YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Elə bir Tarixi Zəfər qazandıq ki, bütövlükdə 2021-ci il bu Zəfərin işığı, hərarəti və təntənələrilə keçdi

Müsahibimiz Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov

- Nizami müəllim, 2021-ci ili başa vurmağa saylı günlər qalır. Tarixi Zəfərimiz artıq hər bir önəmli günü, bayramı xoş ovqatla, qürurla qeyd etməyə stimul verir. Öncə Qələbəmizin yaratdığl hissləri bölüşməyinizi istərdik...

Biz 2020-ci ilin sonlarına doğru ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda nəinki on, hətta yüz illərlə apardığımız mübarizədə dövlət başçımız İlham Əliyevin öndərliyi ilə elə bir Tarixi Zəfər qazandıq ki, bütövlükdə 2021-ci il bu Zəfərin işığı, hərarəti və təntənələrilə keçdi. Və əminliklə deyə bilərəm ki, xalqımız hələ neçə illər bu Qələbənin təsirini öz ruhunda, qəlbində, damarlarında hiss edəcək, həmin hissiyyatlar ona elə intəhasız güc verəcək ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində aldığı passionarlıq təkanını nəhayət ki, təbii gedişi ilə milli intibah hərəkatına çevirməklə hansı dəyərlərin daşıyıcısı olduğunu bütün dünyaya bir daha göstərəcəkdir.

- Dünya Azərbaycanlılarının həmrəyliyi şanlı Qələbəmizdə özünü necə ifadə etdi?

Azərbaycan Respublikasının əhalisi təxminən on milyondur, ancaq Dünya Azərbaycanlılarının sayı əlli milyonu keçmişdir... Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş şeirində həm Şimali, həm də Cənubi Azərbaycanın yeni nəsil vətənpərvər şairlərindən Sayman Aruz deyir: Sən altmış yaşında, biz altmış milyon...

Əlbəttə, bizim hər bir Qələbəmizdə Dünya Azərbaycanlılarının, eləcə də Türk  Dünyasının əvəzedilməz rolu vardır. Bununla belə heç vaxt unutmaq olmaz ki, sizin xatırlatdığınız bu həmrəyliyin əldə olunması üçün müstəqil Azərbaycan dövlətini qurub inkişaf etdirənlər – Ümummilli Lider Heydər Əliyevlə Azərbaycan Prezidenti, Dünya Azərbaycanlılarının Lideri İlham Əliyev tarixi iş görmüş və görməkdədirlər. Əslində, o da yaddan çıxarılmamalıdır ki, bu möhtəşəm Qələbə də bizim həmrəyliyimizin möhkəmlənməsinə elə bir strateji təsir göstərmişdir ki, nəticələrini tezliklə görəcəyik.

- Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə hər il bir sahənin adı, eyni zamanda, tarixi günlə əlaqələndirilir. “Nizami Gəncəvi” ili kimi tarixə yazılan 2021-ci il Nizami yaradıcılığının təbliğinə, dahi mütəfəkkirin bu günkü və gələcək nəsillərə tanıdılmasına hansı töhfələri verdi?

Əvvəla, dahi Azərbaycan şairi Nizami öz ümumbəşəri humanist ideyaları ilə bir daha bizim müasirimizə çevrildi. Dədə Qorqudun, Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Mirzə Fətəlinin, Aşıq Ələsgərin, Mirzə Cəlilin, Sabirin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun... övladları, heç şübhəsiz, bu dünyanın layiqli vətəndaşları olmaya bilməzlər.

Nizami ilində böyük mütəfəkkir çoxlu mötəbər elmi konfranslar, beynəlxalq görüşlər, nüfuzlu nəşrlər, maraqlı sərgilərlə anıldı. Azərbaycan xalqı (və dövləti) bir daha bütün dünya meredianlaraında öz dühasına sahib çıxdı.

Nizami bütün əsərlərini dəri (fars) dilində yazmışdır, lakin Qətran Təbrizi, Əbüüla Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani Şirvanı kimi onun da türk-azərbaycanlı olduğuna heç bir şübhə yoxdur. Və bu həqiqəti onun yalnız Gəncədə doğulub bütün ömrü boyu burada yaşaması yox, əsərlərindəki güclü milli ruh da təsdiq etməkdədir. Təsadüfi deyil ki, Nizami Gəncəvi ilində çap olunmuş kitabların, məqalələrin çox böyük bir qismi məhz həmin mövzuya – Nizaminin türklüyünə və azərbaycanlılığına həsr olundu.

2021- ci ilin mühüm hadisələrindən biri də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin yenidən bərpası oldu. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təntənəsi olan bu mühüm hadisələrin özündə ehtiva etdiyi və dünyaya ünvanladığı mesajlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

Hər bir azərbaycanlı, bunu dilinə gətirsə də, gətirməsə də, yaxşı bilirdi ki, Şuşa bizim üçün yalnız bir yaşayış məntəqəsi, keçmiş Qarabağ xanlığının mərkəzi, yaxud istirahət yeri deyil, ruhumuzla, mənəviyyatımızla, mədəniyyətimizlə sıx bağlı olan elə bir məkandır ki, onun itkisini heç nə ˗ heç bir bəhanə unutdura bilməz. Odur ki, Müzəffər Ali Baş Komandanımız (və Ordumuz) Şuşanı azad  etdikdən sonra “Qarabağ bizimdir!” sözlərini daha ürəkdən dedik. “Xarıbülbül” festivalı, mənə də iştirak etmək nəsib olduğu Vaqif Poeziya Günləri sanki bir yuxu idi... Lakin bütün dünyanın gözləri qarşısında baş verirdi. Və biz dünyanı məcbur etməyi bacardıq ki, başını qaldırıb həqiqətin düz gözlərinin içinə baxsın...

-  Nizami müəllim, 2021- ci ildə görülən işlərin, əldə edilən uğurların fonunda qarşıdakı ilin mənzərəsini necə təqdim edərdiniz?

Üzümüzə gələn il Pələng ilidir!.. Azərbaycan üçün bu ilin bir Pələng sıçrayışı ili olacağına ötən illərdə qazanılmış möhtəşəm Qələbələr (o cümlədən pandemiya üzərindəki qələbə), onların doğurduğu yüksək əhvali-ruhiyyə, eləcə də bu ilin sonlarında Milli Məclisin qəbul etdiyi zəngin büdcəmiz zəmanət verir.

Yeni iliniz mübarək!