YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

20 Yanvar: dönüş anı və müstəqiliyə aparan yolun başlanğıcı

Müsahibimiz Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı

- Musa müəllim, 20 yanvar faciəsinin baş verməsindən 33 il ötür. Bu hadisənin Azərbaycanın müasir tarixində yeri və rolu barədə fikirlərinizi bilmək istərdik...

-1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbəri Mixail Qorbaçov Azərbaycanın paytaxtı Bakıya qoşun hissələrini yeridib dinc əhaliyə divan tutaraq insanları amansızlıqla qətlə yetirdi. Bu hadisəyə gətirən yola nəzər yetirmədən bu qanlı faciənin və ondan sonrakı proseslərin mahiyyətini doğru dərk etmək çətindir.

Qarabağ bölgəsinin heç bir zaman Ermənistan tərkibində və erməni kütləsinin təsiri altında olmamasına baxmayaraq, Ermənistan SSR onu ələ keçirmək üçün müxtəlif zamanlarda əsassız iddialar irəli sürmüş və boşa çıxmışdı. 1985-ci ilin martında Mixail Qorbaçov SSRİ rəhbərliyinə gətirildikdən sonra  bu iddialar daha da artdı. Ermənistan rəhbərliyi və erməni ictimai xadimləri 1923-cü ildə süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məq­səd­lə­rinə çat­maq üçün  ilk növbədə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin  üzə­rinə to­tal böh­tan dolu hü­cuma keç­di­lər. Onların istəkləri həyata keçirildi. Heydər Əliyev 1987-ci il oktyabrın 21-də keçirilən Sov.İKP MK plenumunda vəzifəsindən azad edildikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə yerli erməni nümayəndələri qarşısında etdiyi çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionunun əlaqəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə sovet rəhbərinin razılığını aldığını bildirdi. Noyabrın 18-də “Humanite” qəzetində və tezliklə digər xarici ölkələrdəki erməni mətbuatı və radiostansiyalarının başlıca mövzusuna çevrilən bu bəyanatın ardınca  Ermənistanın  əsassız ərazi iddiaları artdı.

Ermənilərin nümayəndələri 1987-ci ilin noyabrında Moskvaya gedərək mərkəzi hakimiyyət orqanları qarşısında əsassız tələblərini irəli sürdülər. Elə həmin ayda Ermənistanın Qafan və Meğri rayonlarında azərbaycanlılara edilən hücumlar nəticəsində yüzlərlə azərbaycanlı qaçqına çevrilərək Azərbaycana gəldi.

Ermənistandan nümayəndələr 1988-ci ilin fevral ayında da Moskvaya səfər edərək sovet orqanları qarşısında tələblərini irəli sürdülər. Bundan az sonra həmin ilin fevralın 11-də Xankəndidə mitinqlər və mövcud konstitusiya quruluşu əleyhinə fəaliyyətlər başladı. Bu fəaliyyətlər Ermənistanda və muxtar vilayətdə  azərbaycanlılara qarşı zorakılıq,  hücumlar, bir müddət sonra isə azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə müşayiət olundu. Ermənistandan gəlib Azərbaycanın Dağlıq Qarabağ regionunda təbliğat aparan “Qarabağ” və “Krunk” təşkilatlarının fəalları  iki xalq arasında düşmənçilik toxumları səpir, separatçılığı qızışdırırdılar.

Münaqişənin başlanmasına SSRİ-də gedən bir sıra daxili amillər təsir etdi. Ətrafındakı erməni xadimlərinin təsiri altında olan M.Qorbaçov yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətini həyata keçirə bilmədiyi üçün yerlərdə günahkarlar axtarmağa və onları cəzalandırmağa  cəhdlər edirdi.

SSRİ-nin dağılmasında maraqlı olan bəzi Qərb dövlətləri də milli münasibətləri qızışdırırdılar. Onlar belə hesab edirdilər ki, M.Qorbaçovu islahatları aparmağa təhrik etməlidirlər, lakin islahatlar uğursuz olmalıdır və insanlar bunun günahını ideoloji baxımdan ölkəni ayaqda saxlayan Kommunist Partiyasında görsünlər, iqtisadi cəhətdən vahid təsərrüfat zəncirində birləşən ölkədə təsərrüfat dağılsın, rəhbərlik dinc əhaliyə qarşı zor tətbiq etsin.

