YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan-Türkiyə-Pakistan dostluğu gündən-günə möhkəmlənir, sevincimiz, kədərimiz birdir

Müsahibimiz Milli Məclisin deputatı Naqif Həmzəyev

- Naqif müəllim,  Vətən müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanla dost ölkələrə bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə çağırışlar edir. Dünənimizdən bu günümüzə baxdıqda qardaş Türkiyə ilə əlaqələrimizi necə xarakterizə edərdiniz?

- Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyə Azərbaycan  müstəqillik qazandıqdan sonra daim  yanımızda olan, dəstəyini əsirgəməyən və   istənilən platformada dəstək olmağa çalışan qardaş, dost ölkədir. Azərbaycan-Türkiyə münasibətləri hazırda müttəfiqlik səviyyəsindədir.  Ölkələrimiz arasında yalnız siyasi, hərbi, mədəni  deyil,  iqtisadi əlaqələrin də dərinləşdirilməsi prioritetdir və ikitərəfli dövriyyənin artırılması üçün hökumətlərarası komissiyalar fəaliyyət göstərməkdədirlər.

44 günlük Vətən müharibəsində Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən Azərbaycanın yanında olduqlarını və  dəstək verəcəklərini bəyan etdi. Türkiyənin bütün rəsmilərinin, sadə vətəndaşlarının  qəlbi hər saniyə  Azərbaycanla bir döyündü və 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanı tək qoymadılar. Azərbaycan qardaş Türkiyənin bu münasibətini, dəstəyini, qardaşlığını  heç zaman unutmayacaq.  Vətən müharibəsində əldə edilən Zəfərdə Türkiyədən aldığımız mənəvi və siyasi dəstəyin  rolu böyük  oldu. Eyni zamanda,  hərbi sahədə təcrübə mübadiləsi aparıldı, hərbçilərimizin bilik və bacarıqlarının artırılmasında  Türkiyə hərbçilərinin  böyük rolu oldu.

İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra dekabrın 10-da keçirilən Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu parad,  Türkiyə Prezidentinin Azərbaycan Prezidentinin yanında olması  dünyaya bir mesaj oldu. Bu Zəfər Paradında növbəti görüşün Şuşada keçirilməsi ilə bağlı razılıq əldə olundu. Şuşada keçirilən görüşlər, Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı. Azərbaycanla Türkiyə arasında həm hərbi, həm iqtisadi sahədə müttəfiqliyin rəsmiləşdirilməsinin şahidi olduq. İki dost, qardaş ölkə müttəfiqliklərini dünyaya bəyan etdilər. Bu Bəyannamə  Azərbaycan və Türkiyə münasibətlərinin gələcəyini müəyyənləşdirən bir sənəddir. Azərbaycanın zəfərinin əsas simvolu olan mədəniyyət paytaxtımız Şuşada hər iki Prezidentin imzaladığı sənəd bu dövlətlərin həmişə birlikdə olacaqlarını, birlikdə mübarizə aparacaqlarını, Türkiyə və Azərbaycan qardaşlığının daimi və əbədi olacağını təsdiqləyən və möhürləyən tarixi hadisə oldu.

- Ölkələr arasında əlaqələrin inkişafında hakim partiyaların rolunu nəzərə alsaq Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?  Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icrasına hakim partiyaların töhfələri barədə fikirlərinizi bilmək maraqlı olardı. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının Gəncədə birgə təşkil etdikləri konfrans hansı çağırışları özündə ehtiva edir?

-  Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə olduğu  kimi, hakim partiyalar arasında da  yüksələn xətlə inkişaf edir. Artıq  Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında münasibətlərin yeni dövrü başlayıb. Yeni Azərbaycan Partiyasının 2021-ci il  martın 5-də keçirilən VII qurultayında qəbul olunan  qərarlar, yeni Nizamnamə və formalaşan yeni tərkib, həmçinin Ədalət və İnkişaf  Partiyasında yeniliklər  bu əməkdaşlığı  daha da irəli aparmaq üçün mühüm şərait yaradır. Qarşılıqlı səfərlər əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Ankarada səfərdə olarkən əməkdaşlığa dair imzalanan  niyyət protokoluna əsasən  Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icrası və perspektivlərlə bağlı konfransın keçirilməsi   qərarına gəlinmişdir.

Bu tədbirdən  əvvəl COVID-19-la mübarizə tədbirlərinin  tələblərinə uyğun olaraq iki dəfə videoformatda  konfrans keçirilmişdir.  Növbəti konfransın 44 günlük İkinci Qarabağ müharibəsində erməni vəhşiliklərinə şahidlik edən  Gəncədə keçirilməsi qərara alınmışdır. Ümumiyyətlə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq  etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çox məhsuldar və uğurlu keçdi. Prezident İlham Əliyevin Türkiyə  nümayəndə heyətini qəbul etməsi, həmçinin digər səviyyələrdə keçirilən görüşlər  Azərbaycanla Türkiyə, hakim partiyalar arasında əlaqələrin inkişaf səviyyəsinə işıq salmaqla yanaşı, əməkdaşlığın daha da dərinləşdirilməsi  üçün mövcud potensialın  araşdırılmasına geniş imkanlar yaratdı.   Gəncə şəhərində  keçirilən konfransda da  bu məsələlər  ətrafında  müzakirələr aparıldı.  “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfransda çıxış edən həm Azərbaycan, həm də Türkiyə tərəfdən məruzəçilər  məhz  Şuşa Bəyannaməsinin önəmindən, əhəmiyyətindən geniş bəhs etdilər.  Bu sənədin müxtəlif sahələrdə əməkdaşlığa yol açdığı əsaslı şəkildə diqqətə çatdırıldı.  Həmçinin  Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi üçün bu Bəyannamədən irəli gələn  məsələlərin tezliklə öz həllnin tapacağına əminlik ifadə olundu. Ümumilikdə konfransın mövzusu özündə bütün məqamları, çağırışları, mesajları ehtiva edir.  

