YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir

Müsahibimiz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova

- Hicran xanım, ötən 18 ildə ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatları necə dəyərləndirirsiniz?

-   İlk növbədə qeyd etmək istərdim ki, cənab İlham Əliyev öz fəaliyyəti ilə  həm partiya sədri, həm prezident, həm də Ali Baş Komandan kimi hər bir  vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu  dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət  həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.  30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətən Müharibəsində Zəfər  çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.  Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan  olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Ölkə başçısı  cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm  işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən, qaçqın və məcburi köçkün, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan insanların, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin  sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi  zəruri tədbirlər həyata keçirir.  Bu günə qədər ölkədə COVID-19 pandemiyasından zərər çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

- Hazırda Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətini necə qiymətləndirmək olar?

- Cənab İlham Əliyev yalnız ölkə başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atdı. Azərbaycan həm  də qlobal təşəbbüslər irəli sürür, dünyada ədalətin bərqərar olmasına layiqli töhfə verir. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü. Eyni zamanda, ölkə başçısı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə təcrübəsini, tətbiq edilən təcrid tədbirləri, sosial proqramları və əldə edilə nəticələri iştirakçıların nəzərinə çatıdırmaqla bu sahədə də Azərbaycan təcrübəsini təqdim etdi. Daha sonra Cənab Prezidentin təşəbbüsü ilə keçirilən Zirvə görüşü Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır olduğunu göstərdi. Eyni zamanda, müzakirələrin Təmas Qrupu formatında keçirilməsi yeni və səmərəli bir mexanizm kimi də bir ilk idi. Bu görüşdə Azərbaycanın qardaşlıq və dostluq münasibəti bir daha təsdiq olundu. Belə ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq ianə ayırdı. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Görüşün əhəmiyyətli cəhətlərindən biri də COVİD-19-un mənfi təsirlərinin aradan qaldırılması məqsədilə post pandemiya dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərin daha da artırılmasının faydalı olmasının səsləndirilməsi idi. Bu əlaqələrsiz, münasibətlərsiz dövlətlərin inkişafını və yaranmış çətinlikləri həll etməsi mümkün deyil. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130-dək dövlət tərəfindən dəstəklənməsi çox mühüm hadisədir. Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Bütün bunlar isə Azərbaycanın dünyada getdikcə geosiyasi əhəmiyyətini artırır. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və diplomatik yüksək əlaqələri nəticəsində beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini daim dəstəkləyir. Dekabrın 16-da 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkənin səs verməməsi də bunun bariz nümunəsidir. COVID-19 virusu Çindən başlayaraq dünya ölkələrinə yayıldıqda, insanlar kütləvi şəkildə öldüyü bir zamanda artıq dövlətlər az qala bir-biri ilə düşmən münasibətlər həddində idilər. Hər ölkə bu prosesdən yalnız özünü xilas etməyə çalışırdı. Amma Prezident İlham Əliyev bu bəladan yalnız birgə mübarizə, həmrəylik yolu ilə çıxmağın mümkünlüyünü irəli sürürdü. Kasıb, dünya siyasətinin formalaşmasında rol oynamayan və ya az rol oynayan ölkələr diqqətdən kənarda qalıb, onlara ögey münasibət göstərilirdi. Gəlin etiraf edək ki, 60 illik tarixi olan Qoşulmamma Hərəkatı Azərbaycanın sədrliyi ilə yeni müstəvidə fəaliyyət göstərməyə başlayıb və daha çox eşidilməkdədir. Bu Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinə çox böyük məsuliyyətlə yanaşmasının təzahürüdür.  Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, “Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər”. Bu ilin oktyabr ayında Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin, noyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasının keçirilməsi, ölkəmizin bu mötəbər quruma ən böyük tarixi töhfələrindən biri hesab olunur. Bu gün Avropa İttifaqı, Avropa Şurası, NATO eləcə də müxtəlif beynəlxalq təşkilatlarla Azərbaycanla iki və çox tərəfli əməkdaşlığa  maraq göstərirlər.

- Ötən 18 ildə  insan hüquq və azadlıqlarının , xüsusilə də  qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm işlər görülmüşdür. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik...

- Bu da xüsusi əhəmiyyət kəsb edən məsələdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi, bu sahədə qanunvericilik bazasının və institusional mexanizmlər davamlı olaraq təkmilləşdirilmişdir. Müasir dövrdə hələ Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət qadın və uşaq siyasəti cənab İlham Əliyev tərəfindən daha da gücləndirilmişdir. Hələ bir çox Avropa və MDB ölkələrində gender bərabərliyi haqqında heç bir hüquqi-nörmativ sənəd olmayanda, 15 il bundan əvvəl Azərbaycanda “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi. Dövlət Qadın Problemləri Komitəsinin bazası da genişləndirilərək Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2010-cu ildə “Məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı” Qanun qəbul edildi. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında   qızlar və oğlanlar üçün  nikah yaşı 18-ə  qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə  edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər  valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu  və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir.  "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun isə informasiya texnologiyalarının ağır fəsadlarla müşaiyət olunan zərərli informasiyalardan qorunmasına  şərait yaradacaqdır.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  və Birinci- vitse prezidentimiz Mehriban xanım Əliyevanın qadın və uşaqlara, bütövlükdə Azərbaycan vətəndaşına  göstərdikləri qayğı, diqqət göz önündədir.

Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bu gün də belə təsirlər var. Lakin, Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönmədi. Bu gün də bu qətiyyət, siyasi iradə Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir.  Hər bir vətəndaş istəyir ki, təhlükəsiz yaşasın, daim inkişaf etsin, arzularını reallığa çevirsin, ən əsası gələcəyinə ümidlə, inamla baxa bilsin, övladlarının, dövlətinin gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir ki,  həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləyən Lideri olsun. Bizim belə bir Liderimiz var: bu sözün əsl mənasinda Böyük Azərbaycanlı İlham Əliyevdir.