Qafandan qovulan 70 nəfər 1988-ci ilin fevralın 21-də Azərbaycan KP MK-nın qəbul otağına gələrək Ermənistanda yaşamağın mümkün olmadığını söylədilər. Onları qəbul edən məsul işçilər bu barədə Ermənistan rəhbərliyinə müraciət etməyi məsləhət bildilər. Ermənistanda isə azərbaycanlıları dinləmək istəmir, tarixi torpaqlarından zorla çıxarırdılar.

Mərkəzdə qəbul edilən təsirsiz qərarlar yerinə yetirilməmiş ilk qan töküldü. Xankəndi-Ağdam avtomobil yolunun üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlılar Azərbaycan SSR DQMV Xalq Deputatları Sovetinin ayrılma barədə qərarına qarşı etiraz edən dinc azərbaycanlılara fevralın 22-də atəş açdılar. İki azərbaycanlı gənc həlak oldu. Onlar münaqişənin ilk  qurbanları idi.

Bu zaman Ermənistandan azərbaycanlıların qovulması artıq kütləvi hal almışdı. Qaçqınlar Azərbaycanın müxtəlif rayonlarına, xüsusən Bakı və Sumqayıt şəhərlərinə üz tuturdular. Ermənistandan qovularaq evsiz-eşiksiz qalan və yaşamaq üçün imkanları olmayan insanlar dövlət orqanlarından hüquqlarının qorunmasını tələb edirdilər. Əsgəranda iki nəfər azərbaycanlının öldürülməsi əhalini daha da hiddətlənmişdi. Onlardan fərqli olaraq ermənilər Azərbaycanda yaşayır və işləyirdilər.

Yaranmış gərgin vəziyyətdə 1988-ci il fevralın 26-28-də Sumqayıtda sovet rəhbərliyinin və Ermənistan xüsusi xidmət orqanlarının, terror-siyasi təşkilatlarının təşkil etdiyi qanlı iğtişaş baş verdi. Bununla sovet rəhbərliyi Azərbaycana təzyiq etmək, Ermənistan rəhbərliyi isə azərbaycanlıların və ermənilərin bir yerdə yaşamasının mümkün olmadığını göstərmək istəyirdi.

Zəif Azərbaycan rəhbərliyi Ermənistanın kobud müdaxiləsinin qarşısını ala, respublikanın hüquqlarını qoruya bilmirdi. Yaranmış ağır vəziyyət Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirdi. Azərbaycan KP MK-nın  birinci katibi Kamran Bağırov 1988-ci il mayın 21-də vəzifəsindən azad edildi. Mərkəz tərəfindən həmin vəzifəyə uzun illər boyu Azərbaycandan kənarda yaşamış, milli ruha yad olan Əbdürrəhman Vəzirov, Ermənistanda isə Karen Dəmirçiyanın əvəzinə Suren Arutunyan hakimiyyətə gətirildi. Hakimiyyət dəyişkənliyi vəziyyəti nəinki düzəltmədi, əksinə xeyli ağırlaşdırdı, böhran daha da dərinləşdi. İdarəçilik qabiliyyəti olmayan Ə. Vəzirov problemi həll etməyi bacarmadığından diqqəti ondan yayındırmağa başladı. Bu isə Azərbaycanın daxilində gərginliyi daha da artırdı. Xalq ilə hakimiyyət arasında uçurum, hakimiyyətin qanadları arasında ziddiyyətlər  daha da dərinləşdi.

Hakimiyyət dəyişikliyi Ermənistandan - tarixi torpaqlarından  azərbaycanlıların qovulmalarını dayandırmadı. Qovulmanın motivləri bunlar idi: azərbaycanlı əhali ətrafında yaradılmış qeyri-sağlam mənəvi-psixoloji mühit; “Ermənistandan rədd olun” şüarı; silahla hədələnmələri və həyatları üçün təhlükənin olması; ticarət obyektlərində azərbaycanlılara xidmət göstərilməməsi və təhqir olunmaları; Ermənistanın partiya və sovet orqanlarının azərbaycanlıların şikayətlərinə baxmaması.

Ermənistandan qovulan azərbaycanlılar kortəbii mitinqlər keçirərək DQMV-də qayda-qanun yaradılmasını, Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin olunmasını, həyat və əmək fəaliyyətləri üçün normal şəraitin yaradılmasını tələb edirdilər. Azərbaycan hakimiyyəti bu haqlı tələbləri yerinə yetirə bilmirdi. Moskvada isə zəif, xalqdan ayrı düşmüş respublika rəhbərliyini dinləmək istəmirdilər.

