MÜSAHİBƏLƏR
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı layihələr uğurla icra olunur
- Rauf müəllim, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri böyük vüsət alıb. Bu barədə nə deyə bilərsiniz?
- 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. İnfrastruktur xarakterli tədbirlər - su, elektrik, istilik və sair təchizat sahələrində ciddi addımlar atılır. Ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar sözün əsl mənasında Böyük Qayıdış nümunəsidir.
28 illik işğal dövründə ermənilərin tamamilə viran qoyduqları Ağdamın da yenidən qurulması üçün görülən işlər gündən-günə sürətlənir. Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib ki, bu rayonun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verəcək ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun: “Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar”. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq.
İşğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. İnşa olunan 1 nömrəli məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təxminən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.
Tarixi və dini abidələrin bərpa olunması işləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun.
- Ölkəmizdə uğurlu enerji siyasəti həyata keçirilir. Bu siyasət perspektiv üçün hansı dividendlər vəd edir?
- Azərbaycan Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a verdiyi müsahibədə bir-çox mühüm məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, müstəqillik dövründə Azərbaycanda ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük naliyyətlər əldə olunub. Müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyyət tam başqa idi. Mövcud enerji mənbələri tələbatı ödəyə bilmirdi. Respublikamız məcbur idi ki, elektrik enerjisini, təbii qazı idxal etsin. İndi vəziyyət tamamilə dəyişib. Bu gün Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Təkcə 2021-ci il ərzində Azərbaycanda 27 milyard kilovat saat elektrik enerjisi ixrac olunmuşdur. Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir.
- Azərbaycan qonşu ölkələrə də elektrik enerjisi ixrac edir...
- Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisini ixrac edir. Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.
Respublikamızda enerji sektorunun inkişafına xarici investorlar cəlb olunurlar. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcək. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan bərpaolunan enerji potensialını artırır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur.
Azərbaycanda icra olunan enerji layihələri həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaq.