MÜSAHİBƏLƏR
Dövlətçiliyə sədaqət və humanistlik mücəssəməsi
- Əli müəllim, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələrin uğurlu icrası islahatlar prosesini qaçılmaz edir. Son illər dövlət idarəetmə sistemindəki islahatları necə xarakterizə edərdiniz? Birinci vitse-prezidentlik institutunun yaradılmasını şərtləndirən amillər hansılar idi?
- 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən modernləşmə, infrastruktur yenilənməsi ilə yanaşı, dövlət quruculuğunun yeni çağırışlar fonunda inkişaf etdirilməsi, idarərəetmənin müasir standartlara uyğunlaşdırılması və optimallaşdırılması, sistem xarakterli fundamental islahatların aparılması istiqamətində mühüm addımlar atılıb. Bu tarixi, taleyüklü siyasi məqamlardan biri də 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumdur. Onun nəticələrinə görə tətbiq edilən yeniliklər, xüsusilə ölkədə Birinci vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən əhəmiyyətli addım olaraq Azərbaycanın müasir demokratik simasının mütərəqqi əlamətidir. Ötən 5 il ərzində əldə olunmuş müsbət nəticələrdən çıxış edərək əminliklə söyləmək olar ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəliliyini və çevikliyini artıran və demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatlara ciddi dəstək vermişdir.
- Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması müasir tariximizin əlamətdar hadisəsi kimi dəyərləndirildi. Dövlət başçısının bununla bağlı qərarı özündə hansı məqamları ehtiva edirdi?
- Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyevanın bu ali kürsüyə layiq görülməsi ona böyük sevgi ilə yanaşan Azərbaycan xalqının ürəyincə olan xoş müjdə idi. Çünki o, artıq bu dövrə qədər ölkəmizin müasir inkişaf mərhələsində parlaq fəaliyyəti ilə seçilən ictimai-siyasi və dövlət xadimlərindən biri kimi tanınmış, mərhəmət ünvanı kimi humanizm rəmzinə çevrilmiş və dövlətçiliyə sədaqət nümunəsini ortaya qoymuşdu. Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıllıqla davam etdirən Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi qazanılan uğurların əldə olunmasında onun göstərdiyi müstəsna xidmətlərə layiqincə dəyər verən qədirbilən xalqımız ölkə rəhbərinin bu qərarını səmimimiyyətlə dəstəklədi.
Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyinatı ilə bağlı qərarını onun müstəsna işgüzar və mənəvi keyfiyyətləri, olduqca məhsuldar ictimai-siyasi fəaliyyəti və yüksək beynəlxalq nüfuzu ilə əlaqələndirmişdir: “Mehriban Əliyeva uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır. O, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm... O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”.
Mehriban xanım Əliyeva ali hakimiyyət kürsüsündə ilk çıxışı zamanı buna cavab olaraq Birinci vitse-prezident kimi fəaliyyət kredosunu bu sözlərlə ifadə etmişdir: “Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Ötən müddət ərzidə tarix sübut etdi ki, ölkə rəhbərinin Azərbaycanın xoşbəxt gələcəyi naminə müəyyənləşdirdiyi siyasi hədəflərə hesablanmış və sözlə əməlin vəhdət nümunəsinə çevrilmiş bu tarixi addımı sağlam məntiqin məhsuludur və bütün mənalarda özünü tam şəkildə doğrultmuşdur. Belə ki, ölkəmizin müasir inkişaf mərhələsində parlaq fəaliyyəti ilə seçilən ictimai-siyasi və dövlət xadimləri sırasında hər zaman ön mövqedə duran Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatmış və peşəkarlıq amilinin aktuallığını artırmışdır.
Azərbaycanda ilk dəfə olaraq “birinci xanım” institutunu formalaşdırmış Mehriban Əliyeva bunadək həm ölkə daxilində, həm də beynəlxalq miqyasda çoxşaxəli ictimai-siyasi fəaliyyəti ilə böyük təcrübəyə malik olub. 2004-cü ildə təsis edilmiş və Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti kimi ictimai fəaliyyətə başladığı ilk gündən Mehriban xanım insan amilini daha qabarıq şəkildə ortaya qoymaqla qayğı və mərhəmət simvoluna çevrilmiş, çoxşaxəli fəaliyyəti ilə milyonların rəğbətini qazanmışdır.
Bu əsnada əsas məqamlardan birini xüsusi olaraq qeyd etmək istərdim. Humanitar və sosial siyasətin həyata keçirilməsinə cavabdeh olan Birinci vitse-prezident vəzifəsinə təyin olunduqdan sonra Mehriban xanım Əliyeva həmin istiqamətlər üzrə böyük layihələr həyata keçirən Heydər Əliyev Fondunun rəhbəri kimi öz fəaliyyətini indi dövlət səviyyəsində, yeni keyfiyyətdə, daha böyük əzmlə, daha səmərəli şəkildə davam etdirir və bu gün də hər zaman olduğu kimi müxtəlif sahələrdə şərəfli dövlətçilik missiyasını və bununla bağlı məsuliyyəti öz zərif çiyinlərində daşımaqla ölkə Prezidenti və xalq tərəfindən ona göstərilən yüksək etimadı layiqincə doğruldur.
- Əli müəllim, ümumiyyətlə, Azərbaycanda idarəetmədə qadınların rolunu necə dəyərləndirərdiniz? Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsində onun Azərbaycan qadınlarının lideri, ölkəmizdə qadın hərəkatının aparıcı qüvvəsi kimi fəaliyyəti də müstəsna rol oynadı…
- Ulu Öndər Heydər Əliyevin siyasətində qadın hüquqları, qadınların ictimai həyata inteqrasiya edilməsi, onların bütün səviyyələrdə və sahələrdə təmsil olunması ilə bağlı məsələlər önəmli mövqeyə malikdir. Bu gün Azərbaycanda qadın hərəkatının önündə gedən və hər işdə birinciliyi qoruyub saxlamağı bacaran Mehriban xanım Əliyeva təkcə özünü deyil, həm də müasir və mütərəqqi düşüncəli Azərbaycan qadınını, Azərbaycan dövlətini, türk və islam dünyasını, modern dövlət quruculuğunda fəal iştirak edən siyasətçiləri, diplomatları, ictimai, mədəniyyət xadimlərini təmsil edir. Onun ali səviyyədə nümayiş etdirdiyi dövlətçilik mövqeyi birinci xanımı özlərinə örnək sayan qadınların cəmiyyətdə yerinin və rolunun keyfiyyətcə yeni səviyyəyə qalxmasına, onların daha fəal olmasına böyük təsir göstərib. Çünki mükəmməl şəxsiyyət olan Mehriban xanım bu gün də öz fəaliyyəti ilə yalnız şəxsi nümunə göstərməklə kifayətlənmir, o, həm də qadınları bu fəaliyyətə səfərbər etmək kimi vacib funksiyanın daşıyıcısıdır.
- Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin əsas istiqamətlərini necə şərh edərdiniz?
- Qadın amilinin davamlı dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, eləcə də beynəlxalq aləmdə tarixin arxivinə gömülmüş Dağlıq Qarabağ nünaqişəsi ilə bağlı ədalətli baxışların formalaşması, Azərbaycan həqiqətlərinin tanınması və qəbul edilməsi istiqamətində görülmüş işlər məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə zənginləşmişdir.
Dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunması, habelə müsbət beynəlxalq təcrübə nümunələrinin tətbiqi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin uğurlu nəticələrini təmin edən prioritet istiqamətlərdir. Onun təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsildən yararlanması məqsədilə reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılması üçün münbit şərait yaradır. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür.
Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir, ekoloji problemlərin həllinə dəstək göstərir, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir. Azərbaycan tarixinin şərəf və ləyaqət simvoluna çevrilən Vətən müharibəsindən sonra böyük vüsət almış yeni bərpa və quruculuq işlərinin təşkilində dəyərli təşəbbüslərlə çıxış edir və buradakı bir çox layihələr onun şəxsi nəzarəti altında həyata keçirilir.
Şəhid ailələri, müharibə iştirakçıları, məcburi köçkünlər kimi əhalinin həssas təbəqələrinə xüsusi diqqət və qayğı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir.
Əlbəttə ki, bütün bunlar mənəviyyata bağlı məsələlərdir. Ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlərin və xalqa xidmət kimi nəcib missiyanı yüksək məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasız həyata keçirən Mehriban xanım Əliyevanın həyat amalları məhz bu müqəddəs dəyərlərə köklənib.
- Mehriban xanımın eyni zamanda müxtəlif sahələrdə, o cümlədən beynəlxalq miqyasda mahiyyətcə fərqli fəaliyyət istiqamətlərində eyni əzmlə və fədakarcasına çalışması hər kəsi heyran edir...
- Bu, həqiqətən də belədir. Mehriban xanım xalqın rifahı və dövlətçilik naminə gördüyü işlərdən yorulmur, əksinə getdikcə daha böyük əzm nümayiş etdirir. Fəaliyyət istiqamətləri isə çox fərqli və rəngarəngdir. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir.
Modern cəmiyyətin qurulması elm, təhsil və səhiyyənin səviyyəsi ilə bilavasitə bağlı olduğu heç kimdə şübhə doğurmayan bir reallıqdır. Bu amili öz fəaliyyətində önə çəkən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda yeni, yüksək intellektual səviyyəli, savadlı, peşəkar və sağlam nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərə üstünlük verir. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları, “Təhsilə dəstək” və s. Layihələrin icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Təkcə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Bütün fəaliyyəti boyu humanizm məfkurəsindən çıxış edən Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı statusunda gördüyü işlər milli qanunviciliyin təkmilləşməsinə və ölkə parlamentinin fəaliyyətinin canlanmasına da böyük təsir göstərmişdir. O, millət vəkili kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərmişdir. Öz seçicilərinə xitabən “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermişiniz” deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etmişdir ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
Həmin illərin yaddaqalan məqamlardan biri Mehriban xanım Əliyevanın ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Onun təklifləri əsasında elan edilmiş 4 amnistiya aktı on minlərlə ailəyə hədsiz sevinc bəxş edib. 2016-cı ildə Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxışı insanpərvərlik nümunəsidir: “Tarixə Azərbaycan Respublikasının qurucusu kimi daxil olmuş Heydər Əliyevin ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə ölkənin inkişafına öz töhfəsini verməkdədir... Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub... Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar”.