Respublika böyük bir fəlakətlə üz-üzə qalmışdı. 1988-ci il avqustun 1-nə olan məlumata görə, Ermənistandan qovulan qaçqınlar Azərbaycanın 45 şəhər və rayonuna toplanmışdı. 1988-ci ilin oktyabr ayının əvvəllərinə olan  məlumatından aydın olurdu ki,  Ermənistandan Azərbaycana 28 min 225 nəfər və ya 6 min 516 ailə qovulmuşdu. Azərbaycanlılar DQMV-dən də zorla qovulurdular. Xankəndi, Əsgəran, Xocavənd və Hadrutdan Şuşa, Ağdam və digər rayonlara 3 min 69 nəfər və ya 569 azərbaycanlı məcburi köçkün ailəsi gəlmişdi. Azərbaycan hakimiyyəti onların da hüquqlarını qorumaqda gücsüz idi. Mərkəzi hökumət isə azərbaycanlıları qaçqına çevirən və digər müttəfiq respublikaya qarşı əsassız iddialar irəli sürən Ermənistanı cəzalandırmırdı.

1988-ci ilin sonlarına olan məlumata görə, Ermənistandan vəhşicəsinə qovularaq qaçqına çevrilən azərbaycanlıların sayı isə 110 min nəfərə çatmışdı. Onların Dağlıq Qarabağ regionunda yerləşdirilməsinə icazə verilmədi. Ermənistanda ev-eşiklərini itirmiş, vilayətə yerləşmiş azərbaycanlı qaçıqınlar mərkəzi və Azərbaycan hakimiyyəti tərəfindən zorla oradan çıxarıldılar.

Sovet rəhbərliyi bu zaman Azərbaycanın hüquqlarını kobudcasına pozan bir addım atdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il  yanvarın 12-də Azərbaycan SSR konstitusiyasına zidd olaraq 10025 №-li qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsi yaratdı. Sov.İKP MK Siyasi Bürosunun 13 yanvar tarixli P146/41№-li qərarı ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsi yaradılmasına dair qərar qəbul olundu. Komitənin sədri Arkadiy Volski təyin edildi. O, qatı ermənipərəst idi.

Komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. Ermənilər Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağ regionunda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa və Topxana meşəsini qırmağa başladılar.

Bunlara cavab olaraq avqustun 12-də Bakıda kütləvi mitinqlər başladı. Əhali Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasının dayandırılmasını tələb edirdi. Mərkəzi hakimiyyət mitinq iştirakçılarının tələblərinin xarakterini dəyişərək ona “islam fundamentalizmi”, “islam radikalizmi”, “islam terrorzimi” pərdəsi geyindirmək və qarşıda görəcəyi tədbirlərə Qərbin gözündə haqq qazandırmağa zəmin hazırlamaqdan ötrü xüsusi xidmət orqanlarının vasitəsi ilə Azadlıq meydanına İran İslam Respublikasının bayraqlarını göndərirdi.

Azərbaycan hakimiyyət Xüsusi İdarə Komitəsinin fəaliyyətinə narazılığını bildirdi. Geri çəkilən sovet rəhbərliyi noyabrın 28-də Xüsusi İdarə Komitəsini ləğv etdi. Onun əvəzində SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq  Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsini yaratdı. Ermənistan rəhbərliyi  SSRİ Ali Sovetinin bu qərarını qəbul etmədi. Ermənistanda Erməni Milli Hərəkatı quruldu. Onun rəhbərliyinə şərqşünas alim Levon Ter-Petrosyan  gətirildi. Hərəkatın əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistana birləşdirmək  idi. Azərbaycanda isə Xalq Cəbhəsi quruldu. Onun rəhbəri şərqşünas alim Əbülfəz Əliyev (Elçibəy) oldu.

Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Ermənistan SSR  və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar qəbul etdi. Xankəndində Ermənistan SSR bayrağı qaldırıldı. Azərbaycan hakimiyyətinin qəbul etdiyi qərarlar yerinə yetirilmədi.

Azərbaycan Xalq Cəbhəsinin fəalları dekabrın 31-də SSRİ-İran sərhədinin Naxçıvandan keçən hissəsində məftilləri sökdülər. Sərhəd məftillərinin sökülməsinin iki tərəfi var idi. Birincisi, bu, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə iki yerə zorla parçalanmış Azərbaycan xalqının vətənin cənub parçası ilə birləşmək, bütövləşmək niyyətini ifadə edirdi. İkincisi, Mərkəzi sovet rəhbərliyinin göstərişi ilə xüsusi xidmət orqanları  Azərbaycanda baş verən hadisələrə  “islam fundamentalizmi”, “islam radikalizmi” və “islam terrorizmi”  kimi təbliğ edirdilər.

