YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan-Türkiyə dostluğu əbədidir, heç bir üçüncü qüvvə bu dostluğa xələl gətirə bilməz

Müsahibimiz Milli Məclisin deputatı Elman Nəsirov

- Elman müəllim,  birliyi, həmrəyliyi, dostluğu, qardaşlığı ilə daim dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərini şərtləndirən amillər hansılardır?

- Bu gün dünyada dövlətlər arasında bir etimadsızlıq mühiti hökm sürməkdədir. Bu reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri əslində bütün dünya ölkələri üçün bir nümunədir, bir örnəkdir. “Dövlətlərarası münasibətlər necə olmalıdır” sualına cavab axtarmaq üçün çox uzağa getmək lazım deyil. Məhz Azərbaycan-Türkiyə münasibətlərini öyrənmək və dövlətlərarası münasibətlərdə ondan bəhrələnmək lazımdır. Bu, bir həqiqətdir. Bu, bir aksiomdur. Bütün dünya ölkələri  getdikcə bunu  daha çox dərk etməlidirlər. Xüsusilə də çətin, mürəkkəb anlarda Azərbaycan-Türkiyə münasibətlərinin hansı yüksək səviyyədə olduğu özünü bir daha büruzə verir. Vətən müharibəsində Türkiyə qardaş Azərbaycan dövlətinə, Azərbaycan  xalqına  çox yüksək səviyyədə siyasi və mənəvi  dəstək göstərdi. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan  müharibənin ilk günlərindən Azərbaycan dövlətinin yanında olduğunu bildirdi.  Türkiyənin müdafiə naziri, xarici işlər naziri və digər nazirlikləri, onların rəhbərləri Azərbaycanın haqq işini müdafiə etdiklərini hər zaman bildirdilər. Bu birlik, həmrəylik    üçüncü dövlətin Vətən  müharibəsində müdaxiləsinə,   Ermənistanın müdafiəsinə açıq şəkildə  mane oldu. Bu da çox onəmli hadisədir.  Eyni  zamanda, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.  Bütün  çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət   məhz Azərbaycan oldu.  Bu  günlərdə Türkiyədə meşə yangınları   Azərbaycan-Türkiyə münasibətlərinin  necə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.  Bu yangınların ilk günü Azərbaycan Prezidenti  cənab İlham Əliyev Türkiyə Prezidentinə zəng etdi və istənilən səviyyədə dəstək,  yardım göstərməyə hazır olduğunu bildirdi. Bu istiqamətdə çox ciddi əməli addımlar atılmağa başlayıb. 100-ə qədər maşın və texnika  Türkiyəyə göndərilib. Yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarə, 510 nəfər yanğınsöndürən fəaliyyət göstərir.
Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif etdi. Beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayı 710 nəfərə çatdırılacaq. Bütün bunlar göstərir ki, bəli, bizim qardaşlığımız və dostluğumuz  əbədidir. Prezidentlərimiz, dövlətlərimiz, xalqlarımız dost və qardaşdır.

     Xüsusilə iyunun 15-də Şuşada imzalanmış  tarixi Şuşa Bəyannaməsi  Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı.  Münasibətlərin bundan yüksək səviyyəsi yoxdur. Eyni zamanda,  Azərbaycan-Türkiyə-Pakistan  parlament sədrlərinin imzaladığı  Bakı Bəyannaməsi  Azərbaycan-Türkiyə münasibətlərinin  inkişafında növbəti yeni mərhələ oldu.  Bütün bunlar hamısı bir daha ona dəlalət edir ki, Azərbaycan və Türkiyə dostluğu əbədidir, heç bir üçüncü qüvvə bu dostluğa xələl gətirə bilməz. 

  Həm də bu dostluğu şərtləndirən ən mühüm amillərdən biri  onunla bağlıdır ki, hər iki dövlətə nəhəng dövlət xadimləri rəhbərlik edirlər.  Azərbaycan Prezidenti İlham Əliyev  44 günlük Vətən müharibəsində  tarixi Zəfərə imza atmaqla öz  adını təkcə ölkəsinin tarixinə deyil,  əslində  dünyanın hərb tarixinə  birdəfəlik  həkk etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünyanın    əsas güc mərkəzlərindən birinə çevirməyi bacarmışdır. Bu gün Türkiyə NATO-da öz hərbi potensialına görə ikinci, dünyada isə  onunluqdadır.  Bu tarixi nailiyyətlərin əldə edilməsində  Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri var. Sözün həqiqi mənasında bugünkü dünyamızın  ən  xarizmalı liderlərindən biridir. Bu iki nəhəng şəxsiyyətin dostluğu  Azərbaycan-Türkiyə tarixi dostluğunun daha da  möhkəmlənməsi mənafeyinə xidmət göstərir.   Bu isə bizim düşmənlərimizi, xüsusilə də Ermənistan dövlətini,  onun siyasi-hərbi rəhbərliyini xeyli qıcıqlandırır.

- İşğalçı Ermənistanın  artıq adət halına çevirdiyi  atəşkəs rejimini  pozmasını, təxribatlar törətməsini necə şərh edərdiniz?

