YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün hər bir azərbaycanlı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı tezliklə və son qarışınadək azad edəcəyik

Müsahibimiz Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva

- Sədaqət xanım, artıq bir aydan çoxdur ki, Vətən müharibəsi davam edir. Rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qarış-qarış azad edir. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, işğaldan azad olunan torpaqlarımızın hər kvadrat metrində hərbçilərimizin qanı var. Eyni zamanda, cəmiyyətimizdə bir monolitlik var. Bütün xalq Ali Baş Komandanın, Ordunun ətrafında sıx biləşib. Sanki azərbaycanlılar üçün hər yer Qarabağdır. Sizcə, belə bir mühitin formalaşmasının fundamental faktorları hansılardır?

- Əslində, sualınızda yer alan məqamlar bu gün cərəyan edən proseslərin mahiyyətini açmağa imkan yaradır. Ümumilikdə götürdükdə rasional döyüşlərin aparılması, planlı şəkildə tarixi torpaqlarımızın azad və elan olunması, cəmiyyətdəki monolitlik, cəbhədə, informasiya və diplomatiya sahəsində ciddi, ardıcıl uğurların əldə olunması bir fundamental faktora - Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə əsaslanır. Çünki cəmiyyətimiz cənab Prezident İlham Əliyevi uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür. Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir, onları dəf edir, Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. Elə bu səbəbdəndir ki, bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşib, ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Onun siyasi danışıqlar, müxtəlif dünya media qurumlarına müsahibələri zamanı ortaya qoyduğu qətiyyət, dediyi fikirlər, suallara verdiyi cavablar xalqımıza qürur hissi yaşadır.

Ali Baş Komandan İlham Əliyev son 3 əsrdə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib, düşmənin 2.7 milyard dollarlıq hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb. Bu gün hər bir azərbaycanlı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı tezliklə və son qarışınadək azad edəcəyik.

Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün xilaskarlıq missiyasını reallaşdırır. Təsəvvür edin ki, təxminən beş ilə işğal olunmuş, 27 il ərzində isə güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir.

Təsadüfi deyildir ki, bu gün Azərbaycan Ordusunun uğurları, işğal altında olan torpaqlarımızın qarış-qarış azad edilməsi Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu mənada Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. Çünki hələ 17 il öncə dövlət başçısı seçilərkən Prezident İlham Əliyev müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan etmişdi, ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla həyata keçirirdi. Məhz, görülən sistemli işlərin nəticəsidir ki, ölkənin iqtisadi sistemi yenidən quruldu, güclü iqtisadi potensial yaradıldı, karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atıldı, Azərbaycanın siyasi və iqtisadi maraqları uzlaşdırıldı, ölkəmizin prioritetləri beynəlxalq gündəmin bir istiqamətinə çevrildi. Ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi daha da gücləndi. Müasir ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil oldu…

- Əslində, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması üçün beynəlxalq hüququ baza mövcud idi və BMT Təhlükəsizlik Şurası rəsmi  İrəvanı dinc yolla münaqişənin həllinə məcbur edə bilərdi, çünki 4 qətnamə də mövcud idi. Sizcə, nə üçün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası 30 ilə yaxın idi ki, yubadılırdı?

- Bildiyiniz kimi, 28 il ildir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədr ölkələri eyni zamanda BMT TŞ-nin də üzvləridir.  1992-1993-cü illərdə Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edərkən BMT TŞ 4 qətnamə qəbul etmişdi və bununla da işğalçı ölkədən dərhal torpaqlarımızdan çıxmaq tələb olunurdu. Lakin təəssüflər olsun ki, 30 ilə yaxın müddətdə biz bunu görmədik. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu ədalətsiz mövqe tutduvə fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablandı.

Bu gün artıq açıq şəkildə deyilməlidir ki, Minsk qrupunun həmsədrlərindən olan Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılır, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Eyni zamanda, digər həmsədr ölkə Rusiya isə Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ isə uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur. Məhz Azərbaycana qarşı 907-ci düzəlişin tətbiq edilməsi deyilənlərin əyani sübutudur. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil.

Belə olan təqdirdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi missiyası Ordumuzun üzərinə düşürdü və heç də təsadüfi deyil ki, bu gün Silahlı Qüvvələrimiz xilaskarlıq missiyasını yerinə yetirirlər. Eyni zamanda Azərbaycan Ordusu BMT TŞ-nin qətnamələrini icra edir, 27 il ərzində ATƏT-in Minsk qrupunun bacarmadığı həyata keçirir. Azərbaycan xalqı 27 ildir ki, səbr edirdi. Beynəlxalq birliyin ədalətinə və nizamına inanırdı. Amma “kim güclüdürsə, hüquq onun tərəfindədir” misalı görünür həyatımızın reallığı imiş. Bu səbəbdən də Azərbaycan Ordusu ötən onilliklər ərzində beynəlxalq təşkilatların etmədiyini, yaxud etmək istəmədiyini reallaşdırır, işğal altında olan torpaqlarımızı azad edir.