Ali hakimiyyət kürsüsünün məsuliyyəti və çoxşaxəli fəaliyyətin ağırlığı Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi ölkənin ictimai-siyasi həyatında oynadığı çox əhəmiyyətli rola və mövqeyə mane ola bilməyib, əksinə yeni siyasi konfiqurasiyanın formalaşması fonunda bu sahədə aparılan işlərə diqqət daha da artıb.
Effektiv təşkilatçılıq, peşəkar qərarların qəbul olunması və çeviklik Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Ölkənin ali rəhbərliyində təmsil olunması onun ölkədaxili fəaliyyəti ilə yanaşı xaricdəki fəaliyyətinə də yeni, müsbət çalarlar gətirib. Dünyanın mədəniyyət beşiklərində müxtəlif tədbirlərin təşkili Azərbaycan reallıqlarının, ümumilikdə Azərbaycanın bir dövlət kimi təqdimatında xüsusi rol oynayır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri olaraq o, tolerantlığın, sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində ölkəmizə və dünyamıza böyük xidmətlər göstərir.
Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Azərbaycan mədəniyyətinin və incəsənətinin keşiyində durmaqla yanaşı həm də dünya mədəni irsinin qorunmasını hədəf seçmiş və böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycan da, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz Mehriban xanımın misilsiz fəaliyyəti dayanır. Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Onun Rusiya, İtaliya, Vatikan, Pakistan və geniş coğrafi məkanı əhatə edən digər xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr ikinci Qarabağ savaşında beynəlxalq dəstəyin əldə olunmasında öz töhfəsini vermişdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli və geniş fəaliyyəti ölkə hüdudlarını aşaraq onun beynəlxalq miqyaslı ictimai-siyasi xadim kimi tanınmasını şərtləndirir. Onun şəxsiyyətinə olan yüksək münasibət Birinci xanımın Azərbaycanın xarici siyasətindəki vacib missiyası və qlobal təşəbbüslərindən qaynaqlanır. Mehriban xanımın qətiyyəti sayəsində ölkələr və xalqlar arasında dostluq münasibətlərinin bərqərar olmasını hədəfləyən mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Azərbaycanın Birinci vitse-prezidentinin Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan dövlət xadimləri ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi siyasi əhəmiyyətə malikdir.
Ölkə ictimaiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının dəfələrlə şahidi olub.
Vaxtilə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə rəhbərlik etmiş və eyni zamanda Azərbaycan Gimnastika Fedarasiyasının Prezidenti olan Mehriban xanım Əliyeva ölkəmizin idman potensialının reallaşması və idman ölkəsi kimi tanınmasına da böyük təkan vermişdir. Azərbaycanın idman ictimaiyyəti onun istər ölkə miqyaslı, istərsə də beynəlxalq yarışların keçirilməsində nümayiş etdirdiyi təşkilatçılıq bacarığından və təcrübəsindən bu gün də davamlı olaraq bəhrələnməkdədir. Ali dövlət vəzifəsi ilə paralel olaraq böyük həcmli və fərqli istiqamətləri ilə seçilən ictimai və siyasi vəzifələri, beynəlxalq statusları layiqincə daşıyan Mehriban xanım Əliyevanın yüksək idarəçilik təcrübəsinin nümunəsidir.
- Əli müəllim, Mehriban xanım Əliyevanın yüksək idarəçilik təcrübəsinin nümunələri və təltiflərinin fonunda bu ümumiləşdirməni böyük əminliklə ifadə edə bilərik ki, bütün təqdimatlarının arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır…
- Əlbəttə, beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Birinci vitse-prezidentin, xüsusən də, Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları ümumbəşəri maraqlar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Təsadüfi deyil ki, şöhrəti respublikamızın hüdudlarından kənara çıxan Mehriban xanım Əliyevanın gördüyü böyük işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir və Birinci vitse-prezidentin səmərəli fəaliyyəti digər ölkələr tərəfindən də ali dövlət mükafatları verilməklə yüksək qiymətləndirilir. Bu gün Şərqin mənəvi dəyərləri ilə Qərbin mütərəqqi keyfiyyətlərinin uğurlu sintezinin nümunəsi və milli dəyərlərə sədaqət Mehriban xanım Əliyevaya Azərbaycan xalqının sonsuz rəğbət və sevgisinin mənbəyinə çevrilib. Və bu onun ən böyük və ən qiymətli mükafatıdır.
Şübhə yoxdur ki, çağdaş Azərbaycan tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyət kimi Mehriban xanım Əliyeva daim bu xalqın maraqları, mənafeyi, inkişafı üçün çalışan, bu dövlətin möhkəmliyinin, müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunması naminə bütün səy və bacarığını ortaya qoymuş ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı kimi bu tandemin Zəfər yoluna uğurla davam etməsi üçün bundan sonra daha böyük zirvələr fəth edəcəkdir.