YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəfərimiz Azərbaycan tarixinə yazılmış qürur səhifəsidir

Müsahibimiz Milli Məclisin deputatı Vüqar İskəndərov

- Vüqar müəllim, Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərindən bir il ötür. Öncə bununla bağlı fikirlərinizi öyrənmək istərdik…

- 44 günlük  İkinci Qarabağ  müharibəsinə  gedən yolun başlanğıcı kimi dəyərləndirilən Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərmiş oldu. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını  aldı. O döyüşlərdə də  insanlarda böyük mərdliyin, cəsarətin, Vətən sevgisinin şahidi olduq. Hec kəs  rayonu, evini tərk etmir, Azərbaycan Ordusu ilə  bir olduğunu qeyd edirdi.

Məsələ bundadır ki, həmin vaxt da ermənilər yalanlarını həqiqət kimi qəbul etdirməyə çalışırdılar.  Ermənistan Müdafiə Nazirliyi belə iddia ilə çıxış etdi ki,  guya Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən  "UAZ" markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkilib və daha sonra  artilleriya atəşinə başlayıblar. Azərbaycan tərəfi bunun yalan olduğunu əsaslı şəkildə bildirdi. Qeyd edildi ki, Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, bu ərazidə Ermənistanla dövlət sərhəddinə nəzarəti  Dövlət Sərhəd Xidməti həyata keçirir. Bu faktlar Azərbaycanın  Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini açıq çəkildə nümayiş etdirir.

Tovuz döyüşlərinin diqqət çəkən məqamlarından biri  xalqımızın düşmənə qarşı Müzəffər  Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən Ordumuzla yüksək həmrəylik nümayiş etdirməsi idi. Birliyin, həmrəyliyin nümayişi olaraq  həmin günlərdə minlərlə gənc paytaxt Bakıda yürüş keçirdi. Minlərlə Azərbaycan gənci ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Torpaq, Vətən sevgisi xalqımızı hər zaman  döyüşə, torpaqlarımızı işğaldan azad etmək üçün silaha sarılıb ərazi bütövlüyümüzü bərpa etməyə çağırırdı. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində  torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Dövlətimiz daim bu bəyanatı sasləndirirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə münaqişənin  müharibə yolu ilə həlli  şəksizdir.

Tovuz döyüşlərindən  təxminən iki ay yarım sonra düşmənin müxtəlif istiqamətlərdən  növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-hücum  əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı diz çökdürdü, illərdir yaradılan “yenilməz erməni ordusu” mifini dağıtdı,  torpaqlarımızı işğaldan azad etdi.  Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlərimiz şəhidlərimizin qanını yerdə qoymadı.  Tovuz döyüşlərində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 10-a yaxın hərbi qulluqçumuz  şəhidlik zirvəsinə ucaldılar.  Döyüşlərdə həmçinin   yaralananlar  oldu. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. 

- Artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından 8 ay ötüb. Tarixi Zəfərimizdə Azərbaycan Ordusunun nümayiş etdirdiyi təcrübə beynəlxalq səviyyədə öyrənilməkdə, hətta dərsliklərə  salınması ilə bağlı fikirlər səslənməkdədir. Azərbaycanın dünyaya səs salan, 30 illik işğala son qoyan bu Zəfəri ölkəmizin qarşısında hansı imkanları açır?

- Zəfər  Azərbaycanın taleyinə yazılmız sevinc payıdır. Azərbaycan 30 ilə yaxın dövrdə haqqın, ədalətin bərpa olunacağını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözləyib.   Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədlərinin regiona turist səfərlərinin şahidi olmuşuq. Dünya hüquq problemini yaşadığını açıq-aydın nümayiş etdirib və bu gün etdirir. Belə olan təqdirdə təbii ki, dünyanın supergüclərinə, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlərə inam  azalırdı. Bu reallıq öz təsdiqini tapdı ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol oynayır. Azərbaycan bu müddət ərzində bütün sahələrdə gücləndi. İqtisadi müstəqilliyini təmin etdi. Bu isə öz növbəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdi. Azərbaycan hərbi qüdrətini artırdı. Ordumuzun müdafiə qabiliyyəti gücləndirildi, vətənpərvərlik hissləri, torpaq sevgisi daha da artdı.  Əvvəldə də qeyd etdiyim kimi,  rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlhm Əliyevin “hücum” əmrini gözləyirdi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücumları səbir kasamızı doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri” əmri  böyük ruh yüksəkliyi ilə qarşılandı, Silahlı Qüvvələrimiz döyüş şücaəti, qəhrəmanlığı nümayiş etdirərək 44 günün hər gününü tariximizə qəhrəmanlıq dastanı kimi yazdılar. Bu sevinci  xalqımıza yaşadan, Ermənistanı  təslimçilik aktını imzalamağa məcbur edən Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitlərinə minnətdarıq. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı, bu, birliyimizin, həmrəyliyimizin simvoluna çevrildi.  «Mən Ermənistana xəbərdarlaq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar» söyləyən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı. 44 gündə  30 il işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı,  Qubadlını,   Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu, bir sözlə, 6 şəhəri, 5 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini düşməndən azad edən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri    xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan  İlham Əliyev Şuşa əməliyyatının böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat olduğunu xüsusi qeyd edərək   qürurla bildirir ki,  Şuşanın işğaldan azad edilməsi  gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.

