YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Davamlı inkişaf strategiyasının müəllifi

Müsahibimiz Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov

-Əli müəllim, Azərbaycanın bugünkü vəziyyəti 2003-cü il ilə müqayisədə necə görünür?

-Qısa desək, Azərbaycan 18 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daimi tərəqqi yolunda inamla irəliləyir. 2003-2021-ci illərin siyasi, iqtisadi, sosial, hərbi və s. sahələrdə göstəricilərinin sadəcə müqayisəsi və ölkəmizin hazırki vəziyyəti bunun əyani sübutudur. Bax, budur bizi istəməyənləri, gözləri götürməyənləri qıcıqlandıran, onları məyus edən faktlar!

Fikrimcə, ötən müddətdə əldə olunmuş  uğurları belə səciyyələndirmək olar:

-Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət məharətlə və qətiyyətlə davam etdirilərək Azərbaycan yüksək insan inkişafına malik olan ölkələr sırasına çıxarıldı;

-Azərbaycan tarixində yeni - inkişaf, tərəqqi dövrünün əsası qoyuldu və ölkəmiz iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə uğurla başa vurdu;

-Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artdı, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da gücləndirildi;

-Azərbaycan regionun lider dövlətinə, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkəyə, dünya miqyasında öz sözünü deyən məmləkətə çevrildi;

-Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirildi, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı;

-Ölkəmizin bütün regionlarının inkişafı təmin edildi, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasına yüksəldi, neft kapitalı insan kapitalına çevrildi;

-Azərbaycanın 2030-cu ilədək strateji inkişafının əsas istiqamətləri müəyyənləşdirildi;

-Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi və 2019-2022-ci illərdə həmin Hərəkata sədrlik etdi;

-Ölkəmiz ilk süni peykini orbitə çıxartmağa müvəffəq oldu;

-Azərbaycan dünyada digər dövlətlərə nümunə ola biləcək tolerant ölkə kimi  tanıdıldı;

-Silahlı Qüvvələr gücləndirilərək dünyada ən güclü 50 ordu sırasına yüksəldildi;

-Ölkəmizin ərazi bütövlüyü təmin edildi, işğala son qoyuldu, tarixi Zəfər qazanıldı;

-Qarabağın dirçəlişi prosesinə start verildi və bu gün uğurla davam etdirilir.

Bu siyahını xeyli artırmaq da mümkündür. Bunlar davamlı inkişafın təsdiqedici amilləridir və bu modelin müəllifi cənab İlham Əliyevdir.

-Əli müəllim, dedikləriniz də təsdiq edir ki, qısa müddətdə çox iş görülüb. Sizcə, bunun əsas səbəbi nədir?

-Çox yox, həddindən çox işlər görülüb və görülməkdədir. Xarici təhdidlərə, qərəzli cəhdlərə, məkrli planlara, ölkənin düçar edildiyi qurama münaqişəyə və onun fəsadlarına baxmayaraq, Azərbaycan bu illər ərzində öz seçdiyi tarixi yoldan dönmədi, əksinə, irəliləməkdə qətiyyətlə davam etdi. Şübhəsiz, bütün bu uğurlara cənab Prezidentin genişəhatəli, səmərəli fəaliyyəti sayəsində nail olunub. O, hər şeyi səbirlə, təmkinlə, ancaq planlaşdırdığı kimi, qətiyyətlə həyata keçirir. Bütün inkanları səfərbər edərək ölkənin iqtisadi qüdrətini durmadan artırdı, sənayeni, qeyri-neft sektorunu, kənd təsərrüfatını, özəl sektoru inkişaf etdirdi. O, çox gözəl bilirdi ki, güclü dövlət qurmaq üçün ilk növbədə güclü iqtisadi imkanlara malik olmaq lazımdır. Belə olmasaydı, biz müasir silahlarla təchiz olunmuş güclü ordu yarada bilərdikmi? Yaxud, geniş sosial layihələri reallaşdıra, əhalinin rifah halını yaxşılaşdıra bilərdikmi? Əlbəttə ki, yox.

Təkcə bir faktı deyim. Mən uzun müddət cənab Prezidentin rəhbərliyi altında qaçqın, keçmiş məcburi köçkünlərin sosial problemlərinin həlli lə məşğul olmuşam. Əgər iqtisadi imkanlar olmasaydı, həmin insanlar üçün 3 milyon kvadrat metrdən artıq mənzil sahəsi olan 100-dən artıq yeni yaşayış kompleksləri inşa etmək, 300 mindən çox soydaşımızın mənzil-məişət şəraitini yaxşılaşdırmaq mümkün olardımı? Təsəvvür edin, bu qəsəbələrin mənzil sahəsi Mingəçevir şəhərinin mənzil fonduna bərabərdir.

