YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2022-ci il Azərbaycan üçün kifayət qədər uğurlu oldu

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

- Elşad müəllim, artıq yola saldığımız 2022-ci ilin siyasi mənzərəsi rəngarəngdir. Ötən ilin siyasi yekunlarına nəzər saldıqda Azərbaycan üçün hansı əlamətdar hadisə və proseslər diqqəti cəlb edir?

Ümumiyyətlə, 2020-ci ilin payızında Vətən müharibəsində qazanmış olduğumuz möhtəşəm tarixi qələbə ölkəmizə davamlı olaraq siyasi uğurlar da gətirdi. Belə ki, artıq qalib, torpaqlarını Ermənistanın 30 illik işğalından və istilasından azad etmiş Azərbaycan dövləti tam yeni bir obrazda həm beynəlxalq siyasi münasibətlər, həm də iqtisadi əməkdaşlıq sistemində iştirak etməyə başladı. Özünün inamla hərbi güc mövqeyini formalaşdırmış Azərbaycan siyasi müstəvidə də təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdı və haqlı maraqlarını daha da inamla müdafiə etməyə başladı.  Bu mənada, 2022-ci il də Azərbaycan üçün kifayət qədər uğurlu oldu.

2022-ci ildə beynəlxalq müstəvidə mövqelərimizin daha da möhkəmlənməsinə dəlalət edən bir sıra mühüm hadisələr baş verdi. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü sülh şərtlərini qəbul etdiyini bildirdi. Baş tutan Brüssel görüşlərində də sərgilənən ümumi mövqelər Azərbaycanın haqlı maraqlarına uyğun idi. Brüssel görüşlərindən öncə Ermənistan yenə də təxribatlar törədərək özünü “qurban” kimi tanıtmağa çalışsa da, heç bir nəticə əldə edə bilmədi. Azərbaycan tərəfi Ermənistanın bu təxribatlarının qarşısını qətiyyətlə aldı. Belə ki, ermənilərin təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirilən “Fərrux” və “Qisas” əməliyyatları nəticəsində bir sıra olduqca mühüm yüksəkliklər bizim nəzarətimizə keçdi. Bu da növbəti təxribatların qarşısını daha effektiv amlaq imkanlarımızı ciddi şəkildə genişləndirdi. Bununla yanaşı, danışıqlar masası arxasında da mövqelərimizi daha da gücləndirdi. Avropada baş tutan sonuncu Praqa görüşü zamanı sərhədlərin müəyyənləşdirilməsi üçün Almata deklarasiyasının əsas kimi götürüldüyü qətiləşdi. Bundan sonra Soçi görüşü zamanı da oxşar mövqe sərgiləndi ki, bu da Azərbaycanın növbəti mühüm diplomatik qələbəsi idi. Belə ki, SSRİ dövründəki sərhədlərə uyğun sərhədlərin müəyyənləşdirilməsi prinsipindən çıxış edilməsi faktiki Ermənistanın Qarabağla bağlı əsassız iddialarının tam yersiz və perspektivsiz olduğunu və Ermənistanın özünün də bu reallığı qəbul etmək məcburiyyətində qaldığını nümayiş etdirdi. Bu da o deməkdir ki, 2022-ci ildə Ermənistanla haqlı maraqlarımıza uyğun sülh müqaviləsinin imzalanması üçün bütün zəruri siyasi və hüquqi əsasları formalaşdırmağı bacardıq. Ermənistanın və havadarlarının bütün cəhdlərinə baxmayaraq, ədalətli sülh müqaviləsinə aparan proseslər ölkəmizin nəzarəti altında cərəyan etməkdədir.   

- Tarixi Qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində atılan addımlar qarşıda duran strateji hədəflərə çatmağa imkan verir. Bu kontekstdə əldə olunan nəticələr və perspektivlər barədə nə deyə bilərsiniz?

- Bütün vəziyyətlərdə Azərbaycan öz mövqelərini və haqlı maraqlarını inamla qorumaq gücündə olduğunu nümayiş etdirdi. Sonuncu olaraq, Fransa-Ermənistan tandemi BMT TŞ-da Azərbaycana qarşı növbəti siyasi təxribatı həyata keçirməyə cəhd göstərdilər. Lakin bu cəhd elə lap başlanğıcdan fiaskoya uğradı. Belə ki, hazırlanmış tam qərəzli sənəd müzakirəyə təqdim edilənədək ciddi korrektələrə məruz qaldı. Bu, Azərbaycanın iradəsi ilə baş verdi. Bizim haqlı maraqlarımıza uyğun olmayan məqamlar sənəddən çıxarıldı və ya əvəzləndi. Müzakirələr zamanı sənədin keçməməsi isə bir daha nümayiş etdirdi ki, tarixi qələbəmiz diplomatik müstəvidə mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Əlavə olaraq, ən müxtəlif istiqamətlərdə Azərbaycanın əməkdaş etmək perspektivləri də xeyli genişlənmişdir. Belə ki, 2022-ci ildə Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi tendensiya müşahidə olundu. Xüsusilə, Orta Asiya ölkələri ilə Azərbaycan arasında mövcud əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni, hərbi-texniki sahədə də əməkdaşlığa start verildi. Enerji sahəsində əməkdaşlıq da əhəmiyyətli dərəcədə inkişaf etdirildi. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun və yerinin möhkəmləndiyi aydın müşahidə olundu. Bərpaolunan enerji mənbələrinin yaradılması əsas inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirilib. Cənubi Qafqaz regionunda etibarlı sülhün təmin olunması və dayanıqlı təhlükəsizlik sisteminin qurulması istiqamətində də ən vacib rolu məhz Azərbaycan oynamaqdadır. Ölkə Prezidenti cənab İlham İlham Əliyevin strateji baxışları bütövlükdə regionun inkişafı və təhlükəsizliyinin təmin olunması üçün ən təsirli amil rolunda çıxış etməkdədir.

- Şübhə yoxdur ki, həyata keçirilən tədbirlər Azərbaycanın 2023-cü ildə də möhtəşəm nailiyyətlər qazanması üçün etibarlı zəmin yaradıb.  “Heydər Əliyev İli”ndə Azərbaycanı sosial-iqtisadi sahədə və siyasi-diplomatik arenada hansı reallıqlar gözləyir?

- Sözsüz ki, başa vurduğumuz ildə qazandığımız mühüm nailiyyətlər 2023-də ildə daha ciddi uğurlarımız üçün ciddi platforma təqdim etməkdədir. Yeni il üçün olduqca mühüm yeni milli inkişaf hədəflərimiz müəyyənləşdirilib. Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi çərçivəsində 2023-cü ildə ciddi addımların atılması nəzərdə tutulur. Belə ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində sözügedən strategiya çərçivəsində daha genişmiqyaslı tədbirlərin həyata keçiriləcəyi gözlənilir.

Ümumilikdə, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının reallaşdırılması üçün 2023-cü il dövlət büdcəsində 5,2 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin 60%-i məhz işğaldan azad edilmiş ərazilərimizin inkişafına yönəldiləcək. Bu da müvafiq istiqamətdə ciddi nəticələrin əldə olunacağından xəbər verir.

Nəzərə almaq lazımdır ki, 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ulu Öndər irsinin yaşadılması, tanıdılması, onun ideyalarının inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Təbii ki, yeni inkişaf hədəflərimizə uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının yeni elementlərlə zənginləşdirərək həyata keçirilməsi daha möhtəşəm uğurlarımızı şərtləndirəcək.