YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Düşmən Azərbaycan Ordusunun gücü qarşısında acizdir

Müsahibimiz Milli Məclisin deputatı Cavid Osmanov

- Cavid müəllim, bugünlərdə işğalçı Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat etdi, yaşayış məntəqələri, dinc sakinlər ağır texnikalardan atəşə tutuldu. Azərbaycan Ordusu bu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?  

- Azərbaycanın tarixi  torpaqlarında yaradılmış Ermənistan yüz ildən artıqdır ki, hər vəchlə öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək üçün cəhdlər edir. Tarixi Azərbaycan əraziləri olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı da bu çirkin və beynəlxalq hüquqa zidd niyyətlərdən irəli gəlir. Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir.

Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq. Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilib. Otuz ilə yaxındır davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüququ, nə də BMT-nin qətnamələrinin tələblərini saya salır, öz əhalisinin belə acınacaqlı durumda yaşamasını nəzərə almır.

Bölgədə sabitliyə ciddi təhlükə olan bu ölkə Azərbaycanın illərdir davam edən xəbərdarlıqlarından nəticə çıxarmadığı, məsələnin danışıqlarla həllinə hər vəchlə mane olduğu, eləcə də hərbi təxribatlarını davam etdirdiyi üçün ordumuz işğalçıya cavab vermək hüququndan istifadə edir. Dünyanın bir sıra  ölkələri və beynəlxalq qurumlar da dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Hazırda ölkəmiz müharibə şəraitindədir. Ermənistan Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı olduğunu sübut edir. Mülki obyektlərin və əhalinin vurulması Ermənistanın Azərbaycana qarşı dünya tarixində görünməmiş üsullardan istifadə etdiyini bir daha ortaya qoyur.

- Ermənistan hakimiyyəti bundan əvvəl də bir sıra təxribatlara əl atmışdı. O zaman da ordumuz tərəfindən layiqli cavabını almışdı...

- Bəli, bu ilin iyul ayında Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində də qanlı toqquşmalar baş vermişdi. Ermənistanın məkrli və çirkin təxribatının qarşısı ordumuzun qüdrəti və şücaəti, qəhrəman oğullarımızın qanı bahasına qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə baxmayaraq ordumuz hər zaman öz qüdrətinə arxalanır və əks-hücum əməliyyatı ilə düşmən təxribatına layiqli cavab verir. Düşmən isə Azərbaycan Ordusunun gücü qarşısında acizdir. Azərbaycan Ordusu xalqımızın qürur, dövlətimizin güvənc mənbəyidir. Hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan Ordusu tezliklə döyüş meydanında qəti və son sözünü deyəcək. Ümidvaram, irəliyə doğru gedən zəfər yürüşümüzün qarşısında erməni faşistləri bu dəfə də duruş gətirə bilməyəcək. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Azərbaycan Ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə malikdir və torpaqlarımızı işğaldan azad etməyə hər cəhətdən hazırdır. 2016-cı ilin Aprel döyüşləri və bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir.

- Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasətinə qarşı indiyə kimi sərt tədbirlər görməyib. Vəziyyətin bu həddə çatmasında beynəlxalq birliyin işğalçı Ermənistana təzyiqlər göztərməməsi nə dərəcədə rol oynayır?

- Dünya birliyi Ermənistanın illərdir davam edən işğalçılıq siyasətinə, Azərbaycana qarşı qəbulolunmaz hücum cəhdlərinə qarşı çıxmalıdır. İşğalçı Ermənistana imkan verilməməlidir ki, beynəlxalq hüquq normaları ayaqlar altına atsın. Əks halda, məkrli erməni siyasəti Ermənistan üçün acı nəticələrə səbəb olacaq, regionun inkişafını və beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Bundan sonra baş verə biləcək hadisələrə görə işğalçı Ermənistan rəhbərliyi məsuliyyət daşıdığını anlamalı, öz ölkəsini və xalqını daha böyük fəlakətlərdən xilas üçün çalışmalıdır.

Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Əminəm ki, erməni işğalçıları üzərində tezliklə qəti qələbə çalacağıq. Ölkə Prezidentinin xalq müraciətində dediyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. İnanıram ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız azad ediləcək, xalqımız tezliklə qələbəni qeyd edəcək, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq!