YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqımız bir daha dövlətimizin başçısının Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyətlə dünya ictimaiyyətinə çatdırmasının şahidi oldu

Müsahibimiz Milli Məclisin deputatı Məlahət İbrahimqızı

- Məlahət xanım, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib. Dövlətimizin başçısının çıxışında bir sıra mühüm məsələlərə toxunuldu. Bu barədə nə deyə bilərsiniz?

- Cənab Prezident ilk olaraq çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyi ilə bağlı mühüm bir amili qeyd etdi.  Bilirsiniz ki, 2020-ci il üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri  İndeksində Azərbaycanın 166 ölkə arasında 54-cü yeri tutaraq Cənubi Qafqaz regionunda liderdir. Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya üçün ümumilikdə 17 məqsəd, 169 hədəf və 244 göstəricidən Azərbaycan üçün 17 məqsəd, 88 hədəf, 119 göstərici seçilib.

Ümumiyyətlə, Cənubu Qafqaz dünyada böyük bir region olmasa da, mühüm geostrateji əhəmiyyətə malikdir. Dövlətimiz həyata keçirdiyi siyasət bütövlükdə regionun inkişafına da öz töhfələrini verir. Həyata keçirilən enerji, nəqliyyat və loqistik layihələr buna sübutdur. Bu gün hər kəsə məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və yeni layihələr həyata keçirildikcə bu rol daha da artacaq. Eləcə də, nəqliyyat layihələri də mühüm əhəmiyyət kəsb edir. Şərq-Qərb nəqliyat dəhlizi, “dəmir İpək Yolu” adlandırdığımız Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi regionun tərəqqisində çox vacib amillərdir. Təbii ki, bu layihələr Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin təşəbbüsü və iradəsi ilə gerçəkləşir.

Bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mərkəz kimi dünyada böyük nüfuza malikdir. Onu qeyd etmək istəyirəm ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan çox önəmli addımlar atır. Bütün bunlar isə təkcə ölkəmizin deyil, bütövlükdə regionumuzun inkişafında mühüm rol oynayır.

Bu layihələrdən işğalçı Ermənistan özünü məhrum edib, əgər bu ölkə işğalçı siyasətinə son qoyarsa, işğal etdiyi torpaqlarımızı tərk edib sülhə gələrsə regionda gerçəkləşən layihələr erməni xalqı üçün də tərəqqi gətirər.

Amma Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.

- Cənab Prezident çıxışında Ermənistanın işğalçılıq siyasətini bir daha  ifşa etdi…

- Xalqımız bir daha dövlətimizin başçısının Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyət və prinsipiallıqla dünya ictimaiyyətinə çatdırmasının şahidi oldu. Prezident İlham Əliyev Öz çıxışı ilə Ermənistanın təxribatçılıq fəaliyyətini, müharibə və işğalçılıq planlarını növbəti dəfə ifşa etdi.

Prezident İlham Əliyev təxribatların baş verməsi və gərginliyin artmasına görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərində düşdüyünü vurğuladı. Ermənistanın işğal olunmuş ərazilərdə beynəlxalq hüququ kobud şəkildə pozaraq qanunsuz həyata keçirdiyi məskunlaşdırma siyasəti ilə bağlı məlumat verdi. Dövlətimizin başçısı Livandan və digər ərazilərdən gələn ermənilərin işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsini beynəlxalq hüququn pozulmasına beynəlxalq təşkilat və qurumlar tərəfindən münasibət bildirilməməsinin yolverilməz olduğunu vurğuladı.

Beynəlxalq təşkilatların susqunluğu səbəbindən son vaxtlar Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təxribatların sayı çox artıb. Ölkə rəhbəri Ermənistanın qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf almasının və təxribatlar törətməsinin heç bir normaya və hüquqa sığmadığını bildirdi. Prezidentimiz çıxışında Ermənistanın baş nazirinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozduğunu da qeyd etdi.

Azərbaycan Prezidenti həmçinin, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatının danışıqlar prosesinə ciddi zərbə vurduğunu, işğalçı ölkə tərəfindən ölkəmizə qarşı törədilən təxribatların təcili qarşısının alınmasını diqqətə çatdırdı. Eyni zamanda, dövlətimizin başçısı  bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı.

Ermənistan bu yaxınlarda təcavüzkar xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Dövlətimizin başçısı Ermənistanda həyata keçirilən “Azərbaycanofobiya” siyasətindən, erməni gənclərinə Azərbaycan xalqına qarşı nifrət aşılanmasından da danışdı və beynəlxalq təşkilatlar tərəfindən bunun qarşısının alınmasının zəruriliyini bildirdi.

Prezident İlham Əliyev dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını fşa etdi, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı.

- Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra olunması əsas məqamlardan biridir. Sizcə, bunun üçün hansı addımlar atılmalıdır?  

- Çox təəssüf ki, beynəlxalq birlik işğalçı Ermənistana qarşı ciddi addımlar atmır. Doğrudur, qəbul olunmuş sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, torpaqlarımızın ermənilər tərəfindən işğal olunması faktı tanınır. Amma əsas məsələ işğalçı Ermənistana sülhə gəlmək üçün təzyiqlər göstərilməsidir. Cənab Prezident çıxışında ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatına toxunaraq qeyd etdi ki, yalnız bəyanatlar kifayət deyil, münaqişənin həlli istiqamətində real addımlar atılmaldıır. Dövlətimizin başçısı onu da vurğuladı ki, münaqişənin tənzimlənməsi prosesində Minsk qrupunun bütün üzvləri fəal iştirak etməlidir.

Biz bilirik ki, vasitəçilik prosesində həmsədr ölkələr iştirak edir, faktiki olaraq Minsk qrupunun digər üzvləri prosesdən kənarda qalıb. Amma belə olmalı deyil. Çünki həmsədrlərin fəaliyyəti Azərbaycan xalqını qane etmir, onlar təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında fərq qoymur, işğalçı Ermənistana heç bir təzyiq göstərmir. Ona görə də, prosesə Minsk qrupunun digər üzvlərinin qoşulması prosesi canlandıra bilər.

Prezident İlham Əliyev çıxışında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsi məsələsinə də toxundu. Bu çox vacib məsələdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Dövlətimizin başçısı xüsusilə qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir.

Beləliklə, BMT kimi mötəbər tribunadan Prezident İlham Əliyev  bir daha Azərbaycanın haqq səsini dünyaya çatdırdı və münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini bir daha bəyan etdi.