Bu hadisələrlə paralel olaraq Ermənistandan azərbaycanlılar vəhşicəsinə qovulması davam edirdi. Kütləvi qovulma ölüm və zorakılıq halları ilə müşayiət olunurdu. Azərbaycan SSR prokurorluğunun məlumatına görə, 1988-1989-cu illərdə münaqişə zəminində 216 nəfər azərbaycanlı öldürülmüşdü. Onların əksəriyyəti uşaqlar, qadınlar və yaşlı adamlar idi. Kütləvi zorakılıq və talanlar dövründə erməni hərbiləşdirilmiş qruplaşmaları xüsusi qəddarlığı ilə seçilirdilər. Münaqişənin gedişində azərbaycanlılar yaşadıqları 172 kənddən qovuldular. Bütövlükdə münaqişənin gedişində Ermənistan ərazisindən 185 min 519 nəfər və ya 40897 azərbaycanlı ailə qovuldu. Onların hamısı əmlaksız və evsiz-eşiksiz qaldılar. Beləliklə, Ermənistan zorakılıqla azərbaycansızlaşdırıldı, türksüzləşdirildi və başdan-başa erməniləşdirildi.

Vilayətdə də azərbaycanlılara qarşı zorakılıq dayanmırdı. Ermənistan SSR Ali Soveti Azərbaycanın daxili işlərinə müdaxiləni davam etdirərək yanvarın 9-da  Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi. Azərbaycan hakimiyyəti bu qərarı rədd etdi.

Mərkəzi hökumətin azərbaycanlıların etirazlarına məhəl qoymaması və hüquqlarını qorumaması nəticəsində Azərbaycanda vəziyyət daha da pisləşdi. Uğursuzluqlar daxili siyasi sabitsizliyə və böhrana gətirib çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali Ermənistanın müdaxiləsini dayandırmağı, vilayətdə vəziyyəti normallaşdırmağı, Ermənis­tan­dan qovulan adamların problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı düşümüş Azərbaycan hakimiyyəti isə bunları yerinə yetirməyə qadir deyildi. Hakimiyyət orqanları iflic hala düşmüşdü. Respublikanın paytaxtında vəziyyət nəzarətdən çıxırdı. Azərbay­ca­nın böl­gə­lə­rin­də də vəziyyət gərginləşmişdi. Bir neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları ha­ki­miy­yət orqanlarını ələ keçirdilər. Yanvarın 11-12-də Lənkəranda mitinqçilər Azərbaycan KP şəhər par­tiya komitəsinin və yerli radiostansiyanın binalarını tutdular. Qoşun hissələrinin şəhərə girməsinə haqq qazandırmaq üçün sovet xüsusi xidmət orqanları təxribat törədərək yanvarın 13-də Bakıda yaşayan bəzi ermənilərə qarşı zorakılıq hərəkətlərini təşkil etdilər. Yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq yanvarın 19-da 24 min nəfərə çatmışdı. Bakıda əhali sovet qoşun hissələrinin qarşısında küçələrdə əliyalın qalmışdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu addımı atmaqla Mərkəzi hakimiyyət əsasən iki məqsəd güdürdü: Birincisi, Bakıda və respublikanın digər rayonlarında sovet ordusunun törətdiyi vəhşiliklərdən əhali xəbər tuta bilməsin. İkincisi, televiziya işləyəcəyi təqdirdə bütün əhaliyə nüraciət ola bilər, xalq Mərkəzi hakimiyyətə qarşı üsyana qalxa bilərdi.

M.Qorbaçov yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı və yanvarın 20-nə keçən gecə əsasən Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Əsgər və zabitlər arasında ermənilər də var idi.

Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordu Bakıda və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi. Kütləvi qırğın nəticəsində 131 nəfər dinc vətəndaş öldürüldü, 744 nəfər yaralandı, 12 nəfər itkin düşdü. Həlak olanların arasında uaşqlar, qadınlar, qocalar, həmçinin təcili yardım işçiləri var idi. Dinc əhali arasında kütləvi həbslər aparıldı. Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edildi. Onların bir qismi SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Bundan əlavə, vətəndaşların  mülkiyyətinə ziyan dəydi, evləri, maşınları gülləbaran edildi. Dövlət əmlakına da ziyan dəydi.

20 Yanvar hadisəsi Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirdi. Ə. Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qalmışdı. Bir neçə gün sonra Mərkəzi Komitənin plenumunda Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçildi.

Bu zaman yanvarın 21-də oğlu İlham Əliyev və digər ailə üzvləri ilə birlikdə Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verdi, respublika və sovet rəhbərliyinin qanlı hərəkətlərini ittiham etdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad, humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi.