Sentyabrın 27-dən başlayaraq rəşadətli Azərbaycan Ordusu həm də BMT TŞ-nin 1993-cü ilin 14 oktyabr tarixində qəbul etdiyi 874 saylı, eləcə də 1993-cü ilin 12 noyabr tarixində qəbul etdiyi 884 saylı qətnamələrini icra edir.BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi. Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qalsa da, 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Beləliklə də, bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir.

- Sentyabrın 27-dən sonrakı hərbi əməliyyatlar dövründə həm Azərbaycan, həm də dünya ictimaiyyəti Ermənistanın faşist mahiyyətini bir daha gördü. Onların hərbi zonadan kənarda yerləşən rayonlara, şəhərlərə raket zərbələri endirməsi, Gəncədə, Bərdədə qətliamlar törətməsi Ermənistanın işğalçılıq niyyətini növbəti dəfə sübut etdi. Sizcə, Paşinyan rejiminin bu cür hərbi cinayətləri sonradan beynəlxalq hərbi tribunalın yaradılmasına əsas ola bilərmi?

- Çox təəssüflər olsun ki, 1992-ci ildə xalqımız Ermənistan tərəfindən soyqırımına məruz qaldığı kimi bu gün də eyni dəhşətlə qarşılaşırıq. Döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistanın gücü günahsız dinc əhaliyə, qadınlara, uşaqlara çatır və bu səbəbdən də xaincəsinə mülki əhalini hədəf seçir. Onların məqsədli şəkildə Gəncəyə, Bərdəyə, Tərtərə və başqa yaşayış məntəqələrinə beynəlxalq səviyyədə qadağan olunmuş raketlərlə hücum etməsi də dövlət səviyyəsində həyata keçirdikləri terrorun göstəricisidir.

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən kütləvi qətllərə və soyqırımına məruz qalıb. Bu gün də Azərbaycan xalqı erməni faşizmindən əziyyət çəkir. Təkcə sentyabrın 27-dən başlanan hərbi əməliyyatda ermənilərin hərbi zonadan kənarda yerləşən yaşayış məntəqələrinə ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla hücum etməsi nəticəsində 91 nəfər dinc sakin həlak olub, o cümlədən 1 körpə, 10 uşaq, 27 qadın qətlə yetirilib. Müasir dövrdə bu cür cinayətlərə susmaq ən böyük ədalətsizlik və qətliam törədən faşistlərin daha da həvəsləndirilməsi olar. Ona görə də, 75 il öncə nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi onların xələfləri olan erməni faşistlərinin də hərbi cinayətləri cəzasız qalmamalıdır. Əminəm ki, tarixə ləkə kimi düşən bu faciələrə görə Ermənistan məsuliyyətdən boyun qaçıra bilməyəcək və bu gün işğal altında olan ərazilər azad olunduğu kimi gün gələcək bu müharibə cinayətlərini törədənlər də hərbi tribunallarda əməllərinə görə cavab verəcəklər.

- Sədaqət xanım, sonuncu sual olaraq ölkəmizdə koronavirusla əlaqədar yaranmış vəziyyətə dair fikrinizi bilmək istərdik. Məlumdur ki, son günlərin nəticələrinə görə gündəlik yoluxma artıq 1200 nəfərə çatıb. İndiki məqamda qarşımızda duran əsas vəzifələrdən nədən ibarət olmalıdır?

- Çox doğru qeyd edirsiniz. Hazırda koronavirus pandemiyası dünyanın bir nömrəli problemi olaraq qalmaqdadır. Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır və bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Çox təəssüflər ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb.

Ölkəmizdə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemoloji durum pisləşir. Havaların soyuması, virus infeksiyalarının artması, immunitetin zəifləməsi kimi obyektiv faktorlarla yanaşı, bəzi insanların karantin qaydalarına ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Aparılan müşahidələr onu göstərir ki, vətəndaşlar tərərfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Görünür, bir aydır torpaqlarımızın erməni işğalçılarından azad olunması istiqamətində gedən Vətən müharibəsi də cəmiyyətimiz üçün pandemiyanı arxa plana keçirib və təhlükəli virusunla mübarizədə arxayınlıq yaranıb. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verib, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda, bir sıra rayonlarda yüksək yoluxma faktları aşkar olunduğun görə, həmin bölgələrə giriş-çıxış dayandırılıb. Hazırkı durum onu deməyə əsas verir ki, əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Koronavirusa yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir. Bu gün özümüzü koronavirusdan qorumaqla ön cəbhədə döyüşən hərbçilərimizi də xəstəlikdən müdafiə etmiş olarıq. Ona görə də, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.