MÜSAHİBƏLƏR
Ulu Öndər milli şüurda yaşanan dövlətçilik irsini reallıqlara çevirdi
- Misir müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründən 52 il keçir. Ümummilli Liderin hakimiyyətinin birinci dövrünü necə xarakterizə edərdiniz?
- İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası daha aydın görünür, düzgün dəyərləndirilir, fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusu kimi araşdırılır, neçə-neçə elmi əsərlərin, kitabların ərsəyə gəlməsini şərtləndirir. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövrü, yəni 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə xəzinəsidir. Böyük tarixi şəxsiyyətlərə zaman özü həmişə ehtiyac duyur. Azərbaycanın ulu öndər Heydər Əliyevə ehtiyacı olanda o, bu tarixi missiyanı şərəflə öz üzərinə götürdü. Ulu Öndər 52 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı Sovetlər Birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi ilə xalqımız üçün sözün əsl mənasında tərəqqinin və yüksəlişin əsası qoyuldu. Hələ gənclik illərindən əmək fəaliyyətinə başlayan Ulu Öndər 1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizliyi Komitəsində sıravi əməkdaşdan sədr vəzifəsinə qədər şərəfli yol keçərək böyük şöhrət qazanmışdı. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Azərbaycanda ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahı xeyli yüksəlib, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülüb. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin siyasi iradəsi hesabına gerçəkləşib. 1969-1982-ci illərdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahəsində fundamental irəliləyiş baş verib. Respublikamız o zamankı Sovetlər Birliyində öz dəst-xətti, xüsusi mövqeyi, inkişaf tempi ilə şöhrətlənmişdi. 1970-ci illərdə Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası adını qazandı. Ümummilli Liderimizin özü həmin mərhələdəki fəaliyyətini xatırlayarkən demişdi: «O illər bizim respublika üçün çox uğurlu oldu. Bir çox vaxtlarda mən işimi qurtarandan sonra da evə getmir, saatlarla kabinetimdə əyləşib respublikanın gələcək inkişafı üçün daha hansı tədbirlərin görülməsinin vacibliyini düşünürdüm. İstəyirdim ki, vəzifəmin mənə verdiyi səlahiyyətlərdən istifadə edib, xalqın güzəranını bir qədər də yaxşılaşdırım».
Bir sözlə, tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin zəruri bazası xeyli əvvəl, Ulu Öndərin rəhbərliyi dövründə təşəkkül tapıb formalaşmışdı. Azərbaycan 1990-cı illərin əvvəllərində hamımıza məlum olan fəlakət, uçurum qarşısında olanda yenə də tarixin, xalqın çağırışına səs verən ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildən başlanan yolun, müəyyənləşdirilən siyasətin əsasında dövlətə, xalqa xidmət dayanıb. Bir sözlə, tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir.
- Ümummilli Lider canindan artıq sevdiyi Azərbaycanı hər bir baxımdan inkişaf yolunda görmək istəyib. Tarixə müraciət etsək bu məqamı da xüsusi qeyd etməliyik ki, hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub...
- Hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə, onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. 1982-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın Büro iclasında Ulu Öndər respublikaya on üç il yarımlıq rəhbərlik dövrünün yekunlarını məmnunluqla, fəxrlə ümumiləşdirərək demişdir: «Bu illər ərzində böyük işlər görülüb, respublika böyük uğurlar əldə edib. Biz uzunmüddətli geriləməni qısa müddətdə aradan qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq miqyasında ən qabaqcıl mövqelərdədir... Respublikada çox gözəl, sağlam mənəvi-siyasi, mənəvi-psixoloji atmosfer hökm sürür, sözün qısası, bizim respublika yüksəklərə, çox yüksəklərə qalxıb». Ulu öndər respublikaya birinci rəhbərliyi dövründə böyük siyasi ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir.
- Azərbaycanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər- Xilaskarlıq...