  - Qeyd etdiyim kimi, Azərbaycan-Türkiyə tarixi dostluğunun daha da  möhkəmlənməsi Ermənistan dövlətini,  onun siyasi-hərbi rəhbərliyini  qıcıqlandırır. Nəticədə isə Ermənistanın atəşkəs rejimini intensiv şəkildə pozması, sərhəd insidentlərini həyata keçirməsi,  cürbəcür təxribatlara əl atması  baş verir.  Onların heç bir nəticəsi olmayacaq.  Çünki ortada qalib Azərbaycan dövləti var.  Bu dövlətin ən yaxın müttəfiqi olan  Türkiyə dövləti var.   Ermənistanın siyasi-hərbi  rəhbərliyi ilk növbədə papağını qarşısına qoyub düşünməlidir. Nəticə çıxarmalıdır ki, yeganə yol əməkdaşlıq yoludur.  Konfrantasiya yolu  Ermənistanı məhvə aparır. Ermənistan üçün bu gün hava, su qədər lazım olan məsələ  düşdüyü ağır iqtisadi fəlakətdən  qurtarmaqdır.  Ermənistan blokada vəziyyətindən çıxmaq haqqında düşünməlidir.  Bunun yolu isə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməkdən keçir. Həmin şərtlər isə çox sadədir.  Əməkdaşlıq, ilk növbədə,  Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması,  minalanmış ərazilərin xəritəsinin verilməsi və bundan irəli gələn digər addımlar, xüsusilə də  qeyd etdiyim kimi, kommunikasiyaların bərpası əsasdır. Əgər bunları edəcəklərsə Ermənistanın nicatı olacaq.  Ermənistan dövləti, xalqı da  gələcəyinə nikbin baxa bilər. Yox bu olmayacaqsa Ermənistan dövlətini, xalqını daha böyük fəlakətlər gözləyir. Amma  təəssüf ki, Ermənistanda son baş verən hadisələr, xüsusilə də Ermənistanın müdafiə nazirinin son sayıqlamaları  belə nikbin proqnozlar vermək üçün elə də ciddi əsaslar yaratmır.

- Elman müəllim, Ermənistanın müdafiə nazirinin son bəyanatının arxasında hansı niyyətlər dayanır?

- Ermənistanın müdafiə naziri  Arşak Karapetyan Azərbaycan əsgərlərinin Ermənistan  sərhədlərini keçəcəyi təqdirdə  məhv edilməsi ilə bağlı əmr imzalayıb. Eyni zamanda, qeyd olunur ki, buna imkan verən  erməni hərbciləri də çox sərt cəzalandırılacaq. Nə baş verməkdədir?  Ermənistan müdafiə naziri niyə belə əmr imzalayıb və bu əmrin arxasında hansı niyyətlər dayanır? Bu məsələni təhlil etdikdə birinci onu söyləmək istərdik  ki,  əvvəla qalib, müzəffər Azərbaycan orducunun Ermənistan sərhədini keçmək niyyəti yoxdur. Bizim qarşımızda belə bir  strateji məqsəd dayanmır.  Əgər bunu etsəydik, keçən ilin məlum Tovuz hadisələri zamanı edərdik.  Bunu elə 44 günlük Vətən müharibəsi dövründə reallaşdıra bilərdik. Sadəcə bizim qarşımızda belə hədəf dayanmır.  Bizim hər hansı ölkənin  sərhədini keçmək niyyətimiz yoxdur. İkincisi, artıq bu əmrin özündən bəlli olur ki,  Ermənistan müdafiə naziri təlaşdadır, həyacandadır, gərginlik içərisindədir. Hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri əgər sərhədi keçərsə, Ermənistanın silahlı qüvvələrinin müqavimət potensialı  çox aşağıdır, hətta onlar müqavimət  göstərməyə bilərlər. Bu halda çıxış yolu kimi erməni əsgərlərinin çox sərt cəzalandırılacağı ilə bağlı əmr imzalayır. Bu gün  Ermənistan müdafiə naziri  etiraf etmiş olur ki, ordusunda vəziyyət bərbad vəziyyətdədir. Yəni,  10 mindən çox fərarisi olan bir ordudan əslində başqa bir şey gözləməyin də mənası yoxdur.  Bu hadisə onu bir daha göstərdi ki, Ermənistanda hakimiyyət yenə də populist mövqe tutmaqda davam edir,  gündəmdə məhz bu cür bəyanatlar və əmrlərlə qalmaq istəyir. Reallıqlar isə  başqadır. Azərbaycan Ordusu tarixi missiyasını Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirir və bu gün də torpaqlarımızı qoruyur. Eyni zamanda, bütün ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması üçün lazımı addımları atır. Çox yaxın perspektivdə hansı ərazimizdə Azərbaycan bayrağı dalğalanmırsa, biz ona da şahidlik edəcəyik. Ortada ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi,  Azərbaycan xalqının cənab Prezidenti birmənalı   dəstəkləməsi var. Təbii ki,  bütün bu reallıqlar fonunda Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı göz önündədir. Bütün bu reallıqlar nəticə etibarilə qarşımızda dayanan bütün hədəflərə çatmağımız üçün münbit şəraiti təmin edir. Ermənistanın  müdafiə nazirinin məlum  bəyanatı  sərsəm, axmaq düşüncəsinin məhsuludur.