Türkiyə nümayəndə heyəti Gəncədə olarkən  44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın  hərbi  cinayətləri  nəticəsində dağıdılmış əraziləri  ziyarət etdilər.  Bir sözlə, bu səfər  YAP ilə AK Parti arasında əlaqələrin inkişaf etdirilməsi və perspektivlərin müzakirəsi, Vətən müharibəsi ilə bağlı həqiqətlərin təbliği  üçün çox mühüm imkanlar yaratdı. Yaxın  gələcəkdə də belə qarşılıqlı  səfərlər olacaq, tədbirlər keçiriləcək, iki dost, qardaş ölkənin hakim partiyaları arasında  təcrübə mübadiləsi genişləndiriləcək.

- Azərbaycan irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə daim regionda və dünyada yeni əməkdaşlıq formatlarının yaranmasına, təhlükəsizliyin, dayanıqlı sülhün təmin olunmasına xidmət edir. Azərbaycan tərəfinin təşəbbüsü ilə gerçəkləşən Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birgə toplantısı  və qəbul olunan Bakı Bəyannaməsi hansı perspektivləri vəd edir?

- Yeni reallıqlara uyğun davamlı addımların atıldığı hazırkı dövrdə  Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin də Bakı şəhərində toplantısının keçirilməsi və Bakı Bəyannaməsinin imzalanması olduqca əhəmiyyətlidir.  Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəklərini ifadə etdilər. Parlament diplomatiyası   münasibətlərin qurulması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsinə mühüm töhfə verir. Biz müharibədə qazandığımız Zəfəri diplomatik masada da Zəfərə çevirə bilmişik.

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin  rəhbərliyi ilə nümayəndə heyətləri işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə Qarabağın döyünən ürəyi  Şuşa şəhərində  oldular. Onların bu səfəri, Şuşadan səsləndirdikləri mesajlar dünya ictimaiyyətinin diqqətində oldu. Üç dost, qardaş ölkənin parlament sədrlərinin toplantısının sonunda qəbul olunan Bakı Bəyannaməsi əməkdaşlığın inkişafına geniş imkanlar açır. Regionda sülhün, təhlükəsizliyin dayanıqlığının təmin olunmasına töhfələr verilməsi əsas hədəflər sırasındadır. Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi, dostluğunun daha da möhkəmləndirilməsi üçün Bakı  Bəyannaməsi  çox əhəmiyyətlidir.

-Azərbaycan və Pakistan parlamentləri arasında imzalanan Anlaşma Memorandumu iki ölkə arasında əlaqələrin inkişafına hansı yenilikləri əlavə edəcək?

- Azərbaycan və Pakistan parlamentləri arasında imzalanan Anlaşma Memorandumu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verəcək.  Qeyd etdiyimiz kimi, Azərbaycan  parlament diplomatiyasından çox uğurla bəhrələnir.  Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrə nail olmaq,   məqsədlərə çatmaq üçün  məhz parlament diplomatiyasının yaratdığı imkanlardan istifadə edirik. İkitərəfli çərçivədə əlaqələrin inkişafı  əməkdaşlığın coğrafiyasının gələcəkdə  genişlənməsinə stimul olacaq.

-Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi dost Türkiyədə baş verən yangının və onun fəsadlarının aradan qaldırılmasına dəstəkdə də öz aydın ifadəsini tapır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

 -Təəssüflər olsun ki,  hal-hazırda  Türkiyədə meşə yanğınları yaşanır.  Üç dost, qardaş ölkənin birliyi bu gün də diqqətdədir.  Azərbaycanla yanaşı, Pakistan da  Türkiyənin yanında olduğunu bildirdi, dəstəyini, köməkliyini göstərir.  Azərbaycan ilk andan qardaş Türkiyənin yanındadır. Dövlət başçısı İlham Əliyevin  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bu birliyimizin, həmrəyliyimizin bütün məqamları öz əksini tapmaqla yanaşı, güclü Türkiyənin bu sınaqdan da uğurla çıxacağına əminlik ifadə olundu. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Ölkə Prezidenti İlham Əliyevin  tapşırıq və göstərişlərinə əsasən  Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri qardaş ölkədə hadisə yerindədirlər. İki dost ölkə ölkə arasında qardaşlıqdan irəli gələn dəstək addımları təqdirəlayiqdir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı yeni mərhələdədir.  Bu münasibətlər gündən-günə inkişaf edir.  Sevincimiz də, kədərimiz də birdir.