2003-cü ildə "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir",- deyən Prezident İlham Əliyev Heydər Əliyev yoluna - davamlı sabitlik, iqtisadi inkişaf, tərəqqi və milli dövlətçilik ənənələrinin bərqərar olması yoluna sadiq qaldı. Bax, budur, nailiyyətlərin əsas səbəbi, istiqamətverici qüvvəsi! Azərbaycanın gələcək inkişaf yolu da budur.

-Deyirlər ki, dövlət rəhbəri təkcə bu günü deyil, həm də perspektivi düşünməlidir.

-Əlbəttə, yalnız bu günlə yaşamaq olmaz, sabahı, gələcəyi düşünmək rəhbər üçün çox vacib şərtdir. Bu məsələdə bizim bəxtimiz gətirib. Cənab Prezident həm ölkə daxili məsələlərin yaxın 10-20 illik planlaşdırılmasını həyata keçirir, həm də dünyada baş verə biləcək hadisələri qabaqcadan proqnozlaşdırır və lazımi qabaqlayıcı tədbirlər görür.

Misal üçün, neftin qiymətinin aşagı düşməsi təhlükəsini 6 il öncə hiss etdiyi üçün qeyri-neft sektorunun inkişafına start verdi. Dünyada ərzaq təhlükəsinin mümkünlüyünü 4 il öncə proqnoz verdi və kənd təsərrüfatının inkişafı ilə baglı tapşırıqlar verdi. Ətrafımızda, Avropada, ümumiyyətlə, dünyada hal-hazırda nələrin baş verdiyini görürük. Bu proseslərin bizdə də baş verməsi üçün antimilli və xarici qüvvələr çox cəhd ediblər, ancaq cənab İlham Əliyev bunun qarşısını məharət və bacarıqla aldı. Ulu Öndər 1993-cü ildə, cənab Prezident isə 2003-cü ildə Azərbaycanı parçalanmaq və xəritədən silinmək təhlükəsindən xilas etdi. Dünya 4-cü sənaye inqilabına 2020-ci ildə qədəm qoyub. Ölkəmizdə isə 4-cü sənaye inqilabının tətbiqinə bir neçə il əvvəl başlanıldı.

-Sizcə, dövlət başçısına istər beynəlxalq aləmdə, istərsə də xalq içərisində hörmət-izzət, nüfuz bəxş edən hansı xüsusiyyətlərdir?

-İlk növbədə Vətənə, dövlətə, xalqa bağlılıq, düzlük və səmimiyyət. Dövlət başçısının beynəlxalq səviyyədə və əhali arasında reytinqini həmişə yüksəkdə saxlayan başlıca amillər məhz bunlardır. Cənab İlham Əliyevi dünyanın digər dövlət başçılarından fərqləndirən cəhətlərdən biri də odur ki, o, dövlətlərarası münasibətlərdə, danışıqlarda, imzaladığı sənədlərdə, verdiyi vədlərin icrasında tam səmimi və şəffafdır. Nəyi deyib, nəyi vəd edib, hamısını vaxtında icra edib.

Dünyanın lider dövlətlərinin, beynəlxalq qurumların rəhbərlərinin, xalqımızın cənab İlham Əliyevə hörmətlə yanaşmasının səbəbi onun bütün mötəbər tədbirlərdə, görüşlərdə doğru-dürüst danışması, səmimi olmasıdır. Mən işlədiyim dövrdə onun keçmiş məcburi köçkünlərlə dəfələrlə görüşündə bunun canlı şahidi olmuşam. O, yeni inşa edilən qəsəbələrin əksəriyyətinin açılış mərasimlərində Mehriban xanımla birlikdə iştirak edib, insanlarla səmimi söhbət edib, hətta öz ad günündə də onlarla birlikdə olub. 

Fikir verin, 44 günlük Vətən müharibəsində, döyüşlərin qızgın çağında dünyanın 30-dan artıq mətbu orqanına müsahibə verdi, baş verən prosesləri olduğu kimi onlara izah etdi. Özü də hər kəsin öz ana dilində onları başa saldı, həqiqətləri dünyaya çatdırdı. Hətta əvvəlcədən hazırlanmış ssenari üzrə verilən təxribat xarakterli suallara da soyuqqanlıqla, əsaslandırılmış arqumentlərlə cavab verərək onları susmağa məcbur etdi.

