YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dosta sevinc və qürur, düşmənə isə gözdağı!

Müsahibimiz Milli Məclisin deputatı Ramil Həsən

- Ramil müəllim, dünya iki il öncə möhtəşəm hadisəyə - qalib Azərbaycanın Zəfər paradına şahidlik etdi. 2020-ci ildə qazandığımız şanlı Qələbənin və Zəfərin paradının fonunda yaxın tarixə ekskurs etdikdə və bugünkü reallıqları dəyərləndirdikdə hansı nəticələrə gəlmək olur?

- Azərbaycan dövləti 44 günlük Vətən savaşında böyük Zəfər mücadiləsindən şərəflə, ləyaqətlə çıxdı. 8 noyabr tarixində baş tacımız olan Şuşamızın işğaldan azad olunması ilə tarixi Qələbə qazanaraq 30 illik həsrətə son qoyduq.

Vətən müharibəsində möhtəşəm Qələbəmizdən sonra dekabrın 10-da Bakıda keçirilən təntənəli hərbi paradın əvvəlkilərdən ən önəmli fərqi onun Zəfər paradı adlandırılması idi.

Sözün həqiqi mənasında, düşməni darmadağın etmiş müzəffər Azərbaycan Ordusunun əsgərlərinin yürüdüyü Azadlıq meydanında vətəndaşlarımızın, dünya azərbaycanlılarının və türk dünyasının şərəf və fəxarət hissi ilə izlədiyi Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizə qızıl hərflərlə vurulan mükəmməl bir möhürdür.

Biz Zəfər paradında Prezident İlham Əliyev tərəfindən böyük güc, həvəs və iradə ilə ortaya qoyulmuş milli ideologiyamızın, müzəffər Azərbaycan əsgəri ilə güclü hərb sənayesinin birləşməsindən yaranan sinerji ilə düşmənin darmadağın edilməsinin mükəmməl təcəssümünün bir daha şahidi olduq.

- Zəfər paradı, heç şübhəsiz, “bir millət, iki dövlət” fəlsəfəsi əsasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini ən yüksək zirvəyə yüksəldən Azərbaycan-Türkiyə birliyini də dünyaya nümayiş etdirdi. Dosta sevinc və qürur, düşmənə isə göz dağı olan bu sarsılmaz birliyin müstəsna əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bugünkü reallıqlara baxdığımız zaman, həqiqətən də, beynəlxalq münasibətlər sistemində gücün nə dərəcədə önəmli rol oynadığını göstərən hadisələrin şahidi olmaqdayıq. Bu xüsusda Azərbaycan-Türkiyə birliyinin, dostluğunun, qardaşlığının simvolu olan Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iştirakı, Türkiyə hərbçilərinin azərbaycanlı qardaşları ilə bərəbər yürüməsi bütün dünyaya, dostlara və düşmənlərə mühüm mesaj oldu.

Azərbaycanın Qələbəsindən sonra keçirilən Zəfər paradı dosta sevinc və qürur hissi yaşatmaqla bərabər, düşmənə qorxu və gözdağı verdi. Bu sarsılmaz birliyin əbədi olması üçün bir müddət sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan və Türkiyə prezidentlərinin qəti iradəsi ilə ərsəyə gələn, əcdadlarımızın başlatdığı tarixi yola sadiqlik nümayiş etdirərək gələcək nəsillər üçün yol xəritəsi olan Şuşa Bəyannaməsi fonunda eyni millətə, eyni kökə malik olan iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, dünya dövlətləri içərisində yeni güc birliyinin meydana çıxdığını gördük.

Xüsusi qeyd etmək istəyirəm ki, əldə olunan tarixi Qələbəyə görə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi isə digər qardaş, dost ölkələrə milli şüur, milli düşüncə ilə hərəkət etdiyimiz, birlik və bərabərlik içərisində olduğumuz zaman qarşımızdakı bütün əngəl və maneələri aşa biləcəyimizin mesajını verdi.

- Bu günlərdə keçirilən “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə hərbi təlimi həm hərbi-siyasi müttəfiqliyimizin daha bir təsdiqi, həm də qərəzli dairələrə ciddi mesajdır...

- Bu günlərdə “Qardaş yumruğu” adı altında Azərbaycan-Türkiyə birgə təliminin keçirilməsi, Azərbaycan və Türkiyə prezidentlərinin telefon zəngi ilə hər iki qardaş ölkənin əsgərlərini, zabitlərini təbrik etmələri, mühüm əhəmiyyət kəsb edən mesajlar vermələri, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın hərbi təlimləri izləyərkən “Türkiyə və ya Azərbaycana qarşı istənilən təhdid və ya təxribatın haradan və kimdən gəlməsindən asılı olmayaraq hər iki ölkəyə qarşı olduğunu qəbul edirik” deməsi Azərbaycana diş qıcıyan, uzaq və ya yaxın qonşuluqda mövcud olan, ölkəmizə zərər vermək üçün hər hansı addım atmağa cəhd edə biləcək düşmənlərə açıq mesaj idi.

Bəli, bu gün Şuşa Bəyannaməsinin, Zəfər paradının, “Qardaş yumruğu” adlı hərbi təlimin mükəmməl nəticəsini görməkdə və yaşamaqdayıq! Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir, daimidir, sarsılmazdır.