Azərbaycan tarixi Qələbəsi ilə yeni reallıqlar yaratdı. Uzun illər siyasi, diplomatik səyləri ilə Zəfərə nail olan  Azərbaycan bölgədə yeni əməkdaşlıq formatlarının müəllifidir. Azərbaycan bundan sonra da qüdrətlənəcək, yeni-yeni hədəflərə doğru addımlayacaq, hərbi gücünü artıracaq, müasir dövrün imkanlarından, yeni texnologiyalardan bəhrələnərək digər istiqamətlərdə olduğu kimi, İKT sahəsində də  öncüllüyünü qoruyacaq. Gənclərin vətənpərvərlik, milli ruhda tərbiyəsi prioritet olacaq. Ümumiyyətlə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması hər zaman, hər bir dövlətdə diqqət mərkəzində olmalıdır. Konkret olaraq Azərbaycana gəlincə hesab edirəm ki, müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də bu məsələ gündəmimizdə olmalıdır. Sadəcə olaraq postmüharibə dövründə bu siyasətin reallaşmasını asanlaşdıran vacib bir məqam var. Bu da real qəhrəmanların olmasıdır. İkinci Qarabağ müharibəsinin  şəhid və qazisi olan yüzlərlə, minlərlə qəhrəmanlarımız var ki, gənc nəsil onların həyatını öyrənməli, örnək götürməlidir. Yeni dərsliklərin yazılması, bu dərsliklərdə qəhrəmanlarımızın keçdikləri həyat yolundan, onların döyüş meydanında göstərdikləri şücaətlərdən bəhs edilməsi mühüm əhəmiyyət kəsb edir.

- Vüqar müəllim postmüharibə dövrünün reallıqları da sübut edir ki, dünyanın supergücləri, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ikili yanaşmalarından əl çəkmirlər. Bugünümüzün əsas müzakirə mövzusu olan ABŞ, Fransa və Rusiya səfirlərinin  Bakıda akreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin  Şuşaya səfərinə qatılmamalarını necə şərh edərdiniz?

- Yenə də ikili standartlar gündəmdədir. Hələ də ikili standartların tüğyan etdiyi dünyada yaşayırıq. Fransa parlamentinin  qərəzli, Azərbaycan üçün kağız parçasından başqa bir şey olmayan sənədləri məlium faktlardandır. Amma rəsmi Paris bunu parlamentin mövqeyi kimi  dəyərləndirir. Eyni addımlar ABŞ tərəfindən atılır.  ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin istər 30 ilə yaxın işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə mövqeyi heç vaxt  mandatlarına uyğun olmayıb. Neytrallıq qorunmur, Ermənistana dəstək özünü qabarıq şəkildə büruzə verir.  Qurum failiyyətsizliyini açıq şəkildə ortaya qoyur. Rəsmi Bakı ATƏT-in Minsk qrupundan yeni reallıqlara uyğun olaraq yeni təkliflər gözlədiyi halda həmsədr dövlətlərin belə yanaşma nümayiş etdirmələri birmənalı qarşılana bilməz. Reallıqlar budur ki, Azərbaycan qalib ölkə olaraq regionda söz sahibliyini daha da möhkəmləndirib, dünyanın xarici siyasətində dəyişikliklər edib. Yeni reallıqlar Azərbaycanın gücünün, qüdrətinin təqdimatıdır. ABŞ, Fransa və Rusiya səfirləri Şuşaya getməməklə nəyisə dəyişə bilməyəcəklər. Bu gün işğaldan azad edilmiş ərazilərimiz də özünün sevincli günlərini yaşayır. Tarixi sahiblərinə qovuşaraq  bərpa və quruculuq dövrlərini yaşayırlar. Dövlət başçısı İlham Əliyevin iqtisadi rayonların yeni  bölgüsü ilə bağlı Fərmanı da Azərbaycanın Vətən müharibəsində əldə edilmiş parlaq Qələbəsinin daha bir uğurlu nəticəsi,  yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Qarabağ və Zəngəzur iqtisadi rayonlarının yaradılması  Azərbaycanın növbəti siyasi uğuru, Ermənistana və hələ də  ona havadarlıq edib  reallıqlarla barışmayan, işğalçı dövləti sülh razılaşmasına məcbur etmək əvəzinə, vəziyyəti gərginləşdirməyə cəhdlər göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərinə ciddi mesaj, həqiqət dərsidir.