20 Yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordu ölkə daxilində mülki vətəndaşlara qarşı silah işlətmişdi.

Şəhidlər 1918-ci il 31 mart soyqırımı qurbanların dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında torpağa tapşırıldı.

- 20 Yanvar hadisələrinin Sovet İttifaqı kimi böyük imperiyanın süqutunda hansı rolu oldu?

-20 Yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu.  Bu, sovet siyasi sisteminin böhranını, M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi. Azərbaycan xalqı və hakimiyyət arasında uçurum daha da dərinləşdi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodlar 40 gün işləmədi. Bununla da zəncir kimi bir-birinə bağlanmış vahid sovet iqtisadiyyatı dağılmağa başladı. Ölkənin iqtisadi əsasları sarsıldı.

Xalqın orduya, xüsusi xidmət orqanlarına, bütövlükdə Mərkəzi hakimiyyətə olan inamı tamamilə sarsıldı.

Kommunistlərin bir çoxu partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar. Moskvadan başlayaraq ən ucqar dağ kəndlərindəki partiya təşkilatlarına qədər sıx bağlı olan bu təşkilatın sonu yaxınlaşdı.

 20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra Mərkəz ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü qətiləşdirdi və yerli hakimiyyətə də etimad bəsləmədi. Azərbaycan xalqı nicat yolunu yalnız dövlət müstəqilliyinin bərpasında gördü.

Belə bir şəraitdə Moskvada yaşamaq mümkün olmadığından Bakıya, oradan da doğulduğu Naxçıvana gedən Heydər Əliyev 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə həm Naxçıvan MSSR Ali Sovetinin, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi. Ağsaqqal deputat olaraq Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasının qərarı ilə Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadələri hələ sovet sisteminin, kommunist ideologiyasının, SSRİ-nin mövcudluğuna baxmayaraq çıxarıldı və Naxçıvan Muxtar Respublikası adlandırıldı. SSRİ-nin inkar etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın rəsmi dövlət bayrağı kimi qəbul olundu. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək sovet sosialist ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Sovet sistemindən Muxtar Respublikada imtina olunması geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiya iclasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi. Sənəddə törədilən qanlı hadisələr ittiham edilirdi. Bu qərarla 20 Yanvar Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunmağa başladı.

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. Martın 17-də ölkədə SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə keçirilən referendum Azərbaycanda Naxçıvan Muxtar Respublikasında boykot edildi.

Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədi ilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılmasını sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə -oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu.

Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da 31 dekabr tarixinin dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qəbul edilməsi haqqında qərar qəbul edildi. Beləliklə, Heydər Əliyev Mərkəzi hakimiyyətin Azərbaycan xalqının üzərinə atmaq istədiyi ləkəni silərək ilk dəfə olaraq cəmiyyətə və dünya azərbaycanlılarına həmrəylik ideyasını gətirdi. Bakıya ilk gəldiyindən ziyarət etdiyi yer Şəhidlər Xiyabanı oldu. 1991-ci ilin dekabrın 25-də Bakıda ölkə parlamentində 31 dekabr gününü Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qəbul edən müvafiq qanun qəbul olundu.

- Musa müəllim, Azərbaycanda 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən işləri necə dəyərləndirirsiniz?

- Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsindən ötrü zəruri addımlar atdı. 1994-cü il martın 29-da onun təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə də 20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Şəhid ailələri dövlətin qayğısı və himayəsi altına alındı.

Bu siyasət indi də davam etdirilir. Prezident İlham Əliyevin 2023-cü il 11 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylığ məbləği bu ilin əvvəlindən etibarən 600 manat müəyyən edilib.

20 Yanvar şəhidlərinin ruhu bu gün şaddır. Arzuladıqları həyata keçirilib. Torpaqlar işğaldan azad edilib. Güclü Azərbaycan dövləti vardır.

20 Yanvar hadisəsi bir sıra ibrət dərsləri almağa imkan verir. Millət öz idealları və qarşıya qoyduğu məqsədlər naminə əzmkar olmalı, kimsədən yardım gözləməməli, yalnız özünə güvənməlidir. Heç bir güc milli iradədən üstün deyildir. Azərbaycan xalqının inkişafının və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri amilləri dayanır. Xaos, anarxiya və zəif hakimiyyət millətin yolunda başlıca əngəldir. Azərbaycan xalqı daim yenilənməli, inkişaf etməli, dövləti güclü olmalı və vətənpərvərlik hissləri güclü olmalıdır.

DİGƏR MÜSAHİBƏLƏR Arxiv