi dövrdə də ən ağır sahələr ona həvalə edilmişdi, lakin o, bunların öhdəsindən layiqincə gəldi. Təkcə bir faktı deyim: Baykal-Amur Magistralı adlanan nəhəng dəmir yolu şəbəkəsinin tikintisi uzun müddət yarımçıq  qalmışdı. Hətta SSRİ-nin bəzi rəhbər şəxsləri onun dayandırılmasını təklif etmişdilər. Ancaq Heydər Əliyev bu vacib tikintini də uğurla başa çatdırdı.

Ulu Öndər həmişə xalqına arxalanıb və ondan güc alıb. Onun dediyi “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” sözləri həyatda həmişə təsdiqini tapmışdır. Ölkəmizin keçmişinə nəzər salsaq, görərik ki, Ulu Öndər ona qədər respublikanı idarə edənlər içərisində bütün varlığı və milliliyi ilə xalqına və onun gələcəyinə xidmət edən, Azərbaycançılıq ideyasını ön plana çəkən yeganə rəhbər olub.

Heydər Əliyev 1969-cu ildə ölkəmizə rəhbərliyə başlayandan sonra milli kadrlara yol açıb. Dünyanın hegemon dövlətlərindən olan SSRİ kimi dövlətin mövcudluğu dövründə Azərbaycana rəhbərlik edərkən milli kadrlar formalaşdırmaq, milli siyasət aparmaq, ölkənin gələcəkdə müstəqil yaşaması üçün milli iqtisadiyyat qurmaq, azərbaycançılıq siyasəti yeritmək, ana dilini dövlət dili olaraq təsdiqləmək üçün hüquqi əsas yaratmaq, ölkənin əsas milli sərvəti olan neftin, qazın dənizdə istehsalı və xaricə ixracı üçün iqtisadi və siyasi imkan yaratmaq - bütün bunları və digərlərini yalnız Heydər Əliyev edə bilərdi və etdi.

- 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Həmin vaxt yaradılan sosial-iqtisadi və siyasi-ideoloji təməl respublikamızın bugünkü yüksəlişinin sütunlarındandır. Bəs müstəqillik dövründə - sabitlik və inkişaf dönəmi kimi xarakterizə olunan 1993-2003-cü illərdə həyata keçirilən siyasət və qazanılan uğurlar barədə nə deyə bilərsiniz?

- Xalqının, dövlətinin xilaskarı olmaq hər rəhbərə nəsib olan tarixi missiya deyil. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər 1993-cü ildən başlayaraq ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etdi. Heydər Əliyev mürəkkəb vəziyyətdə yeni dünya nizamının tələblərini və geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi və reallaşdırdı.

Hər cür təhdidlərə baxmayaraq, qorxmadan, çəkinmədən 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzaladı, ölkədə, regionda, hətta beynəlxalq enerji strategiyasında yeni neft siyasəti başladı. Burada əsas vacib məsələ Azərbaycanın milli mənafeyini və dövlətçilik maraqlarını qoruyub saxlamaq idi. Heydər Əliyev dünya birliyinə inteqrasiyanın təməlini yaratdı. Ulu Öndərin 1993-2003-cü illərdə fəaliyyəti haqda onun layiqli varisi və siyasi xəttini əzmlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq qeyd edib: “1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuşdur. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmişdir. O illərdə Azərbaycan dünya birliyinə qovuşmuşdur, özünü tanıtdıra bilmişdir. Çox ciddi islahatlar aparılmışdır. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmişdir. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Siyasi sistem möhkəmləndirilmişdir və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.

- Reallıqlar bəlli, perspektivlər aydındır. Heydər Əliyev siyasəti Azərbaycana möhtəşəm uğurlar qazandırır, yeni zirvələr fəth edirik...

- Bəli, biz bugünkü müstəqil, güclü, dünya miqyasında özünəməxsus yeri, mövqeyi olan Azərbaycanımıza görə Heydər Əliyevə borcluyuq.

Sevindirici haldır ki, son 20 ildə Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla onun siyasi kursunun layiqli davamçısı, modernləşən yeni Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə irəliləyir və böyük zəfərlərə imza atır.

Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanın tərəqqisi, dövlət müstəqilliyinin qorunması və yeni qələbələrin əldə olunması istiqamətində tarixi nailiyyətlər qazanacağıq.  

DİGƏR MÜSAHİBƏLƏR Arxiv