- Milli dövlətçilik tariximizdə böyük şəxsiyyətlər, dövlət qurucularımız çox olub. Onların hər birinə rəğbətimiz sonsuzdur. Çünki hər biri bugünkü Azərbaycan dövlətinin mövcudluğunda, indiki inkişaf səviyyəsinə gəlib çatmasında birbaşa, yaxud dolayı şəkildə əhəmiyyətli rol oynayıb. Bununla belə, tarixi şəraiti, hər dövrün öz şərt və reallıqlarını nəzərə alaraq düşünürəm ki, Azərbaycan tarixində xalqın milli enerjisini bu şəkildə bir araya gətirməyi bacarması, cəmiyyətdə vəhdətə nail olması və xalqı öz milli hədəflərinə çatdırmaq bacarığı ilə Ümummilli lider adını halal haqqına çevirmiş şəxsiyyətimiz var- Ulu öndər Heydər Əliyevdir. O şəxsiyyət ki, əsrlərin o üzündən 1969-cu ilə qədər yol gələn, milli şüurda yaşanan dövlətçilik irsini ən çətin şərtlər altında belə zərrə-zərrə reallıqlara çevirdi. Bu irsə sahib çıxdı, onu öləziməyə qoymadı, milli düşüncələri qorudu. Azərbaycanın gələcək istiqlalı üçün yolları hamarladı, rəvanlaşdırdı. Müstəqilliyimizin ilk illərinin təlatümlü vədələrində isə xalqın çağırışı ilə yenidən dövlətçilik sükanı arxasına keçdi. Xilaskar missiyasını şərəflə yerinə yetirərək xalqı, dövləti aydın inkişaf yoluna çıxardı. Formalaşdırdığı möhkəm təməllər üzərində müstəqilliyimizin daimiliyini, əbədiliyini, dönməzliyini təmin etdi.
Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Görkəmli dövlət xadiminin uğurlu siyasəti nəticəsində ölkəmizdə sabitliyin təmin olunması, təbii sərvətlərimizdən səmərəli istifadə etmək məqsədilə «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi nüfuz qazandı. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımlara yol aşdı. Ən əsası dahi şəxsiyyət Heydər Əliyev düşünülmüş siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yardı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Ümummilli Lider bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçüm güclü, qüdrətli ordu olmalıdır. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yarandı.
-Misir müəllim, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın son 18 ilə yaxın dövrdə keçdiyi inkişaf yolunu necə xarakterizə edərdiniz?
- 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqımıza müraciəti zamanı Azərbaycan seçicisinin də qəlbindəki ən layiqli namizədi nəzərdə tutaraq “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək" deyərkən Heydər Əliyevin qeyd etdiyi ən böyük taleyüklü məsələ, təbii ki, Dağlıq Qarabağ problemi idi. Bu baxımdan cənab İlham Əliyev Prezident- Ordu-Xalq birliyi, torpaq, Vətən sevgisi əsasında Ulu öndərin ən böyük arzusunu yerinə yetirdi. Bu günlər Ümummilli Liderin gözlədiyi o böyük günlərdir. Hər kəsin Azərbaycanın gücünü etiraf etmək məcburiyyətində qaldığı, dostlarımızın şad olduğu, düşmənlərimizin qəm dəryasına batdığı zamanlardır. Əminik ki, indi ən çox ulu öndər Heydər Əliyevin ruhu şaddır.
Azərbaycan əsgəri xalqın zəfər salnaməsini yazdı. Torpaqlarımızın işğaldan azad edilməsində illərin zəhməti var. Azərbaycan dövləti, cəmiyyətimiz, Ordumuz bu gücə, qüdrətə dövlət rəhbərimizin fədakar əməyi, dərin zəkası, qətiyyətli addımları sayəsində nail olub.
Azərbaycan bu gün əsrlərin reallıqlarını dəyişir, tarixin axarına yeni nizam verir. Bəlkə heç özümüzün də fərqinə varmadığımız, amma gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur və fəxarət hissi ilə öyünəcəkləri günlərin canlı şahidləriyik. Belə günləri öz xalqının şanlı tarixinə yalnız böyük şəxsiyyətlər yaza bilər. Azərbaycan xalqı bu tarixi uğurları ona görə əldə edə bilir ki, hazırda hər bir azərbaycanlının ətrafında sıx birləşdiyi, haqq mövqeyinə dəstək verdiyi, hər kəlməsindən məmnunluq duyduğu cənab İlham Əliyevin şəxsində belə bir Liderə sahibdir.