YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Haqlı mübarizəmizi davam etdirəcəyik

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

-Tahir müəllim, Ermənistanın yenə də sülh prosesini və regional təhlükəsizliyi hədəf seçərək genişmiqyaslı təxribatlar törətdi. İrəvanın məqsədi nədir, bu hərbi-siyasi sabotajlar nədən irəli gəlir? 

-Sentyabrın 12-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində gərginliyin yaranmasına, Azərbaycan hərbçilərinin şəhid olmasına, yaralanmasına birbaşa Ermənistanın hazırki hərbi-siyasi hakimiyyəti məsuliyyət daşıyır.  Qətiyyətlə deyə bilərəm ki, bu ölkədə revanşist qüvvələr regionda sülhün bərqarar olmağını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və onlar həmin dairələrin sifarişlərini yerinə yetirərək bölgədə sabitliyin olmasına əngəllər törədirlər. Erməni hərbi birləşmələrinin təxribatlarına Azərbaycan Ordusu layiqli cavablar verdi. İstər təxribatda iştirak edən erməni hərbçilərinin, istərsə də sərhəd boyunca yerləşdirilmiş hərbi texnika və sursatların məhv olunmasında biz bunu görə bilərik. Ermənistan dövləti 10 noyabr 2020-ci il razılaşmasında üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməli olduğu halda, tam əksini edərək Azərbaycanla sərhəddə yeni hərbi texnikalar cəmləşdirməklə, canlı qüvvələr yığaraq revanşist düşüncələrə qapılmışdı. Ona görə də son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv xarakter daşıyırdı.

-Ermənistanın bu təxribatlarına beynəlxalq ictimaiyyətin reaksiyası necədir və necə olmalıdır?

- Təəssüf ki, nə 30 il ərzində, nə də son 2 il müddətində dövlət  səviyyəsində terrorun bütün növlərindən istifadə edən, beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistan dövlətinə heç bir təzyiq və ciddi xəbərdarləq olmadı. Bunun nəticəsi olaraq  Ermənistan təxribatlarını daha da genişləndirdi.  Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini aparmaqdadır və  BMT-nin Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrin icrasını təmin edən bir dövlət olaraq yenə də bölgədə sülhün və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.

Erməni hərbi birləşmələrinin atəşkəsi pozmasından dərhal sonra Ermənistanın baş nazirinin bir sıra dövlətlərin rəsmilərinə zəng etməsi heç bir fayda verməyəcək. Ona görə ki, Azərbyacan heç bir beynəlxaq hüquq normalarını pozmayıb, əksinə bölgədə təxribatçılıqla məşğul olan revanşist qrupları zərərsizləşdirib. Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünümüdafiə ilə məşğuldur.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət edərək özünü bir daha gülünc vəziyyətinə qoydu.  Paşinyan bilməlidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın BMT tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü tanıyır, sərhəd toxunulmazlığına hörmətlə yanaşır.  Digər tərəfdən, KTMT-də təmsil olunan dövlətlərin hər biri Azərbaycanla dostluq münasibətində olan ölkələrdir. Paşinyan, əslində, bunu çox gözəl bilsə də yenə də mənasız müraciətlərini davam etdirərək özünün yanlış hərəkətlərinə ortaq axtarır. Əslində, Paşinyan bu cür müraciətlərə zamanını xərcləməkdənsə, hökumətində və hərb sahəsində olan revanşist və təxribatçı qüvvələri təmizləsə, daha yaxşı olardı. Əlbəttə ki, ölkəsinin sülh və sabitlik içində yaşamasını istəyirsə. Əks halda, Ali Baş Komandanımızın vurğuladığı kimi, “dəmir yumruq” yerindədir və ölkəmizə qarşı təxribatlar törədənlərin başını hər an əzməyə qadirdir, buna heç kimin şübhəsi olmasın. Azərbaycanda hazırda xalq-hakimiyyət birliyi mövcuddur, insanlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də bir yumruq kimi öz Liderinin ətrafında sıx birləşib, qəhrəman əsgərlərimiz  Müzəffər Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazırdır. Biz öz haqlı mübarizəmizi davam etdirəcəyik.