Yaxud, hamımız üçün ağır olan həmin taleyüklü günlərdə dəfələrlə televiziyada çıxış edərək cəbhədəki real vəziyyəti çəkinmədən xalqa özü çatdırdı. Xalqımız şad xəbərlərə sevindiyi kimi, itkilərimizi də səbirlə, anlayışla qarşıladı. Belə olmasaydı, tarixi Zəfərin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edən Prezident-Xalq birliyinə nail olmaq mümkün deyildi.

-Əli müəllim, tarixi Zəfərin Azərbaycan tarixində yeri barədə nə deyə bilərsiniz?

-Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə Azərbaycanın tarixinə əvəzolunmaz şanlı səhifə yazdı. Cənab Prezident bəzi dövlətlərin və beynəlxalq təşkilatların 27 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini 44 gündə başqa yolla özü həll etdi, dövlətin və millətin üstündən qara ləkəni təmizləyərək nəyə qadir olduğumuzu sübut etdi, bizi qalib dövlətə və millətə çevirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi, erməni mifini darmadağın etdi, millətə güc verdi, xalqda özünəinamı qüvvətləndirdi, cəmiyyətimizi yeniləşdirdi, ölkədə və regionda gələcək siyasi-iqtisadi  inkişaf üçün etibarlı zəmin, Cənubi Qafqazda isə yeni geopolitik, geosiyasi mühit yaratdı. O, xalqına, 17 ildə yetişdirdiyi gənclərə, gücləndirdiyi orduya, onun əsgər, zabit və generallarına arxayın olduğu üçün bütün təzyiqlərə sinə gərdi, öz yolundan dönmədi və tarixi qələbəyə imza atdı.

Bu tarixi Zəfər həm də bizə dostlarımızı bir daha tanıtdı. Unutmaq olmaz ki, bu qələbədə qardaş Türkiyə və Pakistan dövlətlərinin, xalqlarının siyasi, mənəvi dəstəyinin xüsusi yeri var. 16 iyun 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış ən ali sənəd - Şuşa Bəyannaməsi iki qardaş dövləti arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açdı.

Şəhid və qazilərimiz, əsgər, zabit və generallarımız müqəddəs torpaqlarımızı öz qanları ilə azad etdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Valideynlərinə Allahdan səbir diləyirəm. Qədirbilən xalqımız onların əziz xatirəsini həmişə yaşadacaq. Qazilərimizə isə tezliklə sağalmağı və normal həyata qayıtmağı arzulayıram.

Dövlətimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və həssas təbəqədən olan digər insanların problemlərinə hər zaman yüksək diqqət göstərir, onlara qayğıkeşliklə yanaşır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Şuşada mədəni irsin bərpasına, mədəni tədbirlərin təşkilinə və keçirilməsinə bilavasitə rəhbərlik edir.

Zaman ötəcək, lakin xalqımız Azərbaycan salnaməsinə qızıl hərflərlə əbədi həkk olunan tarixi Zəfərlə daim fəxr edəcək.

-Azərbaycanın və regionun gələcəyinə necə baxırsınız?

-Erməni separatizminin məhv edilməsi həm də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaratdı. Ötən bir il ərzində cənab Prezident öz çıxışlarında, müsahibələrində dəfələrlə qeyd edib ki, müharibə arxada qalıb, tarixin dərslərindən düzgün nəticə çıxarıb gələcəyə köklənmək lazımdır. Bunun üçün isə region dövlətlərinin, ilk növbədə Ermənistanın  qonşularla qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlığının təmin olunması tələb olunur. Azərbaycanın mövqeyi bu məsələdə birmənalıdır: 10 noyabr 2020-ci il tarixli Bəyannamədə göstərilənlər icraçılar tərəfindən yerinə yetirilməli, kommunikasiyalar, yollar açılmalı, ədalətli qonşuluq siyasəti yeridilməlidir.

Bu yaxınlarda keçirilmiş Soçi, Brüssel görüşlərində də Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara,  həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazır olduğunu bir daha bildirdi. Ermənistan da, nəhayət, ambisiyalardan əl çəkib, ortaya reallığa, zəkaya və ədalətə söykənən dəqiq mövqe qoymalıdır.

Azərbaycan öz öhdəliklərini şərəflə yerinə yetirir və indidən sonra da yetirəcək. Bunu müharibədən sonra işğaldan azad olunan ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işləri də sübut edir. Bu, cənab İlham Əliyevin özünün nəzarət və idarə etdiyi, dünyada analoqu olmayan nadir təcrübədir.

Ölkəmiz cənab Prezidentin rəhbərliyi ilə tərəqqi yolunda qətiyyətlə davam edir, qazanacağımız yeni tarixi qələbələr hələ qabaqdadır. Azərbaycanımız namınə bu müqəddəs davamlı inkişaf yolunda cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yeni-yeni uğurlar arzulayıram.